Unutsaq, unudulacağıq

İsmayıl Şıxlı…Azərbaycanda bu adı eşitməyən kimsə çətin ki olsun. Harada ədəbiyyatdan söz düşür, orada İsmayıl Şıxlının da adı çəkilir.

Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının Xatirə günüdür. XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olmuş böyük yazıçımıza sağlığında da, indi də böyük ehtiram göstərilməkdədir, hər zaman da göstəriləcək. Adı çəkiləndə düşüncələrimizdə yaranan ilk təsəvvür “Dəli Kür”lə bağlı olur…

Kür çayı… Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axan çay kimi bir onomastik (hidronim) vahiddir. Əgər Kür 1967-ci ilə kimi yalnız Kürətrafı əraziləri basırdısa, 1967-ci ildə “Dəli Kür” romanı yazıldıqdan, xüsusən, 1969-cu ildə roman ekranlaşdırıldıqdan sonra kükrəyərək məcrasından çıxdı, tək keçdiyin ərazilərin deyil, bütün kəndləri, evləri ağuşuna aldı, bütün ürəklərə “doldu”. Hər evdə , hər ürəkdə yeni bir təbəddülat yaratdı, hər birimizi çoşdurdu…

“Dəli Kür” 2 varintda ekranlaşdırılmışdı. Sovet kinosu hakimiyyətin ideologiyasını yayırdı, deyirdi ki, azərbaycanlı rusu, rus məmurunu öldürə bilməz. Əslində, bunlar İsmayıl Şıxlının babası tərəfindən yüzilliyin əvvəlində baş vermişdi, yazıçı təxəyyülü də deyildi. 1969 –cu il də sovet rejiminin “oğlan çağıydı”. Bəlkə də indi bu, kiməsə sadə bir məsələ kimi görünə bilər, amma həyatda heç də belə deyildi. Hər sözün üfürülə-üfürülə ağızdan, qələmdən çıxarıldığı bir vaxtda İsmayıl Şıxlı cəsarət nümunəsi göstərdi: nəsri, ədəbiyyyatı mövzu qadağalarından yeni müstəviyə çıxartdı.


“Dəli Kür” 1920-ci ildən bu yana bizim etnoqrafik yaddaşımız üçün bazubənd kimi qayıtdı, milli təfəkkürümüzün nişanəsinə çevrildi: milli inkişafımızın istiiqamətlərini bildik, gördük.
İsmayıl Şıxlınun bu romanı Şoloxovun “Sakit Don”u ilə eyni qüdrətdə qiymətləndirilməlidir. Bu roman Kürün təbii-coğrafi xüsusiyyətlərini yox, bu torpaqda yaşayan , bu torpaqda yaşayanların, onların sahiblərinin genetik kodlarını ortaya qoydu.
“Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa -olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazını görə bilmirik.
Sovetlər dönəmində “Azərbaycanfilm”in istehsalı olan bütün filmlərin ekrana buraxılması üçün Moskvanın razılığı lazım idi. Moskva isə “Dəli Kür”ün finalının dəyişdirilməsini tələb edirdi. Hüseyn Seyidzadə bununla bağlı o vaxtlar verdiyi müsahibələrindən birində deyirdi: “Dəli Kür” çəkilib qurtarandan sonra SSRİ Dövlət Kino Komitəsinə təhvil verildi. Filmi Moskvada filmlə tanışlıqdan sonra rəhbərlik finalı dəyişdirməyi məsləhət gördü. Filmin rejissoru Hüseyn Seyidzadəyə üstüörtülü şəkildə deyirlər ki, əks təqdirdə film, ümumiyyətlə, ekrana buraxılmayacaq”. Ümumiyyətlə, o vaxtlar haqsız hücum və tənqidlərə məruz qalan Hüseyn Seyidzadə başa düşürdü ki, əgər çəkdiyi dördüncü bədii filmin – “Dəli Kür”ün finalı dəyişdirilməsə, onun yaradıcılığında da uzun bir fasilə yarana bilərdi. Kinorejissor çox fikirləşdikdən sonra güzəştə gedir və filmin finalı dəyişdirilir. Yaxşı ki, filmdən çıxarılan epizod qorunub saxlanılmış və kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir. Sovetlər Birliyinin tərkibində olan bir respublikanın öz milli bayramını təmtəraqlı surətdə qeyd etməsi ağla sığan bir şey deyildi. Hüseyn Seyidzadə cəsarətlə “Dəli Kür”də Novruz bayramını çox gözəl bir təmtəraqla çəkərək təqdim etdi. Filmdəki rus ziyalısının yumurta döyüşünü xatırlayın. Görün nə gözəl səhnədir. Sonralar həmin səhnəni tənqid edənlər də çox oldu. Ancaq əsas olan o idi ki, Hüseyn Seyidzadə milli bayramın bütün gözəlliklərini təsvir edə bilmişdi
Hörmətli yazıçızmızın bütün əsərləri tarixə vətəndaşlıq baxışı , qədirşünaslıq duyğuları formalaşdırmaq üçün əsl mənbədir. İsmayıl müəllim Azərbaycan koloritini, milli-məişət ənənələrini, danışıq tərzini əsərlərində o qədər sevgi və qürurla qələmə alıb ki, çox vaxt elə bunlardan bilmək olur ki, müəllif İsmayıl Şıxlıdır.
1976-1980-ci illərə — tələbəlik illərimə qayıtdım bu yazını hazırlayanda. Mən də İsmayıl müəllimin tələbəsi olmuşam. Bir neçə dəfə “potok”larımız birləşdirilmiş və İsmayıl müəllimin mühazirəsini dinləmək mənə də nəsib olmuşdur. İsmayıl müəllim yeganə müəllim idi ki, mühazirə oxuyanda hər dəfə xitabət kürsüsnün üstünə təzə süfrə salınırdı. Hamı sevirdi onu…O da hamını sevirdi. Dünyada ən asan yaxşılıq təbəssümdür… Ən böyük mərhəmət də təbəssümdür. İsmayıl müəllim həmişə təbəssümlü idi.
İsmayıl müəllim ağayana, qəlbi-gözü tox insan idi. Heç kim deyə bilməz ki, bir tələbəyə təmənnalı yaxşılıq edib…Əksinə, bir müəllim, Xalq yazıçısı, el ağsaqqalı, Millət vəkili kimi bütün həyatı boyu özünü xalqına həsr etdi.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1933-1936-cı illərdə Qazax pedaqoji məktəbində təhsil almışdır . Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitunun dil və ədəbiyyat fakültəsində təhsil almış, sonra Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir . İkinci Dünya müharibəsi dövründə Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən ordu sıralarında ümumi düçmənlərimizə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmiş, 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsində aspirant , müəllim, baş müəllim olmuş, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, 1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi kimi fəaliyyət göstərmişdir. İsmayıl Şıxlı 1976-1978-ciillərdə “Azərbaycan” jurnalında baş redaktor , 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, eyni zamanda SSRİ Yazıçılar İttifaqının katibi olmuşdur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir .
İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. 1947-ci ildə “Həkimin nağılı” hekayəsi ilə ədəbi yaradıcılığa başlamışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Yazıçı 1967-ci ildən həm də ictimai, ədəbi-mədəni həyatın əksər sahələrində fəaliyyət göstərmiş, bir neçə dəfə Almaniya Demokratik Respublikasına (1976) və Almaniya Federativ Respublikasına (1982) göndərilən Sovet nümayəndə heyətinin tərkibində olmuşdur.
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əziz İsmayıl müəllim, Allah Sizə rəhmət eləsin. Məzarınız nurla dolsun. Siz hər zaman qəlbimizdəsiniz…

Anım gününüzdə məşhur “Ana Kür”mahnısının həzinliyinə bələnib sizi andıq:
Ana Kür, yaşa, Kür.
Bir gəlinsən yatağında,
Təbiətin qucağında,
Nazənin Kür, gözəl Kür.
Həyatına bağlısan bu vətənimin.
Sən nəfəsi, odusan can gülşənimin.
Keçmişimin bu günümün aynasısan.
Bu dünyada sən arzular dünyasısan.
Sənsən həyatım mənim,
Dərdim, dərmanım mənim.
Mavi dastan Kür.
Sahilləri gülüstan Kür.
