Mətbuatda ədəbi əsərlərin ekran həyatı və ailə-əxlaq məsələləri (I yazı)

Mövqe

Bu yazını yazmağa  təkan   saytların birində  qarşılaşdığım  “Evin kişisi” və ya hər olayda qadını günahkar çıxaran cəmiyyətin güzgüsü…” adlı yazı oldu. Oxudum və  internetdə axtarışa verib, bu mövzuda daha digər yazıları nəzərdən keçirdim. 

Qarşıma çıxmış yazılardan  üçünü çıxmaq şərtilə, qalanları, sadəcə, yazılmışların  paylaşımı idi. Mövzu, başlıq, təbii ki, cəlbedicidir, dar macalda saytı boş qoymamaq üçün linki göstərməklə digər saytlardan belə yazılar  paylaşmaq olar. Burada, məncə,  elə bir   qəbahət də yoxdur. Əgər paylaşılan vacib xəbərdirsə, mövzu cəmiyyətə,  ayrı-ayrı adamlara yaxşı  mənada  müsbət nəsə əxz edəcəksə,  belə yazıları daha böyük auditoriyalarda paylaşaq, kütləvi informasiya vasitələri ilə tirajlayaq.  Amma əksi olacaqsa, yəni,  xəbər, məlumat  3 qara qəpiyə dəymirsə,  bizim  dəyərlərə, mizan-tərəzimizə uyğun deyilsə, demokratiya, gender  anlayışlarına sığınıb, yanlışlıqlara yol verməyək.

  Avropa  bizi çaşdırmamalıdır. Avropaya uyub  biz dədə-babaların yaratdığı əxlaq dəyərlər  məcəlləmizi  paramparça etməməliyik.

Belə təsirlər daha çox ailə və əxlaq  nizamımıza  zərər gətirməkdədir. Nə gender- gender salıblar bunlar. Orrta məktəbdə oxumuş hər kəs   VI-VII əsrlərə  gedib çıxan “Kitabi-Dədəm Qorqud” dastanlarımız  haqqında  bilir. İlk yazılı abidəmiz olan bu əsərdə  qadın gözəllik və ülviyyət mücəssəməsidir. Çoxlarının guya  azadlıq diyarı,  qadınlarını isə bəxtəvər adlandırdıqları  Qərb ölkələrində qadınlara, qızlara  heç vaxt Azərbaycan  qadınları qədər dəyər verilməyib. Olsun ki,  mənzil-məişət şəraitləri  yaxşı olsun, olsun ki,  sərhədsiz sərbəstlikləri də var.  Amma bu sərbəstliklər həmin sərbəst  qadınları ” Qadın”, “Ana” kimi fəxri adlardan  uzaqlaşdırdığının  fərqində   deyil  Avropanın o “bəxtəvər”  qadınları. Bəxtəvərlik bunlarda deyil. Bəxtəvərlik   vücudundan  bir aləm yaratmış  bir zərif  məxluqun hələ 9 aydan da öncə  bu sonsuz sevdaya düşməsi,   bunun üçün günləri sayması, 9 ay gecəli- gündüzlü  bir   yavrunun keşiyini çəkməsi, onun  təhlükəsizliyi üçün özünü  hər şeydən məhrum etməsi, istəyi hasil olunca, Allahına  dua  etməsi,  sonra onu millimetr-millimetr, santimetr-santimetr   böyütməsindədir. Bunlar da  hələ tam deyil. Tifilini böyütmək üçün   indi başqa çəkidə, başqa ölçüdə cəfakeşlik və fəadakarlıq lazımdır. Avropalı  qadın olsa, haray salar ki, onun  “mamkası” ölməyib ki, ona tifil desinlər. Heç nədən korluq çəkməsinə  imkan vermərəm. Onun üçün məxsusi  inək saxlatdıraram,  günün 1-ci hisssəsinə bir, ikinci hissəsinə bir ayrı qulluqçu tutaram. Gecələr sübhəcən nazını çəkən  dayə saxlaram…  Amma  Azərbaycan anası  balasını kiməsə etibar edəmməz, gərək sübhəcən nazını özü çəkə. Gərək əskisində-üsküsündə ürəyinin  şəfqəti ilə birlikdə öz əllərinin sığalı, hərarəti ola. Yoxsa rahat uyuya bilməz yavrusu. Marketlərdə satılan, lap o həmin qidanı hazırlayan sexin özündən  gətirilmiş  süd olsa belə,  öz   vücudunda  ruhundan, qəlbinin dərinliklərindən axıb gələn ana südü hara,  tarası məxsusi bəzədilmiş  “Aptamil” hara, “SMA OPTIPRO” hara, “Similac” hara, “Hipp 1 Organik Combiotic” hara?

 Ən əvvəli əna sığalından, təbii ana südündən məhrum olmuş  körpə  nə qədər cantaraq  görünsə də,  təbii ana südü ilə bəslənmiş körpənin  sağlamlıq qədər  güvənliyi ola bilməz. İkincisi,  ana südü ilə böyümüş uşaqların ruhi inkişafı  daha sağlam olur. Xüsusi  xidmətlə, xüsusi qidalarla  bəslənmiş uşaq  valideynlərinə tablo kimi cəzbedici gəlsə də,  analıq qayğıları ilə ətə-qana dolmuş  körpənin  bəxş etdiyi ülviyyəti yarada bilməz. Çünki  körpəsinə süd verən an  bəlkədə ananın körpəsi ilə  baş-başa qalıb  bütünlüklə  bir-birlərinə təslim olduqları, səssiz  danışdəqları andır. Bu mehr həmin  körpənin bütün həyatı boyu   nəfəsində, qanında  bu bağlığı  sistematik olaraq  yeniləyir.

  Haşiyə: Bir ana körpəsini  Uşaq bağçasına   qoymaq üçün yaxınlıqdakı bağçaya  baş çəkmiş, həm bağça ilə tanış olmuş, həm də  bağçaya qəbul üçün lazım olacaq  sənədlərin siyahısını almışdır.  Evə qayıtdıqdan sonra siyahıya nəzər salmış, ən sonuncu yer almış “Ananın şalı və ya  jaketi”  sözlərinə gözü sataşanda  duyğulanmışdır.

  Sən demə,  anasının ruhu,  ətri hopmuş bu geyimlər  körpənin bağçada  yuxu rejimində   böyük rolu varmış. Həmin şalı və yaxud  körpənin yatağına qoyduqda, körpə, sanki anası yanındaymış kimi   həmən şirin yuxuya dalırmış.  İndi  gəlin bu ovsunu, sirri, sehri çəkə bilən, ölçüyə ala bilən  ölçü etalonu qoyun   ortaya, görüm tapa biləcəksinizmi, əlbəttə, tapa  biləmməyəcəksiniz.

Özlərini bu  qüdsiyyətdən məhrum etmiş  analar isə    heç  bu ölçülər haqqında düşünə bilməyəcəklər,  hardan düçünsünlər ki,  tifilini yatdırmaq üçün 3 layla, 2  oxşama deməyib, uşağın ardına əli dəyməyib. Gecə yuxudan hövlank qalxmayıb. Nəinki 2 yaşa qədər , heç iki ay  körpəsinə  ana südü  verməyib, onunla baş-başa qalmayıblar.  Çünki onların qafasında  ana olmaq yox,  bu  izdivacın  birlikdəlik tərəfi olub.

 Heç bir bəzək qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. Dübbələmdüz (dialektlərimizdə var bu söz) ifadə edib fransız yazıçısı bu fikri. Bir qadın analıq titulu yaşamırsa, daşımırsa demirəm ha, yaşamırsa deyirəm,  bir ailə başçısının, ərin  halalı ola   bilmirsə, lap nə qədər azad, xoşbəxt, təminatlı yaşasa da,  tərəf müqabilliyindən başqa,  assosiativlik doğura bilərmi?

Qadın olmaq  gözəl ayaqlara, ağ sinəyə, incə belə, ipək saçlara  sahib olmaq demək deyildir. Qadın olmaq  bütün bunların fövqündə dayanmağı bacaran,  Qadın – Ana olmağı bacarmaqdır. Ərin, ailənin qayğılarını  çəkə bilməkdir. Ərin valideynlərinə bu ailənin gəlini, daha bir qız övladı kimi  izzət-ehtiram  göstərməyi bacarmaqdır. Bizim ailə-əxlaq dəyərlərimizdə gəlin də  belə qarşılanıb.  Hər hansı  bir  ocağa gəlin  köçmüş  şərti “yad adam”ın qədəm basdığı  ilk gün ayaqları altında  qurban  kəsilir.  Bu yeni adamın bu mühitə uyğunlaşması üçün  ailənin   böyükləri hər zaman  diqqət göstəriblər. Gəlin özbaşına gəlin olmaz, düşdüyü yer onu gəlin edər”  kimi məşhur atalar sözümüzdə ulularımızın and-amanına  baxın bir.  Dədə Qorqud dövründən  üzü  bu yana, bir a da dəqiqləşdirsək, keçən əsrin 80-ci illərinə  qədər  belə olub:   gəlin evin ən dogma üzvü sayılıb.

Çünki  hər  nəslin   daha uzaq  əsrlərə  davam etməsi üçün vəsilə  qadın/gəlin idi. Ola bilməzdi ki,  gəlin hansısa ailədə həqarətlə qarşılansın. Ailə başçıları  gəlinə müraciət edəndə “dilin üçün  öləyin, gəlinciyim”  söylərmiş. Çünki  gəlin də onlarla mehribanlıqla danışarmış , məsələn,  qayınatasına, qayınanasına  ” atamdan, anamdan  daha yaxşı  qayınata, qayınana”  deyərmiş.  İndi  bu qayınana, qayınata   belə gəlinə “sağ ol, xanım qızım” desə,   “Gəlin”kimi  mehriban  müraciətin  urvatını qaçırmazmı?

Dədə Qorqud  cəmiyyətində ərlər öz ömür-gün yoldaşlarına, uşaqlarının  anasına  “HALALIM”  deyə müraciət edir. Başqa  heç yerdə  heç bir qadın  bu qədər dəyərləndirilə bilməz, çünki Azərbaycan/Türk qadını qədər halal ola bilməz. Baxmayaraq ki,  dövrümüzdə ailə-əxlaq institutumuz hər gün ciddi aşınmalara məruz qoyulur.

 Ümumiyyətlə, bu gün  cəmiyyətdə  qadınlara edilən müraciətlərin  leksik-semantik anlamlarını, deyiliş tərzini, harada  deyilməsi kimi  məqamları   müzakirəyə cəlb etmək də bizə  qadının cəmiyyətdəki və baxışlardakı obrazını açmaqda  böyük  kömək edə bilər.

 Məsələn,  biz heç vaxt görmədik ki,  böyüklərimiz  qadınlarına xanım deyə müraciət etsinlər, səsləsinlər.  Ya adların deyiblər, ya da  “ay arvad”, “ay kişi” xitabı ediblər. Ya da heç adlarını  çəkməyiblər,  kim kimə söz deməlidirsə, onun tərəfə səmtlənib sözünü deyib.

Fransızlar qadına “madam”, gənc qıza və yaxud ərdə olmayan qadına “mademazel, mademuazel”deyirlər. İspanlar  “sinyor, sinyora, sinyorita”, italyanlar  “signore, signora, signorina”, almanlar  “herr”, “frau” və “fraulein”, ” missis”, ” miss”, ruslar “qospoja” və ya “dama”   deyirlər.

Avropa ölkələrində  indi  başa düşüb haray-həşir salıblar ki, qadına, qıza, ərə getmişə, ərə getməmişə, ərə gedib çıxmışa  fərqli-fərqli adlar  verilib. Qadınlar arasında belə  ayrə-seçkilik qoymaq doğru  deyilmiş. Artıq bu gün  Almaniyada “fraulein” müracəti ədəbsiz sayılır və rəsmi sənədlərdə istifadə olunmur, Fransa və Belçikada isə “maduzel” artıq inzibati sənədlərdə istifadə edilmir və sair.

Bizdə isə qadınlara ehtiram olaraq “xanım”,  “müəllimə “, “həkim” deyə  müraciət edlməkdədir. Amma   “müəllimə”, “həkim” ancaq  ixtisasca müəllim və həkim olan  qadınlara  deyilə bilər (adını deməzsən, “müəllimə”, “həkim deyərsən”),  bəs qeyri ixtisas-sahiblərinə  necə müraciət edilsin, ən uyğunu ancaq elə “xanım” müraciətidir.

Deyək ki,  35 yaşlı bir xanımımız ali təhsilli  bir qadındır, bir ictimai təşkilatın sədridirsə, onun  adının qarşısında  vəzifəsi və ya sonunda  familiyası  qeyd olunursa,  burada   daha heç bir  əlavə sözə ehtiyac yoxdur. “Xanım” nəzakət əlaməti olaraq yazıla bilər.  Şifah müraciət formasına  gəlincə isə, sovet dövründəki kimi “yoldaş sədr, yoldaş katib”  deməyəcəklər ki, sadəcə, adını çəkmək də  qeyri-etik olur. Ona görə də   hansısa  dövlər və ya qeyri-dövlət  vəzifələrində çalışan  xanımlara  “xanım”dan  ağayana etiket yoxdur.  Həkimə “həkim”, qadın müəllimə “müəllimə” demək olar, qadın bank rəhbərinə isə “bankir” demək  olmur.  Bəzən olur ki,  üslubi məqsədlər üşün semantik mənalı vahidlərdən istifadə edəndə  işlədirik.  Ya  da  mürəkkəb qadın adlarının ikinci tərəfində  qızımızn, qız nəvəmizin zəngin, kübar olması diləyi ilə  “xanım”əlavə edirik.

 Olsun ki, irad edəcəksiniz ki, xeyr, bu, hörmət və şərəf üçün qadınlara verilən  ümumi tituldur.  Davaya getməyəcəyəm. Bizim gözəl, namuslu, ailəcanlı, vəfalı qadınlarımız bundan  da  yüksək ada layiqdir, təəssüf ki, hələ ki bu ad lüğətimizdə yoxdur. Amma  yazımız  ümumiləşdirmək istədiyimiz qənaətlə bağlı olduğu üçün  bir qədər  incəliklərə  varmağa məcburuq.  Tarixən, Azərbaycan mühitində  hakim sinfə mənsub qadınlara,  eləcə də xaricdə təhsil almış  qadınlara “xanım”  deyə müraciət ediblər. Amma mən kütləvi şəkildə “xanım” etiketinin iştifadə edilməsini də istəmirəm.

 Məsələn, S.S.Axundovun  “Qaraca qız”  hekayəsindəki Şərəfnisa yəhər və sair qoşqu ləvazimatı qayırıb satan adamın (sərrac)  arvadı olduğu üçün Şərəfnisadır,  M.F.Axundovun “Hekayəti-Müsyö  Jordan  həkimi-nəbatat  Dərviş Məstəli şah cadukuni-məşhur” komediyasındakı   Şərəfnisa isə  Təklə-Muğanlı  obasının  bəyi Hatəmxan ağanın qızı olduğu üçün  “xanım”dır. Heç şübhəsiz ki, Təklə -Muğanlı obasında  yalnız Hatəmxan  ağanın qızları,  bu şəxsin əsl-nəcabətinə məxsus qadınlar xanım   deyə müraciət oluna bilərdi.  Əslində, heç hamıya da  hər  məqamda  xanım demək də olmur.

 Məsələn, biz indi gedib ucqar kəndə sağıcı olan bir qadına “xanım”  deyə müraciət etsək,  süni çıxacaq. Bu sağıcı qız xanım deyiləcək qadından heç də dəyərsiz deyil,  bəlkə də  çox xanımlardan daha dəyərlidir, amma ona  süni olaraq “xanım”  etiketi yaraşmır.  Eləcə də rüşvətxor “Jek” rəisinə, torpaq satmaqda ixtisaslaşmış  bələdiyyə  başqanlarına da  “müəllim” deyirlər.

Xaricdə necə deyirlər desinlər. Təbii ki, hər kəsin müraciəti,  bu zaman seçdiyi vəziyyət, mimika və jestləri müraciət edənin özünün  cəmiyyətdəki yerindən  də asılıdır.  Bizim  qadınlara müraciət etiketlərimiz daha   müqəddəs, daha ismətli və daha məzmunludur:  “anam”, “bacım”, “qız”,”gəlin”,  “xalaqızı”, “əmiqızı”,, “bibiqızı”,”dayıqızı”,  “həkim”,”müəllimə” . Və  bu müraciətləri  münasibətlərin  özü doğurur və  özü də axarını müəyyən edir. Mənə belə gəlir ki, bu cür müraciət formaları həm də dini-əxlaqi baxımdan məsuliyyətlidir.

Mətbuatda ədəbi əsərlərin ekran həyatı  haqqında yazarkən və yaxud  ekranda-efirdə danışarkən, xüsusən ailə-əxlaq mövzusunda, belə məsələlər çox həssas  olduğundan   hər hansı birinə  çox ehtiyatla yanaşmaq lazımdır. Deyilənlər, yazılanlar  demək/yazmaq fürsəti əlində olanların  demək/yazmaq istədiyi kimi deyil, ailə-əxlaq dəyərlərimizi qorumaq, yaşatmaq niyyəti ilə yazılmalı və yaxud deyilməlidir.

 Bu qənaətə İsi Məlikzadənin eyniadlı povesti əsasında çəkilmiş “Evin kişisi” filmi ilə bağlı kütləvi informasiya vasitələrində yazılmış məqalələri oxuduqdan sonra gəldim(Mənbə:

1. https://www.bizimyol.info/az/news/382714.html

2. https://siam.az/maraqli/68690-evin-kiisi-v-ya-hr-olayda-qadn-gunahkar-cxaran-cmiyytin-guzgusu.html

3.https://edebiyyatqazeti.az/news/incesenet/4636-evin-kisisi ) .

  Belə yazıları kim yazır, hansı məqsədlə yazır, bunlar da onların yazdıqlarında tutduqları iradlar kimi, sənətin qayğılarından birdir.

 İrad, tənqid saf olmalıdır. Əsəri yazana da, onun oxucularına da, ədəbiyyatın özünə də, cəmiyyətə də fayda verməlidir.

 Tənqiddə irad tutulan məqamın sağlam məcraya yönəldiməsinə bir canıyananlıq  işartısı  olmalıdır.

 Amma bugünkü tənqidlərdə, jurnalist yazılarında  bu canıyananlığı  görmək olmur. Ya təriflər yağdırılıb, sonda sıradan  rəsmiyyət xatirinə adda-budda dil xətalarının, texniki səhvlərin olduğu nəzərə çarpdırılır, ya da  irad tutula bilinən məqamlar göstərilir, müsbət  ideyalara isə heç  toxunulmur da. Bernard Şou demişkən, əsl yazıçılar kömür götürüb ondan almaz düzəldir, amma tənqidçilər o almazı sonra kömürə çevirirlər.

Məlum filmlə bağlı yazıları oxuduqca tam əmin oldum ki, hələ də bizim bir çox atalar sözləri və məsələrimizin, eləcə də obrazlı ifadələrimizin mənasını doğru-düzgün qəbul etməyən oxucularımız var,  yazarlarımız var.

 Belə kəlamlar, qanadlı sözlər, obrazlı ifadələr, frazeoloji  birləşmələr süni yaradılmış və yaxud öz-özünə yaranmış  dil vahidləri deyildir. Bunlar insanların münasibət və ünsiyyətlərində yaranıb formalaşmış qənaətlərdir, həyat və insanlıq haqqındakı baxışlar sistemidir. Əgər bunları doğru-düzgün dərk edib qəbul etməyəcəyiksə, deməli, dünya və həyat haqqında baxış və fəaliyyətlərimiz  də doğru və düzgün  olmayacaq.

Elə “Evin kişisi”  ifadəsinə münasibəti götürək. Əvvəlcə, ondan başlayım ki, bir sadə  izləyici kimi mənim  düşüncəmə görə,  mətbu səhifələrdə  filmin adını tamam kontekstdən uzaqlaşdırıb, öz qısqanclıqlarını  bildirmək üçün bir vasitə kimi seçiblər.

  Vikipediyada film haqqında yazılıb ki, mövzusu müasir kənd həyatından götürülmüş bu filmdə gənclərin məhəbbətindən, məhəbbətə xəyanətdən, insan mənəviyyatının təmizliyindən bəhs olunur. Soğrusunu deyim ki, indiyə kimi  bu əəsri oxumamışdım. Qələmə aldığım yazı səbəbindən əvvəlcə povesti  oxudum. Əsərin  etnoqrafik çalarları və milli koloriti, yazıçı təhkiyəsi məni  hədsiz heyran etdi. 43 səhifəlik bir  bədii mətndə İsi müəllim  Azərbaycan kəndinin, oradan yaşayan insanların həyat və yaşayış tərzini o qədər səmimi və inandırıcıi təsvir etmişdir ki,  hər bir oxucu  düçünə bilər ki, o da həmin kənddəndir. Bu povestdə həyatımız üçün vacib olan elə bir məsələ yoxdur ki, ona istinad edib, dərinliklərə varmaq olmasın.

Əsərdəki obrazların nitqində rast gəldiyimiz replikalar, müraciət formaları, etnoqrafik məlumatlar, xalq yaradıcılığı ilə paralellik, bir çox məhəlli sözlərdən fəal istifadə əsərin sanbalını  qat-qat artırır.

Əsərdən sitatlar:

1.”Bilirdi ki,  Ağca uzunlüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi  qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: ” Kəkotulu çay da  dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?” açay səhərdən axşama kimi həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq  kobudlaşmış, qaralmış əllərinə , solğun bənizinə dərinliyində  güclə seziləcək bir kədər gizlənənən iri qonur gözlərinə baxacaq və belə anlarda  fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın…Ağcadan bir dənədi…”

2. Cəvahir stolun üstünü yığışdırandan sonra  gəlib oğlunun yanında  dayandı. Cırıltılı köhnə kətili altına çəkib oturdu.  Qaçay tez dikəldi.Arvad balaca, soyuq əlini ehmalca onun sinəsinə qoydu.

– Dincəl, bala, dincəl.Yorğunsan…

-Bağışla, ana.

Qaçay yenidən uzandı.

Cəvahir yarıyacan ağ pərdə çəkilmiş pəncərəyə baxıb köks ötürdü:

-Günorta bir söz demədin, a bala.Məsləhətin nədir?

-Nə deyim, ana?Ağcanın böyükləri sizsiniz.

– Evin kişisi sənsən.

  Qaçay diksindi.Bu dəqiqəyə qədər o özünü uşaq sanmışdı. İyirmi iki yaş nədir ki? Üzünə əməlli-başlı tük də gəlməmişdi.Hələ gözləyirdi ki,  heç vaxt ülgüc vurdurmadığı  seyrək, yumşaq bığı sıxlaşacaq, codlaşacaq və o, kişiyə oxşayacaq. Qaçayın ürəyini qəribə bir sevinc bürüdü.  Qaranlıq tavaya zillədiyi gözlərini yumub açdı. Nə tez böyüdü Qaçay. Cəmi bir  ay bundan qabaq , o işsiz gəzəndə evin kişisi Mikayıl idi. İndi kişilik yükü   Qaçayın çiyninə düşüb.

3.”Canəli qarpızın baş tərəfini  dəyirmicə kəsib, bıçağın ucu ilə dörd yerə böldü. Həmin  parçaları ovcuna yığıb, əlini qarpızın üstündə dolandıraraq dedi: “Koroğlu, ürəyində bir niyyət tut…”

4.  Canəli: “Radiolarda  hərdən oyun havaları çalırlar ha,  bax, onda xəlvətə düşəndə 1-2 dəfə fərasətimi yoxlamışam.”

5.  “Belə odlu-odlu danışanın dilinə   görə dilçəyi də var”.

6. Qaçay  belə anlarda  atasının təşvişlə dediyi sözləri xatırladı: “A uşaq, o səbətlərin üstünə kilimdən-zaddan bir şey çəkin. Bu saat yağış yağacaq, leysanın altında çürüyər səbətlər.”

Amma  film haqqında yazılan məqalələrdə belə məqəmların təfərrüatlarına varılmır, baş vermişləri sağlam düşüncə ilə  analiz edib sağlam əsasda da cəmiyyətə ötürmək əvəzinə, ancaq itttiham etmək  meyilləri  daha nəzərə çarpır. Guya cəmiyyətdə heç nəyə məhəl qoyulmayaraq  qadınları günahkarı çıxarmağa bir meyillilik var, ümumiyyətlə, istər qızlar, istərsə də oğlan uşaqları ya cəmiyyətin, ya da valideynlərin psixoloji basqısına məruz qoyulurlar.

Əgər müxtəlif  mətbu nəşrlərdə  edlən şərhlərdən çıxış etsək,  deyilənlərin  və yazılanların qadın zorakılığı ilə heç bir əlaqəsi yoxdur.  Burada hansı qadın zorakılığı var? 

 Qaçayın  bacısı toy ərəfəsində  anası özünü cehiz üçün oda-alova yaxdığı halda, sevdiyinə qoşulub qaçır.

 Əntiqə üstündə nəzarət olmadan Bakıya imtahan verməyə gəlir. Sevdiyi ilə  romantika  yaşayır. Sevdiyi olduğu halda, başqasının yanına düşüb otelə gedir. Belə olan halda cəmiyyəti, ailəni necə  qınamaq, necə ittiham etmək olar?

 Film haqqında  yazılmış məqalələrdən sitatlar:

“…İsi Məlikzadə “Evin kişisi” əsərində bu günümüz üçün aktual olan və eyni zamanda mübahisə doğuran məsələlərdən söz açılır. Əvvəla, əsərin “Evin kişisi” adını daşımasında yumor qarışıq ironiya sezilir. Problem ondadır ki, paternalist cəmiyyətimizdə qızlar kimi, oğlan uşaqları da valideynlərin psixoloji basqısına məruz qalır. Əgər qız uşaqlarına sözün dar və mental mənasında, abırlı-həyalı olmaq kompleksi aşılanırsa, oğlan uşaqlarına “sən kişisən, bacının namusunu qorumalısan, evin yükünü çəkməlisən, düşmən çəpəri olmalısan” kimi patriarxal məsuliyyət yükləyirlər. Əsərdə də Qaçaya anası psixoloji basqı edir. Qızının toy tədarükünü onun önəmli vəzifəsi kimi öhdəsinə qoyur. Mental mədəniyyətimizin ayrılmaz atributu olan cehizin verilib-verilməməsi anadan ötrü “olum, ya ölüm” dilemmasıdır

(https://news.milli.az/society/975317.html)”.

“…Filmdə Əntiqə qadın zorakılığına məruz qalan, özünü kimsəsiz, heç kimə lazım olmayan bir qadın kimi hiss edir. Yağış altında oturub, saatlarla Rövşəni düşünən, yuxularında belə Rövşəni görən və onunla nəfəs alan qız, ona təcavüzə uğradığını deməyə çətinlik çəkir. Ancaq hisslərini Rövşənin bacısı Səyadla paylaşır. Rövşən hərbi xidmətdə olanda universitetə daxil olmaq üçün Bakıya gələn Əntiqəyə sinif yoldaşı Pənah təcavüz edir. Əntiqə universitetə daxil ola bilmir, evə qayıdır. Amma özünü ləkələnmiş hiss etdiyi üçün daha Rövşənin məktublarına cavab vermir ….

…. Rövşən Əntiqəni anlamaq, hadisənin necə baş verdiyini bilmək istəmir, onunla danışmır, onu dinləmir, kor-koranə qızı günahlandırır. Rejissor cinsi zorakılığa məruz qalan qadına cəmiyyətin  qeyri-adekvat reaksiyasını, zorlanmaya məruz qalan qızın da utandığına görə milisə şikayət etmədiyini göstərir…..(https://www.bizimyol.info/az/news/382714.html)”.

 Yazımın bu  yerində bir   subyektiv  fikrimi  bildirəcəyəm.

Əslində, filmin   məzmun filmdə adı  filmdə baş verənlərin   məzmunu ilə uzlaşmır, başqa sözlə,   filmin adı  cərəyan edən hadisələri, onların mahiyyətini öz episentrinə cəlb edə bilmir.  Kütləvi informasiya vasitələrində   haqqında  söhbət etdiyimiz  filmə  aid bu ifadə  barəsində  nə  izah  var,  oxucuları/izləyiciləri  yanlış istiqamətləndirməkdədir.

 Bu ifadənin heç bir mənfi çalarlı  izahı yoxdur.

Bəzi mənbələrdə  onu  belə mənlandırırlar ki,  “Evin kişisi” böyük hörmət-izzət sahibi olan, nüfuzlu, alicənab, əsl kişi xasiyyətli adamı mədh etmək üçün işlədilən ifadədir.  Tam  və dəqiq deyildir.  Vəzifəsi,  nüfuzu , olmayan sadə  bir adam  “Evin kişisi” statusundan   məhrum olmalıdırmı?

 “Evin kişisi” statusu ailə başçısı anlamını ifadə edir.  Təbii ki, cəmiyyətdə nəsil xəttinin ata xətti ilə davam etdirilməsi, kişinin/ərin  ailə həyatındakı üstün rolu  dünənin, srağagünün məsələsi deyil.  Artıq  ailə təşkilatının  bu statusu əsrlə  baxışlarda  da,  gerçəkdə də davam etməkdədir və edəcəkdir.    

Bu,   qadını, onun nüfuzunu  aşağılamır.   Qadı gözəllik və ülviyyət  mücəssəməsi olmaqla bərabər    hər brimizin ANAsıdır, atamızın yaraşığıdır.  Qanımızdan, canımızdan  nəşət etmiş  könül meyvələrimizin – balalarımızın anasıdır.   Özümüzə gəldikdə isə bizi  qürurlu edən,  həyatımızı mənalandıran  vücud paramızdır. Hər kəs  nə vaxt öz parasını  nə vaxt tapır, onda da  əbədilik  qoşalaşırlar.

Belədirsə, hansı   gender  bərabərsizliyindən, zorakılıqdan, aşağılamaqdan söhbət gedə bilər?!

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.