Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Əmək Qanunlarının 66-cı maddəsinə əsasən, attestasiya olunmamalı işçilərin dairəsi müəyyən edilib. Orada yazılanlara görə eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər attestasiyaya cəlb olunmamalıdırlar.
Maraqlıdır ki, aparılan islahatlar fonunda attestasiyaları ləğv etmək yolunu tutdular. Belə ki,
Azərbaycanın Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsi Attestasiya olunmayan işçilərin kateqoriyalarını ehtiva edir. 2018-ci ildən bu kateqoriyaya yeni bənd əlavə edilir və pedaqoşi işçilər də attestasiya olunmayan işçilər kimi təsnif olunmağa başlayır.
Artıq yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.
Niyə? Əgər müəllim attestasiya olunmayan işçilər kateqoriyasına daxil edilirsə, onda diaqnostik testlər nədir, müəllimlərin işə imtahanla qəbulu nədir, sertifikasiya nədir?
Halbuki, 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqram”ı təsdiq olunmuşdu . Bu proqramda rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yenidən yaradılmasına və müəllim əməyinin obyektiv qiymətləndirilməsinə, eləcə də yaradıcı, fəal müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına diqqət yetirilmiş, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqi tövsiyə edilmişdir.
Ümumiyyətlə bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi meyarı təkcə təhsil işçiləri üçündürmü? Nə üçün digər orqanlarda təhsildə olduğu kimi belə hay-küylü imtahanlar keçirilmir, mətbuat yazmır, televiziyalar göstərmir?
2014-cü ildən üzü bəri hər il keçirilən diaqnostik qiymətləndirilmələrdən Azərbaycan təhsili, müəllimlər nəsə qazandımı: bitib tükənmək bilməyən narazılıqlardan başqa heç nə.
Bu ölçmə və dəyərləndirilmələri attestasiya ilə sovet dövründəki kimi daha ağayana və daha səmərəli həyata keçirmək olmazdımı?

Son onilliklərdə çoxlu sayda özəl ali məktəb, kollec və kurslar açdılar. Təhsil Nazirliyinin xeyir-duasıyla ixtisasdəyişmə və yenidənhazırlanma kurslarında o qədər müəllim kadrları hazırladılar ki, bunları yerləşdirmək də lazım idi. Başladılar bir az pedaqoji ali və orta ixtisaslı müəllimlərin dərslərindən kəsməyə, bir az da üstünü həyat bilgisi, əmək, nəğmə, rəsm dərslərindən əlavə etməklə tam stavka düzəltdilər və bu yenidən hazırlanan müəllimlər pedaqoji ali məktəblərin məzunları kimi oldular müəllim.
Narazılıqların çoxu buradan qaynaqlanır.
Bu gün sovet dövründəki kimi proqnazlaşdırılma aparılmır : ümumtəhsil məktəblərinə nə qədər müəllim tələb olunur, ali təhsil ocaqları nə qədər müəllim hazırlayır? Hər il nə qədər müəllim bu və ya digər səbəbdən müəllimlikdən uzaqlaşır və ya uzaqlaşdırılır. Hər il bizim məktəblərə nə qədər müəllim lazımdır?
Hələ bu azmış kimi “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişikliklər edilib.
Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu qərarla diplomunda “müəllim” sözü olmayanların da gələcəkdə müəllim olmalarına imkan verilir.
Sənədə əsasən, müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək (https://tehsilforumu.az/umumi/4685-diplomunda-muellim-sozu-olmayanlar-pedaqoqlara-reqib-yoxsa-movcud-durumun-resmileshdirilmesi-sherh.html).
Əgər məktəblərimizə müəllim lazım olacaqsa, sovet dövründəki kimi təhsil şöbələri, Təhsi Nazirliyi və ali məktəblər arasında qarşılıqlı əməkdaşlıq şəraitində planlaşdırılma olsun və lazım olan vakant yerlərə birbaşa ali məktəblər özləri təyinat versinlər. Bu, ali məktəblərin nüfuzunu artırar, neqativ halların qarşısını alar.
Bu gün istər müəllimlərin, istərsə də rəhbər pedaqoji təhsillilərin hazırlanması, seçilməsi və yerləşdirilməsi ilə bağlı sovet dövrünün ənənələrindən uzaq düşmüşük. Cürbəcürə eksperimentlər aparırlar. Bu eksperimentlərin vahiməsindən, həm də çoxluğundan müəllimin sərbəst olaraq öz fəaliyyəti ilə uyaradıcı şəkildə məşğul oması mümkün deyildir.

Bu eksperimentlər daha çox təhsil çinovnikləri, gənc müəllimlər üçün sərfəli oldu. Təhsil rəhbərləri çoxlu vakant yerlər əldə edə bildilər .
Məsələn , 2017-ci ilin bir araşdırmasına görə təkcə Masallıda 300-ə yaxın müəllim 15 baldan az toplayıb(Bax: https://www.azpress.az/index.php?lang=az§ionid=news&id=72126).
Əgər 15-ə qədər bal toplayan müəllimlərə 7-8 saat verilməlidirsə, 300 müəllimdən geri götürülən 3 min saat dərs 170 müəllimi işlə təmin etməyə imkan verir. Eləcə də 30 bal toplayanlara qədər belə “cəzalandırılan” digər müəllimlərin hesabına da 50 yeni iş yeri açmaq mümkündür.
İndi həmin il üçün araşdırılsın görüm, həmin vaxt yeni dərs ili üçün Masallıda ehtiyac olmuş 220 müəllimə vakant yerləri elan ediblərmi?
Bakıda elə məktəb direktoru və ya bağça müdiri var ki, elə bil özünün özəl müəssisəsidir: 30-40 ildir ki, eyni müəssisədə işləyir. Bunların arasında yaşı 65-i keçənlər də var. Nədir bu qayda və tətbiqetmələr ancaq tətbiq edilən sahənin “qara fəhlələr”i üçündür?
Heç müəllimi də şagird mənziləsinə gətirib tələbəlikdə olduğu kimi testdən keçirərlər? 30-40 ilin təhsilə ömür həsr etmiş şəxsləri – məktəbin sahiblərini (30-40 il , sadəcə, müəllim işləmiş şəxslər məktəblərimizin sahibləridirlər) belə gülünc vəziyyətə salmaq olar?
Sovet dövrünün Attestasiyasında bu vəziyyətlər heç vaxt yaranmırdı.
Kim fikirləşdi bu metodu, bunun üstündə bir baş sındırdılarmı, düzüb qoşduqları bu diaqnostik qiymətləndirilmə müəllimlərin mənafeyinə uyğundurmu? Doğrudan da mı 60 sual Mərkəzləşmiş komissiyaya təqdim etdiyi nəticə həqiqi meyardır? Hələ irəlidə sertifikasiya və attestasiya keçirəcəkləri haqqında da xəbərlər gəzməkdədir. Onda bu, müəllimlik olmadı ki?
Ola bilsin ki, gənc mütəxəssislər bu 60 suala verilən cavablara görə yüksək bal toplamış olsunlar. Bu, hələ o qənaəti yaratmamalıdır ki, bizim gənc mütəxəssisimiz 30-40 ilin müəllimindən keyfiyyətlidir. Mən gənc mütəxəssislərimizin əleyhinə deyiləm. Pedaqoji cəbhə də hazırlıqlı, yüksəkbilikli, mədəniyyətimizi, tariximizi dərindən bilən sağlam mənəviyyatlı gənclərimizlə daim yenilənməlidir. Amma mən bu gənc mütəxəssislərin yaşı qədər müəllimlik fəaliyyəti olan müəllimlərə qarşı bu ehtiramsızlığın qəti əleyhinəyəm.
Diaqnostik qiymətləndirilmə ilə bağlı qaydalarda göstərilir ki, prosesdə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur. Bu da edir 12 sual.

Müəllim 25 suala doğru cavab yazıb. Müəllim sarsıntı içindədir və bu sarsıntı təbiidir. Əslində, adına müəllim deyilən şəxs sahəsi üzrə hər suala hazırlıqlı olmalıdır. Müəyyən istisnalarla lap 3 sualı hesaba almayaq. Bu mənada həmin müəllim 60 sualın 50-nə cavab yazsaydı, həmin xəcaləti yenə çəkəcədi ki, 10 suala cavab verə bilməmişəm.
Mətbuatda belə yazı getmişdi ki, diaqnostik qiymətləndirmədə hətta aşağı bal toplayan müəllimlərin heç bir narazılıq etməyiblər: nə mətbuatda, nə də məktəblərdə. Guya bu da qiymətləndirmə strategiyasının çox məharətlə hazırlanması ilə bağlıdır.
Biz yuxarıda “Azərbaycan müəllimi” qəzeindən nümunə göstərdik ki, Bakının əksər məktəblərində Diaqnostik qiymətləndirlmə qaydalarına məhəl qoyulmayıb, dərs bölgüsü zamanı aşağı nəticə göstərmiş müəllimlərə yuxarı nəticə göstərmiş müəllimlərdən daha çox dərs saatı veriblər. Elə isə necə deyə bilərsiniz ki, qiymətlə strategiyası məharətlə hazırlanmışdır?
2017-ci ildə Masallıda 15 baldan az nəticə göstərən müəllimlərin “Tol xəritələri”nin bir nüsxəsi məktəb direktorunda, bir nüsxəsi də Təhsil şöbə müdirində olub. Hər iki təhsil rəhbəri bu müəllimlərə 7-8 saat təklif edəcəksə, buna hüquqi cəhətdən əllərində əsasları var.
Bəs probem necə həll olunub, rəhbərliyin həll yolu, münasibəti şəffafdırmı, ədalətlidirmi? Həmin müəllimlərə 7-8 saatdan yuxarı dərs saatı verilməyibmi?
Verilibsə, ortada qaranlıq məqamlar yoxdur ki? Qaranlıq məqamlar varsa, onda bu diaqnostikanın nə təsiri, nə faydası ola bilər?
Test imtahanlarında 15 baldan aşağı nəticə göstərmiş hansısa müəllimə növbəti dərs ilində 8 saat dərs verilsə, indi bu müəllim əvvəlki illərdə olduğu kimi işləyəcəkmi, əlbəttə, xeyr. Sadəcə, 2 il də dözüb, təqaüd yaşını gözləyəcək və təqaüd yaşı tamam olan kimi müəllimliyə vida edəcəkdir.
Bu baş verənlər eyni zamanda yüksək nəticə göstərmiş gənc müəllimlərin gözləri qarşısında baş verir. Onlar sələflərinin nümunəsində öz gələcəklərini görə-görə yaşa dolurlar.
Davamı var…