Mətbuat və televiziyamızın xarakterik mövzuları ya kriminal xəbərlərdir, ya da şou sənətçilərinin macəraları

Mövqe

 Mənəvi dəyərlərdən məhrum, şəxsi mənfəət güdən demaqoq mətbuat zaman keçdikcə özünə bənzər bir xalq yaradır.

Sunay Akın-Türk şairi; jurnalist

Qəzet, sadəcə, xəbəri olduğu kimi çatdıran bir qasid deyil.

Məqsədi insanları düşündürmək və ruhlandırmaq yolu ilə bu barədə nəsə etməyə təşviq etməkdir.

Mark Tven

Biz ideyalar uğrunda mübarizə aparırıq, qəzetlər isə bizim qalalarımızdır.

Henrix Heyne- Alman şairi; jurnalist

 Bu gün kiçik istisnalarla kütləvi informasiya vasitələrində( özəl telekanallar, radio, mətbuat, sosial şəbəkələr hamısı nəzərdə tutulur) ictimai dəyərlərə çox az yer verilir. Sanki bu media vasitələri qütbləşərək tərəflərə çevrilir, böyük sahibkarların və iri məmurların maraqlarını müdafiə edirlər. Və yaxud haqlı-haqsız, ancaq ifşa etməklə, böhtan atmaqla quruluşumuzdan, dövlətdən narazılar kütləsi yaradırlar. Tənqid etməyə, iradları bildirməyə, qaranlıq tərəfləri ortaya çıxartmağa qadağa yoxdur. Amma bunlar məqsədli olmamalı, xalq-dövlət birlikdəliyinə zərbə vurmamalı, dovlət orqanlarının diqqətini neqativ hallara cəlb etməklə onların aradan qaldırılmasına, islah edilməsinə xidmət etməlidir.

Həyatımız elədir ki, televiziyasız, internet və telefonsuz ötüşmək olmur. Di gəl ki, bu texnologiyaların üstünlükləri bir tərəfdən işimizə yarayırsa, digər tərəfdən də saysız-hesabsız problemlər gətirir.

Kommunikasiyalar müasirləşdikcə isə bu problemlər daha dərinə işləyir, “donu rəng-rəng, donu növ-növ, donu çox olur”. Eybəcərliklərin, naqisliklərin Qərb variantları, Şimal, Şərq variantları axıb dolur mənəviyyatımıza.

Guya bu texnologiyaları formalaşdırıb belə fəal hipersonik kommunikasiya halına gətirən böyük ölkələr onu heç bir məqsədləri olmadan hamı üçün belə ucuz, belə rahat əlçatan ediblər? Yox, əlbəttə ki.

Sovet vaxtı biz tələbə olanda rayonla əlaqə saxlamaq istəyəndə, danışıq məntəqəsinə getməli olurduq.Gedən kimi də 5-10 dəqiqəyə danışıb qayıda bilməzdik. Bir danışıq məntəqəsində basırıq olurdu, birində xətt işləmirdi, birində yarımırdın. Sən də məcbur olub bütün Bakını gəzirdin ki, düz əməlli başlı fikirlərini istədiyin yerə çatdıra biləsən. Bəzən elə vaxt olurdu ki, 1 saat, 2 saat növbə gözləyirdik. Amma indi evdə oturub Kaliforniya ştatında marketdə işləyən uşağınla istənilən an görüntülü danış, özü də pulsuz-parasız. Elə -belə deyil ha bu. İnternetlə qazanılan pul onun sahiblərini dünyanın ən varlıları sırasına yüksəldir. Bu qədər izləyicilər pul ödəməsələr də, onların yaratdığı kütləvilik böyük reklamdır və bu da böyük qazanca stimul yaradır.

İkinci ciddi bir cəhət də budur ki, internet digər digər siyasi məqsədlər üçün plasdarm rolunu oynayır. Bu qədər baş verən anomaliyaların ciddi bir hissəsi mütləq internet məkanı ilə bağlıdır.

Baxmırsan olmur, baxırsan da başın xarab olur, əsblərin yerindən tərpənir. Çoxlarının bəyənmədiyi sovet dövründə insanların sağlamlığı strateji məsələ idi. Dövlət borclu idi ki, hər həftə, hər gün, planetimizin mənzərəsini insanlara yaxınlaşdırsın. Gözəl əyləncəli-musiqili verilişlər olardı. Heç bir informasiya orqanı  reytinq qazanmaq naminə ekranı “zənənə hamama” döndərə bilməzdi;  əməkdaşları   qəzəb doğurduğu halda,  ekranlara daraşıb evlərə dürtülə bilməzdilər.

Yazırlar ki, Yaponiyada ata 2 aylıq uşağı dondurucuya qoydu. ABŞ-ın Miçiqan ştatında 15 yaşlı şagird atasının tapançası il məktəbə basqın edərək 3 nəfəri öldürmüş, 8 nəfəri yaralamışdır.

Amerikada tələbə şəhərciyinin mühafizəçisi öldürülüb və sair…

Başqa ölkənin adi kriminal hadisələri bizim informasiyalarımıza niyə daxil edilir, kimə lazımdır dünyanın harasındasa törədilmiş cinayət hadisələri haqqında verilmiş bu məlumatlar? Özümüzdə olan kriminal hadisələrin bu şəkildə yayımlanmasını bərk qınayırıq, qalmışdı əcnəbi başıpozuqların etdikləri. Onda belə çıxır ki, bizim dotələb jurnalistlər Azərbaycanda baş verən kriminal hadisələrə balans yaratmağa çalışırlar. Olmaz belə, bir qayda yaratmaq lazımdır. Bu günün adamlarını rentgendən çıxarsalar, hər kəsin başında, ürəyində, üzündə, baxışında nə qədər fobiya, stres və ümidsizlik ikonları daşlaşıb.

Belə televiziyonçuluq, mətbuat nəyə lazımdır, kimə lazımdır. Televiziya, mətbuat adamı hər an qürurlu, şax, təbəssümlü, ümidli saxlamalıdır. Belə deyil axı. Daha qoxmadığımız heç nə qalmadı. Osman Sarıvəlli demiş:

Döydü yağış məni, döydü qar məni,

Bir qarışqaya minsəm aparar məni.

Doğrudur, Xalq şairimiz bunu tamam başqa anlamda deyib, fəqət, yağışın, qarın döydüyü adamın bir qarışqanın apara biləcək taqəti necədirsə, bu qədər səksəkələrdən, qorxulardan, əsəblərdən indiki adamların da taqəti elədir, bir qarışqa cismini rahat aparar.

Hələ bizim paylaşılan cinayət hadisələrin xarakteri özü insanda bir şübhə, inamsızlıq, etimadsızlıq yaradır. Baxın, indiki cinayət hadisələrinin böyük əksəriyyətində dogma, yaxın adamlar öz doğmalarına, öz yaxınlarına qarşı amansızlıq ediblər. Hadisə baş verdi, qəzetlər yazdı, televiziya göstərdi, hüquq-mühafizə orqanları da araşdırıb hüquqi qiymət verdilər. Bununla da bir daş altda, bir daş üstdə, məsələ bitir.

Manşetlər:

“Bərdənin Hacıallı kəndində qardaş qardaşı öldürüb”,

“Bakıda tanınmış blogeri əmisioğlu amansızcasına qətlə yetirmişdir”, “Göyçayın Bığır kəndində dayı öz bacısı qızını yastıqla boğaraq həyatınanson vermişdir”,  “Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov öz azyaşlı oğlunun boğazını kəsərək öldürmüşdür”.

“Binəqədidə Maqsudov Vasif Vahid oğlu öz qardaşını qətlə yetirmişdir”, “Balaxnıda 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib”.

“Cahangir Şükürlü bacısına qarşı əxlaqsızlıq etdiyinə görə atasını 42 bıçaq zərbəsi ilə qətlə yetirmişdir”,

“Bakıda Fəqan Mustafayev anasını bıçaqlamışdır”,

“Bakıda Anar Bəkirov hamilə arvadının boğazını kəsib”,

“Nizami rayonu ərazisində Gülnar Qaraxanova və iki azyaşlı övladı ilə birlikdə qadının bacısının əri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib”və sair, və ilaxır…

 İndi siz deyin, bu məlumatlar cəmiyyətə çatdırılmalı informasiya qəbul etmək olarmı, onu yaymağa ehtiyac varmı?

 Suraxanı rayonu Hövsan qəsəbəsində 12 yaşlı qızın 2 tərəfindən zorlandığını və zorlanma anının videoya çəkildiyi haqqında məlumat paylaşılıb.

 Adamın damarlarında qanı donur.

Bu cürə xaoslar mənəviyyatlarda eroziyalar yaradır… Yazıblar ki, kimsə oteldə digərinin “sevgili”sinə baxdığına görə, həmin sevgilinin aşiqi də ona atəş açıb. İndi , birincisi, aydın deyil ki, bu qadın həqiqətdə kimdir, onsuz da bizm mətbuat “sevgili” sözünü ilkinliyindən artıq uzaqlaşdırıb, daha doğrusu, eqolaşdırıb.

40-50 il bundan qabaq hansısa bir  qadın mehmanxana  qabağından keçsəyidi, elə belə ha, onu bir tanıyan burada görəcəkdisə, kim bilir, nələr danışacaqdı.

Qadın öz həyat yoldaşı ilə , deyək ki, Kiyevə gedibdir, 3 gün orada olacaqlar, bəs harada qalmalıdır. Təbii ki, mehmanxanada . Və ər də, qadın da  küçədə,  vestibüldə, liftdə elə  əxlaq, davranış nümayiş etdirəcəklər  ki, kimsə onlara gözünün ucu ilə də nəzər yetirməyəcək. Amma bir şüşə ətri  üstünə səpələyib, neçə-necə aktrisa, model kimi  külək əsəndə yazıqları çətin vəziyyətə salan (guya ha) dondan  da geyinib “sevgilisi” ilə otelə gedəcəksə, baxışların ona dikilməsi, hansısa bir insidentin baş verə bilməsi gözləniləndir.  Özləri  buna “povod” verirlər axı.

Bu gün bizim şou televizyalarında, mətbuatda və internet kanallarında təqdim edilən Qadın obrazına baxın. Bir çox kanallar, saytlar, internet mətbuatı özümüzdən tapa bilməsələr də, xarici ölkələrin həyatından mütləq aşıq-saçıq geyinmiş aktrisalardan, modelyelərdən birini tapıb səhifələrini bəzəyəcəklər ki, izləyici cəlb edə bilsinlər.

Ətrafda intim məzmunda baş vermişləri akselrassiya ilə əlaqələndimək fikrindən uzağam.

Adamın ağlına çox axmaq şeylər gəlir. 11, 12 yaşlı qızı hamilə qoyanlar, azyaşlı qızlarla izdivaca girməyə can atanlar öz murdar niyyətlərini virtual məkandan formalaşdırıblar, deyilmi?

 Sanki mətbuat və televiziya  əyləndirməkdən, baş qatmaqdan ötrü imiş. Adda-budda  faydalı yazıb bunu özlərinə istinad nöqtəsi etmək, gerçəkdə isə  xeyri yox, əks-təsirləri olan yazıları qat-qat çox nisbətdə paylaşmaq o faydalıları da   heç edir. Elə bil ki,  bir çox  mətbu vasitələrə  kimlərsə işıq tutur,  material verir: yazdıqları kriminal xəbərlərdir, şou ab-havalıdır. Dünyada küçədən keçən reperlərin, popçuların,  guya “ulduz”  aktyorların həyatını da, kimlə yaşamasını, necə yaşamasını bu saytlar  cəmiyyətə paylaşırlar. Məsələn, filan  aktyor   3 ildir filənkəslə   birlikdədir,  hamiləlikdən qorunublar və yaxud   övladları da olub. Amma indi nikaha giriblər. Bu cür maarifləndirmə  və yaxud məlumatlandırma  sənin xalqına  nə  müsbət təsir göstərəcək.Getdikcə  bizdə də elə olacaq , həm də kütləvi şəkildə: evlənəcək, toydan 2-3 ay sonra  bu saytlar yazacaq ki, filənkəs hamilədir: guya yazmayıblarmı. Nə demək istəyirlər bunlar? Lap qaydasında evləniblər,  bir kitabxana əməkdaşı kimi bunun da qadını  hamilə olsun, dünyaya övlad gətirsin. Bunu cəmiyyətdə niyə paylaşmalısınız?

Bu qəbildən olan kütləvi informasiya vasitələri və şou telekanalları  gəncləri pis səmtləndirdiyi kimi, uşaqları da sağlam olmayan meyillərə sürükləyir.

  Koronavirus təhlükəsini   qısa müddətdə  cilovlamaq oldu. Amma bu mədəni ideyasızlığın gətirdiyi virusları  cilovlamaq çətin ki mümkün  olsun.   İdeologiya elə bir  fəaliyyət sahəsidir ki, onu xaricdə 10-15 sertifikat aldığını, 3-4 ali təhsil aldığını nümayiş etdirən  ali təhsillilərdənsə,  heç bir diplomu olmayan ağbirçək,ağsaqqal   adamlar daha etibarlı qoruya bilər. Bunun üçün qırmızı diplom , 10 sertifikat almaq  yox, xalq  ruhunu oxuya bilmək, ona nüfuz edə bilmək lazımdır.

 Sitatlar:

“Yerimək əvəzinə avtomobillərdən  istifadə edən, düşünmək yerinə televiziya seyr edən,  idman  etmək əvəzinə “Mempunyai Station” oynayan, kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi  gecikir”.

Hakan Günday, türkiyəli ssenarist

“Kağıza toxunan qələm, kibritdən daha çox yangın törədir”.

 S. Fobes

” Lütfən, yalvarıram, gedin televiziyanızı çölə atın və boşalan yerdə balaca bir kitabxana qurun”.

Roald Dal, ingilis yazıçısı