Baş redaktordan

Bir saytın yaradılmasında məqsəd nə olur: saytı idarə edən həm özü zənginləşir, gündə yeni nə isə bir şey öyrənir, həm də digərlərinə ötürür. Saytda paylaşılan yazıların və şəkillərin təlqin etdiyi hisslər həm məlumatlandırmaq, həm də aşıladığı dəyər baxımından cəmiyyətin ideallarına uyğundur.
Buna isə rəngarəng mövzularla , məzmunlu müzakirələrlə nail olmaq olar. Biz “Ana və Uşaq” qəzetini yaradanda bunları hədəfləmişdik. Nəşr formamızı sayt kimi davam etdirəndə də.
Adı qara siyahıya düşməyən onlarla, bəlkə də yülərlə sayt var ki, onlar qara siyahıya düşən mətbu nəşrlər kimi deyil, ideoloji məkanda bir başqa ampulada ziyan vurmaqdadır.
Onlar nə yazırlar, oxucularını hansı vacibməlumatlarla tanış edirlər. Birmənalı olaraq deyirəm, saytların əksəriyyətinin ana səhifəsinə, orada paylaşılan manşetlərə və şəkillərə göz yetirəndə elə başlanğıcdan həmin saytın da, onun rəhbərinin də qadına hansı pəncərədən baxdığı məlum olur.
Halbuki, hər hansı mətbu nəşrin və yaxud saytın fəaliyyəti cəmiyyətin mənəvi cəhətdən sağlam , yüksək əqidəli, savadlı nəsil yetişdirmək məqsədinə udeoloji dəstək vermək olmalıdır. Ailə, qadın mövzusunda ixtisaslaşan kütləvi informasiya vasitələri bu xüsusda daha həssas olmalıdır.
Amma fiukir versəniz, əksər saytlar qadın, ailə mövzularına reytinq üçün stimullaşdırcı vasitə kimi baxırlar.
Geyim və ayaqqabı şəkilləri, dərini gümrahlaşdıran toniklər, müxtəlif saç formaları, şirniyyat və yemək reseptləri yerləşdirməklə
qadınların maraq dünyasına fayda verdiklərini düşünürlər. Sanki qadınların şən və xoşbəxt olması elə bunlardan keçir.
Elə saytlar da var ki, xəyanət , macəra həyatı haqqında yazılar həmin saytların əsas mövzusudur. Elə bil ki, Azərbaycanın , dünyanın harasında bir əttökən hadisə, xəbər olur, dərhal bunlara ötürülür. Onlar da böyük həvəslə belə ekzotik nümunələri manşetə çıxarırlar. Yaxud da soraqlaşıb harda narazı ailələr var, onların qadınlarını tapırlar, onların müraciətini paylaşır, narazı olanları da cəlb edirlər ki, ailə dramlarını onlara göndərsinlər.
Belə paylaşımlar həmin ailə dartışmalarını heç vaxt məcrasına qaytara bilməz, əksinə, daha da aqresivləşdirər.
Özəl kanallar da verilişlər var ki, ancaq by sahə üzrə ixtisaslaşıblar. Gedib Azərbaycanı gəzib harda insident var, onları çəkib ekrana çıxarırlar. Amma getdikləri həmin bölgədə, həmin obada o qədər sədaqətli ailələr var ki, məhz onları lentə alıb cəmiyyətə təqdir etmək lazımdır.
“Qızıl toy”lardan, “Brilyant toy”lardan yazmırlar/göstərmirlər, ərinə xəyanət edən qadınlardan, həyat yoldaşını öldürən ərlərdən yazırlar/göstərirlər.
Bu aparıcılar hələ təcrübəsizdirlər, məndən inciməsinlər, onlar kamera ilə çəkiliş aparmağa bir “priklyuçeniya” kimi maraq göstərirlər. TV əməkdaşı kimi qarşılansın, ehtiram göstərilsin, bunlar insanları sorğu-suala tutsunlar və sair.
Belə verilişləri subay, 3-5 il evlilik təcrübəsi olanlara həvalə etmək olmaz. Belə verilişləri yüksək savadlı, zəngin ailə və həyat təcürbəsi, ədəbiyyatımıza, mədəniyyətimizə, dini dəyərlərmizə bələdliyi olan jurnalistlər, müəllim, psixoloq və sosioloqlar aparmalııdr. Onları cəmiyyət tanımış olmalıdır. Onların cəmiyyətdə yüksək də reputasiyası olmalıdır. Amma bizim bir çox televiziyanı tapşırıblar şou adamlarına. Həyatın bütün sahələri barəsində Əli Mirəliyev danışır, Nadir danışır, Əlikram danışır, Manaf danışır, Xuraman danışır, Vasif danışır. 2-3 dəfə evlənib-boşanmış şəxslər danışır.
Bu millətin bir ağsaqqalı, ağbirçəyi, alimi, mədəniyyət xadimi, yazıçısı yoxdurmu? Biz heç kimi aşağılamırıq. Hər kəs bu xalqın övladıdır. Amma təqdir olunmalı, cəmiyyətə, insanlara söz deməyə ekrana elə şəxsləri çıxarılmalıdır ki, həmin şəxslər ekranda görünən kimi, izləyicilərdə maraq və rəğbət yaratmış olsun. Başqa sözlə, insanlar belə adamların ekranda görünməsini, bu və ya digər məsələyə münasibət bildirməsini gözləmiş olsun.
Sovet dövründə filmlər, tamaşalar, hər hansı ictimai məzmunlu nümunələr ailələrə sədaqətli olmağı, qarşılıqlı etimad və ehtiramı öyrədirdisə, indiki seriallar xəyanət etməyi, aldatmağı öyrədir. Həmin illərin mahnıları onu dinləyənlərin qəlbinə incə, lətif duyğular gətirərdi. Sevimli şairimiz Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş bütün mahnılar gözəldir.Onlardan birini nümunə gətirək: “Bəxtiyaram mən”. Musiqisini Şəmsi Kərimov bəstəlyib. Mahnının adını eşidən kimi, müğənnidən öncə içimizdə biz özümüz pıçıldayırıq sözlərini. Musiqinin özü dil açdırıb pıçıldadır adamı:
Ömrün payızında sevdim, sevildim
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Nəqarat:
Özün bir aləmsən, eşqin bir aləm
Sən olan könüldə nə qüssə, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm
Səninlə dünyada bəxtiyaram mən
Mey olsan yanında bir qədəh ollam
Gül olsan, çətrini öpən meh ollam
Ot olsan bir anda dönüb şeh ollam
Dağ olsan, zirvənə yağan qaram mən.
Nəqarat:
Sevgiyə hədd qoymaq, düzü günahdır
Cahilin hər işi, sözü günahdır
Eşqi günah saymaq, özü günahdır
Kim deyir, eşqimdə günahkaram mən?
İndi yeni yaranmış, virtual məkanlarda atlarını dördnala çapan diringilərdən birinə nəzər yetirək. Onu virtual məkanın fenomeni edilmiş Üzeyir Mehdizadə oxuyur:
Sənə xoşdurmu mənə hər gecə əziyyət verəsən,
Həm mənə, həm sənə xoşdurmu baxıb kövrələsən?!
Daha səbr etməyə yoxdur gücüm, sən beləsən,
Canıma qəsd eyləyib, axtarasan məzarları.
Yazacam şüarları,
Qoyub yadigarları
Həyatımdan bezərək
Kəsəcəm damarları…
Sonrasın görəcəksən,
Peşman olub deyəcəksən,
Məzarımın önünə gəlib,
Mənə diz köçəcəksən,
Çox zülüm çəkəcəksən.
Ha çalışdım ki, sənə xoş olsun hər bir əməlim,
Bir dəfə qoymadın ki, əllərinə dəysin əlim.
Mənsizliyi xoşlama, vəfadırmı, ey gözəlim,
Baxasan şəklimə qucaqlayasan divarları..
Yazacam şüarları,
Qoyub yadigarları
Həyatımdan bezərək
Kəsəcəm damarları…
Sonrasın görəcəksən,
Peşman olub deyəcəksən,
Məzarımın önünə gəlib,
Mənə diz köçəcəksən,
Çox zülüm çəkəcəksən
Günümüzün məşhurları hesab edilən müğənnilərin, lap titulluların da, titulsuzların da repertuarlarında belə mahnılar var. Sanki bu məmləkətdə Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı, sənət məsələlərinə nəzarət edən daha ali qurumlar yoxdur.
Bir vaxt məşhur Napoleon deyərmiş ki, mən 3 qəzetdən daha çox qorxuram, nəinki 100 min süngüdən. Amma bizim mətbuat da, televiziyalar da loyallıq edir, belə mədəni ideyasızlığa qarşı barışmaz mövqe sərgiləyə bilmir. Hərdən bu mövzuya toxunsalar da, toxunub da ötüb keçirlər.
Qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsi demişdir: “Bir milləti əsir etmək istəsəniz, onun musiqisini məhv edin”.
Qərb dünyası keçmiş sovet ölkələrində əvvəlcə Avropa dəyərləri, Avropa insan haqları haqqında dərk olunmamış təəsvvürlər, maraq yaratdılar. Daha sonra da gənclərimizi itələdilər bu eyforiyanın içinə. Belə diringilərlə yetişmiş gəncliyin fəal həyat mövqeyi necə olacaq? Sovet dövrünün Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Rəşid Behbudov, Gülağa Məmmədov, Şövkət Ələkbərova, Şövkət Məmmədova, Şəfiqə Məmmədova, Tofiq Quliyev kimi sənətkarları vardı, bəs niyə onlardan biri yetişmir?
Bir neçə gün öncə Mirşahin Ağayev qələm sahiblərini 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə haqda əsər yazmamaqda ittiham edib. Hörmətli yazıçımız Seyran Səxavət Mirşahin Ağayevə çox təəssüf doğuran bir cavab verib: “..sən kimsən ki, sifariş verirsən? Sən yazıçıya sifariş verə bilərsən? Yazıçıya sifarişi ancaq Allah verə bilər.”
MirŞahin haqlıdır, tam haqlıdır. Biz etiraz etmirik. Əlbəttə ki, ədəbiyyatımızda Qarabağ mövzusu var. Seyran müəllimin özünün “Nekroloq” , Aqil Abbasın “Dolu” , Sabir Əhmədin “Ömür urası”, Əli İldırımoğlunun “Daş yağan gün” romanları, Elçin Hüseynbəylinin “Əsirlər” povesti var. Bu siyahını daha da davam etdirmək olar. Amma yenə azdır. Yazılanların tanıtımı, təbliği azdır. Məktəbyaşlı uşaqlar, yeniyetmələr qəhrəman əsgər və zabitlərimizi , şəhidlərimizi tanımır. Gənclərimiz şəhid xatirəsini əbədilşdirmək məqsədi ilə yaradılmış Xatirə komplekslərində özlərini apara bilmir. Əlbəttə, bunlar hamıya aid deyil. Amma narahatlıq doğuracaq qədərdir.
Ədəbiyyat, publisistika bu istiqamətdə çox işlər görməyə borcludur.
Yazıçı cəmiyyətin sifarii ilə yazmalıdır. Yazıçı insanların idealı olacaq qəhrəman obrazları yaratmalıdır, cəmiyyətdəki meyilləri aşkarlamalıdır, aşqarlamalıdır: bu nümunələrə öz hsslərini əlavə etməlidir. Əgər ədəbiyyat cəmiyyətin, oxucuların intellektual tələbatından geri qalırsa, nəyimizə lazımdır belə ədəbiyyat.
Bizim ədəbiyyat və sənət böyük Zəfərimizin təntənəsini, qəhrəmanların hünərini hələki ədəbiyyata, musiqiyə nə bu təntənəyə, nə də hünərə layiq halında gətirə bilməyib. Eləcə də mətbuatımız və televiziyamız. Amma müqayisədə mətbuat və televiziya ədəbiyyatı və sənəti bir az üstələyib. Niyə irad qəbul etmək istəmirik.
Sovet vaxtı “Kirpi” jurnalının bir nömrəsində gözəl şairimiz, təmsil ustası Hikmət Ziyanın ünvanına iradlar bildirilmiş, cəmiyyətdəki neqativ hallara, antipodlara qarşı mübarizədə təmsil janrına ehtiyac olduğu halda, az təmsil yazmasını onun diqqətinə çatdırmışdılar. Hikmət müəllim o vaxtlar cənc idi. Amma irada çox səmimi və ağayana da bir cavab yazmışdı. Bildirmişdi ki, Azərbaycan ədəbiyyatında bu janrda yazanlar da çox azdır. Onlardan biri kimi, mənim üçün də bu ehtiyacı ödəmək heç də asan deyil. Amma çalışacağam ki, mövcud boşluğu yeni təmsiillərimlə doldurum.
Günümüzün yazarları istəyirlər ki, elə kitab təqdimatı, görüşlər keçirsinlər, onlar televiziyaya dəvət etsinlər, qəzetlər mübahisə alsınlar. Fəqət, belə olmamalıdır. Yazıçı cəmiyyət qarşısına çıxanda, oxucu ilə görüşmək gələndə dizləri əsməlidir.
Siz görmürsünüz özəl telekanalların, onlayn medianın bütləşmiş obrazları kimdir? Siz görmürsünüz bu obrazlar hansı auditoriyanı formalaşdırıb?
10 ildən artıq “Ana və Uşaq” sayt formatında fəaliyyət göstərdi. Bu müddətdə çoxlu müzakirələr irəli sürdük, 1 nəfər olsun belə fikir bildirmədi, şərh yazmadı. Uşaqlar üçün hər zaman “Məntiq və maraq” rubrikasında məntiqli tapşırıqlar, tapmacalar yazdıq. Bir tapşırığa, bir tapmacaya cavab yazılmadı. Halbuki, qarşılıqlı əlaqə saytın daha fəal və rəngarəng olmasına mübət təsir edir.
Təəssüflər olsun ki, mütailə baxımından biz çox geridə qalırıq. Mütailə etmiriksə, leksik fondumuz kasaddırsa, bizim məzmunlu münasibətimiz haradan olsun? Özəl telekanalları, saytları, onlayn mətbuatı o qədər şoulaşdırıblar ki, burada fikir bildirmək, təklif irəli sürmək, mübahisə etmək, irad söyləmək üçün heç bir təfəkkür, dünyagörüş lazım deyil.
Davamı var…




