Mövqe

Kainatdakı qanunauyğunluğun , qayda və nizamın dərki, onun insan həyatına uyğunlaşdırılması insan mövcud olandan daim onu məşğul etmişdir. Hər onillikdə, yüzillikdə insanların şüuru, həyat təcrübəsi artdıqca, onların təbiəti kəşf etməyə yönəli dərkləri, ibtidai fəlsəfi görüşləri də cilalanmış, biçimlənmiş, adidən aliyə doğru səmt götürmüşdür.
Amma bütün hallarda xalqın təbiətlə ünsiyyətinə bir səcdə, təslimiyyət ifadə edilmişdir. Onlar bunun müqabilində təbiətdən səxavət gözləmişlər. Qarşılaşdıqları ilin bərəkətli olacağına ümid bəsləmişlər. Əslində, belə də olmalıdır.
Masanobu Fukuoka adlı bir yapon fermeri olub. O, filosof, həm də səhralaşmış torpaqların yenidən canlı təbii halına gətirilməsi üzrə məşhur mütəxəssis olub. Masanobu Fukuoka deyirmiş ki, biz təbiəti anlaya bilmirik. İnsan heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə “birlikdə” var ola bilərik.
Bu qənaət Masanobu Fukuokadan çox-çox əvvəl də qədim insanların həyati müşahidələrinə əsaslammış bir tezis idi.
İnsan təbiətlə sevinirdi, həyati ehtiyaclarını təmin edirdi, həm də qarşı-qarşıya gəlirdi. Bu münasibətlər həm xoş, həm də əksinə olurdu. Yazla qış hər il qarşılaşdığı kimi, insan da qarşılaşmalı olurdu və bu qarşılaşmalarla eyni zamanda onların mifoloji təfəkkürləri formalaşırdı. İnsanlar yavaş-yavaş dərk etməyə başlayırdılar ki, əks olan bu qütblərin mübarizəsindən daha yaxşısı doğur.İndi insanlar artıq təbiətlə, təbiətin yaratdığı hadisələrlə təmas yolları axtarmağa, təbiətə təsir etməyə, təbiətlə öz həyatlarının nizamını əlaqələndirməyə can atırdılar. Bu əlaqə cəmiyyətin, insanlığın davam edə bilməsi üçün bir qanunauyğunluq idi.
Bütün mövsüm və mərasim nəğmələrinin hər birinin kökündə, mayasında, məhz insanın təbiətlə dil tapmaq, arzularının gerçək olmasına dərin inam vardı. Bu, bir inanc idi. Əcdadlarımızın əfsanəvi qüvvələrə etiqad və ibadətləri, təslimiyyətləri idi.

Qədim insanlar təbiətin dörd fəslinin xüsusiyyətlərini belə xarakterizə etmişlər:
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
Ona görə də ilin müəyyən vaxtlarının gül-çiçəkili, müəyyən vaxtlarının bağ-bağatlı, müəyyən vaxtlarının küləkli, müəyyən vaxtlarının qarlı-çovğunlu olması insanların həyati fəaliyyətlərində özünü göstərirdi.
Qədim insanlar ova getməzdən öncə mərasim keçirər, heyvan və quşları ovsunlayardılar:
Haş gedə,
Huş gedə.
Bu ox sənə
Tuş gedə.
Ovları hər dəfə uğurlu olmasa da, olana şükr edib, ümidlərini gələn dəfəkinə bağlayırdılar. Onlar elə bilirdilər ki, bu ovsarları keçirməsələr, bu ayinləri icra etməsələr, qış sərt keçəcək, yağıntı çox olacaq, sel daşqın onların əkdiklərini yuyub aparacaq.
Qızlar dəstə-dəstə toplaşaraq müqəvva və ya çömçəni bəzəyərək “Qodu” düzəldir, həyətləri gəzərək günəşi səsləyir, nəğmə oxuyardılar:
Gün çıx, gün çıx!
Köhlən atı min çıx
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.
Keçəl qızı evdə qoy,
Saçlı qızı götür çıx.
İl quraqlıq keçəndə bərk və aramsız yağışlar yağanda yağışın şərəfinə mərasimləri mən uşaqlıq həyatımda görmüşəm. 40 keçəl adı yazılmış siyahını böyük darvazaların tay qapılarına yapışdırardılar və sair.
Amma ulularımız bu ayinləri icra etməklə təbiətlə ünsiyyətə girir, onunla ülfət bağlayırdılar. Belə ülfət, axtarıcılıq insanları təbiətlə bağlı bir sıra mərasimlər keçirməyə vadar etmiş, zaman-zaman bu mərasimlər ənənəyə çevrilmişdir. Novruz bayramı və bu ərəfədə keçirilən mərasimlər kimi.

Novruz xalqımızın ən əziz bayramlarından olmuş, xalq onu hər zaman çox böyük coşğu ilə qeyd etmişdir. Onu da qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Müxtəlif vaxtlarda bu Milli bayram müəyyən təsirlərə və təhdidlərə, hətta qadağalara məruz qalmışdır.
Keçən əsrin 70-ci illərində —1967-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin katibi olmuş Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur.

Novruzun sənətdə ilk təqdiminə gözəl rejissorumuz Hüseyn Seyidzadənin böyük cəsarəti ilə “Dəli Kür” filmində yer verilmişdir. Film 1969-cu ildə ərsəyə gəlmişdir. Ümummilli liderimiz Heydər Əliyev də ilk dəfə rəhbər vəzifəyə həmin ildə təyin olunmuşdu. Qabaqcıl ziyalılar artıq “Ədalətin zəfər çalacağına” tam əmin idilər. Bu əminliklərini istər iqtisadiyyatda, istər milli oyanışda, mədəni intibahda da görmək olardı. Unudulmuş Novruzun xoş çağı gəlmişdi. Xalqımız 23 öz bayramını “Dəli Kür” filmində olduğu kimi qeyd etdi. Daha sonra bədxah qonşularımız tərəfindən torpaqlarımızın 20 faizi işğal olundu. 30 ildən artıq idi ki, Novruzu qeyd edirdik, amma ürəkdən şadlana bilmirdik, niskilimiz vardı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu və müdrikliklə apardığı siyasət nəticəsində ölkəmizin iqtisadi, ictimai, siyasi və mədəni həyatı sürətlə inkişaf etməyə başladı. Azərbaycan regionun ən qüdrətli ölkəsinə , dünyanın isə qüdrətli dövlətlərinin əməkdaşlıq və tərəfdaşlıq etməyə maraqlı olduğu bir ölkəyə çevrildi. Bütün bunlarla yanaşı, ölkənin müdafiə qabiliyyəti artırıldı. münaqişənin beynəlxalq hüququn tələbləri əsasında həll edilməsinə səylər göztərildi. Qarşı tərəf , əksinə, aressiv mövqeyindən əl çəkmirdi.
2020-ci ildə təcavüzkar ermənilər sərhədlərimizə təcavüz edəndə, Milli Ordumuz torpaqlarımızın toxunulmazlığını təmin etməyə başladı. 44 gün ərzində düşmən darmadağın edilərərək havadarlarının səyləri ilə kapitulyasiya ilə birtəhər canlarını qurtardılar. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Və bu ZƏFƏR yenidən qovuşduğumuz Qarabağla birgə Novrumuza xüsusi bir ahəng gətirəcək. 3O il həsrətindən sonra Qarabağın hər guşəsində Novruz tonqalları çatacağıq.
Bir çox kütləvi informasiya vasitələrində Novruz bayramının getdikcə əvvəlki illərlə müqayisədə təmtəraqla qeyd olunmaması ilə bağlı narahatlıqlar var. Məsələn, niyə Novruz bayramı “Dəli Kür” filmindəki kimi təmtəraqlı keçirilmir və sair.
“Polemika.az” portalında rast gəldim bu vacib narahatçılıqlarla dolu suala: “Bayramlar niyə əvvəlki təmtəraqla qeyd olunmur? – “İnsanlarda neqativlik artıb”
Daha bir neçə portal da eyni suala cavab axtarmağa çalışıb. Müxtəlif fikirlər səsləndirilib.
Sitatlar:
Vüqar Əhməd – professor:
“İnsanlar arasındakı soyuqluğu karantinlə əlaqələndirirəm. Buna baxmayaraq, yenə də şirniyyatlar bişirilir, tonqal qalanır, qapıya papaq atılır, milli adət-ənənələrimiz davam edir. Düzdür, bəzi gənclər müasirləşib, adət-ənənələrdən uzaq qalıblar. Amma bizim evdə, nəsldə, tayfada bu ənənə hələ də davam edir…
Naibə Allahverdiyeva – Xalq artisti:
“Tək Novruz bayramında deyil, ümumiyyətlə sanki dünyanın duruşu dəyişib. İnsanlar bir-birlərinə qarşı soyuq davranırlar. Əvvəllər biz uşaq olanda sevinərdik. İndi bayramın dadı-duzu, dəyəri, qədir-qiyməti qalmayıb.
Yoxsulluğu bəhanə gətirirlər. O vaxt da kasıbçılıq idi. Qədimdə evində yeməyə çörək tapmayanlar da Novruz bayramına pul yığırdılar ki, süfrələrini bəzəsinlər, qapıya papaq atılanda uşaqları əliboş qaytarmasınlar…
Ağaverdi Xəlilov- AMEA Folklor İnstitutu Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru:
“…Sovet hakimiyyəti illərində Azərbaycana məxsus adət-ənənələrin təbliği və milli bayramların qeyd olunmasına qadağalar tətbiq edilirdi. Qurban və Novruz bayramı kimi əlamətdar günlərin qeyd edilməsinə icazə yox idi. Lakin Azərbaycan xalqı milli ruhunu qoruyaraq, bu bayramları gizli olsa belə keçirirdi. İndi o qadağalar yoxdur, ancaq bayramlar nədənsə əvvəlki kimi coşqu və təmtəraqla qeyd olunmur”
Folklorşünas alimimiz də Movruz mərasimlərinin getdikcə unudulmasını müharibə və pandemiya ilə əlaqələndirmişdir:
“Bu səbəblərin birincisi pandemiyadır, daha sonra dünyadakı iqtisadi proseslər gəlir. Ölkəmizin daha aktual problemləri var idi. Bu problemlər bayramların keçirilməsinə təsirsiz ötüşməyib. Fikrimcə, səbəblər belədir. Doğru müşahidədir ki, son illərdə çərşənbə və bayramlar təntənəli keçirilmir. Prosesin keçici olduğunu düşünürəm, məncə, adətlərimiz yenidən bərpa olunacaq…
…Azad olunmuş torpaqlarımız da çərşənbələrin coğrafiyasını xeyli genişləndirəcək:
…Azad olunmuş torpaqlarda da əlamətdar günlər ənənəvi şəkildə qeyd olunacaq. Rayonlar mədəniyyət nümunələrimizin öyrənilməsi üçün qaynaqdır. Şəhər mühiti elədir ki, orada müasirləşmə sürətlə gedir. Ona görə də ənənəvi hadisələr tez arxaikləşir və unudulur. Bölgələrimiz ənənəyə daha çox bağlıdır, müasirləşmə ora daha az təsir edir. Ənənəvi mədəniyyət bölgələrdə daha çox qorunur və azad olunan torpaqlarla o bölgələrin sayı artdı” (Bax: https://modern.az/aktual/337106/azad-olunmus-torpaqlar-cersenbelerin-corafiyasini-genislendirecek/) .
Göründüyü kimi, bayram çoşqusunun getdikcə zəifləməsinin səbəbləri sırasında 30 ildən artıq davam edən müharibə, karantin, insanların arasındakı qarşı soyuq münasibətlər, gənclərin müasirləşməsi, social şəbəkələrə alüdəçilik kimi müxtəlif səbəblər var. Amma fikir bildirən alim və ziyalılar tam əmindirlər ki, proses keçicidir, adətlərimiz yenidən əvvəlki ahənginə qayıdacaq…
Mən bu səbələr arasında müharibə amilini doğru qəbul etmədim.
Əksinə, belə şəraitdə keçirilən milli özünütəsdiq tədbirləri daha möhtəşəm olmalıdır. Bu, Milli ruhun, inamın itmədiyinə, ölmədiyinə bir işadə deməkdir.
Keçmiş sovet hökuməti 1941-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqda qərar qəbul etmişdi. Amma İkinci Dünya müharibəsinin başlanması səbəbindən məcbur olmuşdular ki, yubileyin vaxtını qeyri-müəyyən müddətə təxirə salsınlar.
O vaxtlar Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Ermitajının direktoru vəzifəsində çalışan məşhur şərqşünas, akademik İ.A.Orbeli isə nizamisevərlərin arzularının gerçəkləşməsi istiqamətində ciddi-cəhdlə səy göstərirdi. Akademik Leninqrad Vilayət Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi N.Tixonova müraciət etmiş,fəqət, rədd cavabı almışdı.Buna baxmayaraq, şərqşünas alim arzusunda israrlı idi. O, vilayətin ideoloji rəhbərinə xüsusi olaraq bildirmiş ki, biz blokada şəraitində yaşasaq da, almanlara “Sizi bayramınızı keçirməyə qoymadıq” sözünü deməyə imkan verməməliyik. Nəhayət,məsələ, yəqin ki, daha yüksək rəhbərliklə və həm də Moskva ilə razılaşdırılaraq Leninqradda Nizami bayramının keçirilməsinə icazə verilmişdir.
Fikir verin, şəhər gecə-gündüz qırıcı “Messerşmidt”lərin, bombardmançı “Yunker”lərin ağır zərbələrinə məruz qoyulduğu bir vaxtda, bu yubileyə müxtəlif yerlərdən 120 alim dəvət edilir. N.Tixonov bu dəvətə də etiraz edibmiş ki, indiki vəziyyətdə hər alim sovet hökuməti üçün 1000 adi adama bərabərdir. Siz bunun məsuliyyətini hiss edirsinizmi? I.A.Orbeli də bildirmiş ki, heç bir insan itkisi olmayacaq.
Əlbəttə, hər şey ölçülüb-biçilmişdi. Almanlar hava hücumlarına fasilə verdikləri an artıq məlum idi. Bunu nəzərə alıb, yubileyi də həmin vaxta salacağıq və salmışdılar da.
Yubiley oktyabrın 19-na – almanların saat 14-17 arasında hava hucumuna ara verdikləri vaxta salınır. Tədbirdə 95 nümayəndə iştirak edir və müvəffəqiyyətlə də başa çatır. Yubileydə çıxış etmiş 6 alim Azərbaycan xalqının dahi oğluna öz ehtiramlarını ifadə etmişlər.
Təbii ki, bu yubileyin heç bir itki, digər qəza və sair halların olmadan baş tutması bəşəri arzuların, ədəbiyyatın, sənətin faşizm üzərində böyük qələbəsi idi. Sovet adamlarına məxsus inamın, ümidin təntənəsi idi. Bu, insanların qələbədən, ümid və inamdan hələ əllərini üzmədiyini, bu amallar uğrunda mübarizələrini davam edəcəklərini ortaya qoyan bir mövqe idi. Belə mövqeləri ortaya çıxaran, yaradan, yaşadan, cilalayraq özündən sonraya ötürən hədəfi bəlli ideologiya idi. Ədəbiyyatın, sənətin, publisistikanın məfkurə birliyi idi. Bu hədəfin əminliyində ağlına ilan-qurbağa gəlməyən insanlar idi.

Birmənalı olaraq insanların həyata, onun qanunauyğunluqlarına münasibəti və bu münasibətlərin həyatdakı inikası onların dünyagörüşləri və həyata baxışları ilə bağlıdır. İnsanın dünyagörüşünü , həyata baxışını yaradan, cilalayan, formalaşdıran isə elə bu həyatdan görüb-götürdükləridir, ədəbiyyatın, sənətin yaratdığı, doğurduğu ehtizazlardır. Əvvəlcə bütün vücudu bürüyür, sonra simfoniyaya çevrilib könülləri rahat edir. İnsanlar bu rahatlıqla yaşayır, mübarizə edir, üzü xeyirli sabahlara addımlayır.
Ümid edirəm ki, yaşadığımız son hadisələr və 44 günlük müharibədə xalqın birliyi, dövlətçiliyimizlə, Milli Ordumuzla eyni hədəf uğrunda mübarizəmiz qələbəmizi təmin etdiyi kimi, həm də bizə dərin mətləblər anlatdı. Bir olmağı, birgə addımlamağı, tarixi köklərə əsaslanmağı öyrətdi. Öyrətdi ki, tarixi köklərinə, milli mədəniyyətinə sədaqətli olmaqla xalq alınmaz qalaya çevrilir. Öyrətdi ki, milli dəyərlərini qoruyub yaşada bilməyənlər zaman-zaman öz kökündən uzaqlaşdırılır, sonra da Allah bilir, nə vaxtsa bu gün bütün bunlar üçün səy edən qüvvələrin mənsub olduqları irqin içərisində yox ediləcək.
Ata-babalar tarix boyu gələcək nəsillər üçün bütün həyati məsələlərin ən nümunəvisini yaradıb, miras qoyanda məhz bunları düşünüblər. Onlar insanlığın təhlükəsiz , sağlam və firavan yaşaması üçün nə yol varsa, həm də əks tərəfləri ilə birlikdə, bunları əsrlərlə müşahidə ediblər. Onlar hər səbəbin, hər hadisənin zərərini, ağrı-acısını öz üzərlərinə götürüb, onu cilalayıb, ovsunlayıb salamatını gələcək nəsillərə ötürüblər.
Hər şey elə bizim indi gördüyümüz hazır halında mövcud olmayıb ki. Bunlar zama-zaman əldə edilib. Ulular öz xələflərinə insanlarla və təbətlə yaşamağın əhəmiyyətini və zəruriliyini öyrədiblər. Onlar üçün əxlaq və davranış normaları müəyyən ediblər.
Bu yazı Novruz adət-ənələrimizin getdikcə unudulmasından doğan narahatçılığımız ifadə edir. Bu mövzuda cəmiyyətdə mövcud olan fikirlər də birmənalı deyil. Məsələn, mətbu vasitələrin birində oxudum ki, rayonlarımızn birində 80 yaşlı bir nənə bildirib ki, guya o vaxt açlıq imiş, Novruz süfrəsi indiki kimi zəngin olmazmış.
Təbii ki, zamanla, inkişafla bağlı müəyyən məqamlar indi daha geniş paylaşılır, daha çox təqdim olunur. Amma mən o illərin Novruz bayramının duyğularını xatirimdə hələ də yaşadıram. Nənənin dediyi illərdə, məsələn, mənim keçən əsrin 70-ci illərin ortalarından 90-cı illərin sonlarına (1965- 1988) qədər müşahidə etdiyim, gördüyüm, yaşadığım Novruz süfrələri heç vaxt kasad açılmayıb,əksinə, indikindən qat-qat zəngin və milli olub: Bəzənmiş yumurtalardan tutmuş evlərin, həyət-bacaların səliqə-sahmanına qədər ilk addımda hər şey adama bir Novruz , millilik hissi bəxş edərdi.


Çox-çox əvvəlcədən bayram hazırlığı başlanardı. Düyü döyülərdi, ağ un alınardı, şəkər tozundan halva üçün şirə hazırlanardı, yumurta tədarükü görülərdi, ayrıca odun doğranıb divarboyu qalaqlanardı: bayram gününə qədər qurusun deyə.
Bayrama 1 ay qalmış bütün kənd elə bir bir ailə olardı. Hər gün məhəllələrdə qonşular cəm olub növbə ilə hər gün birinin bayram bişintilərini hazırlayardılar. Bayrama kimi, demək olar ki, hər evdə həyat elə bayram kimi qaynayardı. Uşaqların da lap kefi kök olardı. Bu gün istər balacaların, istər böyüklərin kommunikativ bacarıqları yoxdur, ya da zəifdir. Çünki belə kütləvi ayinlər,tədbirlər yox. Uşaqlar həm böüklərlə, həm də öz həmyaşıdları ilə canlı ünsiyyətlərini evdə telefonla, ya da televizorla əvəzləyiblər.
O vaxtın bayram bişintiləri indikindən dəfələrlə ləzzətli olardı. O vaxt hər kəs bayram bişintilərini bir neçə günlük deyil, daha çox bişirərdi. Biz də məktəbli idik. Bayramdan 10-15 gün keçəndən sonra da uşaqlar məktəbə çantalarında qoğal, paxlava, şəkərbura gətirərdi. And içirəm , belə idi. Hər ailənin, hər ocağın bayram bişintiləri uzun müddət söhbət mövzusu olurdu.
İndi şəhərlərdə uşaqlar marketlərdə sənaye üsulu ilə hazırlanmış bayram bişintiləri yeyir. Amma biz çöldə ocağın başında olardıq. Bişirən kim olurdusa, birinci ilk bişənləri uşaqlara verirdi. İstəyirəm bunu fiziki mənada anlamasın oxuyanlar. Söz yox ki, ana, nənə, ata, baba kənardan uşağının bayram sevincinə diqqət yetirib, ərkələnirdi, öyünürdü. Ana və atanın daxilində bu mənzərədən yaranan müqəddəs duyğular bir-birlərinin qəlbinə axışır, ailənin birlikdəliyini daha müqəddəs edirdi.
İstər Novruz, istər toy mərasimləri, istərsə də yas mərasimləri el-obanın həmrəylik borcuna çevirirdi. Hamı bir-birinin sevincində iştirak edir, hamı bir-birinin dərdinə-kədrinə şərik olurdu. İndi belə şeylər çox az qalıb və əvvəlki forması təhrif olunaraq.
Marketdən alıb süfrəyə düzməklə, yumurtaları suda qaynadıb ortaya qoymaqla qəlblərdə Novruz coşqunluğu yaratmaq olmaz.
Əvvəlki Novruzlarda biz bayramdan xeyli əvvəl gedib talalardan boyaq bitkilərinin köklərini yığıb gətirərdik. Yumurtalar rəngbərəng olardı. Şirniyyatlarların rəngi, çeşidi növbənöv olardı. Süfrə o qədər bol və rəngarəng olardı ki, görüntünün özü bir doyumluq yaradardı. Ruhumuz özü doyardı.
Bir vacib məqamı da deyim. O vaxt xalqın son illədə olduğu kimi heç bir problemi yox idi: müharibə yox idi, epidemiya yox idi. İşsiz adam yox idi. Kolxoz həyatının qızğın çağı idi.Təbiətin özü insanda bir gözütoxluluq, könültoxluğu yaradırdı.
Hər il kolxoz əməkgününə taxıl, arpa, qarğıdalı bölürdü. Bütün damlarda kisələrlə belə məhsullar olurdu. Qoz, şabalıd, fındıq olurdu. Bayram elə bunlarla ərsəyə gəlirdi də. Normal məktəb həyatı vardı. Hər ailənin övladları ya orta məktəblərdə, ya ali və ya orta ixtisas məktəblərində oxuyurdu. Onda ölüm-itim hadisələri də elə bil az idi. İnsanlara bir qalırdı bayram edib şənlənmək, uşaq oxutmaq, evləndirmək, qız köçürmək.
Həmin illərin Novruz bayramlarında bizim evdə azından 20 kəsim qoğal bişirilirdi, paxlava da ki həsir zənbillərlə.
Bayram 3 gün davam edirdi. İnsanlar ilk gün qəbir üstünə gedir, ölülərini ziyarət edirdi. Sonra kəndə yataq xəstəsi olan, qoca olub çölə-bayıra çıxa bilməyən adamlara baş çəkib bayramlaşardılar. Eləcə də başqa yedə yaşayan yaxınlarına və əzizlərinə baş çəkərdilər. Evdə də mütləq ailə başçılarının biri olardı ki, bu evə də qonaq gələ bilər.
Uşaqlar ikibir-üçübir qohum-qonşuların qapısına gedərdi. Qonşular da uşaqlara bayram bişintisi, rəngli yumurta, qoz-fındıq verərdi. Hər uşağın evdə bayram sovqatı topladığı balaca kisəsi olardı.
Əsas məslə bu idi ki, uşaqların sevinci aşıb-daşırdı. Getdikləri həyətlərdə də belə sevinclə qarşılanırdılar, olurdu əsl bayram əhvali-ruhiyyəsi.
Bayram adətlərindən biri də, həm də maraqlısı yumurta döyüşdürmək olardı. Kəndin mərkəzində 3 gün qələbəlik olardı. Əksəriyyət yumurta döyüşdürməyə cəm olurdu, müəyyən qisim də bu “döyüşlərə” tamaşa etmək üçün gələrdi.
Müxtəlif cür döyüşmə növləri vardı. Məsələn, yumurta döyüşdürəcək adamların hər əlində 3-4 rəngli yumurta olurdu. Bunların biri qarşı tərəfə təklif edirdi ki, bunların hansı ilə necə döyüşürsən? Rəqib də deyir ki, sən öz yumurtanla, mən də öz yumurtamla başabaş. Ya da deyirdi ki, məsələn, sənin sağ əlindəki qırmız yumurta ilə əlimdəki yumurtanı dəyişib döyüşərəm. Kim dəyişən tərəf olurdu, ilk zərbə vuran o biri tərəf olurdu.
Yaxud, 3-4 nəfər cəm olub yumurtalarını bir uşağın papağın altına qoyurdular. Uşaq papağı yumurtaların üstündə gədirərək, papağın altından sıra ilə hərəyə bir yumurta verərdi. Hər kəsə fərqli yumurta düşərdi və onlar ardıcıllqla yumurtaları döyüşdürərdilər. Ya da iki nəfər hərəsi yan-yana 3 yumurta qoyardı. Sonra ilk başlayan yumurtalardan birini götrüb döyüşərdi. Sındırana kimi , o, vuran tərəf olurdu. Elə ki, yumurtası sındı indi qarşı tərəf vuran olur. Axırda kimin yumurtası sağ qalır, sınmış yumurtalar onun olurdu…
İndi kimdir ciblərini yumurtayla dolduran və yaxud yumurta döyüşdürən.
Elə bil ki, sivilizasiya irəli doğru getdikcəinsanların problemləri, dərd-sərləri də çoxalmağa başladı.Bunun üstünə 30 il davam edən müharibənin gətirdiyi fəlakətləri, bu yandan da epidemiyanın vaxtlı-vaxtsız insanları öz əzizlərindən qoparması insanların basaratını bağladı. Kənd həyatını nəzərdə tuturam: kolxozlar bağlandı, sənaye müəssisələri bağlandı. Kənd adamlarının gəlir yerləri təsərrüfat idi, meyvə bağları idi. Laqeydlikdən bağlar da sıradan çıxdır. Bİr bölük rəhbər vəzifəlilər öz güzəranları yaxşı olduğundan cəmiyyətin vəziyyətindən xəbəri olmadı. İnsanlar əvvəlki kimi uşaqlarını oxuda bilmədi, evləndirə bilmədi. Nə qədər gənclər kəndi tərk edib Rusiyaya səpələndilər.Hər şey kənd adamının ağırlıqlarını bir az da artırdı. Bu qədər mənfi aura ilə yüklənmiş insan Novruzda əvvəlki vaxtlarda olduğu kimi bayram əhvali-ruhiyyəsi yaşaya bilmədi.
Artıq 90-cı illərin sonlarından elə ailə olurdu ki, bayram bişintisi heç bişirmirdi, bişirə bilmirdi.Ya imkanı olan qohumlarından kimsə hər bişirdiyindən bir az da ona verirdi, ya da mağazadan müəyyən qədər alıb süfrələrinin üstünü bəzəyirdilər ki, gəlib-gedən süfrəni boş görməsin.
Amma ümidlərimiz çox gözəl sabahlar vəd edir. Bilirsinizmi, 30 il işğal altında qalmaq ölkəmizə hansı ziyanları vurdu. Həm maddi, həm mənəvi.
Şükür ki, torpaqlarımız daha işğal altında deyil. Bundan sonra dövlətimizin bütün gücü ökəmizin abadlaşdırılmasına, insanların rifah hallarının yaxşılaşdırılmasına sərf olunacaq. Onda Nəinki Novruzumuzun, bütün adət-ənənələrimizin dəd-baba vaxtlarındakı hüsnünü özlərinə qaytaracağıq.
Ölkə başçısı Cənab İlham Əliyev Novruz bayramı günü Suqovuşanda bayram tonqalı yandırdı. Bunlar ümidlərimzin zəmanətidir.
Novruz bayramımız da, Ramazan bayramımız da, Qurban bayramımız da insanlarımızn bir-birilə həmrəylik nümayiş etdirməsi, ünsiyyət və əlaqələrin qorunub saxlanılması baxımından çox vacibdir. Dünya xalqlarının qəribə adət-ənənələri haqqında internetdə o qədər məlumatlar var ki. Onların sırasında elə utancları var ki, bizim heç bir bayramımızda, adət-ənənəmizdə belə nümunələr yoxdur. Müasir gənclik bunları o qədər dərindən bilmir. Çünki hələ qarşlarına çox da ciddi problemlər çıxmayıb (çıxmasın da amandı), ona görə də bu sıradan olan bir çox məsələlərə onların baxış bucağı yaşlı adamların baxış bucaqlarından fərqli olur. Mətbuat, televiziya bu yönümdə fəaliyyət göstərməkdənsə, şou aparıcılarını, şou proqramlarını veriblər ortaya. Harda axmaq məsələlər varsa, birbəbir tapıb, bizim mühitə gətirirlər. Mətbuat, televiziya xalqı vacib məlumatlarla tanış etməli, insanları maarifləndirməli, onlarda fəal həyat mövqeyi tərbiyə etməlidir. Təəssüf ki, bizim şou televizyalarımız və şou mətbuatımız bu missiyadan hələ uzaqdadırlar.
Bizim sovet dövründəki filmlərə baxmaqdan adam doymur.Çünki o filmlərdə ata-babaların ruhuna qovuşuruq, qanımızdakı, ruhumuzdakı millilik vəcdə gəlir.
Bunlar hamısı o dövrlərlə müəyyən bağlılıqları olmuşinsanlardır. Bunlar da dünyasını dəyişəcək. Qalacaq yeni nəsillər.Onlar “Dəl Kür”dəki milli adət-ənənəni bilməyəcək, canlarında bir qarşılaşma hiss etməyəcəklər.Çünki onlar Elməddinin, Fərdanın əyləncə serialları ilə böyüdülər. Təkcə Elməddin, Fərda deyil, çoxdur bunlar. Şou aparıcıları, şou müğənniləri milli ruhumuzu deyil, dolanışığı hədəfləyiblər.
İndicə belə yöndəmsiz bir xəbərə rast gəldim. Düz 15 media subyekti həmin xəbəri paylaşıb. Xəbərin mahiyyəti də budur ki, Türkiyədə 17 yaşlı qız oteldə ölü tapılıb. Nə vacibdir ki, bayram günü belə gərəksiz xəbəri tirajlayırlar.
XIX əsrdə yaşamış alman şairi Heyne həm də jurnalist olub. O, mətbuatın rolunu çox dəqiq ifadə edib: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır”.
Bizim mənəvi sərvətlərimiz olan adət-ənənələrimizin qorunması naminə qəzetlərimizi bu cür qala görmək istərdik.
Bizim mədəni irsimiz yetiçşməkdə olan nəslə olduğu kimi çatdırılmalıdır, həm də hər vaxt.Yalnız bayramdan-bayrama yox. Özəl kanalların şou layihələri var.Burada bahalı maşınlarla bərbəzəkli studiyalara gəlib cəmiyyətə əxlaq dərsi keçirlər. Rayonlara, kəndlərə getsinlər.Kənd adamını tarlada seyr etsinlər. Onları danışdırıb, söylədib televiziyada göstərsinlər. Bunlar gedib arvadını öldürəni, qoşulub qaçanı, uşağından imtina edəni arayıb üzə çıxarır, cəmiyyəti belə mövzulara kökləyirlər. Televiziya, mətbuat xalqın, cəmiyyətin düşündüklərini, qayğılarını yaşamalıdır, öz qayğılarını yox.
Adət-ənənələrimiz dərindən öyrənilməli, təbliğ edilməli, kütləviliyi təmin edilməlidir. Biz ancaq bu yolla əsl Novruz əhvali-ruhiyyəsinə qovuşa bilərik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.