Mövqe

Məmməd Araz – Dünya düzəlmir
Böyük Mirzə Cəlilə
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran, əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
*****
Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı…
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!
*****
Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!
*****
Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!
*****
Mən təkdim, cüt oldum: təkləndim yenə,
Özüm yük çəkənəm,
Özüm də yükəm!
Baxsam “döz” deyənə, “döz” deyilənə
Ağzımdan qapılar öz halal tikəm,
Dünya düzəlmir ki, düzəlmir, baba!
******
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası…
Dünya düzəlmir ki, düzəlmir, baba!
*****
“Mənəm” deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!
*****
Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Çox verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!

Dünyada yeddi milyard beş yüz min adam yaşayır.
Bu yeddi milyard beş yüz min adamın hər gecə bir milyard nəfəri hər gecə ac yatır.
Hər 6 saniyədə bir uşaq aclıq üzündən həyatını itirir.
2 milyarddan çox insan yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır.
Bir milyard yarım insan sağlam içməli sudan məhrumdur.
Müharibələr və terror hadisələri səbəbindən hər 4 saniyədə bir insan qaçqın və köçkün düşməyə məhkumdur.
Hər gün 30.000 uşaq tamamilə sağala bilən xəstəliklərdən ölür.
Bəs dünyanın mövcud imkanları bu yoxsulluğu və aclığı aradan qaldırmağa qadir deyilmi?
Sadəcə, futbolda dövr edən pul 500 milyard dollardan ötüt, amma 100 milyard dollar dünyadakı aclığın, aclıqdan ölümlərin ortadan qalxması üçün yetərlidir.
Dünyada ən zəngin 5 nəfərin ümumi zənginliyi 280 milyard dolları təşkil edir, ən yoxsul 20 ölkənin isə təxminən 10 milyard dollar borcu var.
Bir milyard yarım insanın gündə 2 dollar müqabilində səhərdən günbatana tər tökürsə, fransız rəssamı Pol Sezannız dünyanın ən bahalı tablosu kimi dəyərləndirilən “Qumarbazlar” tablosuna verilən pul 268 milyon dollardır.
Bir avtomobil sərgisində 10 dəqiqəlik təqdimatda iştirak edən qadın manekenə verilən pul 100 min dollardır və o avtomobil zavodunda minimum maaşla işləyən bir fəhlənin eyni miqdarda pul qazana bilməsi üçün 20 il işləmək gərəkdir.
Kosmetik vasitələrin reklam xərcləri dünyada yoxsulluq və məhrumiyyətin qarşısını ala biləcək miqdardır.
Elə isə dünyada nə üşün yoxsulluq və aclıq olmalıdır?

Qeyd: Yazı türkcədən tərcümə ilə hazırlanmışdır

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.