Baş redaktordan

“Şərh” sözü açma, anlatma, izahetmə, təfsiretmə,, bildirmə kimi mənaları ifadə edir. Amma sosial şəbəkə seqmentində istifadəçilərin böyük əksəriyyətinin yazdıqları “şərh” çat söhbətlərindən başqa bir şey deyil.
Müxtəlif saytlarda paylaşımlara yazılmış şərhlər:
“Təşəkkür edirəm,maraqlı idi”, “lazımlı məlumatdır,çox gözəl” , “Qurumsaq ograş”, “Alllah uzaq etsin”, “Dəhşət”, “Niyə bizim cəmiyyətimiz boşanmış qadınları qəbul etmir?”, “tsk, təşəkkür edirəm, hi..hi, ha..ha…xe…xe, atdım seçilmişlərə və s”.
Bir xəbərdə kriminal hadisə haqqında məlumat verilir. Kiminsə başına bədbəxr hadisə gəlib. İstifadəçilərdən biri də “şərh” yazıb : “Lap pis oldum…Teşekkür”. Məgər bu, şərhdir? Bunlar dialoq formasında olan çat söhbətidir və sair.
Belə standart şərhlər həmin auditoriyanın səviyyəsini ortaya qoymaqla bərabər, cəmiyyətin gələcəyi üçün proqnoz kimi də qəbul edilə bilər.
Yotube səhifəsində paylaşılan bayağı mahnılara yazılan şərhlərə baxın. Ara mahnılarına, onları ifa edənlərə elə fikirlər səsləndirilir ki, vallah, Yalçın Rzazadəyə, Gülağa Məmmədova belə pərəstiş, bəlkə də yoxdur.
Həqiqi mənada isə Yalçın Rzazadəyə, Gülağa Məmmədova, eləcə də Azərbaycan musiqisinin müəzzəm sütunları olan daha neçə sənətkarımızın heç belə bayağı rəğbətə ehtiyacları da yoxdur. Bu sənətkarların rəğbətliləri bütün xalqdır. İndi qələm adamları da insanlaraölçülməli, dəyərləndirilməli olanları hesaba almağı, dəyərləndirə bilməyi, ağı-qaranı fərqləndirə bilməyi öyrətməlidir. O cümlədən “Ana və Uşaq ” da.
“Ana və Uşaq” 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış mətbu nəşrdir. Bir müddət ənənəvi çap formasında, 2012-ci ildən nəşr formasını həm operativlik, həm də maddi üstünlüklərini nəzərə alaraq sayt kimi fəaliyyət göstərib. 2022-ci ilin aprel ayının 4-dən isə WordPress bazasında bloq kimi yayımlanmağa qərar verdik.
“Ana və Uşaq ” ana,ailə və uşaqlar haqqında maarifləndirici, əxlaqi-tərbiyəvi mövzuda yazılar təqdim edəcəkdir. Biz bu adı təsadüfən seçmədik. “Ana və Uşaq” dedikdə təkcə qadınlar, uşaqlar nəzərdə tutulmamalıdır. Azərbaycan bizim hər birimizin anasıdır və biz də onun övladlarıyıq. Bu mənada bloqumuz süd qoxulu körədən tutmuş, ixtiyar qacayadək hər kəsin mətbu ehtiyaclarına xidmət edəcəkdir.
Azərbaycan qadını bir vəfa rəmzidir. Azərbaycan qadını möhtərəm anadır. Azərbaycan qadını tarixən “qeyrət”, “papaq”, “ləyaqət” sözlərinin sinonimi olub. Azərbaycan qadınlarıdır Azərbaycan ailələrini, ərləri vüqarlı edən. Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Özbək xanın həyat yoldaşı Mehrican xanım, Uzun Həsənin anası – Şərqdə ilk diplomat qadın Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın həyat yoldaşı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Əfsanəvi Tuti Bikə , Xurşid banu Natəvan, Ağa bəyim ağa Ağabacı, Qönçəbəyim, Fatma xanım Kəminə, Çahnigar xanım, Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, üzü bəri gəldikcə, Nigar xanım Şıxlinskaya, Məsmə xanım Talışinskaya, Səltənət xanım Əhmədova, Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva, Mərziyə Davudova, Fatma Qədiri, Hökümə Qurbanova, Nəsibə Zeynalova, ağabacı Rzayeva, Elmira Şaxtaxtinskaya, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, məçhur alimlər Umnisə Musəbəyova , Zəhra Quliyeva, Zərifə xanım Əliyeva, Azərbaycanın Milli Qəhrəmanlarından Salatın Əsgərova, Gültəkin Əsgərova, müasir dövrümüzdə Adilə Namazova, Zeynəb Xanlarova, Mehriban Əliyeva kimi neçə-neçə məşhur qadınlarımız var ki, onlar xalqımızın həyatında, milli dəyərlərimizin formalaşdırılmasında müstəsna rol oynamış və bu gün də bu şərəfli vəzifəni davam etdirməkdədirlər.
44 günlük müharibədə qazanılmış Zəfərin sevincləri, bəxş etdiyi qürur üstündən bir ildən də artıq vaxt keçməsinə baxmayaraq heç vaxt bizi tərk etmir və heç vaxt da tərk etməyəcək. Xalqımız öz lideri ilə sarsılmaz birlik nümayiş etdirdi, əsgər və zabitlərimiz hərbi xidmət vəzifəsindən də ali bir vəzifəni yerinə yetirdilər. Bunlar haqqında çox yazılıb və yazılacaq da. Amma müharibə ərəfəsində arxa cəbhədə baş verənlər, qadınların, anaların nümayiş etdirdikləri ləyaqət nümunələrini diqqətə gətirmək istəyirəm.
Nargül adlı gəlinimiz əvvəlcə əvvəl qardaşı Eltonun, sonra da həyat yoldaşı Adilin nəşini çiyinlərində daşıdı.
Firuzə adlı digər bir gəlinimiz də ömür-gün yoldaşı Röyalın tabutunu çiyinlərində daşıdı. Belə qadınlar ancaq Azərbaycan anasının qızları ola bilər. Bu gəlinlər hamımız hörmətlə baxdığımız bir ailənin bir nəslin deyil, bütün xalqın gəlinidir. Azərbaycan ərlərini qürurlu edənlər bu cür qadınlardır. Onda göz önünə, xəyala gətirmək çətin deyil ki, torpağımız uğrunda şəhid olmuş igir eloğlumuz necə ər imiş.
Qazax rayonunun Aslanbəyli kəndindən olan qızımız döyüşdən tayqıç qayıtmış qəhrəman bir əsgərimizlə ailə həyatı qurdu. Həm bir ailənin, həm də xalqın gəlini oldu.
Bunlar hamısı dünyaya, insanlığa görk olunmağa layiq nümunələrdir. Azərbaycan xalqının genetik yaddaşında da, gerçək həyatında da mərhəmətli, möhtərəm QADIN obrazı budur.
Dünya QADIN obrazları arqasında Azərbaycan qadınının öz şərəfli obrazı və özünəməxsus imici var. Bunlar varkən, onların sayı bir deyil, on deyil, yüz deyil, min deyil, bizim şou televiziyasında və şou saytlarında qadın obrazını nə hala salırlar. Şərəfli qadınlarımız qalıb arxada, yoldan tutub gətirilən aparıcılar ekrana kimləri dəvət edib, bizim ehtiram göstəilməyə layiq qadnlarımızın fövqünə qaldırırlar.
İndi maarifçiliklə, informasiya yaymaqla məşğul olan mətbu nəşrlər bunların fərqində olmalıdır. Hər bir jurnalist, sənət adamı qələmin, sözün müdriklik haqqından ali dəyərlərimiz naminə istifadə etməlidir. Dədə-babaların, ixtiyar nənələrin boynumuza qoyduğu məsuliyyəti atmadan, heç bir fiziki və ya mənəvi təzyiqlərə uğratmadan kiçiltmədən daşımalı, əmanətə sədaqətlə gələcəyə ötürməliyik. Bu, təkcə ürək yox, həm də böyük zəka, zəngin həyat təcrübəsi istəyir.
Beynində işıqlı arzular yuva salmış hər bir qələm adamı bilik və bacarığını bu məqsədə həsr etməlidir.
Yaxşılardan və yaxşılıqlardan əsla yan keçməmək, faydalı əməyi ilə “cahan süfrəsinə ”xeyirli nəsə əlavə etmək amacı söz, fikir sahibinin ictimai fikirdə müdrik obrazını yaratmalıdır. Təbii ki, pisləri, pislikləri təqib etmək, inkişafımıza əngəl olan neqativ halları ictimailəşdirmək, aidiyyəti qurumların diqqətinə çatdırmaq da jurnalistikamızın qayğılarındandır.
Tənqidi, irad bildirməyi, ictimai qınağı heç kim qadağan etməyib. Əksinə, dövlət başçısı Cənab İlham Əliyevin ölkə həyatı ilətanışlıq, xalqla əlaqə formalarından biri də mətbuat və televiziyadır.
2017-ci il iyul ayının 20-də Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində çıxışı zamanı demişdir: “…Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir”.
Cənab Prezident bu fikri deyəndə, təbii ki, təkcə nöqsanlara qarşı barışmaz mövqe ortaya qoyan mətbu subyekt və jurnalistlər haqqında deyil, həm də inkişafımızı, uğurlarımızı iftixar mövzusu edən, cəmiyyəti, xüsusən yetişməkdə olan nəsli maarifləndirən kütləvi informasiya vasitələri və onların əməkdaşlarını da nəzərdə tutmuşdur.
“Ana və Uşaq” fəaliyyətə başladığı 2005-ci idən bu məsləkə xidmət etmişdir.
Reytinq dalınca qaçmamışıq, oxucu cəlb etmək üçün gərəksiz mövzulara və şəkillərə meydan verməmişik.
Belə etsə idik, bizim istifadəçi sayımız da, baxış sayımız da indikindən qat-qat çox olardı.
Biz hər zaman dilimizin qayda-qanunlarına məsuliyyətlə yanaşmışıq və bütün auditoriyamız ada na dilimizə hörmətlə yanaşıb.
İndiyə kimi qeydiyyatdan keçən istifadəçilərimizin sayı
81 466 nəfər olub. Ümumi baxış sayı isə 13 68522 olub.
Xəbərlərimizin ümumi sayı 3871 olub. Bunlardan 1995 xəbərin müəllifi baş redaktor kimi özüm olmuşam.15 nəfərə yaxın digər xəbər müəlliflərimiz də olub, hazırda onlardan ikisi ilə əlaqəmiz var.
Əlbəttə, bunlar sıradan bir statistika deyil. Bunun arxasında saytımızın gərgin əməyi dayanır.
Ümid edirik ki, biz yeni dostlarımızın sayəsində “Ana və Uşaq” saytını ölkəmizin qadın, ailə və uşaqlarla bağlı saytları arasında öncüllərdən biri səviyyəsinə qaldıracağıq.
Oxucularımızı fəal olmağa dəvət edirik. Siz bizim üçün çox dəyərlisiniz və təvazökarlıqdan uzaq olmasın, sizə təqdim etdiyimiz “Ana və Uşaq” ilk gündən belə olub və üstünə gələcək ki əskilməyəcək.
Kateqoriyalarımızda bəzi dəyişikliklər etmişik.
Onlarlar aşağıdakı kimidir:
1- Adət – ənənələr
2- Məşhurların həyatı
3- Dilimiz varlığımızdır
4- Əfsanə və rəvayətlər
5- Cəmiyyət – əxlaq və mənəviyyat
6- Faydalı məsləhətlər
7- Femida
8- Fotoqalereya
9- Gözəllik özü də sərvətimizdir
10- Hikmət bağçası/Kəlamlar
11- Zəka odası – tapmaca, məntiqi çalışma və müsabiqələr
12- Maraqlı məlumatlar
13- Təhsilimiz və səhiyyəmiz
14- Məktub var
15- Mətbuatımız və televiziyamız
16- Müsahibə
17- Müzakirə
18- Uşaqlar dünyanın ən böyük səadətidir
19- Qadın, ana , ailə dəyərləri
20- Şeir köksümdə odum
21- Sevgi gözəl bəladır
22- Sənət dünyamız
23- Sərbəst səhifə
24- Sosial qayğılarımız
25. Tarixdə bu gün
26- Təbiət – yaşıl sipərimiz
27- Təbriklər
28 – Vətən sərhəddən başlayır
29- Yumor
30. Nostalji
Hesab edirik ki, bu kateqoriyalarla gözəllik,əxlaq, qədirşünaslıq, zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, səmimiyyət, xeyirxahlıq kimi ən vacib yüksək əxlaqi keyfiyyətləri əhatə etmək mümkün olacaq.
Təbiiki, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi Qadın saytımızın zinəti olaraq qalacaqdır.
Bu gün cəmiyyətdə fəal həyatdan təçrid olunmuş çoxlu sayda qadınlarımız var, onlar evdar qadındır, təqaüdçüdür və sair. Eləcə də əlillərimiz, xəstə və qocalarımız var. Onların fəal cəmiyyətə qovuşmasına saytımızla stimul verəcəyimiz şəksizdir.
Azərbaycandan kənarda yaşayan nə qədər soydaşımız var. Saytımız Azərbaycanla onlar arasında canlı ünsiyyət körpüsü olacaq.
Hər bir oxucumuzu saytımıza yazılmağa, yazılarımızı bəyənməyə və paylaşmağa dəvət edirik.
Biz Sizinlə İLK-lərdən olacağımıza çox ümid edirik.
Son





