Bu yolun sonunda soyuq tənhalıq — Ayrılmayın/getməyin

Nostalji

Bayram Xəlilov – Tənhalıq

Azmışam taleyin sərt yollarında,
Gedirəm qara çən, sis yara-yara.
Vücudum tabutdur öz qollarımda,
Mən hara gedirəm, ay Allah, hara?
*****
Bəlkə çanlı deyil, qara bir daşam,
Elə bil qeybdən, göydən gəlmişəm.
Bir zaman dünyanı gəzib dolaşan,
İndi bir addımla heydən düşmüşəm.
*****
Bu yolun sonunda nur var, işıq var,
Bu yolun sonunda zülmət, qaranlıq.
Hər mənzil başında isti otaq var,
Bu yolun sonunda soyuq tənhalıq.
*****
Nə geri dönməyə dizdə taqətim,
Nə də yaşamağa möhlətim qalıb.
Tanrıdan almağa nə bir qismətim,
Nə də qaytarmağa minnətim qalıb.
*****
Düşmüşəm dumanlı, çənli yollara,
Mən hara gedirəm, Ay Allah, hara?
Bir gözəgörünməz əl istəyirəm,
Tutub əllərimdən geri qaytara…