Qadın, ana, ailə dəyərləri

Haşiyə: Bir neçə ol bundan qabaq sosial şəbəkələrdə qan xərçəngindən əziyyət çəkən bir azərbaycanlı xanımın məktubu dərc olunmuşdu:
“Salam… Sabah mənim evliliyimin birinci ildönümü olacaqdı. Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik. Hər şey çox gözəl idi. Ta ki, 04.06.2015-ci ilə qədər.
Ayaqlarımda qaraltılar yarandı. Yoldaşımın təkidi ilə xəstəxanaya getdik. Mən çox ciddiyə almırdım, inanmırdım ciddi nəsə problem ola. Qanım azdır deyə düşündüm. Həkim otağa girdikdə o mənə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yazdı: “Bir az daha gec gəlsəydik daha pis şeylər ola bilərdi” – deyə söylədi.
Həmin gün xəstəxanaya yatdım. Elə həmin gün yoldaşıma – “Boşanaq, get başqa qadınla ailə qur, buna haqqın da var, razılığım da” – dedim. ”Niyə mənimlə əziyyəti çəksin ki?” – deyə düşündüm…
Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı kimi daha bərk və hərarətlə sarıldı və ”Səninlə ancaq qəbirdə ayrıla bilərik” – dedi…

– Müalicəm başladı, o bir dəqiqə belə yanımdan ayrılmadı. Kənar palatalardakı xəstələr, bütün həkimlər də artıq hamısı onu tanıyırdı. Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum. Neçə dəfə onu acıladım, üstünə qışqırdım, amma o bunların heç birinə cavab vermirdi, sakitcə baxırdı. Onda anladım ki, Allah mənə bir həyat yoldaşı yox, əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib. Həmd olsun böyük Allahıma!”( Bax:http://gencaile.az/azerbaycanli-ailenin-ornek-sevgi-hekayesi-foto/)
Zorakılıq , xəyanətə , sərxoşluq, narkomaniya kimi səbəblər birdən-birə yaranmayıb ki. Təbii ki, tanışlıq zamanı hər kəs zahirən səmimiyyət yaratmağa, özünü aristokrat göstərməyə çalışır. Amma bu təəssürat gözəl geyindiyinə, pul xərclədiyinə, ağızdolusu vədlərə görə yaranmamalı idi. Ailə qurmaq istəyən qız da, oğlan da gələcək həyatlarında bu cür hər hansı bir problemlə qarşılaşmamaq üçün evliliyə qədər bunları ağıllı şəkildə incələməli idilər. Maddi vəziyyətlə bağlı gənc ailələrin qarşına problem çıxa bilirsə, hər iki tərəf, demək , acizdir, yalandan seviblər bir-birlərini. Aclıq illərində, müharibə illərində heç bu qədər nikahpozulmaları olmayıb. Subaylar elə bilir ki, evlilik əyləncə, şad-xürrəm günlər deməkdir. Evliliyin bu tərəfi də var. Amma bunu ələbaxımlılıqla yox, ailənin hər iki üzvünün birgə səyləri ilə qazanıb, etibarlı təminat yaratdıqdan sonra belə yaşamaq olar.
Gərək oğullarını evləndirən, evlərinə gəlin gətirən analar da həssas olsunlar, ocaqlarına gətirdikləri gəlinlərin başqa ailədən gəldiyinin fərqində olsunlar, onu öz qızları kimi qəbul etsinlər. Tutaq ki, yemək bişirə bilmirlərsə, ailəyə, ərə qulluq etməyi bacarmırlarsa, “bunları ata evində öyrənib gəlin köçməlidir” deyə, yaxalarını kənara çəkməməli, öz şəxsi nümunələri ilə gəlinlərini öyrətməlidirlər.

Qız anaları da qızlarını gəlin köçürənə qədər analıq, qadınlıq həyatına hazırlamalıdırlar. Ər əgər paltarını camaşırxanalarda yudurub ütülədəcəkdisə, gəlin əziyyət çəkməsin deyə yeməyi 3 günlük bişirib ərə 3 gün boyat yemək yedirdəcəkdisə, yatağını özü sərib, özü yığacaqdısa, onda nəyə lazım imiş bu evlilik…
Bu və digər səbəblər günü-gündən qalaqlanıb öz doğru həllini tapmayanda, ailə tərəfləri arasında etimad, qayğı, qarşılıqlı güzəşt qəhətə çıxanda, ailə bünövrədən aşınmağa başlayır. Çox keçmir ki, bir vaxt ayrı yaşaya bilmədiklərindən evliliyə can atan gənclər indi də boşanmaq üçün məhkəməyə üz tuturlar.
Ərlər də qadındır, zəhmət çəkib etsin deyə yoldaşını mexaniki alət kimi düşünməməlidir. Kömək etmək lazım gələndə hökmən dəstək olmalıdırlar.Nedcə ki deyirlər, əgər istəyirsən qadının mələk olsun, onun ətrəfınf laləzarlıq yaratmalısan. Qadına qayğı edən ər sevgililikdən öncə kişi xarakterini nümayiş etdirmiş olur. Qadınların hər zaman kişi himayəsinə ehtiyacı var.
Haşiyə: İnanmıram ki, toy şənliyində iştirak etməyən, evlərində və ya qohum- qonşularında ağ göyərçinlər kimi ağ libasda gəlin köçən qızların bəxtəvər təbəssümləri ilə qarşılaşmayan kimsə olsun.
Bəs boşanmaq üçün məhkəmələr də üzləşən keçmiş sevgiləri görmüsünüzmü, mən dəfələrlə görmüşəm. Evliliklərinin ilk vaxtlarında bir-birlərinin nəfəsini çəkən — bir yerdə daha çox olmaq üçün işdən çıxan kimi evə tələsən ər, ərinin qayıtdığı vaxta artıq öyrəşdiyindən gözləri pəncərədə, qulaqları qapının zənglərində qalan qadın nədən belə tez yadlaşdılar: məhkəmə üzləşməsində indi artıq bir-birlərini düşmən kimi görürlər. Hər ikisi mümkün qədər bir-birini daha çox ittiham etməyə can atır.
Məhkəmə də onlar arasındakı nikahın ləğv və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edir. Beləliklə, gəlin-qayınana münasibətlərinin yaratdığı ziddiyyətlərdən , yaxud da digər səbəblərdən ailə, qadınlıq səadətinə qovuşa bilməyən gəlinlər son olaraq bir vaxt ağ duvaqla çıxdıqları ata evinə dul qadın yarlığı ilə qayıdırlar. Göz yaşları içində boğula-boğula yaşamaq bir tərəfdən, ictimai qınaq da heç vaxt başlarının üstündən əskik olmur.
Bir vaxt ən gözəl arzularla könül verib sevdikləri ürək sirdaşlarını bədbəxt hadisə və ya xəstəlik səbəbindən itirənlər 2-3 il keçəndən sonra “xarakterlərimiz uyğun gəlmir” deyə ayrılanlardan fərqlənsələr də, cəmiyyətdə eyni cürə qarşılanırlar: “dul qadın”, “qara paltarlı qadın”…
Qarşıdan gələn tale onlara nə vəd edir?
Sevgi arzuları, vüsal həsrəti ilə gəlinlik libası geyinmək hara, ikinci ər evinə adi geyimlə getmək hara? İlk evlilik zamanı iki sevən ürəkdə bir-birini tamamlayan arzular yuva qurur. İkinci evlilikdə isə ərin qadınısız, qadının da ərsiz qalmamaq məramı, yəni, ərin bir ailə başçısı, qadının ailə qadını olmaqdan daha çox, şəxsi həyatlarını yaşamaq xəyalları. Onlar elə bilirlər ki, artıq müəyyən sınaqdan keçiblər, təcrübələri var, bundan sonrakı həyatın dadını çıxmaq lazımdır. Eyforiyadır bu, belə düşünənlər hər addımları ilə ailə səadətindən uzaq düşürlər, amma başları xumarlanır. Deyə bilərsiniz ki, heç kim istəməz ki, ailəsi dağılsın. Heç kim istəməz ki, uşaqları öz bioloji anası və ya atası olmayana “ana”, “ata” desin.
Təbii ki, bu da bizim əxlaqın bir özəlliyidir.

İnsanın həyatda səhv etməsi təbiidir. Bəzən elə olur ki, səhvlər də işə yarayır: acını şirindən seçməyə kömək edir. Ona görə də insan bir iş tutmağa başlarkən diqqətlə ölçüb-biçməli, emosiya ilə deyil, ağlın hokum ilə qərar verməlidir. Elə səhvlər var ki, ən ciddi halda, insana, sadəcə, maddi zərər gətirə bilər. Amma elə səhvlər var ki, insanın bütün həyatını alt-üst edə bilər. Özünə könül sirdaşı seçmək bu baxımdan ən ciddi məsələlərdən, bəlkə də, ən birincisidir. Mənə belə gəlir ki, həyati müşahidələrimə əsaslanıram, fərqi yoxdur oğlan və ya qız belə edir: erkən dağılan tifaqlarda baslıca amil tərəflərin ailə həyatının özəlliklərini dərk etmədən, ailə həyatına hələ hazır olmadan, sadəcə, evliliyə, cismani birlikdəliyə can atmalarıdır. Hesab edin ki, susuz səhranın yolçusu üçün su nədir, amma yolun sonunda qarşısına çıxan kəhrizdən 2-3 stəkan içəndən sonra su onun üçün ancaq sözün ilkin mənasından başqa heç bir əhəmiyyət kəsb etmir: arxla axıb gedən su qədər adiləşir.
Dəruni eşq olmadan qurulan ailələrdə da toydan 4-5 ay sonra belə adiləşmə başlayır, su kimi.
Bir neçə aydan sonra dünyaya körpə gəlməlidir, ailənin, aralarında bağlanmış əhd-peymanın məzmununa yeni dəyər gəlməlidir, amma məlum olur ki, tərəflər arasında etimadsızlığa yol çoxdan başlayıb. Adicə söz-söhbətdən, hər hansı xırda məişət çətinliklərindən ortaya çıxan problemləri birlikdə aradan qaldırmaqdansa, bunlar öz aralarında günahkar axtarırlar.Ola bilər ki, ailədə tərəflərdən hansısa birinin və ya hər ikisinin belə vəziyyətə düşməsinə kənar amillərin, cəmiyyətdə gedən müəyyən aşınmaların da əks təsiri olsun. Amma əsl aşiqlər sevgini, ailə səadətini gözləri görə-görə heç vaxt nəinki xırda-para,lap ciddi problemlərə təslim etməzlər.
Real həyatda müşahidə olunanı budur ki,20-30 il bundan əvvəlki həyatda qadınıını itirən kişilər, belə deyək, tənhalar çox yaşamırdılar, yaşayanlar isə “kefsiz və bir tərəfləri də həmişə sınıq-salxaq” olurdu. Eləcə də qadınlar. 50-60 il bundan əvvəllərdə bizim kəndlərin əksəriyyətində İkinci Dünya müharibəsindən qayıtmamış ərlərinə sədaqət nümayiş etdirən qadınlar vardı. Onlar elə son nəfəslərinə kimi də ilk sevgilərinə və sevdiklərinə sədaqətli qaldılar.
Üzübəri gəldikcə insanların təfəkkür tərzində anomaliyalar özünü göstərməyə başladı. Qərb ölkələrinin yabançı təsirləri mənəviyyatlarda aşınmalara yol acdı. Kişilər də sədaqətsizləşdi, qadınlar da.
Mənəvi aşınmalar, vəfasızlıq, xəyanət kimi eybəcər hallar nəinki şəhərlərdə, hətta kəndlərdə də bu gün özünü göstərməkdədir. Bir tanışın, həmkəndlin rast gələndə kənd-kəsəklə, adamlarla maraqlanırsan. Eşidəndə ki, filan qadın, filan dayı dünyasını dəyişib, təəssüflənirsən. Amma eşidəndə ki, filənkəs kişi illərlə bir yerdə yaşayıb birlikdə köç-yuva qurduğu qadınının heç ili çıxmamış yerinə daha birini tapıb gətirib, həm də qızı, gəlini yaşda birini yastıq “yoldaşı seçib”, dünyanın faniliyinə əllərini qaldırıb təslim olmaqdan başqa çarən qalmır. Və yaxud, eşidəndə ki, filənkəsin arvadı 2-3 uşaqla boşanıb, amma üstündən elə uzun vaxt da keçməmiş yeni ərə gedib, vəfa, sədaqət kimi meyarlara şübhə ilə yanaşmağa başlayırsanə Bu sevda hardan gəldiə? Abır-həya ölçüləri niyə belə cılızlaşdı?
…Əri dünyasını dəyişən qadın ilk günlər ağlayır, kədərlənir, yasda dil də deyir, qara da bağlayır, amma sonra bunların hamısı unudulur. Elə bil həmin rəhmətlik bu ailənin başıpapaqlısı, uşaqlarının atası olmayıb. Onunla bir yastığa baş qoyan, bu izdivacdan dünyaya övlad gətirən də bu qadın deyilmiş…
Kişi yenidən evlənsə də, qadın yeni ər seçsə də, çətin ki, belə kişi və yaxud qadın əsl ailə duyğuları yaşaya bilsin. Çalışmaq lazımdır ki, bir vaxt sevdiyinə qovuşmaq üçün can atan, bəzən də mücadilə edən oğlan da, qız da bu bağlılığa getdikcə daha çox ehtiyac hiss etsinlər, buna xidmət etsinlər. Araya inciklik, soyuqluq düşməsinə yol verməsinlər. İlk gündə necə seviblərsə, evliliklərinin 20-ci, 30-cu, 40-cı, 50-ci illərində də ürəklərində bu sevgi odu öləziməsin. Hər xırda umu-küsüdən, hansısa problemdən ayrılıq havasını körükləməsinlər. Xüsusən, qadınlar səbirli olmalıdırlar.

Davamı var…