Sevgi gözəl bəladır

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!..
…Eşqsiz olsaydı xilqətin canı
Diriliк sarmazdı böyüк cahanı…
…Eşqin yanğısından gözəl şey nə var?
Onsuz nə gül gülər, nə bulud ağlar.
Nizami Gəncəvinin “Xosrov və Şirin”poemasından

İnsan həyatı körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş dövrü, ahıl və qocalıq dövrləri ilə müşayiət olunur. Hər yaş dövrünün öz ahəngi, öz spesifik xüsusiyyətləri var.
Məktəb illəri, ali məktəb həyatı, ilk əmək fəaliyyətinə başladığın gün. Bunlar hamısı insan ömrünün unudulmazlarıdır. Bunların hər biri əhəmiyyətlidir və hər birinin xatirələri heç vaxt onu tərk etmir. Unudulmazların biri də insanın özünün də bilmədən birdən hansısa əks cinsinə qarşı içində qəribə hisslərin baş qaldırdığını hiss etdiyi gündür. Kiminin orta məktəb illərinə təsadüf edir bu gün, kiminin də tələbəlik həyatına. Sonra da ola bilir. Amma tələbəlikdən sonra baş qaldıran sevgi hissi bir qədər ütülənmiş, qəlibə salınmış sevgi hisləri olur və daha çox evlənmə ehtiyacı ərəfəsində baş qaldırır və az bir zamanda da duvaqqapma ilə başa çatır.
Amma bir insanın hələ mahiyyətini, niyəsini düz əməlli dərk edə bilməsə də, içində baş qaldıran sevgi hissindən danışmaq istəyirik.
Hüsey Arif necə səmimi və real ifadə edib bu hissləri:
Bağlar arasında cığırda, izdə,
Məktəbə getdiyim günlər olaydı.
Sıxıla-sıxıla bir qaragözlə
O söhbət etdiyim günlər olaydı.
Kimsə deməsin ki, bu şagird məktəbə təhsil almağa, kamilləşməyə gedir, sevməyə yox. Elə sevgi də kamilləşdirir. Söhbət indi Azərbaycanın şou kanallarında şahə qalxan sevgi çılğınlığından getmir ha.
Onda gərək ali məktəb həyatı üçün də belə deyək.
Doğru anlaşıla bilsəm, nə yaxşı. Mən orta məktəblərin yuxarı siniflərindən, eləcə də tələbəlik həyatının ilk illərində başlanan mehribanlığı, səmimiyyəti, dostluğu böyük sevgiyə aparan yol kimi qəbul edirəm.
Baxır o yolçular necə gedəcəklər həmin yolu.

Maraqlııdr, sevginin vaxtı-vədəsi, məkanı varmı, bu insan oğlu hansı yaşda sevməlidir? Bir çox ölkələrdə gənclərin ünsiyyət yarada bilməsi üçün düşünülmüş imkanlar, məkanlar ayrılır. Gənclərin özlərinin hazırlayıb düzənlədiyi müəyyən tədbirlər, görüşlər, səyahət və sair mədəni-kütləvi tədbirlər məhz belə ünsuyyətin məkanı olur. Bizim əxlaqda mühafizəkarlıq güclü olduğu üçün biz düşünmüşük ki, “Atəşgah”a gedəndə də gərək gəncimiz əlində, yol çantasında kitab aparsın, ürəyində, başında yalnız elmlə bağlı fikirlər olsun.
Niyə belə olmalıdır ki. Biz demirik ki, tarixi, mədəni yerlərə səyahət edəndə tələbə gəncimiz sevdiyi qızı dəstədən ayırıb kinoteatra aparsın və yaxud “Sahil” parkında insanların qınaqla qarşıladığı hərəkətlər etsin.
Sadəcə, gənclərimizin bir-birlərini tamam-kamal kəşf edə bilməsi üçün səyahətin də, keçirdikləri diskussiyanın da böyük əhəmiyyəti var. Həyatın əzəli-əbədi qanunudur ki, bir qız bir oğlanındır. Amma bu seçim bazarda parça ilə silinib yaxşıca parıldadılmış qırmızı almanı seçmək kimi olmasın gərək. Gənclər gərək özünə sirdaş, həmdəm seçəcəyi şəxsi ən xırda təfərrüatlarına qədər kəşf edə bilsin. Sonra gec olur.
Bunu anlayıla qəbul etmək lazımdır. Gənclərimiz həyatlarının bu mərhələsində sevgiyə tapınmaq istəyirlərsə, bu sevgiylə ata-analarının, cəmiyyətin üzünə ağ çıxacaqlarsa, niyə xeyir-dua verməyək?
Məhəbbət olmasa, həyat gözəlliyə doğru deyil, dağılıb yox olmağa doğru gedər. Məgər insan özü də sevgidən təcəlla etməyibmi?

Prometey Hefestin emalatxanasından odu oğurlayaraq insanlara verir. İnsanlar da bundan sonra odun köməyi ilə qızınmış və yaşayıb nəsillərini artıra bilmişlər …
Məhəbbət də oddur. İnsanlar onu da hər zaman qorumuş, nəsildən-nəslə ötürərək həyatı, insanlığı hifz etmişlər. Ata belindən ana rəhminə düşən bir yavru uzun bir həyat yolu bu sevgi ilə nəşvü-nüma tapır, boya-başa çatır, ta onun özünün üzərinə də bu məsuliyyət düşənə kimi. İndi yetkinlik yaşına çatan oğul da, qız da özləri ocaq başına keçməli, sevgi odunu qorumalıdırlar.
İnsanlar sevməyə nə vaxtdan başlamalıdır deyə mütləq vaxt qoymaq , təbii ki, çətindir və hər yaranana hissi də hələ sevgi adlandırmaq olmaz.
Normal halda bir gəncin orta məktəbi bitirməsi, hərbi borcunu yerinə yetirməsi, ali təhsil alması vacibdir . Bunları isə bir gənc üçün ən yaxşı halda, 20- 25 yaşlarda başa gəlir. Zənnimcə, təbii və məntiqli nizamdır.
Amma getdikcə sevginin mahiyyəti də, yaş həddi də çox aşınmalara məruz qaldı. Əgər evlənmək yaşından söhbət gedirsə, bu gün erkən yaşlarda ərə verilən qızlarımız, ailə qurulan oğlanlarımız var.
Qızlarımız-oğlanlarımız da var ki, daha çox iqtisadi (ev, iş ) problemlərdən ailə həyatı qurmayıb və atıq vaxt da keçir. Başı “kefə qarışan”, şimaldan vurub cənubdan çıxan gənclərimiz də var ki, canları sulu olan vaxtı “min oyundan” çıxırlar. Bir vaxt vətənə dönüb valideynlərin təkidi ilə ailə qursalar da, onların ailələri mehriban olmur, davamlı, etibarlı olmur. Belələri gözünün, ürəyinin odunu artıq buna kimi neçəsi paylaşıb gələndə sevgi üçün, ailə üçün üzanılı qolları artıq yanlarında olur.
Bir ailənin davamlı, səmimi, xoşbəxt davam etməsi üçün bunlar da vacib şərtlərdir.
Sevgi haqqında bu qədər yazılsa da, insanlar bunlardan kifayət qədər məlumat alsalar da, həyatda görüb-götürsələr də, yenə sapınmalar, soyuqluq, xəyanət kimi hallardan yan keçə bilmirlər. Mühitin, inkişafın, xarici təsirlərin mənəviyyatlara vurduğu xəsarətlərdə insanların özlərinin də laqeydliyi, cavabdehliyi az deyil.

Kütləvi informasiya vasitələrində kriminal xəbərləri izləmək kifayətdir ki, ailə münasibətlərində, sevgidə özünə əməlli-başlı yer etmiş naqislikləri görəsən, yəqin edəsən. Adı çəkiləndə xəcalət təri basan, sıxılan qız indi çimərlikdə müxtəlifi görüntülər paylaşır… Şou adı ilə əzalarını açıq-saçıq şəkildə səhnədə nümayiş etdirir. Normal ailə həyatı üçün bunlar ola bilməz axı. Axı bizim xalq, bizim dədə-babalar bu cür davranış, əxlaq tərzini heç vaxt qəbul etməyib.
Xüsusilə məktəbyaşlı qızlarımız da, oğlanlarımız da yaşlarını çox qabaqlayırlar. 40-50 il bundan əvvəlki yeniyetmələrin hədəfi tələbə olmaq idi. Amma indi bu yeniyetmələrin çox ciddi bir kəsimi macəra həyatı yaşamaq istəyir.
Bu gün Milli Sevgililər Günüdür. Bütün gənclərimiz sevgilərinə, sevdiklərinə qovuşsun.
Əsl sevgi də elə budur: biri üçün doğulursan, uzun zaman əbədi birlikdəlik üçün yol gəlirsən və günlərin birində iki gəncin, iki nəslin arzuları çin olur. Olsun , amandı, həm də uğurlu olsun. Sevgi hər bir ürəyə, hər bir evə səmimiyyət, mehribanlıq, ülviyyət, birlikdəlik gətirsin.
Sevgi nədir ?
Sevgi dəyər verməkdir,
Sevgi qiymət bilməkdir.
Sevginin dilənçiliyi olmaz ,
Sevgi əmək istər,
Sevmək ürək istər …
Sevgi sevgi istər…
