Mövqe

Deyim və atalar sözləri xalqın dil və mədəniyyətində qəlibləşmiş, özlərinə uzun illər leksik mühit qazanmış söz qruplarıdır. Bu atalar sözlərinin böyük bir hissəsi,demək olar ki, yarıdan qat-qat çoxu əsrlərin sınağından, el süzgəcindən keçərək dövrümüzə qədər öz urvatını olduğu kimi saxlaya bilmişdir.

Məsələn, “İşləməzyən dişləməz”, “İgid ölər, adı qalar”, “Dil ürəyin açarıdır”, “Söz vaxtına çəkər”, “Şirin dil ilanı yuvadan çıxardar”, “Ev bizim, sirr bizim”,“ Yüz ölç, bir biç”,“ Alim olmaq asandır, adam olmaq çətin”,“ Kişini tez qocaldar axşamdan yatan arvad”,“ Cəfa çəkməyən səfa görməz”,“ Qorxan gözə çöp düşər”,“ El gücü, sel gücü”,“ Nə tökərsən aşına, o çıxar qaşığına”,“ Qız nəvəsi şirin olar”,“ Artıq tamah baş yarar” kimi atalar sözləri buna misal ola bilər. Belə atalar sözlərində onu söyləyənlərin məramı-məqsədi bəlli olduğu kimi, hikmətli kəlamların özlərinin də anlamları aydın. Hər kəs bunlardan doğru anlayıb, doğru-düzgün dərk edə bilirlər.
Bu atalar sözlərinə yeni sözlər əlavə olunarsa, ifadə pozğunluqları yaranacaqdır. Bu cürə sözlər müəyyən bir vəziyyətə aid qəlibləşmiş sözlər olduğu üçün onları başqa sözlə əvəz etmək olmaz. Dilə gətirilmiş atalar sözü və ya məsəllər həmin vəziyyətə uyğun olmalıdır.
Amma “Qarın qardaşdan qabağadır”, “Palaza bürün, elnən sürün”, “Anasına bax, qızını al”, “Qızını döyməyən, dizini döyər”, “Ayağımızı yorğanımıza görə uzat”, “İgidlik ondur, doqquzu qaçmaqlıqdır”, “Elnən gələn bəla toy-bayramdı” və sair bu qəbildən olan çoxlu sayda atalar sözləri və məsəllərimiz var ki, bəzi insanlar belə atalar sözlərini müdriklərin çatdırmaq istədikləri kimi deyil, özləri başa düşdükləri kimi qəbul edir və başa düşdükləri kimi də şərh edirlər: özlərini müdrik kişilərdən, ixtiyar nənələrdən çoxbilmiş hesab edirlər.
Bəzən bu anlaşılmazlıqlar insanların atalar sözləri ilə atalar məsəlini ayırd edə bilməməsindən irəli gəlirsə, bəzən də konkret olaraq hər hansı atalar sözü və ya məsəlin müəyyən bir üslubi məqamla bağlı olmasını görə bilməməsindən baş verir. Əvvəla, bilmək lazımdır ki, hər bir atalar sözü fikir inciləridir , yoxsa əsrlərlə davam edə bilməzdilər, ikincisi isə atalar varislərinə heç vaxt özlərindən pis nümunə qoymazlar. Elə isə atalar sözlərimizi , onları deyənləri qınağa tuş qoymaq cəhdini, onların ipə-sapa düzülməli olan incilərində kəm-kəsir axtarmaq çox böyük suç. Ataların boynuna qoymaq istənilən xəcalətdən daha böyüyü belə düşünənlərin özlərinin boynuna düşür. Bu xüsusda irad bildirilən daha bəzi atalar sözlərimiz haqqında fikir bildirək.
Atalar sözləri bitmiş bir fikir ifadə edir, tərbiyəvi-əxlaqi nəticə verən bir cümlə və ya hökm şəklində olur. Bir qədər də obrazlı demiş olsaq, məsəllər hələ “çiçək” olduğu halda, atalar sözləri artıq yetişmiş meyvədir və bütün cəmiyyətlər üçün keçərlidir. Atalar məsəli isə müəyyən bir hökmü, vəziyyəti izah etmək, başa düşməyi asanlaşdırmaq üçün istifadə olunur. Məsələn: “Elə bil tünd sirkədir”, “Sən çaldın”, “Qələt yağ küpəsindədir”, “Dava yorğan davasıdır” ,”Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”, “Ölüb Fərhad, gəlmir külüngünün səsi”, “Leyliyə Məcnun gözü ilə bax”, “Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye” və sair .
İndi keçək yanlış şərh olunan bəzi atalar sözlərimizə. Məsələn, “Qarın qardaşdan qabağadır” atalar sözümüzə. “Kitabi- Dədə Qorqud” dastanlarında qardaşa “qarın + daş” deyilib, yəni, eyni qarında böyümüş şəxslər. Bir insan üçün eyni ananın bətnindən nəşvü-nüma tapıb ərsəyə gəlmiş qardaş və bacıdan (qız qardaşı) da yaxın, əziz digər varlıq ola bilərmi? Əlbəttə, yox. Amma, təəssüf ki, bir qisim insanlar da var ki, belələri bir çeşidli nahar süfrəsi üçün, vəzifə üçün, daha nələr üçün qardaşdan da, Vətəndən də keçə bilər. Adam var ki, idealları uğrunda nəinki ac-susuz qalar, hətta ölümü də qəbul edər. Adam da var ki, həmişə yediklərindən bir qədər fərqli yedirdib istədikləri hala gətirə bilərlər. Belələri üçün qarın, görünür, qardaşdan da, bacıdan da irəlidir. Müdriklərimiz , məhz, belələri üçün kinayə ilə işlədib bu fikri.
Bəzi atalar sözlərimizi bəyənməyənlər “Ayağını yorğanına görə uzat” kəlamına da şəbədə qoşurlar4 ki, ayağımızı yorğana görə uzatmaqdansa, ayağa qalxmalı və bu yorğanı cırıb atmaq lazımdır.
Atalar burada varislərinə etalona düzgün riayət etnəyi tövsiyə edir. Bəzən elələri olur ki və indi də var onlar, öz real imkanlarından böyük iddiaya düşürlər. Cəmiyyət hər kəsə belə boy versə, onda həmişə yerində sayar ki. Hər kəs general olmağı arzulaya bilər, amma gərək istək və bacarıq uyğun olsun axı. Atalar belələrinə məsləhət görür ki, ayağını yorğanına görə uzat.
“Elnən gələn bəla toy-bayramdır”-, deyiblər. Amma dostlarımız deyir ki, başımıza bu qədər müsibət gəldi. Torpaqlarımızın 20 faizi işğal olundu. İnsanlarımız öz dədə-baba yurdlarından didərgin salındı. Şəhidlərimiz içim-içim sızıldadır hamımızı. Nə qədər soyuqqanlı olasan ki, bu müsibətləri toy-bayram kimi qəbul edəsən?
M.P. Vaqifdə də bu fikir eynən var:
Toy-bayramdır bu dünyanın əzabı,
Əqli olan ona gətirər tabı.
Mən də oxucuların o üzvlərindənəm ki, atalar sözünün həyatiliyini qəbul edirəm. Başqa yol yoxdur. İşğal, təcavüz nəticəsində itirdiklərimiz bəs deyil, qalanlarımız da intihar edək. Düşmən qarşısında sınmaq olmaz, əyilmək olmaz. Elliklə gələn bəlanı toy kimi çəkmək, yenidən dirçəlmək lazımdır. Atalar varislərinə çox doğru yol göstərmişlər.
“İgidlik ondur, doqquzu qaçmaqlıqdır”. Yəni, savaşa çıxmış, ekstremal hallarla üz-üzə gəlmiş insan hər vəziyyətə uyğun olmalıdır. Əgər onun üstünə 100 nəfər gəlirsə, o da təkdirsə, 100 nəfərə qarşı necə vuruşacaq?) Sanço Pansa yel dəyirmanı ilə vuruşan kimi? Bu atalar sözündəki qaçmaq insanı fiziki mənada qaçmaq deyil, ən ekstremal hallarda özünü itirməmək, dooğru-düzgün qərar seçmək baçarığına fokuslayır.
“El üçün ağlayan göz kor olar”. Bu atalar sözünün daşıdığl məna yükü onun dərinliyindədir. Çoxları onu lüğəvi mənasında qəbul edir.Amma əsı mənası el üçün, vətən üçün fədakarlıq edən, bütün rahatlıqlarını qurban verməyə hazır olan şəxslər üçün deyilib.Bəli, belə insanlar, nəinki gözsüz qalar, onlar istənilən an şəhid də olmağa hazır olurlar. Belələri, az deyil.
“Düz danışan düzdə qalar” kimi atalar sözləri onu təlqin etmir ki, el ümün ağlamayın, yanmayın. Nəyinizə lazımdır ki, düz danışasınız, axırda da düzdə qalasınız. Bu atalar sözlərində də qüsur yoxdur. Əsllində, atalar doğru deyib, sadəcə, onun ifadə forması mənanın səhv anlaşılmasına gətirib çıxarıb. Atalar sözü belə olmalıdır: “Düz danışan düz də qalar”. Belə adamları əqdəsindən, məsləkindən döndərmək olmaz.
Göründüyü kimi, bu atalar sözlərində ideya müsbətdir.
Bir çox atlar sözlərimizndə var ki, bir atalar sözü belə deyir, digər atalar sözümüz onun əksini.
Məsələn:
1) Dama-dama göl olar.
Quyuya su tökməklə quyu dolmaz.
2) Bu günün işini sabaha qoyma.
Tələsən təndirə düşər.
3) Danışmaq gümüşdüsə, susmaq qızıldır.
Susmaq razılıq əlamətidir.

İlk baxışda belə görünə bilər. Amma bu nümunələrdəki heç bir fikri digəri ilə qarşılaşdırmaq olmaz. Bunların hərbiri konkret hala və konkret vəziyyətə görə belə deyilib.
Dama-dama göl olar. Doğru deyilmi? Böyük çaylar, dənizlər qətrələrdən cəm olmayıbmı? Burada 2 fərqli vəziyyət var: birində əhəmiyyət vermədiyimiz kiçik məsələlərin sonradan böyük problemə çevrilə biləcəyinə xəbərdarlıq, birində isə kişik, balaca hesab edib itirdiklərimizin qədrini bilməyə çağırış. Eyni mahiyyətli iki əks nəticə birində təhlükəli ola biləcək nəyəsə, o birində xeyirli ola biləcəklərə diqqət fokuslanıb.
“Quyuya su tökməklə quyu dolmaz” fikrində də bir həqiqət var. Kənd yerində yaşayanların kimin həyətində “höyüt” (Şəki-Zaqatala zonasında su saxlamaq üçün həyətlərdə quraşdırılmış su quyusu) olubsa, bilir. hər qazılmış quyu su saxlamaz. Gəərk bunun nazını çəkib su saxlamaq vəziyyətinə gətirib çıxarasan. “Quyuya su tökməklə quyu dolmaz” , yəni, elə-belə, məqsədsiz çalışmalarla uğurlu nəticə əldə etmək mümkün deyil, daha sistemli və ardıcıl səylər tələb olunur.
2) Bu günün işini sabaha qoyma.
3)Tələsən təndirə düşər.
Burada da gərək eybəcər qarşılaşdırma yaradılmaya. Ümumiyyətlə, hər işi vaxtında görmək hansı prizmadan təhlil etsək, doğru seçimdir. Amma bu, o demək deyil ki, sən tələsib bu günün işini elə bu gün etməməli idin, səhərə, 1 həftə sonraya saxlasaydın nə olacaqdı ki. Axı tələsib qaş düzəldən yerdə, vurub gözünü də çıxardarsan deyimindəki kimi, tələsib də tərsə düşə bilərsən. Bu məqama tamam başqa aspekdən yanaşmaq lazımdır. Öz təbii axarında olacaq bir işi sakit, aramla, düşünüb daşınıb yerinə yetirmək tövsiyə olunur. Bu ifadədə “təndir” sözü əvəzinə “tərs” sözü daha doğru olardı.
3) Danışmaq gümüşdüsə, susmaq qızıldır.
Susmaq razılıq əlamətidir.
Belə deyilmi? Bəzən elə məqam olur ki, həmin məqamda insan özünü təmkinli aparmalı, ehtiyac oldu-olmadı özünü gözə soxmamalıdır. İnsan heyrancasına susub dinləməyi bacarmayınca, danımağı qızıl ola bilməz. Amma bu susmaq itaətsizlik kimi qəbul edilməməlidir. Tərəflərdən birinin soğusuna qarşı tərəfdən susmaqla cavab vermək anlamı var. Belə situasiya daha çox etiraf hallarında ola bilər və s.
Yazı ilə bağlı internetdə məlumat axtarırkən Türk saytlarında belə məsələlərə münasibətlə maraqlandım. Türklərin şifaxi xalq ədəbiyyatı nümunələrində də bizdəki kimi hallar var.
Məsələn, onlarda“Su küçüğün, söz büyüğün”, “Su uyur, düşman uyumaz” kimi atalar sözləri var. Amma onlarda atalara yanaşma bizdəki kimi deyil, onların müqəddəsliyi hifz olunur. Sadəcə, mətnin özündə xəta olduğu irəli sürülür. Folklor nümunələri şifahi yarandığı və çoxvariantlı olduğu üçün belə hallar ola bilər. Elmilik payı varsa, niyə də qəbul etməyəsən. Türk saytlarında bu məsələyə münasibət bildirənlər bizdəki kimi ahılları suçlamır, oxuycusuna izah edirlər ki, “Su kiçiyin, söz böyüyün ” atalar sözündə “su”, “susmaq” mənasında işlənir. Çünki əski türkcədə “su” susmaq, susmaq deməkdir. Türk adətlərinə görə, böyüklərin olduğu yerdə kiçiklər əvvəlcə dinləməli, sonra söz almalıdır:
“Sus küçüğün, söz büyüğün”. Çünki bizdən böyük insanlarla bir yerdə olduğumuz zaman söz haqqı böyüklərə verilməlidir. Belə mühitlərdə azyaşlıların çox danışması hörmətsizlik sayılır. Mülahizədə həqiqət payı daha çox deyilmi? Amma “Su kiçiyin, yol böyüyün” atalar sözlünü də onlar məqbul hesab edirlər. Çünki su ən əsas ehtiyaclarımızdan biridir. Əsas ehtiyaclara gəlincə, uşaqlar hər yerdə birincidir. Ona görə də ehtiyac varsa, 1-ci göz önünə uşaqlar alınmalıdır. Yol açmaq isə böyüklərə aid edildiyi üçün “yol böyüyündür” demişlər.
Burada qarşılaşdırılan əşyalar deyil, əxlaq nümunələri : böyüklərin kiçiklərə qayğısı, kiçiklərin isə böyüklərə ehtiramı önərlənmişdir.
“Sü uyur, düşman uyumaz” atalar sözündə isə 1-ci söz “su” kimi eyil, “şü” kimi olmalıdır. ” Bu atalar sözü haqqında söylənilələr də maraqlı fikilərdir. Onların fikrincə, şü” əski türkcədə “əsgər ” mənasındadır.Yəni, “əsgər yatar, düşmən isə yatmaz”. Göründüyü kimi, yuxarıdakı atalar sözü kimi bu atalar sözü də bitkin və əxlaqi sonluğu olan bir kəlamdır.
Atalar sözləri , sadəcə, uluların müdrik kəlamları deyildir. Bu zəngin irs bir ibrət dərsliyidir, əxlaq dərsliyidir, xüsusilə gənc nəsil üçün. Uşağın inkişafındakı mühit və irsi faktorların rolu olduqca əhəmiyyətlidir. Çünki bu yaşlarında onlar şəxsiyyət kimi formalaşmağa başlayırlar. Bu yönümdə atalar sözləri inların ruhunda, təfəkküründə silinməz izlər buraxır, onları dəyərli olanlara bağlayır. Atalar sözləri hər birimiz üçün bir qədirşünaslıq məktəbidir. Biz atalar sözünü. onları deyən kişiləri qəbul etməklə həm də tariximiziə, keçmişmizə və gələcəyimizə sahib çıxmış olarıq.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.