Təqdim edirik: Balaca dostlarımıza təbiət sevgisi aşılayan əsər

Sərbəst səhifə

Zakir Məmməd (Zakir Müsənnif oğlu Məmmədov ) 1956-cı il yanvarın 29-da Quba rayonunun əlik kəndində dünyaya göz açmışdır. 1973-1977-ci illərdə   Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır. 1977-ci ildən  rayonun ucqar  dağ kəndlərində  müəllimlik etmişdir.

1980-ci ildən  şeir, ədəbi tənqid və publisistika ilə fəal məşğul olur. Ədəbi fəaliyyəti  Rəsul Rza adına  Beynəlxalq ədəbiyyat  və Ələkbər Salahzadə adına  “Avanqard”  poeziya mükafatlarına layiq görülüb. 1998-ci ildən AYB-nin üzvü, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədr müavinidir.

 Zakir Məmməd 2022-ci ildən   təqaüdə çıxmış, amma bu gün də gənclik şövqü iə ədəbi-tənqidi fəaliyyətini davam etdirir.  Ədib  5 kitabın müəllifidir. Dövri  mətbuatda isə  müntəzəm olaraq çıxış etməkdədir.

   “Üç hekayət” kitabı  Zakir müəllimin sayca 4-cü kitabıdır.  Uşaqlar üçün yazılmış  bu   kitab çox maraqlı və tərbiyəvi bir əsərdir.   Bu gün  dünyanın  başı üstünü almış    ciddi fəlakətlərdən biri də  ekoloji fəlakətdir. İnsalar gecə-gündüz təbiətin nemətlərindən insafsızcasına  istifadə edirlər. Amma təbiətin, ətraf mühitin  qayğısına qalmağa elə də maraq göstərmirlər.  XVIII əsrdə yaşamış  fransız təbiətşünası, bioloqu Jan-Batist Lamark  bu təhlükəli halı hələ o vaxt  diqqətə çatdırmışdır: “Sanki müasir insanın əsas məqsədi – əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət,  özünü məhv etməkdir.”

 Və yaxud  qızıldərililərin qəbilə başçısı Sietı də elə  həmin vaxtlar  xəbərdarlıq edirdi ki,  bir gün görəcəksiniz ki, göydəki qartallar, dağları örtən meşələr yox olmuş, atlar əhilləşdirilmiş və hər yer insan övladının vahiməsinə bürünmüş. Bax,  o gündən  insan üçün həyatın və varlığın iflası  başlayacaqdır.

  Bu problem  təəssüf ki, bu gün daha amansız şəkildə  genişlənməkdədir. Elm və texnologiyaların  ən üstün şəkildə istifadəsi, saysız-hesabsız istehsalat müəssisələrinin   təbiətə tullantı kimi atdıqları kimyəvi  tullantılar ,   texnikaların, teaktiv mühərriklərin havaya buraxdıqları  zəhərli qalar və sair,  və sair təbiəti yarımcan hala gətirmişdir.   Vəziyyətin bu şəkildə ciddiliyi  təbiətə  yeni yanaşma tələb edir. Təbiət gözətçi ilə deyil, sevgi ilə qorunur. İnsanlar, nəhayət, anlamalıdırlar ki,  təbiət  gözətçilərlə deyil sevgi ilə qorunur. Bundan belə  təbiəti qorumaq, sağlam şəkildə gələcək nəslə ötürmək sabahımız olan uşaqların üzərinə düşəcək. Əgər bu dün onlar təbiəti, canlıları tanımasa, suyun, gülün, yağışın, qarın əhəmiyyətini bilməsə, bıs sabah onlar ətraf mühiti necə qoruyacaq?  J.J.Russo demişdir ki,  təbiət uşaqlara insan olmaqdan öncə uşaq olmaq haqqını bəxş etmişdir. Uşaqlar təbiətin qoynunda  boy atmalıdırlar. Evlərinin qapısından, məktəblərinin  həyətlərindən başlamış  hər yerdə təbiətlə ünsiyyətdə olmalıdır. Çox təəssüf ki, bu gün belə ünsiyyəti internet yerinə yetirir.  Uşaqlar təbiətlə, heyvanlarla  canlı ünsiyyətin deyil,  monitordakı  montaj edilmiş  səhnəciklərin,   heyvan və bitkilərin  təsirinə qapılırlar.  Bütün bunlar   maarifləndirmə baxımından  qələm adamlarının, mətbuatın, televiziyanın üzərinə böyük vəzifələr qoyur.  Zakir Məmmədin “Üç hekayət”

kitabı da   bu qayğldan  qaynaqlanmışdır. Uşaqlara təbiəti sevdirməli, onları ekran, monitor qarçısından  laləli düzlərə, al-əlvan yamaclara,   sərin bulaqlara səsləmək lazımdır. Ancaq bu yolla onlarda doğulduqları  torpağa  qədirşünaslıq duyğularını alovlandırmaq olar.  Ümid edirəm ki,   hər bir valideyn, hər bir ata-ana uşaqlar üçün yazılmış kitablara bundan sonra böyük maraq göstərəcək,  hər zaman övladlarına belə  kitablar alacaq.

 Anaveushaq.wordpress.com  “Üç hekayət” kitabının balaca dostlarımızın  stolüstü kitablarından biri olacağna ümidlə həmin kitabdan iki nümunəni Sizə təqdim edir:

Kərəm belə ovçudur

Kərəm belə ovçudur

Ovçuluğun çəmini

Ən yaxşı Kərəm bilir.

Düzdə ova nə var ki…

Onu lap nənəm bilir.

Kərəm dağda ovlayır,

Dağ kəlini qovlayır.

Daş bilmir, dərə bilmir,

Batır qan-tərə, bilmir.

Baxma boyu qarışdı.

Başı ova qarışdı,

Yol bilmir, cığır bilmir,

Dalınca çağır, bilmir.

Varsa onun nə fəndi,

Bizim Kərəm əfəndi

Gah qayada görünür,

Gah quyuda görünür.

Yüz hiyləylə, yüz fəndlə,

Qoşalülə tüfənglə

Ovla  üz-üzə gəlir,

Gah yatır, gah dikəlir.

Nişan alır hər dəfə,

Güllə dəymir hədəfə.

*****

Cüyür qalıb cığırda.

Kərəm özü çuxurda.

Ürək qalmır cüyürdə.

Az qalır ki, böyürdə.

Ürək qalmır kəldə də.

Kərəm özü daldada.

Dağ kəli yazıq-yazıq

On dəfə baxır, azı.

Kərəm elə ovçudu,

Yer-göy onun ovcudu.

Yaralamaz kəli də,

Yerdə bitən gülü də.

Yüz hiyləylə, yüz fəndlə,

Qoşalülə tüfənglə

Ovla baş-başa gəlir.

Bu, baha başa gəlir.

Gəlsə belə nişana,

Güllə atmaz dovşana,

Güllə atmaz ceyrana.

Mən Kərəmə heyranam.

Ovu min kərə eylər;

Hər quşa, hər heyvana

Hər dəfə kərəm eylər.

*****

Kərəm belə ovçudur.

Yer-göy onun ovcudur.

Bir gün ovda olsa da,

Bir gün evdə olsa da,

Kərəm dağı düşünür;

Dağı-düzü adamdan

Qorumağı düşünür.

Kərəm belə ovçudur.

Ov qorumaq borcudur

.

Çoban Hüsünün hüznü

Çoban Hüsü üzdə bir az fağırdı,

Gizlindəsə qoyunları sağırdı.

 Bir gün yenə çöldə qoyun sağanda

 Qoçu kişi: “Hüsü”, – deyib çağırdı.

Əllərini qoyub qaçdı ayağı.

Kəndimizin bir tərəfi qamışdı,

 Bir az da çox qalınlaşıb qalmışdı.

Çoban Hüsü yenə fikrə dalmışdı,

*****

Arada bir öz-özünə qımışdı.

Dilinicə qoyub qaçdı dodağı.

Bir gözüylə sürüsünü gözlədi,

Bir gözüylə ötənləri izlədi.

*****

Nə dedisə, çoban Hüsü düz dedi –

Yada saldı o, yaxını, uzağı:

Kəndimizin bir tərəfi bulaqlıq.

Orda yerə kar eləməz quraqlıq.

******

Bir papağım vardı mənim, qulaqlı,

O papaqla qurudardım bulağı.

Kəndimizin hər tərəfi örüşdü.

Bir gün çöldə qoyun-quzu mələşdi.

******

Bir canavar bir qoyunu yemişdi,

 Qurd olmuşdu kəndimizin qonağı. 

Kəndimizin bir tərəfi sal qaya,

Şan-şöhrətli,Rüstəm qaya,Zal qaya

*****

Qaraqabaq, dinməz qaya, lal qaya.

Çox gizləyib, çox ötürüb qaçağı.

Kəndimizin cavan çağı, yaz ayı,

Deyib-gülən, damağı çağ, saz ayı.

*****

 Şimşək göydə tüfəngini sazlayır,

Bulud tökür sularını aşağı.

Birdən gördün, qapımızı qış kəsir;

Gördün, yenə Qoçu kişi qoç kəsir.

*****

Dul Sənəmin yoxdu daha heç kəsi,

 Dul Bədəlin sancdı yenə dalağı.

Qar gəldimi, yollar, rizlər bərkinir,

Qocalara geyindirir kürkünü.

*****

 Yazıq atlar lap tövlədə hürkünür

Canavarın görünəndə qulağı.

Kəndimizin vardı köhlən atları,

 Atlarında atlıları atlanır.

“Qırat”, – deyə, “Dürat”, – deyə adlanır,

 Çapılanda yerə dəymir ayağı.

Kəndimizdə sular var ki, içməli!

Çaylar var ki, çırmalanıb keçməli.

*****

Yaylaqlar var, adam ora köçməli.

Qov quzunu, dər ye quzuqulağı. 

Kəndimizdə zurnaçılar dəstəsi,

Yaranıb ki, səni, məni səsləsin.

*****

Dilin gəlmir, bu çalğıya bəs desin.

 Toyda adam nə havanı istəsə,

 Nağaraçı tez döyəcək çomağı.

Kəndimizin bir ayağı şəhərdə,

*****

Babaları indiyədək yəhərdə.

Nənələrin boğazları qəhərdə.

Bir anası yol gözləyir səhərdən,

Dumanlanıb gözlərinin qabağı.

*****

Kənd tutmazdı kəndimizdə uşağı,

Qaçardılar hey yuxarı, aşağı.

 Onlardılar gözümüzün işığı,

Onlardılar evimizin çırağı.

*****

Bir gün qaçdı kəndimizin yuxusu,

 Uşaqları göndərdilər, oxusun.

Heyf, heyf, qayıtmadı çoxusu!

Bağa kimi unutdular çanağı.

*****

Kəndimizdə bir dəyirman yeri var,

Dəyirmanın özü yoxdu, pəri var.

Pəhləvandı,”Don Kixot”dan bəri var.

  Qocalıbdır, pas atıbdır yarağı.

*****

… Kəndimizin yazı çoxdu yenə də,

Kəndimizin qışı çoxdu yenə də.

Kəndimizin işi çoxdu yenə də,

Kəndimizdə kişi çoxdu yenə də,

Bitən deyil, çox uzundu bu nağıl.

Bitən deyil, çox uzundu bu nağıl