Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev hüquqşünas idi. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Təhsil Nazir E. Əmrullayev Təhsil İnstitutunun direktoru işləsə də, təhsil mütəxəssisi deyil axı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb və ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb. Etiraz etmirəm, olsun ki, idarəçilik üzrə tamam-kamal püxtələşib, amma təhsil spesifik fəaliyyət sahəsidir. Burada ancaq pedaqoji təhsili olanlar fəaliyyət göstərməlidirlər.
Fikir verirsinizsə, son illər pedaqoji rəhbər vəzifələrə qeyri-pedqoji ixtisaslıların yerləşdirilməsi halları artmağa meyillidir. Xüsusilə Təhsil Nazirliyində və nazirliyin tabeliyində olan digər qurumlarda.

Müəllim neftayırma zavodunun direktoru, neftçi mühəndis isə ümumtəhsil məktəbinin direktoru necə işləyə bilər, bu təyinat həmin müəssisələrin inkişafına hansı xeyri verə bilər?
Əgər pedaqoji ali təhsili olmayan şəxsin ixtisası ali idarətmə sahəsi üzrədirsə, bəli, o, müəllimlərin fəaliyyətini sırf inzibati baxımdan nizamlaya bilər, amma pedaqoji prinsiplərlə nizamlaya bilməz, həm də indiki təhsil texnologiyaları üzrə heç bacarmaz.
Misir Mərdanovdan sonra Təhsil Nazirliyinə ixtisası dövlət idarəetməsi, iqtisadçı, hüquqşünas, beynəlxalq hüquq, politologiya olan mütəxəssislərin axını başladı. Biz demirik ki, bu şəxslər savadsızdır, əsla, fəqət, sırf təhsillə bağlı şöbə və idarələrdə pedaqoji təhsillilər çalışmalıdır. Bunlar əvvəlcə kimisə Nazirliyə işə götürürlər, ilk olaraq layihə rəhbəri edirlər, nazirliyin profilinə yaxınlaşdırırlar, sonra vəzifə verirlər. Heç izah tapmaq olmur ki, keçmiş nazirin vaxtında ixtisasca baytar həkimi olan şəxsə Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini vəzifəsinə hansı məntiqlə əmr vermək olar? (Bax: https://milletinsesi.info/article/az/216376 ) .
Müəllimlərə idarəedici lazım deyil, onların idarə olunmasına ehtiyac yox. Müəllimlərə, məktəbə bu sahəni dərindən bilən, özü də ən azından 5-10 il müəllim, rəhbər pedaqoji şəxs olmuş direktorluq edə bilər, eləcə də təhsil şöbə müdiri, daha sonra da Təhsil Naziri ola . Ona görə də bugünkü təhsilimizin, məktəblərimizin ruhunda, qanında, canında keçən əsrin 90-cı illərinə qədər olan təhsilimizin, məktəblərimizin urvatı qalmayıb.
Bu gün məktəblərdə keçirilənn diaqnostik qiymətləndirmələr, müəllimlərin işə imtahanla qəbul edilməsi özü ali məktəblərimizə, ümumtəhsil məktəblərimizə etimadsızlıq yaratmaqdadır və ciddi narazılıqlarla müşayiət olunur.
Sovet dövründə müəllimləri məktəblərə təyinatla göndərirdilər. Gənc mütəxəssi kimi göndərildiyi təhsil şöbəsində qarşılanmaq, işləyəcəyi məktəblə tanışlıq onlarda öz işinə heyranlıq, eyni zamanda bir məsuliyyət hissi formalaşdırırdı. Həmin müəllimlə məktəb, ailə, ümumilikdə cəmiyyət qarşısında bir etimad mühiti yaradırdı. İşə başlayan kimi isə müəyyən “pasobiya” verirdilər, təcrübəli müəllimlərin birini ona hami ayırırdıalr. İşıq puluna, oduna güzəşt var idi və s.
İndi universiteti qırmızı diplomla bitirsən də, təyinat yoxdur. Əgər bir məktəbdə hansısa ixtisas üzrə vakansiya yoxsa, o məktəbdə işə düzəlməyə cəhd edilməməli, vakansiya olan digər uyğun məktəblərdə işləmək, arzulanan məktəbdə yer olanacan gözləmək lazımdır. Amma iş burasındadır ki, bunu anlayışlı qəbul edib mövcud prosedurlara əməl edənlər görürlər ki, onlardan sonra bir neçə başqası həmin məktəbə təyinat aldı. Halbuki, 0,5; 0,75 stavka dərs yükü üçün əmr verilməməlidir. Həmin saatlar digər ixtisas müəllimlərinə veilməlidir. Amma işbaz təhsil məmurları bunu elə qanuni şəklə salırlar ki: giya başqa müəllimlərin bu saatları aparmağa imkanları yoxdur, səhhətləri imkan vermir; əmr vermək istədikləri müəllim də yazılı şəkildə bildirib ki, tam stavkadan aşağı saatla işə götürülməsinə etiraz etmir, gələcəkdə saatlar yaranacağı təqdirdə onu da tam stavka ilə təmin edəcəklər. Təhsil şöbəsi də maraqları müqabilində ərizələri təsdiqləyib/qanuniləşdirib əmri verir. İndi bunlar üçü də bir-birinin qarşısında gözükölgəlidir. Bunu müəyyən etmək çətin deyil ki. İstənilən rayonda məktəblərdə belə nümunələr var.
Belə olanda müəllim direktorun qarşısında, direktor özündən böyük təhsil çinovniklərinin qarşısında prinsipial mövqe nümayiş etdirə bilməyəcək: biri digərinin qarşısında “stupkaya getməli” olacaqdır.

Bütün bunların hər birinin çox ciddi səbəbləri var. Hamı işləməlidir. Bəs necə, harda? Bax, sovet dövründən sonra bunun nümunəvi qaydaları alt – üst edildi, verildi direktor və təhsil şöbələrinin ixtiyarına.
Yuxarıda qeyd etdiyimiz kimi, təyinat bölgüsü yox, tələb və təklifi ölçü kimi qəbul edən, əməl edən qurum yox, bir tərəfdən də özəl “Uni”lərin kadrları diplomlarını alan kimi doluşdular təhsil sisteminə. Müəllimlər İnstitunun az qala hər rayonda filialı vardı. Mətbuatda burada cərəyan etmiş neqativ hallarla bağlı nə qədər yazılar getdi. Amma rekorunu bir az da irəli çəkərək Milli Məclisdə Komitə sədri seçdilər.
Nə bu qədər özəl ali məktəb lazım deyildi, nə bu qədər pedaqoji ixtisaslar. Bu özəl ali məktəblərin tədris-texniki bazaları, müəllim kadrları vardımı ki, ölkənin zəngin ənənələrə malik 7 dövlət ali təhsil ocağında müəllim hazırlandığı halda, həmin özəl ali məktəblərə də pedaqoji mütəxəssis hazırlamaq icazəsi verdilər. Siz keçmiş Beynəlxalq Universitetin həkim məzununa etibar edərsiniz, mən yox? Yəni, davam edən belə nizamsızlıqların bütünlüklə qarşısını almaq üçün onları doğuran bütün səbəblər aradan qaldırılmalıdır.
Bu sıxlıq niyə yarandı, bu saxta diplomlar hardandır, niyə bunu ilk addımda aşkar etməyə mexanizm yoxdur, bu qədər filial yaratmaq vacib idimi və sair, və ilaxır.
Mətbuatda gedən yazılardan, təhsil rəsmilərinin açıqlamalarından belə anlaşılır ki, diaqnostik qiymətləndirmə də, müəllimlərin işə imtahanla qəbul edilməsi də tədrisin keyfiyyətinin yüksəldilməsi və peşəkarlığın artırılması məqsədilə həyata keçirilən layihələrdir. Diaqnostik qiymətləndirilmə 2014-cü ildən davam etdirilməkdədir. Diaqnostik qiymətləndirmənin keçirilməsi bu layihəni həyata keçirənlərin fikrincə, guya müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasını təmin edəcəkdir. Və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nda da birbaşa qeyd olunur ki, təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınmalıdır.
“Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamına və digər bir sıra müvafiq nizamlamalara uyğun hazırıanmışdır. Yenə bu Strategiyaya görə:
Diaqnostik qiymətləndirilmənin məqsədi
2.1. müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması.
2.2. bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi.
2.3. nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.

7 il davam edən bu layihələr nə göstərdi, şəffaflığa və demokratilkliyə necə əməl olundu, bunu özləri bilər, amma canlı həyatda görüşüb söhbətləşdiyimiz müəllimlərin söhbətlərindən və mətbuat səhifələrində dərc olunmuş yazılar göstərir ki, çoxlu sayda pozuntulara yol verilmişdir.
Çünki haqqında söhbət gedən Qaydaların tələbi sovet dövründəki Attestasiyaların bir qədər mürəkkəbləşdirilmiş, vahiməyə salınaraq təhdid formasından başqa şey deyildir.
Bütün bunları attestasiya ilə nizamlana bilməzdimi?
Attestasiya– [lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq] 1)bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmə; 2)bir şəxsin bilik bacarığı haqqında xarakteristika; 3)işçinin bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi; 4)vəzifə attestasiyası; 5)işçinin və ya şagirdin ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi: onun tutduğu vəzifəyə uygun olmasını yoxlamaq üçün aparılır. Bir sıra idarə və təşkilatlarda işçiyə dərəcə, ad, rütbə və s. verildikdə attestasiyadan keçirilməsi tələb olunur; 6)işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi; 7)işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi; 8)sorğu, xasiyyətnamə.
Diaqnostik qiymətləndirilmənin məqsədi bundan daha genişdirmi, cəmiyyətin çox böyük fəaliyyətlə ən az əməkhaqqı alan hissəsi olan müəllimlərin mənafeyini daha himayə edirmi? Fikir verin, Əmək Qanunlarında Attestasiyaların keçirilməsinin hüquqi tutumu müəllimlərin də, digər kateqoriyadan olan işçilərin də mənafeləri necə ədalətli və hüquqidir:
İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları
Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

Davamı var…