Nə müraciətlərə cavab verilir, nə də problemlər həll edilir

Baş redaktordan

Məktub  həm də ərizə formasında 100 sakinin imzası ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə də göndərilmişdir

    

Ağac türk mifologiyasında  çox müqəddəs, həm də ən çox işlənən bir obarazdır. Türk xalqları  hələ uzaq əsrlərin o tayından ağacların göydən endiyinə  dərin inam bəsləmişlər. Ona görə də Türkdilli xalqlarının  mifologiyasında  ağac çox müqəddəs, həm də ən çox işlənən bir obrazdır. Bu obraz  təbiətə təslimiyyətdə türk oğlunda  pasibanlıq assosiasiyası doğurur, ona sığınacaq, həyat, canlılıq, ölümsüzlük, bərəkət, bəxt, bolluq,   sağlamlıq vəd edir. Elə yazımızın sosial sferaya keçidini də  bu obrazla başlayırıq:
“Kölgəlicə Qaba ağacın kəsilməsin !”
Qaba ağacı uca, hündür ağac deməkdir. İlk yazılı abidəmiz olan  “Kitabi- Dədə Qorqud” dastanlarının əksər boylarında el atası kimi ülviləşmiş Dədə Qorqud bu dua ilə Oğuzlara dirilik arzulamışdır.  
 “Uşun qoca oğlu Səyrək” boyunda  Səyrəyə qardaşı Əyrəyin kafir qalasında dustaq olduğu məlumatı verilir. Halbuki, Səyrək heç  qardaşının olduğunu bilmirmiş də.  Məsələni dəqiqləşdirmək üçün anasının yanına gəlib deyir ki,  bu mahalda Əyrək adlı bir igid varmış,    dustaq edilibmiş. İndi azadlığa buraxılıb, obasına gəlir.Hamı onu qarşılamağa getdi. Bunu eşidən ana oğluna belə cavab verir:

Qaba ağacda tal-budağım qurılmışdı, yaşarıb göyərdi axır.

Göründüyü kimi, burada  Qaba ağacı şəcərə, əsl-nəcabət  ağacı kimi  mənalandırılır. “Baybörənin oğlu Bamsı Beyrək ” və   “Qazan xanın  oğlu Uruz bəyin dustaq olduğu boy”larında da  Qaba ağacı məhz bu cür  mənalandırılıb və  bunlar funksional baxımından da belədir, mənəvi baxımdan da.
 Ağaclar  ətraf mühitin/təbiətin müstəsna əhəmyyəti olan bir üzvüdür. Yazda tumurcuqlayıb  təbiətə naz satanda da, yayda budağını əyib körpəmizə  barını dərəndə də, payızda ətrafına xalı kimi səpələnmiş ipək-ipək yarpaqlarının  üstündə addımlayanda da bizi heyran edər. Həyatımızın bütün emosional məqamları ilə bu ağacların mütləq bir bənzəyişi var.  Ağlımız kəsəndən  həyatımızın  bütün  məqamlarını bu ağaclarla eyniləşdirmişik. Sevgimizin bir az çığal  vaxtlarında, hərdən ayrılıq  güc gələndə özümüzə qışda yarpaqsız qalıb qarla örtülmüş ağacları təsəlli seçmişik. Buzdan libas geyinsə də, təbiətin tufanına, qarına, şaxtasına sinə gərib yazda yaşıllaşmaq tərpənişini, həvəsini gördükcə, əvvəlki halımıza baxmayaraq, onunla  ümid tapmışıq. Yenidən  “yaşıllaşmağa” doğru başlamışıq. 
Təbiət  hər zaman heç kimə fərq qoymadan günəşini, suyunu, meşəsini, çiçəyini, giləmeyvələrini bərabər şəkildə hamıyla paylaşıb, bu gün də paylaşmaqdadır: həm də təmənnasız, əvəzini gözləmədən. İnsan isə hələ bunu dərk edə bilmir. Hətta bəzən nankorluq da edir. Elə bilir ki,  təbiət onlara nə bəxş edirsə, əbədidir, heç vaxt tükənməyəcək.
Canlı dünyanın təkamül nəzəriyyəsini yaratmış Lamark hələ XIX əsrdə demişdi ki, “Sanki müasir insanın əsas məqsədi – əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət, özünü məhv etməkdir”.
Məşhur alman fiziki, nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel Mükafatı Laureatı  Albert Eynşteyn də eyni fikirdə olmuşdur: “İnsan  övladının ən böyük zəifliyi   dünyanın   ona xidmət  etdiyini sanmasıdır. Hətta, bütün qidaları, heyvanları və təbiəti özünə təqdim edilmiş bir nemət hesab edir. Kainat dediyimiz bütün içərisində o, özünü digər canlılardan üstün tutur. Ətraf mühitdən istədiyi kimi istifadə edir: yıxır, yox edir. Halbuki, insan övladı bu kainatda zəncirin yalnız kiçik bir hissəsidir. İnsan bunu rədd edərək, əslində, özünə bir həbsxana yaradır”.

Dünyanın ən nüfuzlu alimləri kimi tanınan Lamark da, A.Eynşteyn də fərziyə danışmırdılar ki, kiməsə böhtan da atmırdılar ki. Axı insan onu mövcud edən, yaşadan, qidalandıran, hifz edən təbiətə qarşı hər zaman amansız olub, ən yumşaq halda desək, laqeyd olub, içi mən də qarışıq. Unutmamalı: təbiət bütün bunların fərqindədir.
Axı insan özü də təbiətin bir övladı olduğu halda, ona qarşı necə nankorluq edə bilər, meyvəsini yeyib budağını necə qıra bilər? Heç olmasa, o, yayda su deyib çızdağı çıxanda, hansısa ağacın dibinə bir ovuc su tökübmü? 30-40 ilin bahasına ərsəyə gətirilmiş ağacları köklü-köməcli yerindən çıxartdırıb, həyatına son qoydurub, yerində masaj salonu, kafe tikdirən işbazlar, sanki, özümüz deyilmişik. Halbuki, hər bir canlı insan özü də təbiətin bir əzasıdır, bədən üzvüdür: onun danışan dili, görən gözü, eşidən qulağıdır. Təbiətə qəsd ediləndə, gərək insan onun sızıltılarını əzalarında hiss edə. Təbiət də bunu istəyir.
Umacağı, olsa-olsa, insanın onu anlaması, qədrini bilməsidir. Əgər insan təbiəti dərk edərsə, onda təbiət də ona qarşı daha məhrəm olur. Anlayırıqmı, səmimi olaq, yox. Bir budağı qırmamışıqsa da, torpağa da bir ting basdırmamışıq.

Başıkəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?….

Ramiz  Rövşənin bu misraları  hər gün bu və ya digər şəkildə qətlinə fərman verilmiş yaşıl canlılara   həsr edilmiş  çox təsirli bir elegiyadır. Bəli, o gün olmaz ki, sənin boğazına bıçaq dirəməyələr,  kürəyinə balta  çalmayalar.
 Bıçaq da çəkirlər, balta da çalırlar.  Oyan-buyan etsələr,  əvəzində cüzi cərimə ilə hələ yası bitməmiş, ili çıxmamış  başıkəsik kötüyünün  yerində mülk də ucaldırlar: kitabxana, muzey, sərgi salonu yox ha, özünə dəbdəbəli saray, qaz vurub qazan doldurmağa hesablanmış market, kafe, ya da …
Amma onlara  pasibanlıq etməyə, qulluq göstərməyə müvəkkil edilmiş xidmət sahələri, eləcə də  məsul şəxslər də  bu ağacların  harayına çatmır, heç usdufca da olsa səslərini çıxartmırlar. Əgər onlar ağacların, hətta bir ağacın insanlığa verdiyi faydaların nə qədər əhəmiyyətli olduğunu bilsəydilər, onu qorumağa bizim düşündüklərimizdən də  daha məsul olardılar. Əgər belə deyilsə, onda həmin kəslər ağac haqqında həqiqi fikirlərin ancaq qrafik təsvirinə malikdirlər. 

  Ağacsız ölkə yurd deyil…  (M.K.Atatürk)

Hər gün işə, məktəbə gedib-gələrkən məhəlləmizdə, küçəmizdə,  rastlaşdığımız hər bir ağac, hər bir kol , hər bir gül, hər bir çiçək, adicə bir yarpaq şəhərimizin ekosistemini tamamlayan  çox mühüm və faydalı elementlərdir.
 İqtisadi səmərəsinə aid bir nümunə deyək:  mütəxəssislər  hesablamışlar ki, Londonda ağacların iqtisadi faydası ildə 130 milyon avrodur. Təkcə  bir ağac ildə təxminən 20 avro fayda verir. Tibbi və sosial əhəmiyyəti isə iqtisadi səmərəsindən də  çoxdur.
Ağaclar  stressi azaldır,  ürək xəstəliklərini araldan qaldırır, insanı ruhən şən və ümidli edir. Ümumiləşdirəsi olsaq, təbiət, sözün əsl mənasında insan sağlamlığı üçün yaşıl sipəridir.
Hollandiyada aparılan bir araşdırmaya əsasən, belə iddia irəli sürmüşlər ki, hər hansı bir şəhərdə yaşıllıqların hər yüzə  10 faiz artırılması  insanların sağlamlıq şikayətlərini beş ilə qədər təxirə sala bilər.
Amerika  Birləşmiş Ştatlarında aparılan araşdırmada isə daha  kreativ olmuşdur. Məlum olmuşdur ki, əməliyyatdan sonra palatalarının pəncərələrindən azad təbiəti,  gülü-çiçəyi seyr edən xəstələr daha tez sağalır. Yaşayış məskənləri layihələndirilərkən memarların və inşaatçıların həmin  ərazidə  ağacların  əkilməsinə, yaşıllıqların  salınmasına xüsusi önəm verməsi  də təsadüfi deyil. Çünki bunlar  həyatımız üçün  təkcə sağlamlıq  funksiyalarını deyil, digər  mühüm funksiyaları da yerinə yetirir.
Məsələn, hər iki tərəfində ağac olan yollarda, prospekt və küçələrdə  mühitin toz  hissəcikləri, eləcə də səs-küylə  çirklənmə səviyyəsi ağacları olmayan belə ərazilərə nisbətən 60 faiz daha  təmizdir.
Sosial mahiyyətinə  gəlincə isə yaşıl heyranlığın cazibəsi  insanları təbiətin qoynunda olmağa, birgə gəzintiyə, stolüstü idman oyunlarına daha maraqlı edir, nəticədə  onların  fiziki aktivliyi və “hərəkətliliyi”ni artırır,  insanlar daha sosiallaşırlar . İnsanlar asudə vaxtlarını belə  səmərəli keçirdiyi üçün inzibati hüquq pozmalarının da, cinayət  hadisələrinin  dinamikası da azalmağa   doğru meyilli olur.
Bütün bunlar bir daha sübut edir ki, ağacı olmayan  bir məkan  nə qədər gözəlləşdirilsə də,  bu  gözəllik kosmetik  konstruksiyadan başqa bir şey deyil. Yağış yağmadısa, damcıları şırhaşır ağacların yarpqlarından, çəmənildəki otlara, oradan da  süzülüb torpağa axmadısa,  göy qurşağının  rəngarəng şəbəkəsinin   məftunu olmadıqsa, meşələrin səssizliyində  sehirlənmədiksə,  nəyimizə lazımdır  meqpolis göydələnləri? Onsuz da bu  gün  artmaqda olan  ekoloji problemlər meqopolisləri ciddi şəkildə tədid edir. Alman Dünya Əhali Fondunun (DSW) paylaşdığı açıqlamada 2023-cü ildə dünya əhalisinin təxminən 66 milyon nəfər artdığı bildirilib. “DeutscheWelle Türkçe”nin xəbərinə görə, 2024-cü ilin əvvəlinə dünyada 8 milyard 73 milyon 859 min 407 nəfərin yaşadığı bildirilib.
BMT-nin vеrdiyi məlumаtа görə, 1984-cü ildə dünyаnın 34 şəhərində əhаlinin sаyı 5 milyоndаn аrtıqdır. 2025-ci ilə bеlə şəhərlərin sаyı 93 оlаcаqdır. Hаzırdа şəhər əhаlisinin 65%-i əhаlisi 1 milyоndаn аrtıq оlаn şəhərlərdə yаşаyır.
Mövcud  demoqrafik vəziyyəti,  urbanizasiyanı nəzərə alsaq, 2050-ci ilə qədər daha 2,5 milyard insanın şəhərlərdə yaşamağa başlayacağı proqnozlaşdırılır.  Şəhərləşmə tendensiyasının  bu cür proqnazlaşdırması  bütün dünyanı  həm qida, həm də ekoloji  təhlükəsizlik qayğıları qarşısında qoymaqdadır. Elə ölkələr var ki,  həmin ölkələrin   coğrafi mövqeyi, iqlim şəraiti  Azərbaycanın  coğrafi  mövqeyi, iqlim şəraiti kimi  əlverişli  deyildir.  Həmin ölkəlrdə qida, su böhranı yaşanır.  Amma Allah Azərbaycandan səxavətini əsirgəməyib. Ona görə də Azərbaycanda  yaşayan   hər bir  kəs  təmiz və təhlükəsiz ətraf mühitdə yaşadığının fərqində olmalıdır.
  Qara şəhərdən  Ağ şəhərə
Bu yerdə  bir balaca  Bakımızın  keçmiş tarixinə səyahət edək. Təsəvvür edin, Bakıda o  vaxt  Qara şəhər kimi yaradılmış ərazidə  təkcə  1876-cı ildə   118 sənaye müəssisəsi var imiş.1890-cı ildə Qara şəhərə  səfər etmiş  bir türk səyahətçisinin  fikirləri Qara şəhərin  ozamankı “qara mənzərə”sini   çox real əks etdirir : “Burada hər şey qaradır: divarlar, yer, hava və səma. Sən nefti hiss edirsən və tüstünü içinə çəkirsən və pis qoxu səni boğur. Sən səmanı bürüyən tüstü buludları arasında gəzirsən”.
Görkəmli rus şairi V.V.Mayakovski  Bakıya həsr etdiyi  bir şeirində  onu  “dünyanın pencəyində yağlı ləkə” kimi təsvir etmişdi. Hətta o vaxt  şair  Qara şəhər adlanan mədənə  baş çəkmək istəyəndə,  onun bu istəyinə  mane olmuşdular ki,  orada baxmalı nə var ki. Çünki hər tərəf yastı-yapalaq evlər, neft  buruqları və neft gölməçələri idi. 
Amma bugün  mənzərə tamam başqadır. Qara şəhər  Ağ şəhər olub, dillərdə əzbərdir.
Bakı hər gün gözəlləşir. Prezident İlham Əliyevin  uğurlu rəhbərliyi sayəsində paytaxt şəhərimizdə 52-dən çox yeni park salınıb. 90-dan çox mədəniyyət və istirahət parkı isə  əsaslı şəkildə təmir olunmuşdur. Cənab Prezident İlham Əliyevin  dediyi kimi, ” …İndi Bakı parklar, bağlar şəhəridir.”
Bakının yaşıl füsunkarlığı Ümummilli Liderimiz Heydər Əliyevlə başlamış, İlham Əlyevin qayğı və diqqəti ilə bu gün də uğurla davam etdirilir. Bakl  indi bir ayrı hüsnünü yaşayır. Dövlət  başçımızın istər etik-estetik görüşləri, istərsə də fəlsəfi fikirləri insanı  təbiətlə birlikdə daha uzunömürlü, daha sağlam olacağna tapındırır. 
Cənab Prezident demişdir:
“İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su, bütün bunlara biz çox böyük diqqət göstərməliyik.”

Diqqət göstərilir, amma  təəssüflərimiz də vardır…

Mehriban ağuşunda 150-dən artıq parkın  sığındığı Bakıda yaşıllığa, ağaclara  heç də hər yerdə eyni qədirşünaslıq hiss olunmur. Xüsusilə   şəhərətrafı ərazilərdə,  bir qədər mərkəzə doğru ərazilərdə isə daxili məhəllələrdə. Heç kim  bilmir ki, yaşadığı  ərazinin torpaqları hansı statusdadır, bələdiyyəyə məxsus torpaqlar hansı torpaqlardır. Bu məchulluq, naməlumluq bələdiyyələrin fəalliyyətsizliyini arxa  fona keçirir.  İnsanlar bilmirlər ki, məhəllədəki, binalarının  əhatəsindəki ağaclara icra  hakimiyyətimi, bələdiyyələrmi, yoxsa, Yaşıllıq Təsərrüfatı  Birliyimi xidmət göstərməlidir. Kimsə bələdiyyələrin bu qayğılarla məşğul olduğunu görübmü, mən görməmişəm. Bələdiyyələrin  mövcud olduğu 25 il ərzində  bizim ərazi üzrə bələdiyyə nümayəndəsi kim olub bilməmişik, nə də  bu ərazidə onların dəst-xəttini görməmişik. İş aparılmayıb axı.

Məhəlləmizin  yaşıllıqları, eləcə  bir neçə digər  sosial xarakterli problemləri ilə bağlı yazılı şəkildə müraciət etmişik. Dəfələrlə şəxsən əvvəlki sədrin də, indiki sədrin də, köməkçilərinin də qəbulunda olub  üz-üzə problemləri  diqqətlərinə çatdırmışıq.  Qeydlər aparıb məşğul olacaqlarını deyirlər, amma heç nə etməyiblər. Müraciətimiz daha çox  məhəlləmizdəki təhlükəli və  həddindən artıq  böyümüş  ağaclar barəsində  olub.
 Ümumiyyətlə,  təhlükəli ağacların götürülməsi,  hədsiz uzanmış ağacların budanması tək bizim ərazi üçün deyil, bütün  paytaxt şəhərimiz üçün problemdir.
  Yaşıllıq  haqqında  Qanun  bir cürə deyir, onu icra edənlər   başqa cürə   edirlər. Onsuz da  cəmiyyətdə yaxşı reputasiyaları olmayan bələdiyyələr,  Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi isə  vətəndaşları labirintə  sürükləyir. Vətəndaşlarla birlikdə təbiəti də.
Qanun belə deyir…
Yaşıllıqların   mühafizəsi haqqında  Azərbaycan Respublikası Qanunun 8 və 9-cu  maddələrində yazılıb: 
Maddə 8. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri
8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir.
8.2. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
8.2.1. yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;
8.2.5. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq;
9.0. Yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur:
9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi;
9.0.4. qanun pozuntularının qarşısının alınması, onların
9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi ( Bax: https://faolex.fao.org/docs/pdf/aze159771.pdf  ).
Yaşıllıqların götürülməsi (kəsilməsi) – ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə aşağıdakı hallarda yol verilir:
– dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
– şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
– şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
– ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;
– texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
– ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.
 Budama
Ağacları da canlı varlıqlar kimi qəbul ediriksə, insanlar kimi onların da  fiziki təsirlərə məruz qaldıqlarının fəqrqində olmalıyıq, yəni, ağaclar da insanlar kimi xəstələnə, müəyyən “qüsurlu” xidmət və laqeyd  münasibətlərə görə ölə bilərlər. Bütün bunları önləmək üçün onlara da  qulluq etmək,  vaxtlı-vaxtında aqrotexniki  tədbirlər görülməlidir.  Belə tədbirlərdən biri də budamadır. Ağacların budanması ildə iki dəfə edilir.
 O, budaqlar arasından daha çox hava keçməsi, onlara kifayət qədər işıq çatması, həmçinin bitkinin gözəllik üçün zahiri görünüşünü tənzimləmək üçün edilir. Budamanın başqa bir forması ağacın hündürlüyünü azaltmaq üçün qol-qanadını budamaqdır. 
Budamada ilk addım olaraq qırılıb  yarada biləcəyi təhlükəni önləmək  və  ağacın  sağlamlığına zərər verə biləcək köhnə,  ağacın  daxilindəki  ölü və ya xəstə budaqların çıxarılmasıdır.
Bu zaman həm  ağac  onu boğan məngənələrdən azad  olacaq, həm də  insanlar və digər canlılar üçün təhlükə aradan qalxacaq.  Düzgün budama sayəsində  həmin ağac həm də  daha yaxşı struktur forması halına  gələcək.   
Qovaq ağacları,  ümumiyyətlə,  çox tez böyüyür və buna görə də budaqları arasında lazımi hava və işıq sirkulyasiyasını təmin etmək üçün mütəmadi olaraq budanmalıdr.
Şəhərimizdə budanmaya ehtiyacı olan  ağaclar  olduqca çoxdur. Belə ağacların  bir bəlası da  burasındadır ki,  onlar necə gəldi əkiliblər, aralarındakı məsafə  çox yaxındır.  Budaqlar böyüyüb yanlarındakı ağacların işinə girir, biri digərinin  işığına, havalanmasına maneçilik törədir. Özü quruyur, bu işləri görməli olanlar isə  nə  bu qurunu   aradan götürüb  yanındakı ağaclara rahatlıq yaratmırlar,  nə də onun ölmüş  cismini rahat etmirlər. İllərlə budanmayan,   gövdələrinin  əyilməsinə  vaxtında əlac  edilməyən ağacların, nəticədə,  mexaniki təsir qüvvəsi enir, ağac  ciddi  xəstəliklərə məruz qalır və sonda da quruyur.
Bəlkə də, heç bəlkəsiz də  nə bələdiyyənin,  nə  də Yaşıllaşdırma  Birliyinin  həmin ağaclardan xəbərləri də  yoxdur, heç bilmirlər ki, bu ağaclar harda bitib.  Tanınmış musiqi tədqiqatçımız, filologiya elmlər namizədi  Gülhüseyn Kazımovun yazılarının birində noxumuşdum ki, Almaniyada hər bir ağacın pasportu var. Almaniyada ağacı , sözün həqiqi mənasında təbiətin  “yaşıl ciyəri” kimi qoruyub qeydinə qalırlar.  Belə qədirşünaslıq olarsa, onda hər ağac üçün cavabdehlik tələb olunar, heç olmasa,  azacıq da olsa qulluq edərlər.  Yoxsa hansısa qəza xidməti  iş görəkən  Eldar şamını böyrü üstə qoysun, yaşıllaşdırma idarəsi  isə  televiziya ilə  cəmiyyətə  gerçək olmayan məlumat versin ki,  guya,   bu “igidi”  külək yıxıb. Halbuki,   yıxılmış ağacın  köklərindən  görünür ki, ona insan amilinin təsiri var, onun şah damarları laqonda ilə kəsilib.

Bakıda  doğru əkilmədiyindən, həmçinin   müəyyən  həddə qədər gövdəsinin fiziki təsirlərdən əyilməsinin qarşısını alan  tədbirlər görülmədiyindən “beli bükülmüş”  ağaclar da nə qədər desəniz, qarşımıza çıxır.  Ağacların 40 dərəcədən çox əyilməsi təhlükə üçün ciddi haldır.  Doğrudur, təbiətdə hər bir bitki işığa çatmaq üçün bir az əyilə (fototropizm) bilir. Amma bizim  dediyimiz əyilmə o əyilmələrdən deyil. O əyilmələfrdn ki,  ağacı əkib  o gedən də gedirlər. Bakı küləkli şəhərdir.Gərək ağaclar özünə yer edib ayaq üstə durmağa qadir olanaq qədər  yanlarına   dirəl basdırılıb küləkdən və yaxud hansısa fiziki təsirlərdən qorunsun.

Ərazilərdə elə ağaclar  da var ki, dibində və yaxud gövdəsində çoxdan çürümə başlayıb, boşluq və ya çatlar  meydana gəlib. Bu cür ağaclar da faktiki  vəziyyətlərinə görə, artıq mexaniki müqavimət  qabiliyyətini tam itirib, qida və su kimi vacib komponentləri  lazımi hissələrə daşıya bilmir və yaxud çətinlik çəkir. Bütün bunlar belə  ağacların qurumasına, güclü külək olarsa, aşıb  insanlara zərər verməsinə, hətta ölümünə  səbəb ola bilər. Nə üçün  ağaclar  bu həddə gəlib çatmalıdır? Çünki  ağacların törətdiyi  fəlakətlər üçün  ona qulluq etməli olan bələdiyyələrin,  Bakl şəhər Yaşıllıq Birliyinin  cavabdehliyi, bir öhdəliyi yoxdur. Mövcud qaydalara görə, ağacların ildə 2 dəfə monitorinqi aparılıb, müvafiq dəyərləndirmələr hazırlanmalı və buna  uyğun  addımlar atılmalıdır.Təhlükəli  ağaclar  isə harada  bitməsindən və ətrafında insanların hərəkət intensivliyindən asılı olaraq daim  yoxlanılmalıdır.  Həyətimizdə   elə qovaq və küknar ağacları  var ki, uzunluğu 18-20 metrdən yüksəkdir.  Az qalır binanın 9-cu mərtəbəsinə çatsın.

  Biz  təhlükəli bə budanmalı ağaclarla  bağlı   səlahiyyətli  təşkilatlara elektron  formada aşağıdakl qaydada  müraciət etmişik:
1.11 may 2023-cü ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ətraf Mühitin Mühafizəsi Departamentinə;
2.14 avqust 2023-cü ildə Xətai İcra Hakimiyyətinin başçısına;
28 noyabr  2023-cü  ildə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədrinə;
 28 noyabr 2023-cü ildə Bakı Şəhəri İcra Hakimiyyəti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktoruna.

 Gözləyə-gözləyə qalırsan, cavab verilmir. Uzun müddət yazdığımız müraciətə məhəl qoymayan Bakı Şəhər Yaşıllaşdırma Birliyinin müvafiq briqadası, nəhayət,  mayın 20-də  həyətimizdə oldu və biyara işləyən kimi nec gəldi 3-4 ağacı  naşı bərbərlər kimi  keçəlləyib getdilər. Onların gördükləri  “aqrotexniki tədbir”  nə ağaca, nə də  əraziyə   şəfa  gətirmədi, əksinə,  ağacları, ərazini  daha eybəcər hala saldı.   
Bir neçə il bundan əvvəl bu barədə    “Yeni Müsavat”a  müsahibə vermis  Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov demişdi ki,   bu cür problemlərlə qarşılaşarkən torpaq mülkiyyətçisi kimdirsə ona müraciət olunmalıdır. Yəni, Yaşıllaşdırma Təsərrüfatı Birliyi rəsmisinin  izahınca vətəndaş müvafiq  olaraq ərazi MİS-inə, bələdiyyəyə müraciət etməli,  bələdiyyə icra hakimiyyətinə, onlar da  rəy almaq üçün yerli icra Ekologiya və Rəydən sonra yerli icra hakimiyyəti və ya bələdiyyələr bütün müvafiq materiallar və sənədləri  Yaşıllaşdırma Birliyinə  təqdim etməlidir ki, qurumuş ağacı kəssinlər.
Bu proses  çox getdiyi üçün rəhbərliklə danışılıb ki, təbii şəraitdə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə bir yerdə baxaq, akt tərtib edək və yerindəcə kəsib götürək. (Bax: https://musavat.com/mobile/news/tehluke-yaradan-agaclar-nece-kesilmelidir-resmi-movqe_649885.html    )  ”
   Bəs bundan əvvədə qeyd etdiyi prosedur qaydasını kim müəyyən edib?  Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin müvafiq  proseduru üzücü deyilmi?
Orxan Məmmədovun bu  müsahibəsində Yaşıllıq haqqında mövcud  Qanuna əks olan  daha bir qeydi də var: 
“… Bu kimi problemlərlə üzləşən vətəndaşlarımız (012) 570 -73-30 qaynar xəttinə müraciət edə bilərlər. Bizim əməkdaşlarımız gəlib yerindəcə baxış keçirəcək, həqiqətən ağac qəzalıdırsa kəsilir, insanların gediş-gəlişinə maneə yaradırsa, həddindən artıq boy atıbsa, budamağa ehtiyac varsa həmin ağac budanır.
…Yerli icra hakimiyyəti və ya bələdiyyələrin nəzdində olan ərazilərdə, mərkəzi küçələrdə mövcud olan qurumuş ağacların kəsilməsi və digərlərinin budanması üçün həmin qurumlar bilavasitə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etməlidirlər. Qanunda ”yerli icra hakimiyyəti və ya bələdiyyə” yazılıb, müraciət onlardan olmalıdır”.
Bu, necə məntiqdir, əgər  bir vətəndaş yaşadığı ərazidə təhlükəli ağac olduğu barədə müvafiq qurumlara müraciət edibsə,  ona niyə məhəl qoyulmamalıdır ki?  MİS-lər, bələdiyyələr  ərzilərindən xəbərsizdirlərsə və  xəbərsiz olduqları yerlərdəki ağacların vəziyyətini görmürlərsə, fəryadını eşitmirlərsə, bu qədər ağaclar məhv olmalııdır?   Niyə  kimlərinsə  vəzifəsinə məsuliyyətsizliyi  səbəbindən hardasa ağaclar yıxılb vətəndaşa zərər vurmalıdır, kimsə xəsarət almalıdır. Bu gün Bakı  şəhərində ağaclarla bağlı hadisələrin  90 faizi aidiyyəti qurumların  həmin ağacların və onların yerləşdiyi ərazilərə ayaqlarının dəyməməsi səbəbindən baş verib.
Bilavasitə bu  vəzifələrə cavabdeh olan idarələrin  laqeydliyi səbəbindən baş verib. Bunlar daha ciddi məsələləri qoyub rayonlarda kömür hazırlayanlarla  mübarizə aparırlar, şəhərdəki şadlıq evlərinin bacalarına  monitorinq tətbiq edirlər.
   Elə bil ki,  bu təşkilatların arasında  koordinasiya yoxdur, varislik yoxdur.  Müraciətlərə çox vaxt əhəmiyyət verilmir,  veriləndə də  bir-birlərini təkzib edən şəkildə. Sonuncu dəfə Ekspertiza Agentliyinə 28  noyabr  2023-cü ildə müraciət etmişdik. O zaman  Agentliyin İdarə Heyətinin sədri işləmiş  Mirsalam Qənbərov   cavab vermişdi. Ərizə və müraciətlərə 15 iş günü müddətində cavab verilməli olduğu halda, düz 48 gündən sonra – 15 yanvar 2024-cü ildə  cavab verilib: gec cavab verilməsi bir yana,  həm də  problemiin həll edilmədiyini  əks etdirən cavab.
Ekspertiza Agentliyi bizim müraciəti eyni zamanda  Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Brliyinə, Ətraf Mühitin Mühafizəsi Departamentinə, Xətai İcra Hakimiyyətinə,  11  nömrəli Regional Təbii Sərvətlər və Ekologiya İdarəsinə göndərildiyi haqqında qeyd var . Bu, o anlama gəlir ki,  həmin idarələr  məsələni araşdırb zəruri tədbirlər görsünlər.
Bu cavabdan  düz 4 ay sonra ( mayın 20- də)   Bakı Şəhər Yaşıllaşdırma Təsrrüfatı Birlyinin  briqadası  həyətimizə gəldi.  Sanku bu qurumun  sahə üzrə anlayışı yox,  sabitləşmiş nümunəvi peşə ənənəsi yoxdur.Var, amma  bir neçə ağacın adda-budda qanadlarını şil-küt edib, yöndəmsiz vəzyyətə salıb  getmək.  Çünki onlar bu sahənin mütəxəssisləri deyillər, arborist deyilllər. Heç bəlkə də bilmirlər ki,  arboristlər kimlərdir.
Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin, Dövlət Ekoloji Ekspertiza Agentliyinin, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Brliyinin, 11  nömrəli Regional Təbii Sərvətlər və Ekologiya İdarəsinin, Xətai Rayon Bələdiyyəsinin şəhərin mərkəzi yerlərindən kənarda olan bu ağaclardan heç xəbəri yoxdur. Onlar düşünürlər ki, göz qarşısında olan ağacların, yaşıllığın vizual görünüşünü qaydada saxlaya bilirlərsə, kifayətdir. Bu ağaclar Aklahın ümidinə yaşayır. Dibləri nə bir dəfə yumşaldılıb, nə bir dəfə su verilib, nə budanıb, seyrəldilib onları canlandıran olub. Bir gün başlarını yerə qoysa, televiziyada xəbər verəcəklər ki, günah küləkdə olub.

Biz müraciətimizdə qeyd etmişdik ki,  problemli olan 10-dan çox ağac var: bəziləri tamam kəsilməli, bəziləri də budanmalıdır. Və  briqadaya rəhbrlik edən Anar adlı şəxsə  ağacların hamısını göstərmişdik də.
  Nəzarətçi kimi gəlmiş  bu şəxs  dedi ki, nazirlik icazə verməsə, biz kəsə bilmərik. Budanmanı da mövsümdə etmək lazımdır. Ekologiya Nazirliyinə zəng vurduq, bildirdilər ki, yazılı müraciət etməlisiniz, gəlib baxıb   aktlaşdırandan sonra kəsilməsinə razılıq verilə bilər. Daha 7-8 ay da bu proses davam edəcək. Bunun bürokratiyadan başqa adı yoxdur. Əlaqəli qurumlardır, nə üçün bir-birlərinə etimadları olmamalıdır?  Ya da  bü pərakəndəliyi  ləğv edib, hamısının səlahiyyətini bir quruma verin,  o da sərbəst və operativ addımlara ata bilsin. İndiki halda isə  hər qurum cavabdehliyi digərinin üstünə atır. Əslində, onlar  bilmir ki,  özləri  hansı işləri görməlidir.    
Bizim məktubumuza cavb vermis Mirsalam Qənbərov  indi  Yaşıllaşdırma Birliyi Təsərrüfatının Baş direktorudur.  Həyətimizə gəlmiş briqadanın gördüyü iş də onun rəhbərlik vaxtında olub.
Biz Ekspetiza Agentliyinin rəhbəri cənab M. Qənbərova 28 noyabr 1983-cü ildə müraciət etmişdik.
 Bizə yazdığı cavabdan 2 ay əvvəl eynən bu mövzuda  Bizim Media.az saytına açıqlama vermişdi.  Həmin  yazıdan  mövzumuza  tam eyni olan hissəni təqdim edirik (Bax: https://bizim.media/az/multimedia/155346/):
…ağacların hansı dövlət qurumunun və ya bələdiyyənin ərazisində olmağından asılı olaraq həmin təşkilatların bu məsələyə cavabdehliyi onların funksional öhdəlikləri, vəzifə borclarıdır:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları ağacların və ya yaşıllıqların vəziyyəti ilə bağlı yalnız rəy verir. Yəni aidiyyatı qurumlar, daha doğrusu ağacların yerləşdiyi əraziyə cavabdeh təşkilatlar mülkiyyətçilərdir. Bu ya şəhər icra hakimiyyətinin müvafiq qurumu və ya da bələdiyyələr olur. Onlar ağacların vəziyyətləri ilə mütəmadi maraqlanmalıdırlar.
Belə ki, qeyd olunan qurumların cavabdeh şəxsləri ildə iki dəfədən az olmayaraq ərazilərində olan ağacların və uzun ömürlü bitkilərin  inventarizasiyasını aparmalıdırlar. Bu onların funksional öhdəlikləridir. Sakinlər ağacların təhlükəli olmaları ilə bağlı aidiyyatı qurumlara müraciəti yalnız vətəndaşlıq borcu kimi qəbul edilməlidir.
Vətəndaşların dövlət və ya bələdiyyə torpaqlarında əkilmiş ağacların kəsilməsi ilə bağlı yazılı müraciəti hər hansı vacib şərt sayılmır. Buna görə də aidiyyatı qurumlar bu məsələdə vəzifə öhdəliklərini yerinə yetirərək sözü gedən ərazidə olan qovaq ağaclarının vəziyyəti ilə təcili olaraq maraqlanmalı, onların vəziyyətinin qiymətləndirilməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər.”
 Cənab Qənbərovun dediklərinə görə məntiq   belə nəticəyə gəlməyə əsas verir ki, ekoloji təhlükəsizliyimizi qorumalı olan  aidiyyəti qurumlar arasında paralellik çoxdur. Bu çoxluqdan istifadə edib onlar  müraciətləri  bir-birlərinin üstünə atırlar. Halbuki,  vətəndaşlar bu barədə kiməsə  müraciət etməmildir,   bu qurumlar  aralarında koordinasiya və varislik olmaqla təbiətə xidmət etməli, insanları ola biləcək təhlükələrdən qorumalıdırlar.

Torpağı qorumasan, əkib-becərməyə dəyməz,əkib-becərməyəcəksən – qorumağa dəyməz.

                             “Kitab-i Dədə Qorqud”

 Türk xalqlarına yol-ərkan göstərən ulu babamız Dədə Qorqudun  bu sözləri Oğuz övladlarını dünyaya göz açıb nemətlərindən qidalanaraq ətə-qana dolduqları  torpağa sahib çıxmağa,  gözəlləşdirməyə, lazım gələrsə, yolunda  candan belə keçməyə  bağlayan   daha bir and-amanıdır. Oğuz babalarının varisləri müzəffər sərkərdəmiz İlham Əliyevin komandanlığı altında   bu  and-amana sədaqətli olduqlarını   “Qarabağ Azərbaycandır!” Zəfəri ilə təsdiqlədilər: iki əsrdən artıq bir dövrün şərəf tarixini yazdılar. Amma indi gəlin görək, mülki həyatda  qayğısız böyüyən, bir neçə ildən sonra  Qarabağ qazilərinin davamçıları  olmağa  ümid  etdiyimiz   yeni nəsil  Qorqud babamızın and-amanının məsuliyyətini daşıyırlarmı? Deyəsən,  yox! Bizim yaşadığımız ərazinin timsalında  yeni nəslin təbiətə, ətraf mühitə münasibətinə rəğmən deyirəm, yazıram bunları. Fərqi yoxdur, əksər ərazilərdə də eyni münasibət müşahidə olunur. 3-4 il bundan əvvəllərə qədər yaşadığlmız ərazinin  interyeri də, eksteryeri də uzaq (uzaq  burada zaman baxımındandır  ha)əyalət qəsəbəsini  andırırdı. 2020-ci ilin fevral ayından 2021-ci ilin  noyabr ayına qədər General Şıxlinski   küçəsi 47, 49 və   51 nömrəli binaları əhatə edən  məhəllədə   “Abad Həyət” layihəsi çərçivəsində abadlıq işləri aparıldı və  yaradılmış parka Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun adı verildi, bunu təsiqləyən lövhə olmasa da,  parkın status aydın olmasa da, 2021-ci il noyabr ayının 11-də   parkın və xatirə lövhəsinin açılışı oldu.  Çoxlu sayda kəm-kəsirlər qalmasına, bəzi işlərin də  keyfiyytsiz görülməsinə baxmayaraq, ərazini  xarıcı və daxili görünüş baxımından əyalət görkəmindən uzaqlaşdırıb ölkənin baş şəhərinin  ümumi ahənginə yaxınlaşdırmışdılar. Hər halda əvvəlki görkəmindən  dəfələrlə  abadlaşdırmışdılar. Amma ildən-ilə keçdikcə adı çəkilən ünvanda yaradılmış   ekoloji cəhətdən abad və yaşıllıqlarla əhatələnmiş  bu məkan həm fiziki , həm  sosial-mənəvi baxımdan   mahiyyətindən uzaqlaşmağa başlamışdır. Uşaqlar  yaşıl çəmənliyin üstündə  qaçışır, top oynayır, velosiped sürür, it  gəzdirir. Hansı  çiçəyin, yaşıl kolun yanından keçirlərsə bir budaq, bir yarpaq qoparırlar.  Tum çırtlamaq, yedikləri meyvənin, dondurmanın, atılası nə varsa, hamısını yerə atırlar.  Qazon kimi salınmış arakəsmə zolaqları, oradakı yaşıl kolları yerli-dibli  məhv ediblər. İşarələnmiş yaşıl bitkilər artıq yerli-dibli yoxdur.

 

Abadlıq aparılarkən  yeni basdırılmış tinglərin   mühafizəsi üçün  yanlarında  qoruyucu dirəklər basdırılır. 96 №li  MİS-nin fəhlələri tərəfindən adda-budda   5-10 dirək  basdırılmışdı, bir o qədr də sakinlər   basdırmışdılar.  Məktəbyaşlı uşaqlar    bu ağacların yanından keçəndə dartıb  həmin dirəkləri çıxarır,  bir-birini qovur, yaşlı adamların  üzünə qayıdırlar. Bu uşaqlar, əsasən kənar məhəllələrdən gəlmiş uşaqlar olur.

 Onlar özlərini hədsiz  sərbəst aparırlar. Heç nə ilə hesablaşmaq istəmirlər.  Bu hərəkətlərin qarşısı alınmayanda, onlar əməllərini getdikcə daha çox törədirlər. Bu parkda elə bir oturacaq, idman avadanlığı  yoxdur ki,  dəcəllər onları zədələməmiş olsun.   Belə  dağıdıcı münasibəti  yaşlı nəsil qəbul edə bilmir, irad bildirəndə də  əməl edimir. Ona görə də yaşlı adamlar  beton divarlar arasında qalmağı  daha  üstün tuturlar.

 Əgər   insanların əyləşməsi, gündən, yağışdan qorunması  üçün nəzərdə tutulmuş oturacaqları, “besedkaları” şəkillərdə gördüyünüz vəziyyətlərə salırlarsa,  dolayısı ilə bunlar da təbiətə qarşı atılmış əks addımlardır. Çünki  insanların istifadəsi üçün nəzərdə tutulmuş  taxta avadanlıq və vasitələrdən səmərəli istifadə edilməyəndə, təbiətdən daha nə qədər yaşıl kəsilməlidir ki,yeniləri hazırlanıb istifadəyə verilsin, onlar əvəzlənilsin. Bütün bu neqativ təzahürlər uşaqlar tərəfindən törədilsələr də,  hamısının başvermə səbəbləri   qayğısızlıqdan, diqqətsizlikdən  başlayır.

 Bu gün Bakının əksər rayonlarına  getsək , şahid olacağıq ki, əksər  həyətlərin  girişi və çıxışında  obyektlər  yaradılıb. Həyətdə, məhəllədə  ümumi istifadə  üçün  hesablanmış yerlər bələdiyyələrin əli ilə  işbazlara pay-pürüş edilib.  Hətta bir çox bağçaların, məktəblərin  böyür-başları da. Bəziləri  şəhid ailəsi  adına   sənədləşdirirlır, amma sahibi-ixtiyar tamam başqa  şəxs olur. Bu cür obyektələr  tez-bazar   ərsəyə gətirilir və səhəri gün də  üstündə elanı hazır olur ki, arendaya verilir.   Amma  həmin yerə sənəd verəndə əsaslandırırlar ki, şəhid ailəsi və yaxud  aztəminatlı ailə imiş.  Dolanışıq vəziyyətlərini yaxşılaşdırmaq üçün bələdiyyəyə müraciət edibmiş.   Amma  orda yazılmayıb ki,  hazır olan kimi arendaya veriləcək. Ona görə də   həyətlərin çoxusunda meydança qurmaq olmur, idman avadanlıqları  yerləşdirilməyib. Söhbətgahlar, oturacaqlar qoyulmayıb. Uşaqlar da məcbur olub yaxınlıqda  olan və müəyyən  məsələləri həllini tapmış  həyətlərə axışırlar. Nəticədə  süni sıxlıq, səs-küy, qarşıdurmalar yaranır.Halbuki, bu parkların yaradılmasında başlıca məqsəd  paytaxt şəhərinin böyüklü-kiçikli bütün vətəndaşlarına paytaxt şəhərin statusuna uyğun  istirahət mühiti  yaratmaq və qorumaqdır. Bu  vəzifəlri görməli olan bir qurum, bir məmur isə  yoxdur.  Uşaqlar rayonda, kənddə  yaşamırlar ki, səhər-axşam onsuz da  yaşıllıqların  gülün –çiçəyin əhatəsində olsun. Qozu-şabalıdı ağacın dibindən yığsın,  çırmalanıb  dağ çayından keçsin, qarnıüstə yatıb arxdan su içsin. Ölkənin baş şəhərindəki uşaqlar isə  ekositem  anlayışını ancaq  həyətələrindəki və yaxud küçələrindəki  təbiətlə təmasdan  duya bilərlər. Bunu isə  dildə “Hər şeyin ən yaxşısı uşaqlar üçündür” deyib,   amma gerçəkdə onların oyun və gəzinti yerlərinə  tamah salan işbazlar  hər  gün bir əlçim  məhdudlaşdırırlar.  Şəhərdə yaşayan uşaqların çoxusu indi gülün-çiçəyin, quşların, ağacların adını bilmir. Küləyin, qarın nə xeyri var bilmir.  Hansı  heyvanın, cücünün, bitkinin və sairlərin    təhlükəli olduğunu  bilmir. Müəyyən fikir söyləyə bilsələr də, bunu canlı təbiətlə tamasdan deyil, internet təbiətindən , kompüter monitorundan, televiziyadan   öyrəniblər.

Dünyamızı təhdid edən təhlükələr içərisində ekoloji fəlakətlər ön sırada dayanır. Bu gün təbiəti düz-əməlli dərk etməyən, sevməyən, qayğısına qalmaqdan uzaq olan  uşaqların sabah o  təhlükələri  aradan qaldırmağa səy göstərəcəyinə inanırsınzmı?
   Bu gün  Bakının abadlaşdırılmasına, yeni-yeni park və bağların salınmasına  heç vaxt indiki kimi  olmadığı qədər önəm verilir. Bütün bunlar cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, IDEA İctimai Birliyinin rəhbəri Xanım Leyla Əliyevanın diqqət və qayğısı ilə  gerçəkləşmişdir.  İndi  digər vacib  məsələ bu  gözəlliyi qoruyub saxlamaq və daha da inkişaf etdirmək olmalıdır. “Kitab-i Dədə Qorqud”da deyildiyi kimi: “Torpağı qorumusan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz. Bələdiyyələr, məktəblər,  müvafiq polis bölmələri, mənzil-istismar sahələri  birlikdə  layihələr hazırlamalı, görüşlər, müəyyən  müsabiqələr keçirməlidirlər. Gerçək olan isə budur ki, bizim ərazidə sakinlərin, gənclərin asudə vaxtlarının  səmərəli keçirə bilməsi üçün  belə fəaliyyətlər yoxdur. Uyğunlaşdırılmış park salmaq   hələ işin hamısı demək deyildir.  Belə ərazilərdə qayda-qanunçuluğun, ictimai asayişin təmin olunması, ardıcıl qorunması lazımdır. Əgər bura park status verilibsə,  mədnu-kütləvi  iş aparmaq üçün   bir işçi ayırmaq olmazmı?  Ərazidə  belə məsələləri nizamlayan  İctimai Şura yaratmaq olmazmı? Bildiyim qədr Polis inzibati dairələrində belə Şuralar mövcuddur, işləri olmasa da. Hərə yaxasını bir tərəfə çəkəcəksə, onda yaşıllıq da olmayacaq, sağlam mənəviyyatlı gənclər də.
 Kimə müraciət ediruksə, hara üz tuturuqsa,   birləşib  problemlərin baş verməməsi üçün səyləri birləşməkdənsə, birləşib narazılıq edəni, irad bildirəni  əsassız çıxardırlar. Çünki  bu  qurumların hər biri  bu narasılıqlarda  cavabdehdirlər.  Deməli,  bəldiyyənin  nöqsanı varsa, onda  1 pillə yuxarı təşkilat dözümlülük göstərib, onda  bir pillə daha yuxarı orqan   da  problemləri  görmək istəməyib və sair. Ona görə də birləşib  şikayəti rədd edirlər. Dövlət başçımız da, qanun da deyir ki, problemlər həll ediməli, müraciətlərə əsaslandırılmış cavablar verilməlidir.
Dəfələrlə müraciət etdik ki, “Abad həyət” layihəsi zamanı    bizim 12 bloklu  49 nömrəli binanın qarşısında 10 yerdə elektrik dirəkləri üçün özül yeri hazırlamışdılar… Həmin dirək yerləri elə də qaldı, edəcəyik dedilər,  bir gün də  işlərini qurtarıb getdilər.

Blokların qarşısında   həmin dirək yerləri baryer olaraq qaldı, gecə vaxtı uşaqların, qocaların ayaqlarına dolaşıb təhlükə yardır, binanın görünüşünü korlayır. Binanın giriş hissəsi  zülmətə dönür. Onda belə çıxır ki, bu  həyət üçün ,ümumiyyətlə, layihə olmayıb, nə ediblərsə, gözəyarı ediblər.  Ətrafdakı bütün binaların divarları rəngləndi, tək bizim 49 nömrəli bina rənglənmədi. Digər həyətlərdə  bir neçə “besedka” qoyuldu, bizdə bir dənə də olsun qoyulmadı. Bütün həyətlərdə  kamera, binaların qarşısında traplar qoyuldu bizim 49 nömrəli binanın qarşısında yox.   Bunalarınb blok hissələri  mətbuatda elan edidiyu kimi təmir edilmədi, başdansovdu edib getdilər. Təhlükəli ağacların birinə toxunulmadı.

Vətəndaşların müraciətlərinə münasibət laqeyddirsə, belə  qurumların  həmin müraciətlə bağlı gördüyü iş  necə olacaq

İnsan cəmiyyətinin bütün tarixi dövrlərində   bu problem olmuşdur : cəmiyyətin aşağı təbəqəsi  hüquqları ayaqlar altına atılanda, təhdid olunanda   hökmdarlara doğru üz tutmuşdur.  XII əsrdə yaşamış  və Səlcuq sultanlarından   Alp Arslan və Məlikşahın vəziri olmuş Xacə Nizamülk Həsən ibn Əlinin  məşhur  “Siyasətnamə”   əsərində bu mövzuda da maraqlı bir  məlumat oxumuşam:
Əcəm şahlarının çoxu yüksək bir qurğu tikdirirmiş  və özü də at belində  həmin qurğuya  çıxarmış ki, meydana yığılmış şikayətçilərinin hamısını görə bilsin. Bunun da səbəbi o imiş ki,  padşah hündür divarlı, böyük qapılı, uzun dəhlizli, qalın pərdəli  saray kimi bir yerdə oturduqda qərəzli adamlar şikayətçilərə mane olub şahln yanına buraxmaya bilərdilər. At belində  düzəltdirdiyi qurğuda isə  şah bütün  şikayətçiləri şəxsən görüb, hər  birinin şikayətinə baxarmış.
Füzuli dövründə də belə olub, “Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim” deyən Vaqifin dövründə də,

” Ərzə verə bir adamın pədəri,
Fərzəndinə olmaz zahir əsəri;
Yetmiş ildən sonra nəvvadələri
Məgər ondan tapa bir rahi-nicat ”,

– deyən Qasım bəy Zakirin dövründə də, indi də.
       O dövrləri bildik,  bəs  hüquqi, demokratik  dövlət qurduğumuz  indiki  Azərbaycanın vətəndaşlarına bu nə münasibətdir  belə?   Görünür, bir çox məmurlar  yeni əsrdə Xalq – Lider, Lider – Xalq birlikdəliyinin yeni modelini  bərqərar etmiş  hörmətli  prezidentimiz İlham Əliyevin  etik görüşlərindən xəbərsizdirlər.     Görünür, onlar Cənab Prezidentin  bu  xüsusda söylədiyi fikirləri ekrandan izləməyiblər, mətbuatdan oxumayıblar. Vətəndaşların  müraciətləri haqqında  Qanundan məlumatları yoxdur.  Belə  məmurlar, təbii ki,  mövcud problemləri  həll edə bilməyəcəklər, çünki  bu problemlərin  yaranmasında  hər birinin   cavabdehliyi var.    Ona   Heç olmasa, müraciətə   Qanunlarımızın tələbi ilə baxmağı, əsaslandırmış cavablar verməyi bacarsınlar.
Dövlətimizin  müzəffər lideri cənab İlham Əliyev 21 iyul 2015-ci ildə milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə bu məqamı daha dürüst təfsir etmişdir:
“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və  bunlara reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək…”
Ölkə başçısı 23 aprel 2019-cu ildə Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında sakinlərlə görüşündə hər bir məmurun qarşısına vətəndaşlara vicdanla xidmət etməyi başlıca vəzifə kimi qoymuşdur:
“Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.
 Sadə vətəndaşlar ölkə başçımızın bürtün çıxışlarını televiziyadan izləyirlər. Çünki bu çıxışlarda mütləq xalqın  xeyrinə hansısa  yeni bir tövsiyə olur.  Biz Prezidentimizə, onun  idarəçilik  kursuna ürəkdən inanırıq. Əgər inanmasa idik,  bu qədər laqeydliklərdən sonra yenə də  Zati-alilərinə müraciət etməzdik. Prezidentimiz tapşırıb ki, qarşılaşdlğınız neqativləri, sosial problemləri bizə bildirin. Biz də   “Mənim sözüm imzam qədər qüvvətlidir!”deyən Zati-alimizin  sözünə  sığınıb   subordinasiya gözlənilməklə     aidiyyəti qurum və şəxslərə  müraciət edirik. Bizim müraciətləri  başdansovdu yerbəyer edən məmurlar  Prezident sözünün statusunu bilmirsə, biz bilirik. 
Əgər  problem həllini tapmırsa və yaxud məktubumuza əsaslandırılmış  cavablar verilmirsə, onda yəqin edirik ki,  bizim müraciətimiz   Prezidentə çatmayıb, məmurlara da Perzidentimizin tapşırıqları.