Mövqe

Amerikada 15 yaşlı uşaq bazarda xəlvəti olaraq çörək dükanına daxil olur, rəfləri sındırır , amma tez də yaxalanır. Bazarın şikayəti ilə polis tərəfindən həbs edilən uşaq hakim qarşısına çıxarılır.
Məhkəmədə hakimlə uşaq arasında aşağıdakı dialoq baş verir:
Hakim: Niyə oğurluq etdin?
Uşaq: Mənə çörək lazım idi.
Hakim: Oğurluq əvəzinə çörək almamısan?
Uşaq: Almağa pulum yox idi
Hakim: Siz ailənizdən pul istəyə bilərdiniz.
Uşaq: Evdə yalnız anam var. Anam xəstədir, işsizdir. Məcbur olub, çörək və pendir oğurladım
Hakim: Sən balacasan, normal işin yoxdur.
Uşaq: Mən yuyucuda işlədim. Bir həftə əvvəl anama qulluq etmək üçün məzuniyyət götürdüm və buna görə işdən çıxarıldım.
Hakim: Kömək istəyəcək yerin yoxdu, heç kim?
Uşaq: Hər gün evdən çıxanda hər hansı bir işə işçi axtaran ən azı əlli ünvanla əlaqə saxlayıram, amma alınmır. Nəhayət, oğurluq etmək qərarına gəldim.
Məhkəmədə hakim tərəfindən məhkəmə zalındakı adamları, cəmiyyətə məlum olandan sonra isə eşidən-bilər hər kəsi heyrətləndirən qərar çıxarır. Hakim uşağın əvəzinə məhkəmədəkiləri cəzalandırır. Deyir ki, oğurluq, xüsusən də çörək oğurluğu çox utancverici cinayətdir. Bu cinayətə görə hamımız məsuliyyət daşıyırıq.
Bu zalda hər kəs daxil olmaqla mən də bu cinayətə görə cavabdehəm. Mən hər birinizə uşağa 10 dollar cərimə kəsirəm. Hər kəs uşağa 10 dollar ödəməyincə məhkəmədən çıxa bilməyəcək.
Hakim nə qədər möhkəm dayanmağa çalışsa da, bu sözləri dedikdən sonra göz yaşları içində zalı tərk edir: “Çörək oğurlayan adam tutulursa, o camaatın, cəmiyyətin, dövlətin bütün insanları utanmalıdır”.
Bütün bunları o vaxt oxumuşdum ki, 5-6 ay əvvəl buna oxşar bir hadisə bizim ölkəmizdə də baş vermişdi.
Səbail rayonunda “Əli və Nino” kitab mağazaları şəbəkəsinin birində oğurluq hadisəsi baş vermişdi. Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxslər saxlanılıblar.

Ara-sıra mətbuatda kitab köşklərindən edilən oğurluq haqqında məlumata rast gəlmişəm və ciddiyə almamışam. Kitab mağazasından nə oğurlaya bilərlər ki? Amma bu hadisədən sonra bu məsələyə cəmiyyətin, ayrı-ayrı sosial qrupların baxışları maraq doğurduğu üçün axtarış sistemi vasitəsi ilə daha bir çox digər məlumatları izlədim.
Məlum olub ki, onlar mağazadan 2 ədəd kitab oğurlayıblar. Görən, hansı kitab imiş o iki kitab, hansı bəxtəvər yazıçının əsəri imiş həmin gənclərin mağazadan xəlvətcə götürdükləri kitab?
Əlbəttə, kimsə bu əmələ haqq qazandıra bilməz. Heç kim özünün olmayan nəyəsə çəpəki də olsa belə, baxmamalıdır. Amma hadisə baş verib. Mətbuat, televiziya bütün Azərbaycana bu hadisə haqqında məlumt yayıb. Saxlanılanların fotoları nümayiş edilib. Mətbuat, televiziya da fəaliyyətlərindən xatircəm olublar ki, hadisəni operativ olaraq ictimailəşdirib, “cinayətin” isti izlərlə açılmasında vəsilə olublar. İndi də cəmiyyətə üz tutulur ki, E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polisə məlumat versinlər.
Baxın, ömrümüz boyu bizə lənətlənən Qərb dünyasında bu məsələyə necə humanizmlik göstərilir, bu qədər qonaqpərvər, tolerant olan ölkəmizdə necə.
Lap çoxdan Nəsimi rayonu ərazisində bir qadın(özü də müəllim, nüfuzlu ali məktəblərin birinin müəllimi) mağazaların birindən hansısa geyim əşyasını bu üsulla götürdüyünə görə, kameraya düşüb. Uzun zaman mətbuat yazdı, özəl kanallar, televiizyalae süjetlər göstərdi. Həmin müəllimə yəqin ki, bu hadisədən sonra işləyə bilməzdi.Yəqin ki, yaşadığı ünvanı da dəyişdirmişdir. Hələ onun ailəsinin, qohum-əqrəbasının bu olaydan necə pis durumda qaldıqlarını demirəm.
Bir çox mətbu vasitələr fərqində deyillər, təki hadisə olsun, yazmağa fakt olsun, hər şeyi qələmə alırlar. Belə informasiya cəmiyyətə nə fayda verə bilər, nəyə lazımdır onu yaymaq? Olmazdımı hadisə hüquqi müstəvidə araşdırılıb əmələ müvafiq tədbirlər görüləydi. Həmin müəllimi cəmiyyətə belə təqdim etməklə, müəllimin, təhsil ocaqların reputasiyasına zərbə vurulmayaydı. Həmin qadının sonrakı həyatı düşünüləydi, ailəsi, qohum-əqrəbası cəmiyyətə bu şəkildə təqdim edilməyəydi.
Və yaxud 2 kitaba görə bu qədər rezonans nəyə lazımmış? İnformasiyanın, texnologiyanın indiki halında gündüzün günorta çağı aldadan, kiminsə haqqını, əməyini istismar edən ticarət və xidmət şəbəkələri var, bəs bunlar oğurluq deyilmi? Onların fəaliyyəti “ticarət, biznez, sahibkarlıq” adlanır, gizli şəkildə bir kitab, bir kofta götürən cəza ilə bərabər, ondan da ağır rüsvayedilir.
Təbii ki, istənilən qanuna zidd əməl hüquqi qiymətini almalıdır. Bu, cəmiyyətin nümunəvi davranış xurallarını nizamlamaq və qorumaq üçün mütləq lazımdır. Mənim demək istədiyim isə budur ki, mətbuat belə hadisələri xəbərləşdirərkən çox həssalıq nümayiş etdirməlidir. Ümumi şəkildə hadisəni təqdim etdiniz bəsdir. Hüquq-mühafizə orqanları, təbii ki, zəruri əməliyyat- istintaq tədbirləri görəcək, analiz edəcək, əmələ həm qanunun alilliyi baxımından, həm şəxsiyyətin, xarakterin cəmiyyədəki yeri baxımından qiymət verəcək. Cəzanın, qadağanın da məqsədi tərbiyə etməkdir. Hesab edirəm ki, haqqında bəhs etdiyimiz hadisə bu şəkildə ictimailəşdirilməməli idi.
Adətən, insan oğurluğa ehtiyac üzündən əl atır. Viktor Hüqonun “Səfillər” romanını mən ali məktəbdə deyil, orta məktəbdə oxumuşdum. Bir yatanda, bir çörək yeyəndə kitabdan ayrılmışdım. Mərhəmət fəlsəfəsisinin uşaq dünyagörüşündə oyatdığı təəssüratları təsvir etməkdə qələm də, söz də belə acizdir. Jan Valjan 7 uşaqla dul qalmış bacısının ac qızını doyurmaqdan ötrü mağazadan çörək oğurlamış və həbs edilmişdi. Dəfələrlə həbsdən qaçdığı üçün cəzası artırılmış və 19 illik məhbəs həyatı yaşamalı olmuşdur.
Yqəqin ki, bacısı qızı ac olmasaydı, ailə ehtiyac içərisində yaşamasaydı, Jan Valjan da oğurluq etməyəcəkdi.
Jan Valjan günahkar idi, amma cinayətkar deyildi. Əməli onu 19 illik məhbəs həyatı yaşamağa sürükləyə bilməzdi.
E.Süleymanlı və E.Əhmədov da başqa əməl törətməyiblərsə, konkret bu əmələ görə məhkəmənin hökmü olmadan cəmiyyətə “oğru”kimi tirajlaanması da məndə həmin düşüncəni yaradır. Bu gənclərimiz indiki halda günahkardır, amma cinayətkar deyil, oğru deyillər. Hüquq-mühafizə orqanlarımız bunu, əlbəttə, təqsirsizlik prezumpsiyası baxımından ədalətlə həll edəcəklər. İstərdim ki, hər adi məsələni bu qədər dilə-dişə salmayaq. Bir hadisə baş verəndə səbirli olaq, hüquq-mühafizə orqanlarının açıqlamalarını gözləyək.
Bu, sadəcə, kleptomaniyadır, “oğurluq xəstəliyi” kimi də deyilə bilər. İzahlı lüğıtlərdə qeyd edildiyi kimi, ehtiyacları olmasa da, icazəsiz hansısa əşyaları satmağı düşünmədən onlara sahib olmaq istəyidir, bir impulsiv kontrol pozuntusudur. Belə adamlar özlərinin bu cür istəklərinə qarşı ola bilmirlər. Cinayət oğurluğunu törədənlər isə öz əməllərini təkbaşına və ya qrup halında əvvəlcədən düşünərək, ölçüb-biçərək, münasib vaxt təyin edərək, “kəşfiyyat” aparaq şüurlu və məqsədyonlü şəkildə həyat keçirirlər. Sovet vaxtı eşitmişdim ki, dahi rəhbər V.İ.Lenin deyərmiş ki, kitab oğrusunu həbs etmək olmaz, onu cinayətkar adlandırmaq olmaz. Mən prokuror olsaydım, hakim olsaydım, mütləq bunu nəzərə alardım. Heç olmazsa, kaş hind filmlərindəki vəkillərdən olaydım. Elməddini, Elvini bu vəziyyətə düşməyə qoymazdım. Barı, oğurladığı kitablar kitab olaydı.
Ali məktəbdə bizim bir müəllimimiz vardı, Kamal Qəhrəmanov… Onun mühazirəsindən yadımda qalan (45 il bundan əvvəl ha…) belə yer var. Oğru bir qadına kömək etmək adı ilə yaxınlaşıb çamadanını götürüb qaçır. Onun gizli bir yeri varmış, oğurladıqlarını ora aparırmış. Bu çamadanı da ora aparır, açanda görür ki, ələ gələn heç nə yox: paltar və paltarların üstündə N.Ostrovskinin “Polad necə bərkidi” romanı.
Oğru bekar vaxtlarında bu əsəri oxuyur və və həmin andan da oğurluğun daşını atır.
Bu hadisədən sonra saytların yazdıqlarına görə, Elməddin Süleymanlı Türkiyə universitetlərindən birində kinoçünaslıq üzrə ali təhsili alıb, hətta ,bir neçə sənədli filmin, qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir. Yenə yazılanlara görə, Elməddin hazırda tammetrajlı bir filmin çəkilişləri ilə məşğuldur. Bəlkə Elməddin bir yaradıcılıq addımı kimi qəbul edilə bilən bu addımı məhz ona görə atıb. Atı məşhur yazıçıar olub, oğru həyatından yamaq üçün qəsdən oğurluq edib həbsxanaya düşübvə həbsxanada oğru həyatının bütün psixologiyasına dərindən bələd olub.
Bəlkə Elməddinin də yaxın gələcəkdə oğurluq, həbsxana həyatı mövzusunda səhnə/ekran həyatı verdiyi bir film ekranda qarşınıza çıxsa, etiraf edəcəksinizmi? Bu boyda adam oğurluq edirdisə, gərək oğurladığı da oğurlamağına uyğun bir əşya olaydı.
Xəlvət kitab götürən insanlığa, cəmiyyətə zərər vuran əməl törətmir ki. Bəlkə üzərində işlədiyi tammetrajlı filmdə belə bir epizod var. Kim bilir…
Ona görə də istərdim ki, kütləvi informasiya vasitələri, bəzi televiziya kanalları belə xəbərləri məhkəmənin qərarı olmadan açıq şəkildə ictimailəşdirməsinlər. Hüquq-mühafizə orqanları araşdırıb, hüquqi tədbir görürsə, mətbuatda gedən bu şəkildə müzakirələri doğru hesab etmirəm. Bu adamların cəmiyyətə çox lazım olduğu qayğısı da yenə bu cəmiyyətindir.

Qeyd: Yazı üçün bəzi internet mənbələrindən istifadə edilmişdir.