Cavad Xanın şəhadət günü nə vaxtdır ?

Sərbəst səhifə

Cavad Xanın şəhadət günü 15 Yanvar günüdür, 3 yanvar günü yox

Uzun sürən yanlışlığa son qoyuldu və Gəncə şəhər rəhbərliyinin qərarı ilə Cavad xanın rəsmi anım mərasimi hər il 15 Yanvar 2022 il tarixində şəhid xanımızın türbəsi önündə keçiriləcək!

Bu məsələ haqda dəfələrlə yazmışıq, bir daha ətraflı izah etməyə çalışaq.

Bildiyiniz kimi, 218 il əvvəl, 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinə kimi vuruşaraq, Gəncə qalasının üzərində şəhidlik zirvəsinə ucaldılar.

Bütün köhnə tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian Təqvimi ilə 3 Yanvar göstərilidiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən, mexaniki olaraq həmin tarix göstərilib.

Ancaq əsas məsələ unudulur ki, köhnə rus tarixi mənbələrində 3 Yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib, bu da ki, 1918-ci ildən istifadə etdiyimiz Qriqorian təqvimi ilə 15 Yanvar gününə düşür.

18 Yanvar 1918 il tarixindən Rusiya (və sonradan bütün SSRİ) Yulian təqvimindən Avropa(Qriqori) təqviminə keçib.

1 may 1918-ci il tarixində də Azərbaycan daxil olduğu Zaqafqaziya Demokratik Federativ Respublikasında (Sonradan da Azərbaycan Cümhuriyyəti ərazisində) Qriqori təqviminə keçilib.

Yulian və Qriqorİ təqvimləri arasında gün fərqi belədir:

1700-1800-cü illər üçün fərq 11 gün

1800-1900-cu illər üçün fərq 12 gün

1900-2100-cü illər üçün fərq 13 gün

Beləliklə, Yulian təqvimi ilə 3 Yanvar 1804-cü il günü hazırda işlətdiyimiz Qriqori təqvimi ilə gün fərqinə görə məhz 1804-cü il 15 Yanvar gününə təsadüf edir.

Bunu istənilən insan internet üzərindən kiçik bir araşdırma edib, özü də yoxlaya bilər. İnternetdə hətta təqvim-konverterləri də mövcuddur ki, buradan da yoxlamaq mümkündür.

Bir müddət əvvəl bu elementar faktın təsdiq edilməsi üçün AMEA-nın Gəncə bölməsinə də bu məsələ haqda ətraflı məlumatlar yollamışıq, amma görünür orada çalışan alimlərin başları həmişə olduğu kimi dünya miqyaslı ixtiralara qarışıb…

Yazılan faktı təsdiqi üçün əlavə bir isbat da var.

Tarixi mənbələrdən məlum olduğu kimi, rusların qalaya hücumu Ramazan bayramının sabahısı sübh tezdən baş verib.

Hicri tarixi ilə də 1 Şəvval, yəni Ramazan bayramı günü Yulian təqvimi ilə 2 Yanvar və ya müasir təqvimlə 14 Yanvar gününə düşür.

Qalanın işğalı da bayramın səhərisi, yəni 15 Yanvar günü baş tutub.

Bildiyimiz kimi, Gəncədə anım günü “ənənəvi” olaraq nədənsə 4 Yanvar tarixində qeyd edilir, hərçənd, dəqiq məlumdur ki, Cavad xan Yulian təqvimi ilə 4 yanvar günü deyil, məhz 3 yanvar(müasir təqvimlə 15 Yanvar) tarixində səhər saatlarında şəhid olub…

Bu da, yuxarıda qeyd etdiyimiz kimi qriqorian təqvimi ilə 15 Yanvara düşür.

Yəni, anım günü kimi qeyd edilən 4 Yanvar tarixi nə yulian, nə də qriqorian təqvimi ilə doğru tarix deyil!

Hamımızın bildiyi kimi, 2012-ci ildən bu yana Cavad xanın anım mərasimi ümumiyyətlə çox solğun keçirilirdi və bu səbəbdən də doğru olan tarixi təklif etməyi də heç münasib bilmirdik.

Neçə illik fasilədən sonra, 2019-cu ildə şəhərin yeni rəhbərliyi tərəfindən anım mərasiminin layiqli şəkildə keçirilməsini nəzərə alaraq, biz də bu tədbirin düz olan tarixdə, yəni rəsmən 15 Yanvar günü qeyd etməyi təklif etmişdik.

Və çox şadıq ki, nəhayət bu il Gəncə Şəhər İcra Hakimiyyəti başcısının tapşırığı ilə bu yanlışlığa son qoyuldu və Cavad xanın anım günü bu il doğru olan 15 Yanvar günü böyük coşqu ilə keçiriləcək!