Təsisçidən : “Ana və Uşaq”saytının yeni ünvanı – I yazı

Baş redaktordan

Sosial şəbəkələr deyəndə, ağıla  gələn saysız-hesabsız  virtual məkanlar olur.

Dünyanın istənilən şəhərində və ya kəndində yaşayan insanlar bu sosial şəbəkələr vasitəsi ilə bir-biri ilə həmin virtual məkanlarda ünsiyyət qurur: məktublaşır, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak edir, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxuyur, alış-veriş edir, radio dinləyir, televiziya verilişlərinə tamaşa edir, gündəlik hadisələr barəsindəki məlumatları çevik şəkildə öz aralarında paylaşırlar.

İnternet  isə  bütün  bunları  mümkün edən, dünyanın bütün sosial şəbəkələrini birləşdirən qlobal şəbəkədir.

İnternet bir  virtual bilik xəzinəsi, elektron kitabxanadır. Bu xəzinə ondan bacarıqla istifadə edən  müxtəlif  ixtisas sahiblərinin profesionallaşmasında mühüm rol oynayır.

Ona görə də  gənclərin  bu məkanı təkcə əyləncə yeri kimi seçməsi  doğru deyildir.

 Sosial şəbəkələr   həm də media subyektlərinin biridir və  bugünkü informasiya məkanında operativliyi, kütləviliyi baxımından ənənəvi  mediadan daha fəaldır. İstənilən  məlumatları isti-isti öyrənmək və   dərhal da  paylaşmaq olur.  Belə məlumatları  qısa müddətdə cəmiyyətin həm dərininə, həm də eninə  yeritmək olur, yəni, kütləviliyi  daha  böyükdür. Amma xeyirlisi xeyirli olduğu kimi, yamanı da  yaman olur. İndi ideoloji qayğılarımızın beşiyi başında duranları  məhz bu məsələ narahat  etməlidir ki, yamanları   kütləvi şəkildə necə paylaşmaq olar?

Mən ziyalıyam, uzun müddət təhsil sistemində , mətbuat sahəsində fəaliyyət göstərmişəm. Yəni, cəmiyyətin  ətrafda nə baş verdiyini anlamayan Allahverdilərin, İmamverdilərin  biri deyiləm.  Yetişməkdə olan nəslin  mənəvi tərbiyə məsələlərinə  aydın gözlərlə baxmağı bacarıram.

Mən   bu gün Azərbaycan  mətbuatının və televiziyasının durumundan  narazıyam, xüsusilə müstəqilliyimiz  bərpa edildikdən sonra yaranmış kütləvi informasiya  vasitələrindən. Müstəqilliyimiz bərpa edildikdən sonra  istənilən səxs  mətbu nəşr yaratmaq  hüququ (qanunda nəzərdə tutulmuş hallar gözlənilməklə)  əldə etdi. 

 Dəqiq sayını   bilməsəm də,   yazılanlara görə, həddindən artıq  mətbu nəşrlər qeydiyyatdan keçib.

 Statistik göstəricilər kimi,  bu rəqəmlər kara gələ bilər. Amma  bunların nə fəaliyyət göstərdiyi, necə fəaliyyət göstərdiyi  cəmiyyət üçün məlum deyil. Belə məsələləri incələmək, qayğı göstərmək  kimi  vəzifəni  həyata  keçirməli olan qurum və şəxslər 20-30  media subyektindən    başqa  heç bir mətbu nəşrin fəaliyyətini izləmirlərlər.  Aidiyyəti  qurum və şəxslər keyfiyyətə yox, kəmiyyətə qaçdılar. Ağıllarına gələni ordan-burdan əldə edib xəbərləşdirənlərin, cəmiyyətə ötürənlərin fəaliyyətini necə maarifləndirmə, məlumatlandırma  hesab etmək olar?  Hələ bunlar rəsmi qaydada yaradılmış media subyektləridir.  Sayt, səhifə  yaratmaq   üçün isə heç bir qeydiyyat, ölçü-filan  tələb olunmur.   Sayt yaqradanların savadına, yaradıcılıq qabiliyətinin olub-olmamasına  məhəl qoyan da olmur. Ona görə də   bu gün informasiya məkanında  mədəni ideyasızlıq  daha çox paylaşılır.

 17-18 il  fəaliyyət  göstərdik, bizim mətbu nəşr  heç kimin  diqqətini  cəlb etmədi. Amma biz öz fəaliyyətimizi heç də lazımsız hesab etmirik, önərlənən,  üzərinə kölgə salınan media subyektlərinin  heç də az olmayan hissəsindən daha  maarifçi  mövqedə olduq.

 Spb dövrlər mətbuata   rəhbərlik edən qurumların  fəaliyyəti şəffaf olmadı.  Bunu mətbuat sahəsində  aşkarlanan  kütləvi  özbaşınalıqlar, həbslər təsdiq etmirmi?

  Mənim yaşda olan nəsillər  mətbuat və televiziya  haqqında düşünmək lazım gələndə mütləq sovet dövründəki “Azərbaycan pioneri”, “Bakı”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Kommmunist” qəzetini, “Gənclik” jurnalını,  “Araz” radiosunu, Azərbaycan  Televiziyasını xatırlayacağıq.

Və mən öz subyektiv fikrimi deyirəm ki, o dövrün ideologiyası  dünyada ən qüdrətli ideologiya idi.  O vaxt  televiziyada indi göstərilənləri  təsvirləmək olardı?   Yoldan keçənləri gətirib  ekrana çıxarmaq olardımı  ki, cəmiyyətə əxlaq dərsi keç.

  Ona görə də  televiziyada əməkdaşlığa  cəlb olunanlar  çox ciddi şəkildə diaqnostikadan keçirilməlidir.  

Şoumen  Murad Arif bir dəfə  söyləmişdi ki, “Televiziya aparıcısı olmaq su içmək kimi asandır”.

 Məşhur alman şairi və jurnalisti Heyne yazırdı ki, “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır”.

Bəs  bizim     kütləvi informasiaya  vasitələrimiz hansı amal uğrunda çarpışırlar?

Dövlət Statistika Komitəsinin  ailə, qadın və uşaq həyatı ilə bağlı  müxtəlif illər üzrə   mətbuata açıqladığı statistik rəqəmlərə diqqət edin:

2014-cü ildə baş vermiş nikah pozulmaları haqqında məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda 12088 rəsmi boşanma hadisəsi olub. Digər ciddi bir fakt da budur ki, 2798 boşanma hadisəsi 1 uşağı olan ailələrdə baş verib, 2013-cü ilə nisbətdə bu say, 877 nəfər çoxdur. Azərbaycan kimi bir ölkə üçün 2798 boşanma hadisəsi (1 uşaq olduqdan sonra) çox böyük rəqəmdir.

… Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistik göstəricilərinə görə,  2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb.

 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə  düşən  boşanmaların sayı 1,4-dən 1,7-yə qədər artıb.

2021-ci  il dekabr  ayına  olan məlumatına əsasən, 2020-ci ildə ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qızdır.

“Bu uşaqlardan 108 857 nəfəri (58 219 oğlan, 50 638 qız) rəsmi nikahlardan, 17 714 nəfəri isə (9 188 oğlan, 8 526 qız) qeyri-rəsmi nikahlardan doğulub.

  Ailə institutu bu qədər aşınmaya məruz qalır, ailə institutunun əsaslarısarsıdılır. Fikir verin, çox da böyük olmayan  Azərbaycan kimi  ölkədə  bir ildə  dünyaya 18 min nəfərə yaxın  qeyri-rəsmi nikahdan uşaq  göz açır.

  Belə hallar artan xətt üzrə  davam edib gələəckdə  cəmiyyət üçün də, dövlət üçün də  problem yaradacaqdır.

 Sovet dövründə  atasız uşaq doğmaq (yəni, qeyri-rəsmi nikahdan) cəmiyyətdə bomba kimi partlayardı. Nadir halda belə  hadisələr ola bilərdi. Mən  45-50 il əvvəl  yaşadığım kənddə-kəsəkdə belə hadisə ilə bağlı  bircə fakt eşitmədim.

Cəmiyyətin də, ayrı-ayrı fərdlərin də   mövqeləri, əməl  və niyyətləri  bir-birinin üstünə düşürdü, biri digərini  tamamlayırdı, cilalayırdı, mükəmməl edirdi. Bunun  birinci səbəbi  cəmiyyətin hədəfinin olmasında idi, ikincisi isə ideoloyi  qayğıların   sanbalında.  Bu gün bunların birincisi var, ikincisi yox. 

 Bu gün mövcud olan saytların  jurnalistikadan  anlayışları belə yoxdur, onlar  jurnalistikaya aid  10 terminin  adını bəlkə də bilmirlər. Onda hansı maarifləndirmədən, təbliğat və təşviqat işlərindən  danışmaq olar. 

Mən inanmıram ki,  sovet dövründəki şöhrətli Azərbaycan Dövlət Universitetinin  jurnalistika fakültəsini  bitirmiş şəxslər indi sayt işlətsinlər. Çünki onlar     müxtəlif  mətbu orqanlarda  çoxdan  yerlərini tapıb, peşəkarlaşmış mətbuat mütəxəssisidirlər.  Bu gün sayt  açanlar  isə, sadəcə, onu xobbi kimi yaradıblar. Bəziləri də var ki,  saytlar onlar üçün, sadəcə,  bir  mırt yeridir.      Doğrudur, kifayət qədər  təcrübəlilərin,   həm də alqışlanan yaradıcılıq qabiliyyətləri olanların saytlarına da rast gəlmişəm. 

Bunlara  uğurlar. Biz, sadəcə,  cəmiyyətin ümumi  normalarını aşınmalara məruz qoyanlar haqqında  münasibət bildirəcəyik.

  Mən  demək istəmirəm ki,  ixtisası jurnalist olmayandan jurnalist olmaz, a tövbə. Əməkdar jurnalist Aqşin Kazımzadə  mühəndis,  Milli Qəhrəman Çingiz Mustafayev  həkim idi.  Əməkdar Jurnalist  İbrahim Məmmədov  tarixçi, Əməkdar jurnalist  Azər Həsrət  kitabxanaçı-biblioqrafdır. Çoxdur   belə nümunələr… Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi  təbiətşünas alim idi.

 Demək istədiyim budur ki,  demokratik azadlıqlar  müstəvisində  qədərsiz sayda  naşı  adamlar internet mediasına    yol tapa bildilər.  Bunlar yaradıcı adamlar deyillər axı. Tolik bəlkə 10 Azərbaycan şairinin adını bilmir. Elgizin,  Zaurun   hansısa Azərbaycan  şairindən 3   gözəl şeiri  əzbərdən bildiyinə heç inanmaq olmur. Ucdantutma da aktisaları, modelləri aparıcı etmək istəyirlər.

 Bunlar insanlara sözün, fikrin gücü ilə deyil,   televiziyanın, mətbuatın adı ilə  təsir göstərə bilirlər.

  Adlarını çəkdiyim şəxslərin verilişlərinə  müəyyən məqsədlə bəzi hallarda  diqqət yetirmişəm.  Məsələn,  Kamran Əsədov adlı təhsil eksperti də təklifini vermişdi ki, Toliki  Təhsil Nazirliyinin İctimai Şurasına üzv seçmək lazımdır.  Tolikin heç ali təhsili yoxdur. Ona heç  şou  verilişi  aparmağa  da icazə verilməməlidir.  Audotoriyanı o şəxslərə etibar etmək lazımdır ki, cəmiyyətdə   müsbət reputasiyası olsun, zəngin dünyagörüşünə, yüksək savada malik olsun. Bu xalqın tarixini, mədəniyyətini, dəyərlərini mükəmməl  bilsin.

  Baxın, Tolikin verilişinin adı   “Tarixin bir günü” adlanır. Tolikin  öz  adı da Tarixdir. Yəni, bu anlam zaman anlamı deyil, həm də Tarix Əliyevin bir günü kimi  dəyərləndirilir. Bizim saytın “Tarixdə bu gün” rubrikası var. Burada söhbər sırf vaxt, zaman mənasındadır. Hər gün üçün əlamətdar hadisələr  haqqında məlumat veririk.

Verilişin  adı heç bir  dgər sətiraltı məna yaratmamalı, düşündürücü, ideyalı olmalııdr.

Zaurun verilişinin    adı  “Həmin Zaur”,  Elgizin veilişinin  adı  “Elgizlə İzlə”dir .    .

Nə məna verir “Həmin  Zaur”,  sən auditoriyaya “Elgizlə  izlə” ismarıcını necə verə bilərsən? Bu cür verilişlər  üçün, fikrimcə, cəmiyyətdəki  fikirlər də birmənalı deyil.

 Ona görə də  kütləvi informasiya vasitələrində  ictimai  məzmun  mündəricəli yazılar, özəl televiziya kanallarında isə   tərbiyəvi-əxlaqi verilişlər  onlayn mətbuatda defsitə çevrilib.   Bu əyarlamada nisbət   şou mövzularının xeyrinə daha yüksəkdir.

Bütün bunlar   həyatımıza təsirsiz  ötüşmür.

Cəmiyyətdə yaşamaq olmur. Davranış, əxlaq, qarşılıqlı etimad  və hörmət, ictimai yerlərdə və  şüurlarda böyüyün – kiçiyin yeri, qadın –kişi   sərhədləri  və sair bu kimi məsələlər  kaşaya dönüb. Hamı özünü komissar Kattani hesab edir. Uşaqlar atası, babası yaşda adamların üzünə qayıdır.

Sovet dövründə belə deyildi, məktəbdə müxtəlif ictimai təşkilatlar vardı (pioner, komsomol,   Qadınlar komitəsi, nəzarət qrupu və s.), cəmiyyətdəki qurumlar arasında da ciddi əlaqələndirilmiş  əməkdaşlıq. İndi yoxdur bunlar. İctimai qaydanı pozanlar özlərini toxunulmaz hesab edirlər.

 Ən yüksək səviyyədə, hətta cənab İlham Əliyevin  özünün mövqeyi belədir ki, cəmiyyətdə ictimai qınaq    formalaşdırılmalıdır. İnkişafımıza    mane olan hallara barışmazlıq  sərgilənməlidir. Amma həyata gəlincə,   danışan adam  axırda pis, irad tutulan adam isə yaxşı olur. Çünki ictimai nəzarət həm də dövlət nəzarəti ilə müşayiət olunmalıdır. Əgər irad haqlıdırsa, mütləq   yerinə yetirilməlidir.

Yoxsa, ictimai nəzarətin, ictimai qınağaın adını çəkməyə dəyməz.

 Mətbuat  cəmiyyəti maarifləndirməli,  neqativ halları  ictimailəşdirərək dövlətin diqqətinə çatdırmalı, onun aradan qaldırılacağına əminlik yaratmalıdır.

 Çox az sayda sayt ,  onlayn qəzet    gözünüzə dəyə bilər ki,  onlar  həqiqətən, maarifçilik missiyası yerinə yetirirlər. Qalanlarının paylaşdığı axmaq-axmaq xəbərlər nəinki insanları maarifləndirir, əksinə onları  doğru olmayan səmtlərə istiqamətləndirir.

Təzəlikcə bir çox  saytlarda  bu başlığı paylaşdılar, paylaşdılar və rahat oldular ki,  gündəlik  xəbər    normasının birini də yerinə  yetirdik, izləyicisi də, babat olacaq. Xəbərin adı belədir: “52 yaşlı azərbaycanlı xanım müğənnidən  cəsarətli geyim- Alt paltarı göründü-Foto”.  Geogledə    diqqət  etdim: 5 mənbədə bu başlıq yer almışdı.

 Alt paltarını   göstərmək üçün mini geyinmək cəsarətdirmi? Belə cəsarət  bizim cəmiyyətin meyarı ola bilərmi? Qızlarımız  cəsarəti bu məbələrdən əxz etməlidirlərmi?

 “Oxu.az”  saytında (Bax: https://oxu.az/society/330182 )   2019-cu ildə qara siyahıya düşən qəzetlərin adları var idi:

“Ədalət Uğrunda+”, “Jurnalist və qanun”,

“İdeal Azərbaycan” , “Vətəndaş hüququ”, “İdeal”,

“Aydın Azərbaycan”, “Xalq vəkili”, “Dövlət qanunları” ,”Respublika qanunları”, “Müfəttiş”, “Xalq nəzarəti+” ,”Qanun və gerçəklik” , “Maliyyə nəzarəti”, “Korrupsiya və cəmiyyət”, “Qanun və mühakimə” , “Günəşli Azərbaycan”, “Hüquq və ittiham” , “Dünya kriminal” , “Qanun və həyat”, “Detektiv press”, “Korrupsiyaya son” ,

“Xalq keşiyində”, “Xalq nəzarəti və sahibkarlıq”,

“Ədalət carçısı” , “Vətəndaş haqqı”, “Qanun: izah və şərhlər”, “Ədalət tribunası” , “Həqiqətin güzgüsü”,

“Obyektiv fikir”, “Korrupsiya və qanun” ,

“Təhqiqatın gücü”, “Korrupsiyaya yox” və sair.

 Bunlar tam siyahı deyil ha. Mən, sadəcə, adları  qıcıq doğuran  mətbu nəşrlərin adlarını yazdım:  adlarına, devizlərinə baxın, əməllərinə baxın. İnanırsınızmi bu qəzetlərin özünü  “zaman özü yaradıb”? İnanırsınızmı bu mətbu vasyələrin adlarını  xəyalplovlarında  düzüb qoşanlar    Azərbaycan Dövlət  Universitetinin Jurnalistika fakültəsinin yetirdiyi  jurnalist kadrlarıdır, mən inanmıram.