“Axşamın xeyrindən gündüzün şəri yaxşıdır” məntiqi də doğrudur, amma həmişə və hər yerdə yox…

Poeziya buketi, nəğmə çələngi

Oxu , gözəl

Müəllif: Səməd Vurğun

Musiqisi: Səid Rüstəmov

Ay işığı, bulaq başı, göy çəmən,
Bir dünyamız, bir sən özün, bir də mən.
Pərdə-pərdə gah ağlayan, gah gülən
Nəfəsinlə oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin…

Karvan-karvan göydən ulduzlar köçür,
Hər kəs öz bəxtinə bir ülkər seçir.
Qocalırıq,…ömür keçir, gün keçir,
Oxu, gözəl! Oxu gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin…

Can evimə sığışmayan arzular
Bir dünyada neçə dünya arzular.
Məhəbbətin nə ilki, nə sonu var
Oxu, gözəl! Oxu gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin

Gecə düşüncəsi
Müəllif: Mikayıl Müşfiq

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Gecə sakit… düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat-
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Sözləri: Əlağa Vahid
Musiqi: Məmmədbağır Bağırzadə

Düşəndə türreyi dilbər xəyalə axşamlar
Məhəbbət əhli düşər
Min məlalə axşamlar…

Axşamlar … Axşamlar… Axşamlar…

Bir özgə ləzzəti var aşiqlə – məşuqə,
Rəqibsiz yetər vüsalə axşamlar.
Şərabı yarsız içəndə biraz da qəm gətirər
Gül üzlü yar ilə ol həm piyalə axşamlar…
Düşəndə çiyninə o qarə saçların,
Dərin xəyala dalıram
Baxdıqca doymuram,
O məh cəmalə axşamlar…

Axşamlar … Axşamlar… Axşamlar…