Mövqe

Təhsil, müəllim və məktəb mövzusunda yazılar heç səngimək bilmir. Millət vəkilindən tutmuş şou sənətçisinə qədər hərə bir yanaşma sərgiləyir. Yazıların əksəriyyətinin da insanların baxışlarına təsir edəcək bir gücü yoxdur. Axı indinin insanları 100 il bundan əvvəlin Allahverdisi, İmamverdisi deyil ki, oxuduqlarından, eşitdiklərindən və gördüklərindən baş çıxara bilməsin. Zəmanəmizin adamları bu gün hər şeyi çox yaxşı görə və dərk edə bilir. Dərk edə bilir ki, şou sənətçisi təhsilin problemlərini çözə bilməz.
Şou təfəkkürü ilə bu vacibi necə müzakirə etmək olar, niyə bu bu strateji ehtiyat şou aparıcısının öhdəsinə buraxılmalıdır. Kütləvi informasiya vasitələrindən cəmiyyətə təhsil eksperti kimi tanıtdırılan Kamran Əəsdov isə əminliklə bildirir ki, məsələn, Tolik öz şou layihəsində təhsili müzakirə edə bilər və onun verilişinin populyarlığından faydalana bilərik. Tolik təhsilin problemlərini hansısa auditoriyaya çatdıra bilər. Hətta, Kamran Əsədov belə gileyini də ifadə edir ki, Gərək Təhsil Nazirliyi Toliki özünün İctimai Şurasına daxil etməli idi.
Əgər təhsilimizə Tolik pasibanlıq edəcəksə, nə yaxşı ki, biz sovet dövründə – SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik Mehdi Mehdizadənin Maarif Naziri olduğu dövrdə təhsil aldıq.
Mən internetdə prodüser, təşkilatçı, televiziya aparıcısı kimi tanınmış Tolik (Tarix Əliyevin) tərcümeyi halına nəzər saldım. Orta ixtisas və ya ali təhsili olması barəsində heç bir məlumat yoxdur, sadəcə, tam orta təhsilli olduğu qeyd edilir. Televiziya və mətbuat ona görə bu güə düşdü də, Azərbaycan Dövlət Universitetinin illərlə Azərbaycan televiziyasında fəaliyyət göstərmiş peşəkarları bu ocaqdan hansı yollarsa perik salındı, onların yerini Tarix, Zaur Baxşəliyev, Zaur Kamal, Murad Dadaşov, Sərxan Kərəmoğlu, Yusif, Elgiz əvəzlədi. Hələ tez-tez belə anonslara da rast gəlirik ki, filan müğənni, aktrisa filan kanalda veriliş aparacaq. Veriliş yox, şou layihəsi.
Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal “Muz TV Azərbaycan” adıyla 2012-ci ilin may ayının 11-də “muz-tv.az” saytı vasitəsilə yayıma başlayıb. Bu, adıçəkilən televiziyanın təqdimatında qeyd edilmiş cümlələrdir. Televiziyanın icraçı direktoru Vüsalə Kərimli də bir vaxt Lent.az-a müsahibəsində də bunu belə ifadə etmişdi ki, bizim kanalın məqsədi Azərbaycan musiqisini dünyaya, dünya musiqisini Azərbaycana çatdırmaqdır. Ona görə də kanalımızda dünya ölkələrin musiqilərinə yer verilir. Azərbaycanın muğamından tutmuş cazına qədər xüsusi saatlar ayrılıbdır.
Öz yolunuzu davam edin də. Yayımına icazə verilsin deyə, başqa məqsəd göstərirsiniz, fəaliyyətə başlayan kimi AZ.TV kimi fəaliyyət göstərməyə başlayırsınız. Özü də Toliklə. Tolikin heç bir təhsili yoxdur. Sadəcə, onun şou xiridarı olduğuna görə, onu bu TV-yə dəvət ediblər: izləyici sayı yarada biləcək deyə.
Musiqili televiziya öz ampulasından çıxmamalıdır.Əgər çıxırsa, onda ortaya kamil sənət nümunəsi qoymalıdır, auditoriya qarşısına Toliklə çıxmamalıdır.
Bizim özünü təhsil eksperti hesab edən Kamran Əsədov deyir ki, onun böyük auditoriyası var.Kimə lazımdır Tolikin auditoriyası.Siz bir təhsil eksperti kimi bunun dərdini çəkin. Əxlaqi-mənəvi dəyərlərə aid mövzulara 20 dinləyici baxış edirsə, Tolikin də, digər bütün şou layihəli verilişlərin də izləyicisi qat-qat çox olur.
Bəşəriyyətin xilasını maarifçilikdə görə sələflərinizin amalına tapının da.
Çoxlarının bəyənmədiyi sovet dövründə əyləncəli-musiqili verilişlər var idi, çox gözəl. Bunlar adın dəyişib “şou” edib avropalaşdılar, hələ bu sözün sonuna bir “biznes” də əlavə edib, məramlarını açıq-aydın rəsmiləşdirdilər: oldu şou-biznez, yəni, əyləncə sahəsində kommersiya fəaliyyəti. Buyur, nənə, bu da sənin Avropaya inteqrasiyan.
Siz inanırsınız ki, orta məktəbdə əksər qiyməti “əla” olan, asudə vaxtlarında dil kursuna gedən, idman məşğələlərinə getmiş bir şagird orta məktəbi başa vurub, birbaşa şou səhnəsinə gəlsin. Amma ayda-ildə dərsə bir dəfə gəlmiş, gələndə də sinif otaqlarını alt-üst etmiş, müəllimə, məktəbə etinasızlıq nümayiş etdirmiş şəxs gəldi şou sənəti sahələrinin birini seçdi. Bax, bu, ağlabatandır. Sonra fəxri ad aldı, dünyasını dəyişəndə də məzar yerinin digərlərindən fərqli məkanda olmasını təmin etdi.

Müasir həyatda çox vaxt məktəbin, təhsilin , böyük mütəfəkkirlərin deviz kimi önərlədiyi :
“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz” kimi
ideyanın tam əksi olur. Bu gün elədir ki, 10 il məktəbin, müəllimin başına od ələmiş, amma bu 10 il müddətində heç olmazsa, parta yoldaşının yazdıqlarından köçürərək bir 12 vərəqli dəftəri çalışma, məsələ ilə doldura bilməmiş şagird gəlir elə vacib sahələrdə özünə yer tapa bilir ki, ona hər zaman “Oxu, ağıllı ol” demiş müəllimindən də, 1 gün dərs buraxmamış, hər zaman yüksək təhsil nailiyyətləri olan sinif yoldaşlarından yaxşı maaş alır, cəmiyyətdə mövqeyi də onlardan yüksək olur. Amma heç kim heç yerdə bu məntiqin əksi olan 1 hala belə rast gəlməməldir. Həyatda hər kəs öz yerini ancaq gerçək bacarıq və qabiliyyətinə görə tutmalıdır.
Son günlər ümumtəhsil məktəblərində bu və digər səbəblərdən baş vermiş neqativ hadisələr kütləvi informasiya vasitələri ilə tirajlanaraq təhsil sistemimizin nüfuzuna ciddi zərbə vurmaqdadır. Cəmiyyət də seyrçi olaraq davam etməkdədir. Nə üçün mətbuat və televiziya kanallarında məktəb və təhsillə bağlı yazıların monitorinqi aparılmır? Nə üçün belə media qurumlarına treninqlər keçirilmir, söhbətlər aparılmır ki, hər kəs, hər mətbu qurum bu vacib sahəyə çox məsuliyyətlə yanaşmsın. Hər əlinə qələm, mikrafon alan müəllimdən, məktəbdən yaza bilməz.
Məktəblərdə son vaxtlar dəb halını almış hadisələrlə bağlı mətbuatda, telekanallarda deputatlar, başqa vəzifəli şəxslər, ədəbiyyat və sənət adamları da fikir bildirirblər. Deputatlar və vəzifəli şəxslər də məsələnin nüvə mahiyyətindən uzaqlaşıb, hər şeyi özlərinin cavabdehlik daşımayacağı əraziyə köçürürlər: “Direktor kabinetdən çıxmalıdır”, “Müəllim uşaqları sevməlidir”, “Valideyn uşağa tərbiyə verməlidir” və sair. Bunlar sonuncudur. Əvvəlcə, məktəbin və müəllimin nüfuzunu qaldırmaq lazımdır. Müəllimin əmək haqqı cəmiyyətin digər peşə sahiblərinin gerçək vəziyyətindən üstün hala gətrmək lazımdır.
Müəllimin iş şəraiti ideal olmalıdır.
Bəli, bu, bir həqiqətdir ki, Azərbaycanda heç vaxt son illərdəki qədər təhsil müəssisələri, bağça tikilməyib.
Məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı da sevindircidir. Amma rayonlarda hələ elə məktəblər var ki, bu cür təhsil müəssisələri ən zəif inkişaf etmiş ölkələrdə ola bilər. Millət vəkillərinin, yazıçıların belə məktəb və bağçalardan xəbərləri də yoxdur. Olsa da, onlar bu vəziyyəti ən yuxarı səviyyələrdə müzakirəyə çıxarıb həlli üçün davamlı səy göstərməyəcəklər.
Ümumiyyətlə, hər ailənin bir qonaq otağı olduğu kimi, hər rayonun da aidiyyəti sahələr üzrə nisbətən qonaq aparılmalı bir otağı olardı. Gələn qonaqlar da bu otaqlarda qarşılanıb yola salındıqları üçün anca müsbət şeyləri dilə gətirirlər. Daha mərkəzə qayıdıb deməyəcəklər ki, təhsil müəssisələrindəə, Nazirlik və baş idarədə rəhbər vəzifələrə qeyri-pedaqoji ixtisaslıları necə təyin edirsiniz? Keçmiş Kənd Təsərrüfatı Akademiyasının məzunu hara, Təhsil Nazirliyində, böyük şəhərlərin birində Təhsil İdarəsinin rəhbər vəzifə hara.
Siz inanırsınız ki, Dövlət ali təhsil müəssisəsində hüquq fakültəsini fərqlənmə ilə bitirmiş şəxs 10 ildən çox yüksək qurumlarda işləsin və sonra ordan ayrılıb təhsil sahəsinə gəlsin. Siz inanırsınız, mən inanmıram.
Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr və magistr təhsili almış şəhs Gəncə Şəhər Təhsil İsarəsinin müdiri təyin edilib. İnanırsınız bu təinat Gəncə təhsilini ağ günə çıxaracaq, mən inanmıram.
Gəncə Dövlət Universitetinin sırf ümumtəhsil məktəbləri üzrə alimlərindən birini qoymaq olmazdımı və yaxud Gəncənin ümüumtəhsil məktəblərində bu etimada layiq müəllim yox idimi ki, mühasibat üzrə mütəxəssisi belə məsul vəzifəyə təyin edirlər? Təhsil Nazirliyində, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsində son onillikdə bu cür kadrlar çox peyda oldu.
Hələ kifayət qədər yetişməmiş, dünyagörüşü qazanmamış, üstəlik metodiki səviyyəyə yiyələnmiş bir inzibatçı kadr onun yaşı qədər stajı olan müəllimə rəhbərlik etməsi, metodiki istiqamət vermək istəməsi nə dərəcədə doğrudur?
Niyə Ayı Ay yerinə, Günəşi Günəş yerinə, ulduzları ulduz yerinə qoymursunuz?

Davamı var…