Müzakirə

Yaxşılıq itməz deyib yaxşılıq etməyə təşviq edən aqillərimiz. Çətində, darda bir kimsəsizin dadına çatmaq, imkansızın əlindən tutmaq, bir yetimi sevindirmək, bir ümidsizə təsəlli vermək… Bunlar hamısı bizə məhz həmin aqillərdən qalmış əxlaq xəzinəsidir. Qoruya bilsək, yaşada bilsək, insanlar bir-birlərinə qarşı hər zaman həssas olarlar.
Xeyirxahlıq, mərhəmət yalnız maddi dəstəkdən ibarət deyil. Kimisinə də mənəvi dəstək lazımdır. Bir təbəssüm , bir salam, bir xoş söz bəzən böyük uğurların başlanğıcı ola bilir. Bu, elə bir dil ki, karlar, korlar belə bu dillə danışa bilirlər.
Bəlkə də dünya xalqları arasında türk xalqı qədər xeyirxah, mərhəmətli xalq olmayıb və indi də yoxdur. Nağıllarımıza, dastanlarımıza nəzər salmaq kifayətdir ki, bununla bağlı saysız-hesabsız nümunələr izləyəsən. Hamının içində bir Allah sevdası var. Nə qədər laqeyd, biganə insan olsa da, bu və ya digər dərəcədə insanlara xeyri dəyir. Əgər bu gün qarşılaşdığımız həyat səhnələrində xeyirxahlıq nümunələrinə az rast gəliriksə, bu, heç də xeyirxahlığın qeybə çəkilməsi kimi düşünülməməlidir. Sadəcə, bəzi insanlar bir qədər soyuqlaşıb. Yaxşılıq, xeyirxahlıq isə diqqət görməyən yerdən pərvazlana bilməz. Keçən əsrin sonları ilə müqayisə etsək, bəli, o zaman müdriklərimiz də çox idi.Müdriklər qeyb olduqca, mərhəmət nümunələri də qeybə çəkildi. Fəqət, adda-budda həyatın qaranlıq guşələri vardısa da, işıq o qədər güçlü idi ki, barmaqla göstəriləcək sayda təsadüf olunan bədxahlıqlar xarakterik deyildi, tipikləşə bilməzdi. Onda insanlar daha gözəl idi. Ürəklər daha böyük idi. Sevgilər daha iti idi…

Hardan doldu xislətimizə, içimizə bu xudpəsəndlik, paxıllıq, eqoizm? Biz Bakıya gələndə – 80-ci illərin əvvəllərində şəhərdə heç kimsəmiz yox idi. Uzaq bir qohum vardı, keçmiş Razin qəzəbəsində, onlara gəldik, işləyəndə də, oxuyanda da vaxt tapan kimi ora qaçırdıq. Orasını da xatırladım ki, hiss etsə idik ki, gəlməyimizdən daralırlar, getməyəcəkdik. Əksinə, özlərini “öldürürdülər” adamdan ötrü. Özü də qonaq da tək biz deyildik. İnanın, evlərində hər zaman qonaq vardı. Çox sadə, kasıb adamlar idi. Allah rəhmət etsin, indi haqq dünyasınddırlar. Deməyim odur ki, onda insanların qanında, urvatında bir ocaqlıq, pasiban olmaq urvatı vardı. Hamı belə idi. Qabağımıza düşüb iş yerlərinə, yataqxanya, kirayədə qalacağımız evə, bir sözlə, hər yerə gedirdilər. Pul olmayanda lap pul da verirdilər. Ki, pis yola getməsin, təhsillərini sağ-salamat başa vursunlar. Elə bil ki, evlərinə gələn qonaqlar onlara həm də əmanət edilmişdi. Bunlar yazılmamış qanunlar idi. Onda 100 adamın 80-90 nəfəri belə idi.
İndi isə deyirlər ki, qonaq 1-ci gün qızıl, 2-ci gün gümüş, 3-cü gün bürünc, 4-cü gün mis, 5-ci gün pisdir… İndi bir ağacdan 10 qoz düşübsə, hər kəs istəyir ki, 10-nu da özü götürsün. İndi məmur istəyir ki, “özü salim olsun, cümlə-cahan batsa da, batsın…”
O zaman insanlar bayram, şənlik, iraq-iraq yaz mərasimləri, bədbəxt hadisələr zamanı qonşular, qohum-qardaşlar, dost-tanışlar bir-birlərinə çox canıyananlıq göstərirdilər. Kiməsə bir hadisə üz versə idi, lap gecə saat 02-30 -də olmuş olsaydı, bütün kənd ora axışacaqdı. Bu qədər gözəl duyğuları itirdik, Allahın dərghına suçlu gedirik.
Dedilər ki, hansısa tatar xanı Azərbaycandan keçərkən dəfinələr gizlədib, hər yeri al-qumaşa tutmaq olar tapılsa. Maraqlı olan budur ki, nəyə lazım idi bu dəfinə ki, onu belə şövqlə toplayırmış. Axı, bu sərvət bir xalqın sərvətidir, onu əsrlərlə torpağın laylarında gizləmək özü oğurluq kimi bir şeydir.

Bu gün bəzi populist xeyriyyəçilər və məmurlar da vardır ki, onlar şəxsi karyeraları üçün manevr edirlər. Bu, həmin an hiss olunur, istehza ilə qarşılanır.
Şərt o deyil ki, sən Ramazan bayramında kiməsə 20 manat verəsən, hardasa 200-300 manata iftar süfrəsi açasan. Yox, əzizim.. Bəlkə də dünyanın heç bir yerində Azərbaycanın xeyriyyəçiləri kimi humanist, müdrik ürək sahibləri olan messenatlar olmayıb. Niyə bir olmayaq …Sən məndən 20 dəfə üstün yaşa. Allah səni də bu xalqa elə buna görə bəxş edib: bacardığın qədər imkansza əl tut, bir yetimi sevindir, bir xəstəni müalicə etdirib körpə balalarına qaytar və s… Axı sənə bu cür adamların Allaha etdiyi dualar çox lazımdır. Allah ruzini, süfrəni daha bol etsin. Amma bacardığın köməyi həmişə et, bezmə, usanma.
Allahın adın tutub kimsə sənin üstünə gəlibsə, sən onu necə xəcil qaytara bilərsən? Lap qapına gəlməyib, sən belə adamların əhatəsində yaşayırsan. Özün baş çəkməlisən, hal-əhval tutmalısan.
Bir neçə gün öncə bir Bakı sakini qızına aldığı mebel kredit borcunu ödəyə bilmədiyi üçün özünü metro qatarının altına atmışdı. Xoşbəxtlikdən qadın xəsarət alsa da, həyatı üçün qorxu yox idi. Maraqlı olan da budur ki, mərkəzdən uzaq olan bir yaşayış məntəqəsində insanlar bu vəziyyətləri öncədən müşahidə edib, niyə həyan olmayıblar?
Hörmətli oxucu, bu cür imkansız həmvətənindən biri sizin qonşuluqda, məhəllədə yaşasaydı və sən əvvəlcədən bu barbu hadisədən öncədən məlumatlı olsaydın, nə edərdin? Və yaxud əgər sənin bu gün xeyirhahlıq etməyə imkanın varsa, onu necə edirsən, kimə edərsən?
Deyirəm ki, rast gəldiyim bir yetim uşaq,
Ata desin, ata bilsin məni görəndə.
Kim istəməz yıxılanın dayağı olmaq?
Kim sevinməz bir xeyirxah ömür sürəndə?


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.