Teymurləng: “…evlərindən onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar”

Əfsanə və rəvayətlər

  Teymurləng bir şəhərə  qoşun yeridibmiş. Hökmdar şəhərin qala  divarlarına  yaxınlaşanda,  həmin şəhərin ağsaqqalını danışıqlara dəvət edib və deyib:

– Mən kişilərlə vuruşacağam.  Şəhərdəki qadınlara  Xəbər verin ki, onlara bir gün vaxt verirəm, evlərindən onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar!

Bir günün tamamında Teymurləng qoşunu şəhərə yeridir, lakin şəhərdə nə kişi, nə qadın, bir ins-cins tapmır. Evlərə girəndə baxırlar ki, camaat qır-qızıl, xalça-palaz, qiymətli əşyalardan heç nəyi özü ilə götürməyib. Teymurləng əsgərlərinə tapşırır ki, heç nəyə əl dəyməsinlər, burda nəsə bir əmma var. Şəhəri xeyli gəzəndən sonra görür ki, hansısa bir küçədə yalnız şəhərin həmin  ağsaqqalı tənha oturub uzanan yollara baxır. Yaxınlaşıb xəbər alır:

– Ağsaqqal, bu nə məsələdi, hanı şəhərin kişiləri?

Ağsaqqal deyir:

– Hökmdar, Siz dediniz ki, qadınlar evlərində onlar üçün qiymətli olan hər şeyi götürüb şəhərdən çıxsınlar! Bizim qadınlar onlar üçün dünyada ən qiymətli olan atalarını, ərlərini, qardaşlarını, övladlarını götürüb şəhəri tərk ediblər, əsl insan üçün heç bir qiyməti olmayan qır-qızılı, xalça-palazı Sizə saxlayıblar.

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.