Mətbuatda ədəbi əsərlərin ekran həyatı və ailə-əxlaq məsələləri (II yazı)

Mövqe

“7 oğul istərəm”: “Bu kənddə bir kişi var, ya yox. Gözünüzün qabağında dağ boyda kişini əclafın  biri  vurub, siz də yorğan altında gizlənirsiniz.  Söz soruşuram sizdən, hanı aranızda  kişi? Hanı Peykanlının mərdi?”

 “Axırıncı aşırım” :

” Qəmlo: – Kimi istəyirsiniz? ”

Abbasqulu bəy:

-“Evin kişisini soruşarlar! ”

  Belə nümunələr çoxdur. Mən şəxsən ailələrdə bu ifadəni çox  eşitmişəm. Böyüklər kiçiklərə öyüd-nəsihət verərək deyiblər ki, ağıllı ol. Sən evin   böyük oğlusan, evin kişisən. Bu ailənin  qayğıları, məsuliyyəti üçün sən qabağa durmalısan. Və yaxud ata balaca övladına deyir ki, sən evin kiçiyisən. Böyük qardaşının sözlərini, tapşırığına əməl etməlisən. O, sənin böyüyüyndür, atandır. Yəni, kiçik qardaş böyük qardaşı  ata  kimi  qəbul etməlidir.

 Bir ailəyə elçiliyə gedəndə evin kişisi düşər qabağa. Qadın dəyərsizdir anlamını vermir bu. Biz oğul övladımıza toy edəndə nəslimizin davam etməsi üçün onu öz yerimizə hazırlayırıq. Onu evin “başıpapaqlısı” edirik. Qızımızı ərə verəndə isə onu ANA görmək arzumuzu  gerçəkləşdiririk.

Məncə, normal ailələrin heç birində bu söhbət problem kimi  baş qaldıra bilməz. Kim və hansı ailədə belə fikirlər səsləndirlirsə, artıq o qafalarda  Günəş, Ay yerində deyildir.

 Film haqqında bəhs edən yazılarda   bu ifadə  qadınları niyə əndişələndirir, çox təəssüfedici haldır. Axı bu ifadənin heç bir mənfi çalarlı izahı yoxdur.

 “Evin kişisi” statusu ailə başçısı anlamını ifadə edir. Təbii ki, cəmiyyətdə nəsil xəttinin ata xətti ilə davam etdirilməsi, kişinin/ərin ailə həyatındakı üstün rolu dünənin, srağagünün məsələsi deyil. Artıq  ailə təşkilatının bu statusu baxışlarda da, realda da əsrlərlə davam etmiş və    bundan sonra da edəcəkdir.   

Bu, qadını, onun nüfuzunu aşağılamır. Qadın gözəllik və ülviyyət mücəssəməsi olmaqla bərabər hər brimizin ANAsıdır, atamızın yaraşığıdır.  Qanımızdan, canımızdan  nəşət etmiş könül meyvələrimizin – balalarımızın anasıdır. Özümüzə gəldikdə isə bizi  qürurlu edən, həyatımızı mənalandıran  vücud paramızdır — Halalımızdır. Hər kəs nə vaxt öz parasını tapır, onda da əbədilik qoşalaşırlar.

Belədirsə, hansı   gender  bərabərsizliyindən, zorakılıqdan, aşağılamaqdan söhbət gedə bilər?!

 İndi bizə  hələ Qərbdəki demirəm ha, özümüzdəki feministlərin  dəst-xətti  bir-iki  küçə yürüşlərində məlum oldu. Adam xəcalət çəkir, utanır  belə  gözəl-gözəl qızlarımızın   düşüncəsinə, mövqelərinə görə. Bu qızların  hər biri bir evin dirəyi olub həmin  evi  xoşbəxlik yuvasına çevirə bilərdi.

Belə olmaq yaxşıdır, yoxsa, şanlı-şöhrətli  bir təhsil alıb, peşəyə sahib olub bir  evə gəlin köçmək, Qadın-Ana olmaq.

Bəs ata-analar dünyaya  övlad gətirib, nəfəsləri gələnəcən bu balalarının, hətta ailə qurandan sonralar da  keşiyində nə üçün dayanırlar: oğulları kişi olsun, ər olsun, ailə sahibi olsun; qızları da  bir evin, ocağın od qoruyucusu. Evləri evlərə, süfrələri süfrələrə calayan vəsilə.

  Sevgi, qadın/ər  əza həzzi  demək deyil. Birgə mübarizə və  cavabdehliklə öz səadətlərini qura bilmək deməkdir.

Bərabərlik bu anlamda başa düşülməlidir. Əsl qadın da ailə başçısının/ərin üstün roluna hörmət etməklə, qəbul etməklə bu ab-havada özünün qəbul edilə bilən arzularını gerçəkləşdirə biləndir.

İnternetdə axtarış sistemi vasitəsi ilə arayın: Ağcabədi, Göyçayda, Qusarda, Xaçmazda, Qubada və daha neçə bölgəmizdə  evli, övladları olan qadın başqa kişilərə qoşulub  qaçıb.  Bəzən deyirlər ki,  belə qadınların   günü-güzəranları zülmlə keçirmiş,  axırda dözməyib   bu yolu seçirlər. İnandırıcı deyil. Biz bu insanlardan əlahiddə məkanda yaşamırıq ki,  bizim, anamız-bacımız, qızımız, xalamız, bibimiz və yaxud qohumluq əlaqələrimiz yoxmu, biz  heç nə ilə qarşılaşmırıqmı və yaxud qarşılaşırıqsa, heç nəyin fərqində deyilikmiş kimi daşıqmı, dəmirikmi?

Əlbəttə, belə deyil. Müəyyən  acı həqiqətlər var.  Sağlam həyat tərzi keçirməyən, pis vərdişləri olan ər ola bilər, lap bu tərəf qadın da ola bilər.

Amma  hər problemi   tifaqın, xanimanın dağılacaq halına gəlib çıxmasına yol vermək olmaz, bunu qulaq ardına vurub,  məhkəmədə bir vaxt can deyib can eşitmişlərin indi qanlı düşmən kimi barışmaz mövqedə duracağı hala  gətirmək olmaz. İstər tərəflərin özləri, istərə də onlrın valideynləri buna yol verməməlidir. Amma təəssüflər ki, verirlər, heç tükləri də tərpənmir.

  Mən kimisə  az, kimisə  daha çox günahlandırmaq istəmirəm və mövqeyimə bunu sığışdırmaram da. Əgər biz  hər hansı   problemin olmamasını istəyiriksə, onun etiologiyasını doğru-dəqiq müəyyən  etməli və  doğru təyinat üzrə  müalicəsini aparmalıyıq. Mən həmişə demişəm ki,  bütün xəyanətlərin  hər birinin  arxasında  bir qadın durusa, bir  kişi də durur. Musa Yaqubun dediyi kimi ,  bir günah qadınındır, bir günah  kişinin.

  Günaha, xəyanətə batmamaq üçün   suyu da  üfürə-üfürə içmək lazımdır, xüsusən qızlarımız.  Qızlarımız tələsməməlidirlər.  Akselrasiya fəsadları bir tərəfdən, xarici serialların  yöndəmsiz  təsirləri o biri tərəfdən şaşırmasin sizi.   Bir qız  bir oğlanındır, əvvəl-axır, əksini də deyə bilərik: bir  oğlan bir qızındır. Gördünüzmü, mən   istəklər arasında  fərq qoymadım. Hər kəsin  bir qismət payı var, hər kəs səbirli olarsa,  ağılla, düşüncə ilə addım atarsa,  öz payına  sahib çıxacaq da.

  Amma  bu qəədr  zəngin həyat təcrübəbə, dünyagörüşümə  istinad edərək deyirəm ki,   belə  nizamı gözləməyə,  belinə hisslərinə sahib ola bilməyən  o qədər oğlanımız-qızımız var ki. Belə oğul və qızlarımız,  təəssüf ki,  ailə həyatının ancaq birlikdəlik tərəfini  motivasiya edib niakaha giriblər.

  6 ay,  bir il bir  damın altında yaşayıb  gözlərinin qurdunu öldürüb sonra başlayacaqlar didişməyə-didməyə. Artıq bu ailənin sağlam məcraya qayıtması da ağlabatan deyil. Qız da belə. O, ailə həyatına hazır olmadan, evliliyə tələsib. Elə bilirlər ki, evlilər kef edir. Evliliyin həm də  böyük məsuliyyəti var: ərdirsə, ailəsinə  çörək qazanmağı var,  qadındırsa, dünyaya uşaq gətirməyi var. İndi bu ana  tək özünə, tək ərinə deyil, həm də uşaqlara baxmalıdır. Bunun üçün çox vaxt  yuxudan olmalı, dinclikdən olmalı, həm ev işləri görməli, həm də proletara qayğı göstərməlidir və sair. Təbii ki, çox arzu edərdim, qadınların həyat və məişət şəraitlərini rahat edəcək layihələr, Proqramlar  olsun. Amma olmasa belə,  problemi tərəflər birlidə həll edib, talelərinə sahib çıxmalı, öz səadətlərini bu çətinliklər arasında qura  bilməlidirlər.  Təəssüf və təəssüflər ki,  bu gənclər özlərini  topuqdan yuxarı selə salmaq   istəmirlər. Çox rahatca  ayrılırlar. İlk  1-ci, ikinci narazılıqda elə ikisinin də ürəyinə ayrılıq cımırtqısı düşür. Bir  az da  ciddi məqam axtarırlar ki, bunu əllərində dəstəvuz edib  ayrılsınlar: biri sağa, biri də sola getsin.

 Oğlan daha  birini, o birisini tapacaq, bir də o vaxt ayılacaq ki,  yaş öz işini görüb. O isə oğul evləndirmək, qız köçürmək əvəzinə hələ sərgərdan gəzir. Boşandığına görə sevinən qadın isə ” Evin kişisi” filmindəki Ağca kimi  anasını, qardaşını  heç ağıllarına gətirmirlər ki,  onun ailə qurması, qadın-ana olması üçün  bu ana, qardaş nə qədər  and-aman ediblər, necə nigarançılıq keçiriblər. Əksinə, fikirləşirlər ki,  o mərhələdən artıq çıxıblar, ərə  gediblər, 1-2 uşaqları da var. Heç kim onların ailəsinə şəbədə qoşmayacaq ki, “yönnü ailə” olsaydı,qızlarını alan olardı. İndi ki bunu deyə bilməyəcəklər. Deyəcəyəm ki, kişi  narkoman , “piyaniskə” idi,  mənə xəyanət edub. Məsələnin görünən tərəfi budur ki,  bu qadın   ev  qadını, Ana olmaq istəmir.  Qadın, Ana olmaq cəfakelik deməkdir, yanmaq  deməkdir Belə düşünən qadın da  cəfakeşlik etmək, yanmaq istəmir.İstəyir ki, sərbəst olsun. Yemək bişirməsin, uşaq ardı yumasın, kişi köynəyi ütüləməsin və sair. İstəyir ki, seriallardakı xanımlar kimi çıxıb tökülsünlər,   naz görsünlər, hazırından yesinlər, istədikləri  yerə getsinlər və sair…

Yadıma  Səməd Vurğunun “London  qarısı” salıram.

Şlyapalı  bu ledinin başı böyük  ziyafətlərdə lordların qolunda dəbdəbəli rəqslərə qarşır. Heç bilmir ki,  ömür necə gəlir, necə gedir.  Bir  də görür ki, əcəl qapını ksədirib. Bir kimsəsi yox, funtlardan, dollardan  başqa.  Bu qarı  varidatını  itlərə baxan  bir cəmiyyətə  vəsiyyət edir:

London qəzetləri yazdı bu zaman,

 Deməyin ki, qarı övladsız qaldı.

 Nə qədər böyükmüş baxın bu insan,

 Öləndə itləri yadına saldı.

 Nə demək istədiyim aydın oldu yəqin ki.  İnsan tək özünə qalsa, müəyyən qədər  sərbəst yaşaya bilər.  Fərqi yoxdur qadındır, kişidir. Canı  hələ sulu ola bilər, diqqəti cəlb edə bilər.  Amma  nə gənclik, nə gözəllik əbədi deyil. İndi həyatını elə qurmalısan ki,  axırda  london qarısı sonsuz öləsən,  özündən sonra da izin-tozun qalmaya.

…Heç unuda bilmirəm.  Rayonların birinə getmişdim.  Nabələd idik. Yola çox erkən çıxmışdıq ki,   bir günə gedib qayıda bilək. Biz rayona çatanda   hava  heç işıqlanmamışdı.Hava da olduqca dumanlı idi. 2-3 metrdən uzağı görmək olmurdu. Hara  getdiyimiz  bilmirdik.Bir də hiss etdik ki, bura haradısa  ya çaylaqdır, ya da bir meşəliyin girəcəyi.  Arzu edirdik ki, bir Allah  bəndəsi  rast düşə  bizə yolu nişan verə. Bir az da getmişdik ki, bir qaraltının bizə tərəf gəldiyini gördük. Maşını saxladıq. O bizə yaxınlaşanda  gördük ki, 30-35 yalarında  gözəl bir qadın. Baxmayaraq ki, atılmışdır, bəlkə də ac idi,  çöldə qaldığından bu gözəl  vücud bir qədər  bəyazlaşmışdı. Soruşduq, məlum oldu ki, biz rayonun məişət tullantılarının atıldığı yerə gəlmişik. Qız danışdıqca   üşüdüyündən  ağzını açıb yumduqca  çənələri də əsirdi.

O qadın  hər zaman  xəyalımdadır.   Başqa ərazidə olsa, lap nağıllardakı kimi, onun qapısına elçi göndərməyə  hər adam da cürət etməzdi ki, mənim yemim deyil. Bu halında o isti bir evin  ən sıçaq  yerində  ya balalarının yanında, ya  bu balaların atasının yanında  məsudcasına yatmalı idi. Nə gəzir səhərin gözü açılmamış  ac-susuz, nazik əyin-başla  çaylağın ortasında? Cavab – gəncliyində şərəfini qoruya bilməməsi, qızıllığını qoruya bilməməsi.

Namusunu, şərəfini gəncliyində qoru.  Bu and-aman “Kapitan qızı”  əsərinin epiqrafı deyil. Öz müdriklərimizin qanadlı sözlərindən biridir. Onların  dünyagörüşləri, zəngin həyat təcrübələri bir universitetdir, akademiyadır. Vəzifədən çıxarılandan sonra  hansı  vasitələrləsə açılmış universitet və  akademiyalardan söhbət getmir ha. Həyat Universitetindən gedir. Bu Universitetin bayrağında yazılmış  and-amanlara, düsturlara bir  baxın:

“Bir gənc qızın ən gözəl cehizi – namusudur”,

“Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır”, “Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər”, “Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin”, “Qız qızıl alma, qızı gözdən salma”, “Qızı otaqlıya yox, papaqlıya ver”,

“Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya”, “Qızın isməti – atanın dövləti” və sair, və ilaxır.

Bunlar  iki adamın söhbətləşməsindən götürülmüş sitatlar deyil. Bunlar   ərənlərimizin  illərlə, əsrlərlə  müşahidələrindən sonra  varisləri üçün seçib götürdükləri,  həyatı davam etmək üçün kara gələcək  xilas, qurtuluş düsturlarıdır, davam etmək üçün yol xəritəsidir…

 Müdriklərimizin, ixtiyar nənələrimizin söylədikləri nə varsa, onlar bu xalqın  əxlaq sərhədidir. Sərhədi qorumaq isə  onun  üzərində yaşayanların müqəddəs  borcudur.

 Qorumaq deyəndə ailə-əxlaq məcəlləmizin, dədə-baba  qaydalarına  sədaqət, qədirşünaslıq nəzrdə tutulur. Bu nizamla yaşamaq, sonra övladlara, nəvələrə ötürmək nəzərdə tutulur. Biz  isə getdikcə cırlaşırıq. Əslində, çırlaşdırırlar, biz də deyəsən, müqavimətsiz-filansız “tüfəngi atıb keçirik əks tərəfə”.

“Evin kişisi” filmi ilə bağlı yazılarda   nə qədər əsassız fikirlər səsləndirildi, yanlış qənətlərə  gəlindi. Unuduldu ki,  bu yazılar  elektron texnologiyalarla  necə sürətlə, necə əhatəli coğrafiyada  paylaşılır. İnsanların yanlış anlamasına səbəb olur. Onda ciddi kino tənqidi, reşissor, teatrşünas  rəyləri ilə qarşılanmayan  bir ədəbi mühitdə, sənətdə  nəyi olsa dramaturji  sxemə salıb ekranlara çıxarmaq    meyli qüvvətlənir.  Yazımızın  yönümü  heç də bunlar deyil.

 “Evin kişisi”  povesti haqqında  yazırlar ki,  guya süjetdə   iki əsas motivə fokuslanıb: mühafizəkar adət-ənənə və qadına qarşı zorakılıq. Amma  mən bir  oxucu olaraq, filoloq oxucu olaraq,   bu əsərdə  heç bir mühafizəkar adət-ənənə və yaxud  qadına qarşı  zorakılıq halları  olduğuna rast gəlmədim. 

Yazımın bu  yerində bir   subyektiv  fikrimi  bildirəcəyəm. Əslində, filmin   adı   filmdə baş verənlərin   məzmunu ilə uzlaşmır, başqa sözlə,   filmin adı  cərəyan edən hadisələri, onların mahiyyətini öz episentrinə cəlb edə bilmir.

 Əzələn, povest cəmi 43 səhifədən ibarət olsa da,  burada  bir  çox aktual məsələlər qoyulub.

  Gənclərin əxlaq və tərbiyə məsələləri,  həmin dövrlər üçün, elə indinin özü üçün də  aktual məsələ olan qızların  evdə qalıb  qarıması, insanın yaşaması üçün yaşıl sipər olan təbiətə, bioloji müxtəlifliyin qorunması problemlərinə laqeyd münasibət, cinayətkarın, cinayət əməllərinin qeyri-şəffaflığı, cinayətkara loyal münasibət,  ahıllara münasibət, milis sıralarına  təsadüfi adamların işə götürülməsi (Rövşənin kor atasının   toxuduğu səbətləri çaya atmasına heç cürə don geyindirmək olmaz. Atasının əməyini  çaya atan  oğul sabah da polis kimi dövlətin bir  mənafeyini çaya ata bilər), cəmiyyətdə bir sıra unudulmuş el sənətkarlığı  nümunələrinin  yaşadılması və s… Bəlkə də əsər kiçik olduğundan

  əhvalat və  hadisələrin azlığı  ciddi xarakterlər yaranmasını  şərtləndirə bilməyib.

 Kaş İsi müəllim bu əsəri bir qədər  geniş yazmış olaydı.  Oxunaqlığına, şirin dilinə, xalq həyatına   bələdliyə söz ola  bilməz. Sadəcə, adı  bir qədər, əvvəldə qeyd etdiyim kimi,  məzmuna uyğun gəlmir. Məsələn, filmin adı olaydı “Namusunu  gəncliyində qoru”.  Bu əsas fikir  ətrafında  yuxarıda qeyd etdiyimz problemlər əsas fikrin  həllinə xidmət edəydi.

 Film haqqında fikir bildirənlər  qeyd edirlər ki,  Rövşən guya “Əntiqəni anlamaq, hadisənin necə baş verdiyini bilmək istəmir, onunla danışmır, onu dinləmir, kor-koranə qızı günahlandırır”.

Axı bu  hamı  tərəfindən heç də belə qarşılanmır.

Mən 1 epizod haqqında kiçik məlumat verim:  qonaq  getdiyim    bir kənddə insanların cəm olduğu yer var. Adanlar  ora yığılışıb söhbətləşirlər. Qonaq getdiyim şəxslə  mən də orada idim.   Bura yola yaxın olsa da,  yolun  görünməyən  hissəsi  idi. Birdən səs-küy düşdü,  adamlar ora axılışdı.  Aralıdan mən də fəhm  verdim. Yoldan keçən bir nabələd sürücü  su gətirən bir kənd qızına söz atmış, qız da vedrəni smaşının kabinəsinə çırpmış. Adamlar dərhal özlərini  ora çatdırıb sürücünü dartıb  kabinədən çıxartdılar. Bir-iki təpik vuran da oldu. Amma ağsaqqal bir kişi dedi ki, polis çağırıb polisə təhvil verək. Qoy ona dərs olsun.

Yəni,  demək istədiym odur ki, camaat  belə şeylərə heç vaxt laqeyd olmaz. Əgər  qız, qadın öz xoşu ilə gedib  kabinədə əyləşərsə,  camaat nə etməlidir.

Deməyim odur ki,  povestdə  Əntiqənin hansı şəraitdə qaçırıldığı məlum olmasa da,  filmdə  müəyyən qədər  aydındır. Pənah onu  dilə tutub  mehmanxanaya apara bilib. İndi bu qız  əsərin əvvəlində verilən izaha görə   Qaçayı  sevirmiş və əsgərlikdən gələnəcən gözləyəcəyini də  vəd edib. Hesab edin ki, orta məktəbi  yeni bitirmiş gənc qızın qarşısında daha məsul qayğılar durur.  Nə sevməkdir bu, nə görüşlərdir bu? Ali təhsil almaq  hara, sevgi hara, dünyanın sonudur? Oxu  təhsilə, bir sənətə, peşəyə yiyələn,  bir  az qızıllığını da artır. Ali məktəbi  bitirəndən sonra isə seçim özünündür: bir qız bir oğlanındır. Amma  film qəhrəmanı  aydın, konkret motivasiyası olmayan bir gəncdir. Həm  ali təhsil almaq istəyir, həm mehmanxanaya gedir.

Bizim  o yaş dövrümüzdə eşitdiklərimiz bu qənaət yaradırdı ki, yaxşı qızın mehmanxanada nə işi var? Mehmanxanaya getməyib, sadəcə, onun qarşısından küçədən keçəndə bir həmkəndlisi görüb və gedib kənddə də danışıb ki,  filənkəsin qızına “Göygöl” mehmanxanasının qarşısında rast gəldim. Bu qız artıq bir evin, bir ailənin gəlini olmaq şansını 60-70  faiz itirəcəkdi.

 Axı bu qızın sevdiyi şəxs varsa, o başqa birisi ilə belə məkana necə gedə bilər? İndi cəmiyyət onu könüllü əsaslarla qorumalıdır? Polisə düşəndən sonra da desin ki, biz dost kimi, bir kındçi kimi, bacı-qardaş kimi getmişik ola. Belə olur da. Əvvəl bacı-bacı, sonra bici-bici.

 20 Yanvarda Fərizə  niyə intihar etdi: kimsə ilhamdan  sonra ona nəzər yetirə bilməsin deyə, ona belə təklif edə bilməsin deyə. Yəni, burada günahkar Əntiqə özüdür, ona acımaq da olmur, kömək etmək də.

Əvvəldə qeyd  etmişdik ki, deyirlər ki, Rövşən Əntiqəni düşdüyü vəziyyəti anlamaq, hadisənin necə baş verdiyini bilmək istəmir, onunla danışmır, onu dinləmir, kor-koranə qızı günahlandırır.  Niyə biz bu qədər sadəlövhük. Pənah onu mehmanxanaya aparanda getməməli idi. Gedibsə, içki içməməli idi, bakalı Pənahın kəlləsinə çırpıb  oranı tərk etməli  idi. Özünün də günahı olduğu üçün nə özü, nə də ailəsi milisə şikayət edə bilməzdi. Şikayət ancaq Pənah onu alsın deyə edilə bilərdi. Pənah da onu  kişi kimi almaq istəyirdisə, adam balası kimi elçi göndərədi, qızı verərdilər, nişanlanardı, toy edərdi. Belə məqamlarda bir  sevgi məhv edilir, bunu edən həbs olunmamaq üçün  nikah bağlayır,  iş çinayət  prosesindən uzaqlaşdırılır, sonra da 5-6 aydan sonra  boşayır. Bu da Əntiqəni gözləyən tale.

 Maraqlıdır ki, qızın anası da öz övladını qınayır.

Qaçayın (Rövşən)  anası  isə bir qədər də sərt mövqedədir:

.”… Necə? Əntiqəni alırsan? O ləçərin ayağı  mənim evimin  kandarına dəysə,  ürəyim çatlayar. Bir qızın ki, anası  bufetdə işləyə, səhərdən axşamacan araq-çaxır içən kişilərin arasında  dolana, o qızdan  mənə gəlin olmaz.Yox, yox, iti görüm, qurdu görüm, Əntiqəni görməyim”.

 Əntiqəni  oxucu, cəmiyyət  günahkar çıxarmır. Əntiqə özünü günahkar edib. İndi oxucu ona necə qahmar çıxa bilər?

“Yağış altında oturub, saatlarla Rövşəni düşünən, yuxularında belə Rövşəni görən və onunla nəfəs alan qız”   necə  yanlış addım ata bilərdi. Hansı  müqaviməti  göstərdi bu  Bakıya  niyə gəldiyini bilmıyən qız.

Əntiqə hisslərini Rövşənin bacısı Səyadla paylaşır.

  Bu hansı yanaşmadır, necə yanaşmadır. Fikir verirsinizmi, bəzən insanları çox ciddi məsələlərdən necə  çəkindirirılər. Sayad da doğru etmir. Əntiqə Sayadın qardaşına xəyanət edibsə,  bütövlükdə bu ailəyə xəyanət   edib. Bu ailədən kimsənin Əntiqə ilə ünsiyyətini  normal qəbul edən şəxs   onda cəmiyyəti də susqunluqda  suçlaya bilməz.   

 Gənclər nəinki ahıl adamları, heç öz valideynlərini dinləmək istəmirlər, onların  arşını ilə heç nəyi ölçmək istəmirlər. Onları “köhnə adamlar”  kimi  səciyyələndirirlər. Olmaz axı belə. Allah insanı yaratmamışdan  qabaq,  əvvəlcə onu dünyaya gətirən, sonra qulluğunda durub nazını çəkən ata-anasını yaradıb.  Onlar övladlarını böyüdür, oxudur, ev tikir, evləndirir, hətta bundan  sonra da  əllərini, gözlərinin balalarının üstündən çəkmirlər. Allah bunu özü belə nizamlayıb. Ata-ana son nəfəslərinə kimi balalarının, nəvələrinin mühafizləridir. O,  təkcə övladını yedirmir, yerimək öyrədir, əllərini yerdən qaldırıb ayaq kimi qalmaqdan qurtarır. Ata-ana kəşfiyyatçıdır. Övladlarının qarşılaşa, rastlarına çıx biləcək hər şey əvvəlcə ata-anaların  başına gəlir. Övlada yol göstərilir, nümunə olur bu. Yəni, hər bir övlad, nəvə ata-analarrının  timsalında  öz gələcəklərini görməyə  də bir  fürsət verilir. Bunu duya, görə, nəticə çıxara bilən övladlar, əlbəttə, yanlışlığa yol vermir,  həyatını sağlam əsaslar üzərində qurur.  Ailəsi  alınmaz qaladır, orada səadət hökm sürür. Amma hüquq axtaranlar, bərabərlik axtaranlar  sosiallaşa-sosiallaşa  bir də görürlər ki, ailə dəyərlərindən uzaq düşüblər.

 Sizin   Azərbaycanda pozulan nikahlardan xəbəriniz , yəqin ki, var. Dövlət Statistika Komitəsindən ” kütləvi informasiya vasitələrinə  verilən məlumatlarda bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb. Hələ bu  məlumatlarda  4 ayın  statistikası yoxdur. Hələ rəsmi ayrılmasalar da ayrı yaşayanlar nə qədər. İntiharların bir çoxları  ailə problemlərindən, sevgi macəralarından atılan yanlış addımlardan qaynaqlanır. İncələsək, hamısı olmasa da, böyük əksəriyyəti  yeni dövrün sevgililərdir. Şou musiqisinin, şou televiziyasının, xarici serialların “püxtələşdirdiyi gənclərdir”.

 Maariflındirmə işlərinə    olduqca  ehtiyac var. Amma beləsi telekanallarla, belə  mətbuatla yox.  Bunların təqdim etdikləri nümunələr sədaqətə deyil, macəra həyatına  yönlədir.

 Hələ “Evin kişisi”  povesti  maraqlı və  ciddi problemləri incələmək baxımından  zəngin əsərdir. Gərək  mətbuatda ekran əsərləri  və yaxud ədəbi əsərlər haqqında  fikir bildirən qələm adamnın yazddıqları oxucularına müsbət fikirlər,  sağlam ideya  aşılaya. Gənclərə o sevgi  dəyərləri, ədəb-ərkan normaları təlqin edə ki, gənclərimiz ata-anaların hüzuruna, cəmiyyət qarşısına başıuca çıxa bilələr.

 Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.