Etnoqrafiya

Fevralın 21-də müqəddəs Novruz bayramımızın ilk çərşənbəsidir.
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiətə təbiətə) hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar.Çərşənbələr yazın gəlişindən xəbər verir.

Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “Əzəli çərşənbə”, “Gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Odur ki, bu günü səbirsizliklə gözləyən hər bir kəs hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.
Bu mərasim aşağıdakı nəğmə ilə başa çatar:
Sel çapar, su çapar,
Bir günah işlədim,
Gəl onu tut, apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar…
Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yaradanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Digər çərşənbələrimiz isə bu ardıcıllıqla davam edəcək: fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.
Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Su ilə bağlı atalar sözləri
Su axan arxa birdə gələr.
Su axar, çuxurunu tapar.
Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
Susuz ağac bar verməz.
Suyun lal axanı, adamın yerə baxanı.
Suda boğulan saman çöpündən yapışar.
Su sənəyi suda sınar.
Sulu el abad, susuz el viran olar.
Su ilə bağlı alqışlar
Sucan ömrün olsun.
Su kimi duru olasan.
Su kimi paka çıxasan.
Su qədər əziz olasan.
Su ilə bağlı inanclar
Su kiçiyindir, yol böyüyün.
Odu su ilə söndürmək günahdır.
Su içən adamı ilan vurmaz.
Qaynar suyu yerə tökmək olmaz
Su içən adamı qəfil vurmazlar.
Yuxuda su görmək aydınlıqdır.
Səfərə çıxanın arxasınca su atarlar.
Axar murdar götürməz.
Su ilə əlaqəli tapmacalar
1.Ay gedər ha, il gedər,
Gecə-gündüz yol gedər.
Nə dili var, nə ağzı,
Nərildər aslan kimi.
2. Yer altında gümüş kəmər
3.Uzun qızın kölgəsi yox,
Müştərisi hamıdan çox.

Qeyd: Yazı internetdə informasiya yaymaq üçün açıq mənbələrdən istifadə ilə təqdim olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.