Təbiət – yaşıl sipərimiz
Cökə ağacının kəsilməsi, insanın damarının kəsilməsi kimi bir şey. Həyatın, yaradılandan və yaradıcının varlığından ötəri hörmətlə qorunması lazımdır,əks təqdirdə ilahi tarazlıq pozulmuş olur.
Lev Tolstoy
Ağac əkmək edə biləcəyimiz şeylər arasında eqoizmdən ən uzaq olanıdır.Dünyaya uşaq gətirməkdən də müqəddəs bir missiyadır o.
Tornton Uaylder

Bəşər sivilizasiyası yeni əsrin 22-ci ilinə qədəm qoymuşdur. Tarixə Elmi-Texniki İnqilab əsri kimi daxil olmuş XX əsrdən ayrıldığımız cəmi 21 ildir. Çox uzun zaman deyil və bu günün ortayaşlı insanları XX əsrin səması altında da yaşadığından həmin dövrdə dünyanın siyasi-mədəni həyatında baş verənlərdən xəbərdardılar: bu hadisələrin baş verdiyi məkan və zamanda yaşayıblar. Fikrimiz bu iki əsri biliyimiz və düşüncəmiz qədərində olsa da, müqayisə etmək deyil, keçmişə, keçib gəldiyimiz yola istinad edib, gələcək üçün məsuliyətimizi , cavabdehliyimizi ifadə etməkdir.
XX əsr elmi-texniki inkişaf baxımından özündən əvvəlki bütün əsrlərdən üstün olmuşdur. Elmin inkişafı insana genetikasına hopmuş yaradıcılıq potensiallarını, kəşflərini işə salmağa imkan vermişdir. Daş alətlərlə, ox-kamanla, nəqliyyatın, rabitənin ən ibtidai vasitələri ilə həyat uğrunda əsrlərlə mübarizə aparan insan övladı üçün artıq XX əsrin ortalarında yaşadığı və qərbdən şərqə, şimaldan cənuba hüdudlanan coğrafi anlamda Yer adlı planet darısqallıq edirdi. Elmi-Texniki İnqilabın təntənəsində insan öz planetinə, sadəcə, Yerlə məhdudlaşan daxili pəncərədən deyil, daha geniş və mükəmməl imkanları olan xarici pəncərədən, kosmosdan nəzər yetirməyə can atırdı. Yedə, səmada, digər planetlərdə nə var-nə yox, – hər şeyi kəşf etmək istəyirdi. Yer XX əsrin insanına azlıq edirdi. Və Yerə, səmaya ağalıq etmək istəyən insanın, beləliklə, kosmosa yürüşləri başladı…İnsan, Əsr bununla öyünürdü.
M.İbrahimovun “Böyük dayaq” əsərindən bir epizodu yadımıza salaq.
“Yeni həyat” kolxozunun idarə heyətinin ümumi iclasıdır. Kolxozun cari mövsüm üçün pambıq planını müəyyən etməlidirlər. Rayon rəhbərliyi və yeni gənclik hər hektardan 25 sentner məhsul götürməyi təkid edir, Rüstəm kişi isə 23 sentnerdə israrlıdır.
Şirzad:
– Çox görünməyən və ağıla gəlməyən sözlər həqiqət olur. Aya, ulduzlara yol açan biz olmuşuq.Biz nə Kələntər yoldaşın dediyi quru sözlərlə kifayətlənə bilərik, nə də ki sədrimizin dediyi aza razı olacağıq. Biz 25 verə bilərik.
Rüstəm kişi:
-Dedim 23, vəssalam. Dalısını öz evimizdə danışarıq.
Şirzad:
-Evimiz təkcə”Yeni həyat” kolxozundan ibarət deyil.
“Böyük evi” görmək,hər şeyə onun tələbi ilə yanaşmaq lazımdır.
Rüstəm kişi:
– Mən o “Böyük evi” tikəndə, sən hələ bələkdə idin, bala…?
Əsər 1957-ci ildə yazılıb, 1957-ci il də də çap olunub. O dövrü şərtləndirən çox hadisələr var və onların bir neçəsi bu epizodda əks olunub. Bu səhnədə baş verənlər də o hadisələrdir ki, mövzumuzun məzmünü ilə tam üst-üstə düşür.
1957-ci ildə keçmiş SSRİ tərəfindən dünyada ilk süni peyk olan Sputnik – 1 aya göndərilmişdi, yəni artıq kosmosa yürüşün startıdır bu. Şirzadın dilindən verilən “aya, ulduzlara yol açan biz olmuşuq” qüruru isə, əslində, o dövrün, zamanın devizi idi.
Kosmosdan dinc məqsədlərlə elm naminə, insanlıq naminə istifadə edilməsi bu gün də davam edir.
Təəssüf ki, artıq müasir insan zəkasını qüdrəti həm də insanlığın özünə, planetinə qarşı real təhlükə mənbəyinə çevrilmədədir. Bu gün müxtəlif kütləvi informasiya vasitələrində dünyanın nəhəng gücləri sayılan ABŞ, Rusiya və Çin arasında kosmosun fəthi uğrunda aparılan mübarizələrdən yazırlar. Saytlarımızın birində ABŞ-ın “Scientific American” nəşrinə istinadən dünyanın kosmos müharibələri dönəminə qədəm qoyduğu haqqında məlumatı oxudum . “Scientific American”:
“Bu, I, yaxud II dünya müharibələrindən daha dəhşətli olacaq. Dünya hazırda bu vaxta kimi heç olmadığı qədər kosmos müharibələrinə yaxındır”, – deyə qorxulu xəbərdarlıq da edir.
Nəşrin yazdığına görə, kosmosda minlərlə peyk var və onlar daim müxtəlif istiqamətlərə uçuşur. Bu peyklərin adi bir proqram səhvi hər an toqquşma təhlükəsi ilə nəticələnə bilər ki, bu da milyardlarla dollar ziyan deməkdir. Bu ziyan ən çox ətraf aləmə vurduğu zərələrlə ölçülür. Odur ki, xx əsri özündən əvvəlki bütün əsrlərdən ən təhlükəlisi hesab edənlər heç də yanılmırlar. Çünki atom elelktrik stansiyasiyalarının fəaliyyətindən, yeraltı nüvə sınaqlarından, avtomobil və reaktiv qurğulardan, kimya sahəsi kimi zərərli istehsalat sahələrindən, həmçinin digər zavodlardan ətraf mühitə atılan zərərli tullantılardan, kənd təsərrüfatında istifadə edilən gübrə və pestisidlərdən, dünyada gedən müharibələrdən torpaq, hava,su insan, insanlığa xidmət etməli olan təbiət özü ölümcül hala salınmışdır. Təbiət özü bu gün onu gözləyən təhlükələrdən imdad diləyir, insanlardan, zəka sahiblərindən mərhəmət gözləyir.
Bu gün planetimizi təhdid edən təhlükələrdən biri də qlobal istiləşmə və nəticədə Yer üzünü gözləyən digər fəlakətlərdir.
Qlobal istiləşmə — ətraf mühitə atılan böyük sayda zəhərli qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istiliyin artırması ilə müşayiət olunan bir prosesdir.
Bu zaman qütblərdəki buzlaqlar əriyir, okean və dənizlərdə suyun səviyyəsi artır, daşqınlar baş verir və ətraf ərazilərdəki torpaqlar suyun altında qalır.
Məsələn, dünyanın ən böyük adası olan və 2.6 milyard kub kilometr buzdan ibarət olan Qrenlandiya adası 1970-ci illərdən başlayaraq buzlaqlarının 30 faizini itirmişdir. Adada ildə 100-150 kub kilometr buzlaq əriməkdədir. Bu Alp dağlarındakı ümumi buzlaq miqdarından da çoxdur. Qrenlandiya dünyadakı suların onda birini buzlaq şəklində özündə saxlayan məkandır. Ekspertlər adanın tamamilə əriməsi nəticəsində okean sularının 7 metr qalxacağını, Nyu-York və London şəhərlərinin su altında qalacağını təxmin edirlər. Qlobal istiləşmə təkcə bu iki meqopolis şəhərə deyil, böyük anlamda ümumən planetimizə öz təsirini göstərir və göstərəcəkdir. Bu gün dünyanın ayrı-ayrı ölkələrində qasırğalar, sel və daşqınlar, bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar, digər anomaliyalar məhz bu səbəblərdən baş verir.Yəni, bunlar elə təhlükələrdir ki, biri digərini şərtləndirir.
İndiyə kimi, 65 növ ayrıcinsli, 55 növ oxşarcinsli vəhşi heyvan növü, eləcə də 94 növ quş cinsi faunamızdan həmişəlik silinmişdir. 300-ə yaxın vəhşi heyvan, 290-dan artıq quş nəsli iisə tmək təhlükəsi qarşısındadır.
Bizi əhatə edən təbiətdə yerdə sürünən ibizdən, soxulcandan tutmuş zirvələrdə uçan qartala kimi, canl-cansız hər nə var, heç biri səbəbsiz yaradılmayıb.Onlar təbiətə lazımdır, təbiət də insanlara…
I yüzillikdə yaşamış məşhur natiq, filosof, siyasi xadim və hüquqşünas Siseron müdrikcəsinə bildirmişdir:”Təbiət yox etməyə nifrət edir”.
Nəhayət, insan bunu dərk etməli, təbiətə önun öz dili ilə müraciət etməlidir. Çünki həyatın davam etməsi üçün insan və təbiətin yolu getdikcə xaçalanmaq səviyyəsinə qədər çatmışdır. Bundan sonra da zəka, məntiq qalib gəlməzsə, qarşıda onu təkcə kəşf etdiyi nüvə silahı təhlükəsi deyil, həm də öz əli ilə zəhərlədiyi, şikəst etdiyi təbiətin qisası gözləyir.
Artıq dünya bunun fərqindədir. Məsələn, “Planetin rifahı naminə: Milyard ağac kampaniyası”çevrə naminə misli görünməmiş səfərbərlikdir.
“Milyard ağac” kampaniyası Birləşmiş Millətlər Ətraf Mühit Proqramının (UNEP-The United Nations Environment Programme) 2006-cı ilin noyabrında Nayrobidə İqlim dəyişikliyi haqqında BMT-nin Çərçivə konvensiyasının iştirakçı dövlətlər arasında keçirilmiş Konfransında qəbul edilmişdir. Layihəni həmin Konfransın 12-ci sessiyasında Nobel sülh mükafatı laureatı, keniyalı Vanqari Maatai və Monako knyazı II Albert irəli sürmüşlər. Sessiyada onların təşəbbüsü ilə Qlobal istiləşmə ilə bağlı riskləri azaltmaq üçün bir milyard ağac əkmək ideyası təklif edilmişdi.
Ağaclar planetimizin yaşıl sipəridir. Ağaclar insanlığın var olması, davam etməsi üçün yaşıl ümidlərdir.
“Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə “birlikdə” var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik”.
~ Masanobu Fukuoka
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür
Dünyada 3 trilyon ağaç var, amma onların sayı getdikcə azalır. Statistik məlumatlara görə hər il dünyada 13 milyon hektar (Yunanıstanın ərazisi qədər) meşə bu və ya digər şəkildə məhv edilir.
Amazon kimi tropik bölgələr dünyanın ən geniş yaşıllıq sahələrinə malikdir, dünyadakı ağacların 43 faizi bu bölgənin payına düşür
Ən sıx ağaclıq ərazilər soyuq və qütblərə yaxın olan Skandinaviya, Şimali Amerika və Rusiyanın müxtəlif bölgələrindədir.
Ümumilikdə isə dünyadakı ağac sayı aşağıdakı kimidir:
Rusiya – 642 milyard
Kanada – 318 milyard
Braziliya – 302 milyard
ABŞ – 228 milyard
Çin – 140 milyard
Ən az ağaca sahib olan yerlər:
Bəhreyn – 3 min
Kokos adaları –6 min
Monako – 10 min
Mərcan adaları – 12 min
Vatikanda heç ağac yoxdur…
Azərbaycanda mövcud meşələrin sahəsi, ağacların sayı haqqında öyrənə bildiyim məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına əsasən aşağıdakı kimidir:
” Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir” (Bax: http://eco.gov.az/az/86-meselerin-inkisafi).
İnternetdə “Global Forest Watch” təşkilatının belə bir araşdırmasına da rast gəldim ki, 2013-cü il üçün Azərbaycanda 1 milyon hektar, yaxud ölkə ərazisinin 15%-i meşə sahəsi ilə əhatə olunub. Hesabata görə, 2001-2013-cü illərdə Azərbaycanda 6 min 830 hektar meşə sahəsi qırılıb, 865 hektar meşə sahəsi yaradılıb (Mənbə: http://modern.az/az/news/84330/#gsc.tab=0).
Hər iki mənbədən göründüyü kimi, Azərbaycanda meşə örtüyü, ağacların sayı qeyd etdiyimiz ölkələrlə müqayisədə xeyli aşağıdır.
“İnsan tərəfindən yaradılan bir şeyi məhv edəndə adına “vandalizm” deyilir. Təbiətin yaratdığı şeyləri yox edəndə isə bunun adı “inkişaf, nailiyyət, qazanc” olur”.
~ Ed. Begl
Son illər televiziyadan, eləcə də digər kütləvi informasiya vasitələrindən məlumdur ki, Ekologiya Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) birgə təşkilatçılığı ilə respublikamızın müxtəlf guşələrində çoxlu sayda ağacəkmə kampaniyaları, yaşıl marofanlar, iməciliklər təşkil edilmişdir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoqunun baş koordinatoru, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanı rəhbərliyi ilə ekologiyamızla, nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan bəzi heyvan və quşların qorunması naminə müxtəlif layihələr keçirilmişdir. Bunlar çevrəmizi, onun sərvətlərini hifz etmək naminə çox böyük fəaliyyətlərdir. Bizim ölkəmiz üçün narahatlıq doğuran əsas məsələ yaşıllıqlara və ağaclara qaydasınca qulluq etmək və onları qorumaqla bağlıdır.
İnternetdə istər Bakıda, istər respublikamızın digər böyük şəhərlərində, istərsə də əyalət rayonlarında “yaşıl soyqırım”a aid saysız-hesabsız faktlar var. Ölkə Başçısı Cənab İlham Əliyev müxtəlif telekanalarda yaşıllıqlar və ağacların qanunsuz məhv edilməsi ilə bağlı dəfələrlə münasibət bildirmişdir. Telekanallar göstərir, qəzetlər yazır, amma bu ağac soyqırımını dayandırmaq olmur ki-olmur. Mən, şəxsən, jurnalist olmaqdan öncə, bir vətəndaş kimi öz mülahizələrimi bildirirəm: təbiəti, onun sərvətlərini qorumaq təkcə hansısa bu və ya digər qurumun fəaliyyəti olmamalıdır. Təbiəti hamı qorumalıdır. Qorumaq sevməkdən başlayır.
Təbiəti mühafizə etməyin təşkilinə içtimaiyyəti cəlb etmək lazımdır. İctimai qınaq fəallaşmalıdır.
Təbiətlə bağlı Qanunda ictimai nəzarət haqqında müddəa var, amma bir qədər sadələşdirmək lazımdır.İctimai nəzarəti həyata keçirmək istəyən fəalın qarşısına hansısa baryer qoyulmamalıdır.
İnternetdə təbiətə qəsdlə bağlı yazılar daha çox müstəqil saytlar tərəfindən verilir. Problemin biri də budur ki, belə saytlara etimadsızlıq var.
Niyə axı? Nə böyük məsələdir, həmin faktların doğru və yalan olduğunu üzə çıxarıb onu yazan, səsləndirən mətbu vasitənin cəmiyyət üçün mövqeyini və rolunu müəyyən etmək.
Ekologiya mövzusunda verilən yazılara, xüsusilə, tənqidi məqamlara, siqnallara operativ münasibət göstərmək lazımdır.
Tez-tez internetdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu cür pozuntularla bağlı gördüyü tədbirləır barədə məlumatlar verilir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında 2008-ci il 16 tarixdı belə bir məlumatı var: “1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) qanunsuz olaraq meşə məhsullarının əldə olunması, daşınması və satışı hallarının qarşısını almaq məqsədi ilə keçirdiyi reydlər zamanı aşkar olunmuş qanun pozuntusu faktları ilə əlaqədar 63 akt və 5 inzibati protokol tərtib etmişdir.
Təbiətə vurulmuş ziyana görə 63 iş üzrə 16838,56 manat iddia qaldırılmışdır….. “(Mənbə: http://eco.gov.az/az/xeberler/1-sayli-erazi-ekologiya-ve-tebii-servetler-sobesi-63-akt-ve-5-inzibati-protokol-tertib-edib-4352)
Bu, hər bir iş üçün 267 manat edir. Çox azdır. Nə var ki, onda meşələri qırıb tökməyə. Bu məbləqdə cəriməyə daha neçə 63 şəxs də risk edər.
Ağacları bu şəkildə qırıb xammal kimi satanlar bundan dəfələrlə çox gəlir götürürlər. Özü də bunlar görünür ki, sırf bu işlə məşğul olurlar.Birinci dəfə meşəyə ayaq basanda ələ keçməyiblər ki.
Və yaxud, bu yaxında kampaniya kimi, kömürsatanlarla bağlı nazirliyin reydləri barədə bir neçə gün məlumat verildi.
Mən vaxtilə rayonda yaşayarkən qonşu kənddə kömürün necə ərsəyə gəlməsinin bir dəfə şahidi olmuşam. Kömür hazırlayanlar sağlam ağac kəsib yandırmırlar. Kimlərsə böyük ölçülü ağacları kəsib gövdələrini aparıb gedirlər. Çörəyini kömür hazırlamaqla çıxanlar o kəsilmiş ağacların yerdə qalan qol-budaqlarını böyük qoyularda üst-üstə yığıb yandırırlar.İndi Ekologiya Nazirliyi də kəsilmiş ağacların gövdəsini aparanların axtarılıb üzə çıxarılmasını, istintaqa cəlb edilməsini təmin etməkdənsə, kömürsatanları təhdid edir. Mən etiraz etmirəm. Əgər qanun qırıntı materiallarından istifadə edənlərdən də rüsum tutmağı mümkün sayırsa, onları buna dəvət etsinlər. Mən sadəcə, onu demək istəyirəm ki, ağacı kəsəni məsuliyyətə cəlb etməyib, onun qul-budaqlarını kömür edənlərə qənim kəsilmək ədalətli deyil.
Bir vacib məsələ də Bakıdakı yaşıllıqlara baxan, onlara qulluq etməli olan təşkilatlarla bağlıdır. Mərkəzi küçələrdə, parklarda, bağlarda ağaclara qulluq edən, su verən görmüşəm. Amma məhəllədaxili ərazilərdə, Bakıətrafı rayonlarda heç vaxt belə xidmət görməmişəm.Eləcə də özüm yaşadığım Xətai rayonunun 96 nömrəli MİS-nin ərazisində. MİS-ə deyirsən, onlar Yaşıllaşdırma idarəsinin, Yaşıllaşdırma idarəsi də bələdiyyələrin üstünə atır. Bələdiyyələr də deyir ki, biz heç tam olaraq hansı torpaqların bələdiyyənin mülkiyyəti olduğunu bilmirik.Axı Bakının mərkəzdən uzaq rayonlarında susuzluqdan inkişafdan qalan, quruyan ağacları, əraziləri hamı görür. İndi yə qədər onlar yağışın, qarın ümidinə yaşayıblar, heç vaxt onların ətrafəına yaşıllıq idarəsi işçiləri gəlməyib.Ağaclar bu qayğını görməyiblər, hiss etməyiblər.
Bakıda o qədər ağaclıq olan ərazilər var ki, hasara alınıb və günlərin birində də gecəykən başlayırlar ağacları kəsib yerində hansısa birtikili ucaltmağa.
Mətbuat bunları dərhal ictimailəşdirir, ictimai nəzarət mövzusuna çevirir, amma onlara məhəl qoyulmur. Bu cür hallarda çox vaxt sakinlərlə müvafiq idarələr, tikinti aparacaq şəxslər arasında qarşıdurma yaranır, bəzən xəsarət alanlar da olur. Belə münasibət bir tərəfdən isə sakinlərin öz yaşadıqları ərazilərdə ağaclara, müəyyən yaşıllıq sahələrinə qulluq göstərmək həvəslərini də söndürür, onlar taleyi naməlum bu yerlərə qulluq etmək istəmirlər.
Bu yazını uzun müşahidə və araşdırmalar nəticəsində yazıya aldıq. Ekologiyadan bəhs edən bir çox kitablara, internet məlumatlarına diqqət yetirdik. Ekoloji mövzuda həmin araşdırmalarla ərsəyə gətirdiyimiz düşüncələrimizi, sonda ağacların həyatımızdakı yeri, onların faydaları barədə məlumatlarla tamamlamağımız rəmzi nahiyyət daşıyır. Çünki ağac, yaşıllıq təbiətin simvoludur, insanların təbiəti qorumaq arzularını ifadə edir. Digər tərəfdən, ölkəmiz üçün bu mövzuda problemlər , əsasən, yaşıllığa edilən qəsdlərlə, köklü-köməcli ağacların qırılması ilə bağlıdır. Digər tərəfdən, insanlar özlərinin sağlam, ekoloji cəhətdən təmiz bir mühitdə firavan yaşaya bilməsi üçün həmin mühitdəki ağacların, hətta tək bir ağacın belə, faydalarını və biosferə göstərdiyi əks-təsirləri bilməlidir.
*** Ağaclar istixana(şitillik) təsiri ilə mübarizə edir
İqlim dəyişikliyinin ən mühüm səbəbi tropik meşələrdə meydana çıxan hədsiz miqdarda şitillik qazıdır (istilik effekti yaradan (şitillik) qazları).Yer üzünə günəşdən gələn istilik torpaq tərəfindən əks etdirildikdən sonra bu qaz kütlələrinin içərisində sıxaraq hava temperaturunun davamlı olaraq artmasına səbəb olur. Ən çox tanınan şitillik qazı isə karbon qazdır (CO2). Ağaclar, karbon qazını udub, mövcud oksigeni atmosferə buraxırlar.
1000 kvadratmetrlik ağaclıq sahənin udduğu karbon miqdarı, maşınınızı 10.000 km istifadə etdikdə yaydığınız karbondioksid miqdarına bərabərdir.
*** Ağaclar havanı təmizləyir
Ağaclar atmosferdəki pis qoxu ilə amonyak, azot dioksid, sulfid dioksid və ozon kimi havanı çirkləndirən qazları udur; Qabıq və yarpaqları vasitəsi ilə havadakı toz zərrəciklərini tuturlar.
*** Ağaclar oksigen istehsal edir
4.000 kvadratmetrlik ağaclıq sahə bir ildə 18 insana kifayət edəcək qədər oksigen istehsal edir.
*** Ağaclar şəhəri və küçələri sərinlədir
Los- Ancelesdə son 50 ildə temperaturu çəkən asfalt yol və binalar sürətlə artarkən, temperatryn 14,5 dərəcə artdığı müəyyən edilmişdir. Ağaclar binaların ətrafında, yollarda kölgəlik yaradaraq, şəhərlərdə istilik zolaqlarının əmələ gəlməsini qarşısını alır və yarpaqları vasitəsi ilə havaya su buxarı püskürdərək şəhərin temperaturunu 12 dərəcəyə qədər sərinlədir.
*** Ağaclar enerji israfını minimum endirir
Ağac kölgələri yaşayış binalarında havanın temperaturunu 20 dərəcəyə qədər azaldır.
Hər hansı bir evin dörd tərəfi ağac və yaşıllıqlarla əhatələnərsə, yay aylarında hər növ sərinkeşlərin büdcənizə əlavə edəcəyi xərci 50 faiz azaldır.
Məsələn, 50 yaşında bir ağac kondisionerdən ildə 273 dollar qənaət edilməsini təmin edir.
*** Ağaclar su ehtiyacımıza dəstək olur
Suyun az olduğu sahələrdə yaşıllıq zolaqları varsa, ağac kölgələri buxarlanmanı ləngidir. Yeni əkilmiş bir ağac belə həftədə ən çox 55 litr suya ehtiyac duyur və bu suyu yeraltı yolla təkrar olaraq təbiətə geri qaytarır.
Ağacların vacib faydalarından biri də şəhərlərin su keyfiyyətini artırmasıdır. Ağac kökləri və ətrafındakı torpaq təbii bir keçmə mexanizmi yaradaraq torpaq altındakı suların süzərək təmizlənməsini təmin edir. Ağacı çox şəhərlərdə qəfil yağış və fırtınalara bağlı su daşqınlarına daha az təsadüf edilir.
*** Ağaclar erroziyanın qarşısını alır
Təpə və dərə sahillərindəki ağaclar torpağın səth axınını azaldır və torpağı bir arada tutur.
*** Ağaclar uşaqları ultrabənövşəyi şüalardan qoruyur
Ən çox təsadüf edilən xərçəng növlərindən biri dəri xərçəng xəstəliyidir. Ağaclar uşaqların ultrabənövşəyi şüalara məruz qalma dərəcəsini 50 faiz azaldaraq məktəblərdə, parklarda, həyətlərdə saatlarla vaxt keçirən uşaqları qoruyurlar.
*** Ağaclar ərzaq istehsal edir
Ağaclar, insanlar başqa quşlar və digər heyvanlar üçün də ərzaq anbarıdır.
Məhsuldar bir alma ağacı ildə 300 kq meyvə verir.
Müşahidələr nəticəsində yatdığı palatanın pəncərəsindən həyətdə ağac görən xəstələrin ağac, yaşıllıq görməyən xəstələrdən daha tez və daha az ağırlaşmalarla müalicə olunduğu müəyyən edilmişdir,
Diqqət çatışmazlığı və hiperfunksiyası olan uşaqların təbiətlə təmasda olanda simptomların azaldığı müşahidə edilir. Ağacların əhatəsində olmaq əqli yorğunluğu azaldaraq müvazinətin artmasını təmin edir.
Modern cəmiyyətləri qurmaq üçün insanlar çaylara bəndlər qurdu, yağış yağmasın deyə buludları qovdu, bataqlıqları qurutdu, milyarlarca heyvanı məhv etdi. İnsanlar ekologiyaya hörmət etməyən geniş şüşə, polad və beton istehsalı şirkətləri qurdular.”İnkişaf” kimi düşünülərək modernlik, biomüxtəliflik zoopark qəfəslərində və donmuş DNA balonlarında həyatda qalmağa çalışarkən yaban otlaqlar tükəndi, bir neçə qoruqlara sığışdırıldı. Təbiəti hakimiyyəti altına alma macəramız – “inkişaf” – şosselərlə, hündürmərtəbə binalarda, hazır yemək məkanları ilə, böyük alış-veriş mərkəzləri ilə, avtomobil qalereyeları ilə ölçülür. İnsanlar böyüməmənin inkişaf etməmək anlamına gəldiyini düşünür, halbuki, tam əksidir.
~ Stiv Best
*** Ağaclar zorakılığın azalmasını təmin edir
Araşdırmalarla müəyyən edilmişdir ki, yaşıllıq zolaqları, qazonlar, ağaclar olmayan , quraqlıq ərazilərdə yaşıl sahələri, ağaclar olan məhəllələrə görə daha çox zorakılıq halları baş verir.
Ağaclıq və yaşıl sahələr insanlardakı qorxu səviyyəsinin də azalmasını təmin edir.
*** Ağaclar ailələrin maddi vəziyyətlərini yaxşılaşdırmaq fürsəti yaradır.
Məhəllə bostanlarında, eləcə də ağaclarda yetişən meyvələr satılaraq gəlir əldə edilir.
*** Ağaclar həm müəllim, həm də oyundaşdır.
Yaşıl sahələr əsrlər boyu həm uşaqlar, həm də böyüklər üçün yaradıcılıqlarını inkişaf etdirərək üz tutduqları, ilham aldıqları sahələr olmuşdur.
*** Ağaclar fərqli qruplardan insanları bir araya gətirir.
Məhəllələrdə kütləvi ağac əkini aparmaq bir-birini heç tanımayan insanları bir araya gətirərək insanlar arasında social ünsiyyət bağları yaradır.
*** Ağacdan birlik doğurur
Bir yaşayış sahəsinin simvolu halına gətirilən ağaclar o sahəyə yeni bir status qazandırır və məhəllə sakinlərinin yaşadıqları sahə ilə fəxr etmələrini təmin edir.
*** Ağaclar heyvanlar üçün çətir və yuva vəzifəsi görür
Xüsusilə palıd və çinar ağacları şəhərdəki heyvanlar, ilk növbədə, quş, arı və qarışqalar üçün mükəmməl yuvalar olaraq iş görürlər.
*** Ağaclar istinad divarıdır, qoruyucuzolaqdır
Ağaclar istinad divarı, avtomobil dayanacağıdır. Paytaxt şəhəri üçün ekzotika sayıla biləcək sahələrin qarşısını bağlayır.
Küçə və yollardan gələn səs-küyü azaldırlar, havadakı palçığı, tozu yarpaqlarına çəkərək şiddətli küləkləri yüngülləşdirirlər.
*** Ağaclar taxta və yanacaq kimi istifadə edilir
Yaşayış və qeyri-yaşayış sahələrdə budanan ağacların kəsilən hissələri isinmək üçün yanacaq, kötüklərindən isə taxta kimi kimi istifadə edilir.
*** Ağaclar zəlzələdən qoruyur
Ağac kökləri metrlərlə torpağın dərinliyinə uzanır və torpağı bir arada saxlayır. Yaşayış yerlərinə yaxın əkilən ağaclar torpağı bu şəkildə saxlayaraq, zəlzələnin törədəcəyi ziyanı azaldır.
“Təbiət ” xoş gəldin” deyən qollarıyla bizə uzanır və bizi onun qadına xas gözəlliyindən zövq almağa çağırır. Biz isə onun sükunətindən ürkür, izdihamlı şəhərlərə axın edirik . Orada eynilə vəhşi bir qurdun qarşısından qaçan qoyunlar kimi, bir-birimizi sıxışdıra-sıxışdıra yaşayarıq”.
~ Halil Cibran










