Əxlaq və mənəviyyat

Ancaq acıya verdiyim dəyər qədər dəyər verirəm həyata… Amma namus məndən uşaqlarıma qalacağı üçün yalnız onu müdafiə edəcəyəm mən.
Uilyam Şekspir
“DOSYE: Tibbi ədəbiyyatlarda sözügedən əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır.
Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.”
“… qaranlıq tərəflər , ilginc detallar : dövlət tibb müəssisələri qorxur, özəl klinikalarda qiymət “ceyran belində”…
“Özəl klinikalardan “yaşıl işıq” – əməliyyatı 500-1300 manat məbləğindədir”

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev “Pedofillərin məcburi kimyəvi axtalanması” haqqında qanunu imzalayıb.2016-cı ildə Rusiya Dövlət Dumasında belə qanun müzakirəyə çıxarılıb və təsdiq olunmuşdur. Türkiyədə Cinayət Məcəlləsinə dəyişiklik edilərək cinsi təcavüzkarların kimyəvi yolla xədim edilməsi nəzərdə tutulub. Dəyişiklik artıq qüvvəyə də minib. ABŞ-ın bir sıra ştatlarında, Moldovada, Danimarkada, Polşada və Cənubi Koreyada məcburi kimyəvi axtalanma tətbiq edilməkdədir. Bir Şərq ölkəsində isə, baxın, bəzi “çoxbilmişlər” gəlir əldə etmək üçün milli dəyərləri belə ayaqlamağa hazırdır. İnterneti izləsəniz, bu xidmət haqqında çoxlu sayda şaşırdıcı təkliflərlə rastlaşacaqsınız.
Qeyri -müsəlman ölkələrində seksual cinayətlərə meyilli olanların fantaziyalarını buxovlamaq üçün düşünüb yollar axtardıqları halda , tibb elmi çarə yolu kimi müxtəlif anti-depressant dərman növləri təklif etdikləri halda, bizim həkimlər seksual fantaziyaya təslim olanlara hamilik etmək istəyirlər.
Cəmiyyət bu cür meyilləri artıq anlayır və haqlı olaraq qınaqla qarşılayır.
Amma ziddiyyətli olan da budur ki, internetdə səhiyyə müəssisələrinə istinadən verilən məlumatlara əsasən, himenoplastika üçün müraciət edənlərin sayında intensivlik müşahidə olunur. Bu mövzuda yazıların, onu izləyənlərin sayının ailə, uşaq sevgisi ilə bağlı yazıları izləyənlərin sayından qat-qat çox olması da narahatedicidir. Bu yazıları düzüb-qoşanlar, maarifləndirmək üçün deyil, ürəkləndirmək üçün yazanlar, mən inanmıram dövlət ali təhsil ocaqlarında təhsil alıblar: onlar ya özəl ali təhsil müəssisələrində, ya da xaricdə təhsil alıblar. İnanın, bu mövzuda mən indiyə kimi 2-3 yazı aramamışam, maraqlanmamışam, hətta bunu da ayıb saymışam. Amma bir həkimin qızlıq pərdəsinin bərpası haqqındakı yazısını oxuyandan sonra ehtiyac duydum ki, görək, həmin yazı müəllifinin bu mövzuda digər yazısı varmı; digər başqa müəlliflər də həmin mövzuya müraciət ediblərmi? İnanmazdım ki, mövzu bu qədər diqqət mərkəzində olsun, inanmazdım ki, mövzu ilə bağlı yazılmış məlumatlar, məqalələr gözə girəcək qədər bu sayda çox olsun, inanmazdım ki, himenoplastika haqqında bu qədər mütəxəssis, jurnalist, sadə vətəndaş heç bir məsuliyyət hiss etmədən oxuduqlarım, gözlərim önündəkilər kimi yaza bilsin.
Qələmin bir müdriklik borcu var: qələm milli dəyərləri, əxlaqi dəyərləri qorumalı və yaymalıdır. Müəyyən istisnalara baxmayaraq, izlədiyim yazılarda mən bu cavabdehliyi görmədim.Əksinə, elmi mahiyyəti, gender aspektlərini əllərində dəstəvuz edərək himenoplastikanın bir əlac yolu olduğunu göstərməyə çalışırlar.
Elə yazılar da var ki, hətta, digər tərəfi qorumağa, günahsız kimi qələmə verməyə meyillilik hiss olunur.

Bu, elə mövzudur ki, hansısa disputda, ədəbi əsərin müzakirəsində olduğu kimi emosiya ilə, həm də coşub daşaraq deyil, diqqətlə, dönə-dönə ölçüb biçərək, hətta hər sözün qatlarındakı incəlikləri belə, məsuliyyətlə, cavabdehlik hiss edərək danışmaq lazımdır.
Ayrı-ayrı yazılardan sitatlar verməyəcəyəm.Fikir verirsinizsə, ad da çəkmirəm. Bu yazı “günahkar” axtarışı niyyəti ilə yazılmayıb, mənim yazım da digər başqası tərəfindən belə qəbul oluna bilər. Əsas budur ki, doğrunu tapa bilək və hamını da doğru ətrafında cəm edə bilək və özümüz də bu cəmdə olaq.
İstər bu yazıda, istərsə də ailə, əxlaq mövzusunda olan əksər yazılarda mən həmişə qütbləşmə hiss etmişəm: qadınlar kişiləri ittiham edir, kişilər də qadınları. Onda biz nəyə nail ola bilərik belə yanlış yanaşma tərzi ilə? Əgər sən qayınanan, ərin haqqında yanıqlısansa və ya əksinə, qadının və qayınanan haqqında bədgümansa, bu, edir 4 nəfər, bir ailə ixtilafıdır bu. Amma gəlin-qayınana münasibətləri fərdi formatda deyil, daha geniş ətrafda həlli tapılmayan problemlərimizdən biridir. Bu gün gəlin olan qadın illər sonra özü qayınana olmayacaqmı və s. Veriləcək suallar çoxdur. Demək, insanlar bir-birlərini ittiham edə-edə gedir, amma etiraf etməyi bacarmır, barış əli uzatmaq istəmirlər.
Haqqında danışdığımız məsələdə də nə qədər acı olsa da, qadınların da intim ehtiyaclarından danışılır, guya bu ehtiyac ödənilməzsə, ciddi sağlamlıq fəsadları törədə bilər kimi təşvişlər də yaradılır.
Bakirəlik testinin niyə qadınlara aid edilməsinə etirazlar oxudum, qadınlar kişilərin də test edilməsini istəyirlər, nənki istəyirlər, hətta tələb edirlər və s.
Məsələn bir, həkim-qinekolok həkim belə iddiaları müdafiə edərək demiş ki, kiminsə başqasının şəxsi həyatına qarışmağa haqqı yoxdur, əgər varsa, qoy bir az əvvəl el adətiylə ərə gedib, bəkarəti toy gecəsi pozulan qadınların zöhrəvi xəstəliklə üstümə gəlməyinə də qarışsın. Soruşuram: qız bakirəydisə, bu xəstəliklər hardandı?

Soruşmağa, deməyə nə var ki? Bundan da ciddi arqumentlər gətirmək olar. Amma ərin, ailə başçısının üzünə ağ olub və ya evin qadınını, sənə şirin-şəkər övladlar bəxş etmiş ananı heçə-qoza döndərib bu ailədə bundan sonra səadət yaşamaq olarmı?
Oxuduğum yazıların birində kişilər üçün daha aqressiv mövqe nümayiş etdirilmişdi. Maraqlı fikirlər təbii ki, yazıboyu vardı, amma məsələyə köklü yanaşma baxımından doğru qəbul etmək olmaz. Müəllif insan cəmiyyəti formalaşandan günümüzə qədər qadınlığın inkişaf tarixindən bəhs edib, amma bəzən açıq-aşkar hiss olunur ki, sanki “4-cü hakimiyyət”in məhkəməsi ilə kişilərin bir çox səlahiyyətləri məhdudlaşdırılacaq və daha bir neçə səlahiyyətlər mexaniki olaraq anaerkil toplumun əlinə keçəcəkdir.
Belə düşüncələrin hakim kəsildiyi başlar sahiblərinə doğru addım atmağa hər zaman mane olacaq.
Bir ailə səadətini təklikdə nə kişi, nə də qadın qura bilməz. Amma birgə mübarizə ilə bu səadət çox mükəmməl olar.
Mənə belə gəlir ki, qadın bərabərlik iddiasına düşdükcə , qonmuş olduğu zirvədən üzüaşağı eniş başlayır. Çünki sevən də ən azından öz ruh ekizini, öz parasını tapandan sonra ailə ittifaqında birliyə can atır və bunu nikahhla hüquqiləşdirirlər. Nikah isə o deməkdir ki, dövlət cəmiyyətin əsasını təşkil edən ailələrin himayəçisidir və bu məqsədlə könüllülük və sevgi əsasında rəsmiləşdirilən nikahı tanıyır və qəbul edir.
Davamı var…