Mövqe

Xalqımızın gözəl adətləri olub, bu gün də var. Qədrini bilsək, qoruyub saxlaya bilsək, sabah da olacaq. Bu miraslar ən böyük sərvətimizdir: “taxılımız kimi, neftimiz kimi”, hətta mən bu sərvətləri onlardan da dəyərli bilirəm. Götürmək lazım olsa, mən dədə-babalardan qalan sərvətə əl uzadaram.
Bir çən neftlə 1 il yaşamaq olar, amma bir şirin sevgi vüsalına qovuşsan, ta ömrün sonuna kimi qoşa uçsanız belə “yoruldum” deməzsiniz. Dədə-babalarımızdan qalan miras əlaq, adət-ənənələrimiz, mənəviyyatımızla bağlı sərvətlərdir. Belə sərvətlərin ləyaqətli varisləri olmayanda , insan oğlu getdikcə mənəvi yoxsulluğa, özünütəcridə yol başlamış olacaq. Bütün günləri lap fərqli işıqların sayrışdığı kazinolarda keçsin, əgər gecənin bir vaxtı evinə qayıdacaq halları olsa, sahib olduğu dəbdəbəli malikanədə onları sükutdan, sükunətdən başqa nə gözləyəcək? Nəyə lazımdır belə həyat? Sən evinə yaxınlaşdıqca qapıda bənövşə kimi bitib yolunu gözləyən yoxdusa, nə həyat oldu ey bu… Və yaxud qohumluq münasibətləri, xeyir-şər münasibətləri, xeyirxahlıq addımları və sair, və ilaxır…
Belə miraslardan, zəngin ənənələrdən biri də əsgər yola salmaq, əsgər qarşılamaq, əsgəri gözləməkdir.

Uşaq vaxtı yaxşı xatırlayıram, kəndimizdə əsgər yola salmaq, əsgər qarşılamaq mərasimlərini. Hər ikisi günlərlə davam edən bir el tədbiri olardı. Qohum-əqrəba, qonşular belə tədbirlərdə cəm olardılar. Bu cür münasibətlər köməklə yanaşı, mənəvi baxımdan da böyük təsir gücünə malik idi. Əsgər ən çətin məqamda bunları xatırladıqca, mənən daha qürurlu, daha ümidli olur. Hər bir əsgər balamız ailəsinin, şəcərəsinin, el-obanın, ümumilikdə, Vətən adlı Anamızın əmanətində olur. Bu yazımıza mən əsgər balalarımızın daha bir şirin həyat səhifəsinə diqqət yaratmaq istəyirəm.
Gənclərimiz hərbi xidmətə o vaxt gedirlər ki, bu yaşda onların aralarında sevgili olanlar, nişanlı olanlar da olur. Vətəni qorumağa sevgi xeyir-duaları ilə yola salınmaq onlarda bir sevgi sədaqəti də yaradır və daha geiş məzmun kəsb edir. Belə sədaqət Vətənə sədaqətlə bağlanır. Bizim gənclərimiz M.F. Axundovun “Xırs quldurbasan” komediyasındakı Tarverdi kimi deyil, bir dəruni sevgini qazanmaq üçün şərəfli yol seçirlər. Milli Ordunun sıralarında daha püxtələşib qayıdırlar sevgilərinin, sevdiklərinin üstünə. Hər iki tərəfin ailəsində də böyük intizarla toya hazırlaşırlar və s.
Allah bütün əsgərlərimizi hifz etsin, sağ-salamat ata ocaqlarına dönsünlər, bu məkanda toy çalınsın, bir ismətli vətən gözəlinin səadətinə qovuşsun əsgərlərimiz, inşallah.
Mənim üçün əsgər sevgilisi olan qızların vəfası, sədaqəti vətənə xidmətin daha bir formasıdır. Sevən əsgərlərimiz əminliklə, arxayınlıqla xidmət etməlidir. O həmişə duymalıdır ki, Vətəndə onu Əziz Anası ilə bərabər, həm də həsrətli bir qız balamız gözləyir.
Bunu hiss etdikcə, əsgər balalar daha məsul olur, mətin olur.
Sevgi əsgəri istənilən vəziyyətlərdə – soyuqda , şaxtada , piyada, rabitəsiz qaldığı ən kritik vəziyyətlərdə də cəsarətli edəcək.
Saytlarda əsgər məktubları, nakam əsgər sevgiləri haqqında yazılara rast gələndə çox pis oluram. Biz hər birimiz əsgərimizə borcluyuq. Onlar ağıllı olsunlar, diqqətli olsunlar, özlərini qorusunlar. Onlar sevməyə, sevilməyə də layiqdirlər. Bir çox illər əvvəl rayonlarımızın birində sevgililəri əsgər gedən oğlanları hərbi komissarlıqdan yola salmağa gələn qızlar ciddi qınaqla qarşılanmışdılar. Niyə axı, niyə..? Əgər bu sevginiun sonu şirin vüsal olacaqsa, niyə valideynlər onu tamamlamasın, nizamlamasın?

İstər əsgərlik, tələbəlik, istərsə də həyatımızın digər sonrakı mərhələləri olsun, qız, qadın böyük təsir gücünə malikdir. Onlar nizamlayır, məzmunlaşdırır. Gözəl və ağıllı qızlarımız ailə qurmağa razılıq verdiyi oğlumuzun adicə bir qəbahət etməsinə imkan verməyəcək: baxışlarıyla, münasibətləriylə… Ağıllı fikirləri ilə.
Bu sevgidə qəbahət olan heç nə yox. Təki, dünya salamatçılıq olsun. Təki, əsgər balalarımız sağlam olsunlar…İnşallah, qoyub getdikləri sevgiyə xeyirliklə qayıtsınlar. Qızlarımız da bu sevgiyə sədaqətlə onların yolyunu mütləq gözləsin. Qoy qapılarmızda toy çadırları quraq, uşaqların anasını yanımıza alıb bir qol açaq. Dədə-babalarımızdan bizə miras qalan budur da…