Sivilizasiyalar dəyişir, cəmiyyətlər yenilənir, amma gəlin/qayınana mövzusu heç rəvanlaşmır

Yumor



İz eşşəyİn, əməl gəlİnİn


Bir qayınana gəlinini çox incidir, döyür, söyür, ac saxlayırmış. Evdən
bir yerə gedəndə çörəyi taxçaya yığar və gəlinin oradan çörək götürüb-götürmədiyini müəyyən etmək üçün yerə un səpərmiş.
Bir gün qayınana yerə bu məqsədlə taxçanın qabağına un səpib qonşuya yasa gedir. Gəlin səhərdən ac olduğundan və taxçadan çörək götürməkdən qorxduğundan bir hiylə
işlətmək fikrinə düşür. Bunun üçün həyətdə bağlanmış eşşəyin üstünə minir, eşşəyi evin içinə, taxçanın qabağına sürür, aşağı düşmədən taxçadan bir çörək götürür, sonra eşşəyi bayıra sürüb yerə düşür. Axşam qayınana yasdan qayıdıb taxçanın qabağında eşşək izlərini görür. Tez taxçaya baxır, gedəndə sayıb getdiyi çörəklrdən biri əskik idi. Dərhal da üzünü gəlinə tərəf tutub deyir:

-İz eşşəyindirsə də, əməl gəlinindir

Qatması bərkdi, ay bacı

Bir qayınanın üç gəlini var imiş. Qayınana olduqca simic, xasiyyətcə də bərbad imiş ki, yazıq gəlinlər bircə dəfə belə öz arzuları ilə xörək bişirib yeməyə girəvə tapa bilmirmişlər. Gəlinlər nə qədər kələk gəlirmişlər ki, qaynanaları evdən bircə dəfə çıxıb başqa yerə getsin, mümkün olmurmuş ki, olmurmuş. Bir gün qardaşı ona xəbər göndərir ki, oğluna toy eyləyir, o da gəlsin. Qaylnana getmək istəmir. Gəlinlər onun üstünə düşüb deyirlər:
˗ Ay arvad, gözünün ağı-qarası bir qardaşın var, onun oğlunun toyuna getməyib bəs kimin toyuna gedəcəksən?
Nəhayət, gəlinlər birtəhər qarını yola gətirirlər. Qayınana evdən çıxan kimi, gəlinlər tez əl-ayağa düşüb yağlı kömbə bişirib yeməyə başlayırlar. Ancaq hələ qurtarmamış görürlər ki, qayınanaları gəlir. Gəlinlər bilmirlər ki, neyləsinlər. Gəlinlərdən biri tez torba gətirib kömbənin qalanını onun içərisinə qoyub, paltarlarının altından belinə bağlayır.
Çox bilmiş qarı içəri girən kimi hiss edir ki, nə isə yağ iyi gəlir. Ancaq gəlinlərin nə etdiklərini başa düşə bilmir. Kələyə əl atır.
– Ay gəlinlər, toya getdim cavanlığım yadıma düşdü. Gəlin çırtma vuraq oynayin, mən də baxım boyunuza.
Gəlinlər də onun hiyləsini başa düşüb bir-birinə göz-qaş edirlər. Birinci gəlin işarə verib oynaya-oynaya deyir:
-Fənddi, fənddi, ay bacı.
İkinci gəlin də işarə ilə deyir:
-Bilsə, qiyamətdi, ay bacı.
Üçüncü gəlin qol qaldırıb süzə-süzə deyir:
Çəpiyi çal, şırtıq da vur.
Qatması bərkdi, ay bacı” .