Nostalji
Biz dul qadınların layiq olduqları hüquqlardan və sosial müdafiədən istifadə etmələrini təmin etməliyik. Ölüm qaçılmazdır, lakin biz dul qadınların vəziyyətini yüksəltməklə və ehtiyac duyduqlarında onlara kömək etməklə onların əzablarını azalda bilərik.
Pan Gi Mun
BMT-nin 8-ci Baş katibi

2011-ci ildən etibarən hər il iyunun 23-də dünya ictimaiyyəti Beynəlxalq Dul Qadınlar Gününü qeyd edir. Bu, BMT Baş Assambleyasının 2010-cu ilin dekabrında keçirilmiş sessiyasında qəbul edilmişdir. Bu tarix kişi dəstəyindən məhrum olmuş qadın və uşaqların taleyinə diqqət yetirmək imkanı verir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bu gün dünyada 258 milyondan çox dul qadın var, hər on qadından biri həddindən artıq yoxsulluq içində yaşayır. Çoxlu sayda dul qadın silahlı münaqişələrin aparıldığı ölkələrdə yaşayır; onların vəziyyəti xüsusilə ağırdır: ərlərini gənc yaşlarında itirirlər, eyni zamanda hərbi əməliyyatlar şəraitində və heç bir kənar dəstək olmadan uşaq böyütmək məcburiyyətində qalırlar.
Vəziyyət onunla daha da ağırlaşır ki, bir çox ölkələrdə qadın statusu ərinin statusundan irəli gəlir və dul qalaraq hər şeyini – hətta əsas yaşayış vasitələrini belə itirə bilər. Elə dövlətlər var ki, dul qadınların vərəsəlik hüququ yoxdur, işləmək hüququndan məhrumdurlar və cəmiyyətin tamhüquqlu üzvü sayıla bilməzlər. Dul qadınlar tez-tez öz evlərindən qovulur və fiziki zorakılığa məruz qalır və bəzən hətta öz ailə üzvləri tərəfindən öldürülür. Və sosial statusunu bərpa etmək üçün dul qadın ərinin qohumlarından biri ilə evlənməli olur, çox vaxt bu, onların iradəsinə zidd olur.
Bir çox ölkələrdə dul qalmaq stiqmadır və şərəfsizlik kimi qəbul edilir. Bəzi mədəniyyətlərdə dul qadınlar lənətlənmiş sayılır və cadugərliklə əlaqələndirilir. Bu cür yanlış təsəvvürlər nəticəsində dul qadınlar qovulma, təqib və hətta daha çirkin zorakılıq formalarına məruz qalırlar. Məsələn, HelpAge İnternational təşkilatının araşdırması, Tanzaniyada yüzlərlə yaşlı qadının, əsasən də dul qadının cadugərlik ittihamı ilə öldürüldüyünü müəyyən edib.
Dul qadınların uşaqları çox vaxt həm mənəvi, həm də maddi cəhətdən əziyyət çəkirlər. Dul analar ailələrini təkbaşına təmin etməlidirlər. Uşaqları məktəbdən birbaşa işə göndərməyə məcburdurlar.
Qəddarlığın bu cür təzahürlərinə çox vaxt mədəni və ya dini təcrübələr çərçivəsində haqq qazandırılır. Dul qadınların hüquqlarının pozulmasına görə cəzasızlıq adi hala çevrilib və çox az adam məsuliyyətə cəlb olunub. Hətta hüquqi müdafiənin geniş tətbiq olunduğu ölkələrdə də dul qadınlar sosial cəhətdən təcrid oluna bilər.
Bızi inkişaf etmiş ölkələrdə belə, qadınlar sığortanı itirməkdən, kredit almaqda çətinlik çəkməkdən tutmuş uşaqları tək böyütməyə qədər müəyyən çətinliklərlə üzləşirlər. Bəzi hallarda arvadlar ölən ərin borclarına cavabdehdirlər. Dulluqla əlaqəli iqtisadi səbəblər də bəzi qadın və qızları fahişəliyə sövq edə bilər.
Beynəlxalq Dul Qadınlar Günü uzun müddət diqqətdən kənarda qalan dul qadınların hüquqlarının tam tanınmasını təmin etmək üçün fəaliyyət göstərmək imkanı verir. Dul qadınlara qarşı sui-istifadə hallarını müəyyən etmək, habelə onların vəziyyətini daha yaxşı başa düşmək üçün əlavə araşdırmalara ehtiyac var və ailə vəziyyəti, cinsi və yaşı üzrə ayrı-ayrılıqda statistik materiallar hazırlanmalıdır.

Şəxsən özümüzə gəldikdə, adam bilmir hansı fikir bildirsin, təskinlik də vecə gəməz daha. Kifayət qədər yaşı olan bir qadın uşaq deyil ki, nəyləsə könlünü alasan. Hansı yollasa başını qatasan. Lap gündə biri etsin bunu. Lap həmin qadının həyatının sonuna kimi başını qatsınlar. Kimə lazım, nəyə lazım belə “canıyananlıq”lar.
Sevdiyiç şair Cabir Novruz necə gözəl ifadə edib:
… Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir…
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…
Elə yazını paylaşmaqda məqsədim də bu olub ki, əziz, hörmətli xanımlardan rica edim ki, ərlərinizi qoruyun. Onlar da Sizi qorusun. Nə uzun ömür imiş ki 70 il, 100 il….









Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.