Etnoqrafiya

Əziz dostlar, hörmətli oxucular, biz xalqımızın toy mərasimləri haqqında dəfələrlə yazmışıq və yazacağıq da. Məqsəd onları qoruyub saxlamaqdır. Kim nə qədər bacarır, necə bacarır, eşq olsun, bizdən öndə gedənlərə qoşulsun. Kökümüzə bağlılığı sözümüzlə olduğumuz kimi, əməli münasibətimizdə də həyata keçirək. Bu mövzu ilə bağlı yazılarımızda fikirlər heç vaxt üst-üstə düşməyib, bir çox hallarda, əsasən, yengə məsələsində tamam zidd mövqelərdəolmuşuq da. Yəqin ki, sağdış məsələsinə münasibətdə də fikirlər çox müxtəlif olacaq.
Bəzi dostlarımız düşünürlər ki, yengə, sağdış-soldış köhnəlik qalığıdır. İndiki gənclərə bunlar lazım deyil. Onlar hər şeyi bilirlər. Biz də çalışırıq ki, bilməyənləri bilsinlər və biləcəklərini mahiyyətcə anlayıb qəbul etsinlər.
Elə düşünmək lazım deyil ki, toy iki gəncin vüsala çatmasıdır, el dili ilə desək “başayaq” edilməsidir. Amma bu bəxtəvərlik addımının niyyətində babalarımızın çox hikmətləri var: iki ailə, iki nəsil qohum olur. Tərəflərin biri bir ərazidən, digəri başqa ərazidən olurdusa, tərəflərdən birinin, məsələn, qız tərəf göyçaylı, oğlan tərəf qubalıdırsa, göyçaylı qohumlardan biri harda qubalıya rast gəlibsə, özündən asılı olmadan qubaya, qubalılara daha bir isti münasibət bəsləyib. Daha məhəlli münasibətlərə aid etsək, toy öncəsindən əvvəl, qız tərəf yengə, çehizin üstündə gedən koxa, oğlan tərəf sağdışş-soldış, oğlan yengəsi, sərpayı və s müəyyən edir. Bunlar münasibətdir, bağlılıqdır. Övladı ətrafına arxa-dayaq toplamaqdır. Yaxşı, o olmasın , bu olmasın… Onda bir də görərik ki, salam verməyə adam belə qalmaz. Allah etməmiş, sabah bir çətin məqamd, xəstəlik yatağında həyanımız kim olar. Amma, iraq-iraq, oğlan atası Qubada naxoşlasa, göyçaylı qudası həmən günü özünü çatdırcaq. Münasibətlər çox istidirsə, qızlarını qızınız kimi saxlamısınızsa, lap Şabrandan gəlirmiş kimi yarım saata özünü çatdıracaq.
Əzizlərim, həyat budur. Atanın-ananın ailələrlə, qohumlar arasında yaratmaq istədiyi bağlılıq da budur.Biz o biri dünyaya da sizi belə görüb, buna sağlığımızda əmin olub köçmək istəyirik. Bu əbədi dincliyə nail omağa kömək edin barı.
İndi keçək, əsas söhbətimizə.

Evlənmə məsələsi artıq reallaşma mərhələsinə gələrkən toyun maddı, texniki tərəfləri ilə yanaşı, təşkilati tərəfləri də diqqətə gəlir. Hamı istəyir ki, toyu şöhrətli olsun, yaddaqalan olsun, qonaqlar hörmət-izzətlə qarşılanıb yola salınsın və ən başlıcası, övladları üsündən uzun illər keçəndən sonra belə toy günlərini xatırlasınlar, videoda zamanı geri qaytarsınlar, xəyallarında həmin günə qayıtsınlar. Əlbəttə, bunlar, toyun təşkilati tərəfi ilə də çox bağlıdır. Evlənən gənc namizədlərin ən böyük köməkçiləri, adətən, özlərindən yaşlı və təcrübəli olan yaxın dostları olur. Bu dostların başındakı ” sağdış ” və “soldış” olur. Sağdış yalnız bəytərifində bəyin sağn tərəfində dayanan demək deyil ki… O, hələ toya aylar qalmış bəylə toyu barədə, keçiriləcək yeri, musiqiçilər və sair bu kimi məsələri götür-qoy edirlər. Toy ərəfəsində bəylə hamama gedir, toyda bəyin qonaqlrına xidməti təşkil edir, bəyi toyun sonuna kimi müşahidə edir, bəyliyin incəlikləri ilə bağlı ona ilginc məlumatlar verir və s. Bəzi bölgələrin toylarında maraqlı oyunlar, zarafatlaşmalar plar, yəni, mərasim kimi. Sağdış bütün bunlarda bəyin yerinə özünü qabağa verər, problemləri həll edər, bəyi “pis” vəziyyətlərdən qoruyar. Ən sonda bəyi toy qurtarandan sonra ziffat otağına ötürər. Buna görədə sağdış seçmək bizim toylarda çox əhəmiyyətli bir məzmuna malikdir. Sağdış, əsasən, evli dostlar arasından seçilir ki, müəyyən təcrübəsi olsun. Xüsusilə gənc yaşda evlənən bəy üçün sağdış ən böyük köməkçidir. Bəyin bir çox hərəkətini sağdış diqqətdə saxlayır, hətta nəzarət edilir. Bəzi yerlərdə bəy stolundan duranda məhz sağdışı nəzarət edir ki, yad adam onun stolunda oturmasın. Ziffaf gecəsi günü sağdış səhərə qədər evin ətrafında dolaşır. Bu, bir neçə səbəbdən ola bilər: bəzi yerlərdə bəyi oğramaq, qaçırmaq kimi adətlər var.
Sağdış bəyin, xüsusilə toy ərəfəsində, hətta, bəzən toydan 10 gün keçənə qədər ən yaxını olar, toyu idarə edər , gələn qonaqların hörmətlə qarşılanıb qulluq göstərilməsini bəy ancaq ona etibar edər. Bu missiya o qədər şərafətli sayılar ki, toyu olacaq gənc özünə hələ toyundan çox-çox əvvəl sağdış seçib müəyyən edər.
Əgər toy olan bəy kimisə sağdış seçibsə, ailə buna razılıq veribsə, bu, həmin şəxsə böyük etibar, inam verməsi deməkdir, eləcədə sağdış deçilmişşəxs üçün məsuliyyət deməkdir.
Sağdış olmaq qürurverici, möhtərəmlik gətirən bir işdir. Çünki bu andan başlayaraq sağdış bu ailənin ən yaxın adamlarından, bəlkə də qohumlarından biri kimi qəbul ediləcək, hörmətlə qazanacaq.

Sağdış, yeni evlənəcək gəncə toy müddətində necə davranmaq, nələri necə etmək, bəzi məqamlarda vəziyyətdən çıxmaq yollarını öyrədər.
Olsun ki, biz bu məsələləri utanıb çəkindiyimizdən demirik, bildirmirik. Amma bu bizim həyatımızdır, onu olduğu kimi qəbul etməli, dədə-baba rituallarına olduğu kimi əməl etməliyik. Sağdışın gənc bəyə verə biləcəyi məsləhətlər faydalı olmaqla bərabər, həm də psixoloji baxımdan böyük dəstəkdir.
Bizim xalqda abır-həya hər vaxt olub, hər vaxt da olacaq. Odur ki, biz bu məsələrin əsrlərlə qanımıza, canımıza hopan təfərrüatlarına sahib çıxmalıyıq, nəinki biabır olduq qorxusuyla toya bir neçə gün qalmışdan toydan bir neçə həftə keçmişə qədər vahimə keçirək.
Xüsusi ilə toy başa çatandan sonra bəyin ərlik vəzifəsinin başlanğıcıdır. “Toy gecəsi sindromu” halbuki reallıqdır və son həyatı müşahidələr göstərir ki, tez-tez rast gəlinən psixoloji, bəzən tibbi-bioloji uyğunsuzluqlardır və s. Odur ki, bəyin indiyə kimi belə münasibətdə olmaması, həmçinin xanımın təcrübəsizliyi belə vəziyyətlərə düşməməyə zəmanət verə bilməz. İnsanlara bəzən lap heç bir tibbi-fiziki uyğunsuzluq yoxdur, hər şey qaydasıncadır, həyatın məhz bu anı əyləncə kimi gəlməməlidir. Lap mənə qalsa, toy gecəsi sindromu lap olsun, bəy-gəlin özlərində yaşasın bu gizlini, amma bir ömür birgə uçmaq istədiyin qağayını elə ilk gecəsi kobud qarşılayıb, gözünün qurdunu öldürüb sonra kobudluqla digər otaqda tosmalıb yatmaq ədəbsizliyi heç vaxt unudulmayacaq, sağalmayacaq. Və…və….elə ilk gecədən yaşanan bu kobudluq ta ömrün sonuna kimi iç aləminin künclərində sona kimi yaşayacaq. Odur ki, toylarımızda yengənin də, sağdışın da olması çox vacibdir və onların bundan sonra da olması Azərbaycan-türk-müsəlman ailəsinin özəlliklərini qorumağa xidmət edir.
Sağdışın ailəli adamdan seçilməsinin əsas səbəbi evli olması, bu yolu toyu olacaq bəydən əvvəl keçməsidirsə, digər bir səbəbi də valideynlərin bu ciddi məsələyə ehtiyatlı yanaşmasını, onların arzularını ifadə edir. Fərqi yoxdur, oğlan tərəf də, qız tərəf də övladlarının xoşbəxt ola bilməsi, gözəl, mehriban ailə qura bilməsi üçün onsuz da bura kimi bütün bacardıqlarını ediblər. Bunu özü ata olub övladını özü bu səviyyəyə gətirməyən kimsə ata-anası qədər heç vaxt bilə bilməz. Əgər bu arzunun reallaşması üçün yüzdə bir dəqiqliklə kəndlərindən 32 km, 13 sm, 5 dm məsafədə bir daşın altında mikrometrlə görülməsi mümkün olmayan bir tel varsa, gözünün nuru getmiş, əlləri-üzləri ayaqlarımız altındakı torpaq kimi cadar-cadar olmuş ata-analar gedib o teli tapacaqlar: övladlarını xoşbəxt edə bilmək üçün çatışmayan heç nə qalmasın deyə. Bax, sağdış bu mənada ata-anaların səfirləridir. Onlar ağıllı və təcrübəli olmalı, daşıdıqları missiyaya bir əyləncə düçüncəsində deyil, ata-ana narahatşılığına cavabdehlik borcunda yanaşmalıdırlar.
Bu cür xüsusi və müqəddəs sayılan ailə sirlərinə şahid olan fərdin o ailədəki yeri ona görə də başqa yaxın qohum qədər hörmətli sayılır.

Çox təəssüf ki, toy mərasimlərimizin bu mühüm məqamı da getdikcə mahiyyətini itirməkdədir: ayrı-ayrı yerlərdə onu fərqli cür yaşadırlar. Bəzi yerlərdə, hətta evlənməmiş uşaqlar sağdış olur, bəzi yerlərdə bu funksiya tama sıradn çıxıb, simvolik olaraq bəy özünə hətta uşağı sağdış təyin edir. Bəzi yerlərdə subay birisi sağdış durursa, onun da toyunda sağdışı olduğu bəy sağdış durur və s..
Qax zonasında sağdış-soldışla bağlı ənənələr, məsələn, bu gün də yaşayır. Sağdış, deyildiyi kimi, bu mükəlləfiyyətə təyin ounandan bəyin ən yaxın dostuna çevrilir, öz evlilik təcrübəsindən bəyi də məlumatlandırır. Toydan bir neçə gün sonra da sağdışın hökmü qalır. Onlarda toy gününün səhərisi “Qazaxdağıtdı” və ya “Bəy üzə çıxdı ” günü keçirirlər. Kişilər bəyin, qadınlar isə gəlinin başına yığışırlar. Hamı bəy üçün tərif söyləyir və şabaş verirlər. Məclisi isə sağdiş və soldiş idarə edir. Məclisdə gözünə xoş gəlməyən, özünü yaxşı aparmayan şəxslər bəyin əmri ilə cəzalandırılır, yəni ağacdan asılmaqla yerinə yetirilir. Ellik tərəfindən bəyin özü də asıla bilər. Sonda qız evindən plov gətirilir, oğlan evi plova qiymət qoyur, razılaşıncaya kimi davam edilir, oğlan evi artıq hər cür “naz” edir, axı qız artıq onların evindədir.
Bəy plovu gələndən sonra artıq heç kəs asılmır.

Türkiyənin bir sıra ərazilərində yeni evlənənlər rəsmi nikahla bərabər dini nikahlar da bağlayırlar, bu, bizdə də var. Amma həmin bölgələrdə nikah duası edilərkən “amin” deyən zaman sağdış əlindəki bıçağı açar sonra bağlayar, xəncərləri qınından çıxarıb yenidən qabına qaytarar və ya bağlı bir kilidi açar ki , bəy gərdəkdə ərlik vəzifəsini yerinə yetirə bilsin. Sağdış bu cür hadisələri önləməyə də borcludur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.