Müzakirə
Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.
İlham Əliyev, Azrbaycan Respublikasının Prezidenti

Neçə gündür sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktorunun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı iddialar səsləndirilir. Təbii ki, məsələnin gerçək olub-olmamasını araşdırmaq aidiyyəti orqanların işidir. Amma biz də bu və ya digər baş vermiş hadisələrə seyrçi qala bilmərik. Çünki məktəb bizim işığına, şəfəqlərinə üz tutduğumuz Günəşdir. Əgər biz Günəşə elmi gerçəkliklə baxmasaq, Günəşi sevməsək, Günəşsiz qala bilərik. Sosial şəbəkələrdə məktəb həyatındakı utanc hadisələrlə bağlı istənilən sayda yazılar var. Bunlar hamısı məktəb rəhbərləri tərəfindən yaranmayıbsa da, istənilən hadisənin baş verməsində məktəb rəhbərlərinin də cavabdehliyi var. Baş vermiş hər bir hadisə onların rəhbərlik fəaliyyətlərindən və yaxud fəaliyyətsizliklərindən xəbər verir.


“Direktor uşaqları döydü”, “direktor müəllimi təhqir etdi”, “Müəllim-şagird sevgi macərası direktorun “başında çatladı” və sair, və ilaxır. İndi də ağına-bozuna baxmadan reytinq naminə tirajlanan “Məktəb direktoru şagirdlərdən pul tələb etd” xəbəri. Təhsil Nazirliyi Mətbuat Şurası qarşısında məsələ qaldırmalıdır. Məktəblə, müəllimlə bağlı hər hansı yazıda tək bir şəxsin portrerti deyi, bütünlükdə təhsil sistemimizin, müəllimlərin taleyi şou mövzusu olur. Hər mətbu subyekt təhsildən yaza bilməz. Bir şagird vərəqi həcmində esse yaza bilməyən birisi nə haqla məktəbə ayaq açmalıdır, 30-40 ilin müəllimini şit-şit suallara tutmalıdır. Təhsil sistemi spesifik fəaliyyət sahəsidir. Məktəbin, müəllimin nüfuzu ciddi-cəhdlə qorunmalı, ehtiyatlı addım atılmalıdır. Əgər hər hansı qanun pozuntusu varsa, əvvəlcə, Elm və Təhsil Nazirliyi məsələni araşdırmalı, müvafiq ölçü götürməlidir. Əgər hesab edilsə ki, baş vermiş əməllər mütləq hüquq -mühafizə orqanlarının araşdırmasını tələb edir, onda məsələni onların araşdırmasına təqdim etsinlər. Məktəb gündən-günə nüfuzunu itirməkdədir. Sanki ümumtəhsil məktəbləri formal mövcuddur. Məktəbəqədər yaşlı uşaqlardan tutmuş buraxılış sinfinəcən bütün siniflər üzrə uşaqlar dəstə-dəstə repetitor yanına axışırlar. Bütün inkişaf etmiş ölkələrdə təhsil sistemi dövlətlərin ən vacib prioritetlərindən biridir. Bu gün təhsilimizdə az-çox qazanılan uğurlar repetitor müəllimlərin hesabınadır. Mən sovet dövründə müəllim işlədim. İndi yoxdur həmin məktəblər, həmin ağsaçlı müəllimlər, həmin direktorlar, həmin Nazirlik, həmin Nazirliyin üst-başlarından, üzlərindən bilik, ziyalılıq nuru saçılan təhsil işçiləri.


Kənd təsərrüfatı mütəxəssisi, hüquqşünas, idman müəllimləri pedaqoji rəhbər vəzifələrə irəli çəkilir. Sovet dövründə müəllimlərin attestasiyası mövud ölçmə və dəyərləndirmə üçün tam kifayət edirdi. Müəllimin, məktəbin nüfuzu qorunurdu. Həmin attestasiyalarda ciddi addımlar da atılırdı. Amma indiki kimi müəllimi dilə-dişə salmazdılar.
Əgər müəllim svadsızdırsa, bunun səbəbləri araşdırılmalıdır. Əgər repetitorluq olmazdısa, onda bilirsiniz, əmək haqqının azlığı hansı problemlər yaradardı? Saytların birində iş yerini dəyişmək istəyən müəllimlər üçün qoyulan şərtlərdən biri də bu idi ki, həmin müəllimin ən azı 5 saat dərs yükü olmalıdır. Sovet vaxtı 5 saat dərs yükü üçün əmr verilməzdi. 5 saat dərs aparan müəllimin yaradıcı, yenilikçi olmasına kim inanar?
Vəziyyəti düzəltmək üçün qocaman təhsil xadimlərindən, alimlərdən ibarət yeni Təhsil Şurası yaradılmalıdır. Bu Şuraya o şəxslər seçilməlidir, o şəxslər rəhbərlik etməlidir ki, hər birini pedaqoji ictimaiyyət mütləq tanıyıb qəbul etməlidir. Hüquq müdafiəçisi, sosioloq, ictimai birlik rəhbəri hara, jurnalist hara, təhsil sistemi hara? Bu gün ən ciddi nöqsanlarımzdan birincisi elə rəhbər pedaqoji vəzifələrə təyinatlarla bağlıdır. Çünki rəhbər işçi bir kollektivin başçısıdır. Bu başçı o qədər ölçülüb-biçilib seçilməlidir ki, onun idarəçilik fəaliyyəti həmin kollektivi ancaq uğura aparsın.

Mən orta məktəbi 1972 -ci ildə bitirmişəm. Çoxlu direktor, tədris hissə müdiri tanımışam. Hər biri yüksək biliyə sahib, idarəçilik qabiliyyətini tamam-kamal mənimsəmiş ali pedaqoji təhsilli şəxslər idi. Onlar təkcə məktəbin ziyalısı deyil, həm də cəmiyyətin ziyalısı kimi qəbul edilirdi. 80-ci illərdən üzübəri gəldikcə direktorları təyin etməyə başladılar. Məktəbdə 100-dən çox müəllimi hesaba almayıb, digər rayonda işləyən müəllimi bu məktəbə necə direktor təyin edirsiniz? Axı bu müəllimlər ziyalıdır, savadları var: onlar bu təyinatın yol xəritəsini yaxşı bilirlər. Və yaxud ali pedaqoji təhsilli bir şəxs partiya, sovet,həmkarlar təşkilatlarında işləyib, tam məmurlaşb . İndi onu işdən çıxardanda ya məktəb direktoru, ya da daha yüksək rəhbər pedaqoji işə təyin edirlər. Bəs rəhbər pedaqoji vəzifələrə təyinat necə olsun? Mənim fikrimcə, indiki qayda özünü doğrultmur. Məktəb rəhbəri nazirlikdə deyil, icra hakimiyyətlərində deyil, məktəblərin özündə və kollektivin özündən seçilsin. Pedaqoji Şuralar və Valideyn Şuraları əsl münsif ola bilər.
Yoxsa, total yoxlamalar, yeni təyinatlar, yenə işdə yol verdikləri nöqsanlara görə kütləvi azad etmələr. Bəzən belə yoxlamalar və təyinetmələr güman və şaiyələrin yaranmasını körükləyir və təhsil sistemində neqativlərin formalaşmasını stimullaşdırır.
- 22 məktəb direktoru, 19 bağça müdiri işdən çıxarılıb ( Bax: https://edupress.az/az/more/219)
- 40-dan çox bağça müdiri işdən çıxarıldı(Bax: https://azedu.az/baghchalar/83002/40-dan-chox-baghcha-mudiri-ishden-chixarildi/) İndi Sumqayıtda adı çəkilən məktəbdə baş vermiş hadisə ilə bağlı cəmiyyətə məlumat verilir ki, 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır. Bütün hadisələrdə siqnalları beləcə araşdırırlar. O vaxt da Cəsarət Valehov bu nazirliyin sözçüsü işləyəndə, həmişə belə açıqlamalar verirdi. Amma üstündən günlər keçirdi, ya məsələ unudulurdu, ya da səsləndirlən iradlar əsassız hesab edilirdi. Belədə vətəndaş cəmiyyətinin heç bir fəallığı olmayacaq, məsuliyyətdən, cavabdehlikdən yayına bilmiş hər kəs daha ağır vəznli əməl törədəcək. Deyirlər ki, Yaponiyada Baş Nazirdən sonra ən ranqlı nazir Təhsil naziri hesab edilir. Ona görə də yaponlar papaqlarının altındakı intellektlərinə görə, hazırda dünyanın 3-cü böyük milli iqtisadiyyatına sahibdir. Sonda yazımızın əvvəlinə qayıdaq. Sumqayıt məktəbində baş vermiş hadisə məhəlli hadisə deyil. Əksər məktəblərimizdə bu cür neqativ təzahürlər haqqında mətbuatda məlumatlar var:
https://www.bakupost.az/mekteblerde-8-mart-yigimi-basladi-o-muellimler-hebs-olunmalidir
https://oxu.az/cemiyyet/8-martda-muellimlere-hediyye-alinmalidirmi-sabiq-nazirlerden-aciqlama
https://musavat.com/news/muellimler-ucun-hediyye-pullarini-onlar-yigir_984605.html
və sair.
Əgər bu məsələ problem kimi mövcud olmasaydı, mətbuat səhifələrinə çıxardımı? Elə bir ailə yox ki, məktəblə bağlı olmasın. Məktəbdə baş verənlərdən xəbərdar olmasın.
Əgər biz məsələyə təqsir güzgüdədir, onu vurub sındıraq təfəkkürü ilə yanaşsaq, heç nəyə nail ola bilməyəcəyik.
Yasamal rayonundakı Ş.Əfəndizadə adına 13№-li tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Davudova ondan müsahibə götürmüş jurnalistin “Təhsil sistemində dəyişiklik etmək istəsəydiniz nəyi dəyişərdiniz?” sualına verdiyi cavab qürur doğurur:

– Müəllimə münasibəti dəyişərdim. Cəmiyyətdə müəllimə münasibət birbaşa şagirdə təsir edir, o öz müəlliminə cəmiyyətin baxdığı kimi baxmağa məcbur olur. Müəllimliyin müqəddəsliyini qaytarardım. Hamı müəllim olmaq istəyərdi.
Türk saytlarının da birində yazılmışdı ki, Manisanın Salihli rayonunda 250 şagirdin təhsi aldığı ibtidai və orta məktəbə məxsus 8 hektar ərazidə buğda əkilib. Direktor Yaqub Atəş özü bu tarlanın əkinçisi əkinçi olub, məktəbin könüllü dostları ilə buğdalara qulluq edib və əldə edilən 1, 5 ton məhsulu satıb. Yaqub müəllim məhsuldan əldə etdiyi gəliri məktəbin təmirinə və saxlanmasına, eləcə də maddi vəziyyəti zəif olan şagirdlərə xərcləyib.




Məktəb direktoru tarlada işləməkdən şikayətlənmədiyini, əksinə, bunu tələbələri üçün məmnuniyyətlə etdiyini bildirmişdir: “Biz istəmədik ki, bu 8 hektar torpaq boş qalsın. Bu il tamamilə öz zəhmətim və könüllü dostlarımın köməyi ilə buğda əkmişik. Hazırda məhsul yığırıq. Məktəbimizin çatışmazlıqlarını bu məhsuldan əldə etdiyimiz gəlirlə dolduracağıq. Eyni zamanda ən böyük məqsədimiz ehtiyacı olan tələbələrimizə yardım etməkdir. Məktəbimizdə təhsil alan şagirdlərimiz kənd yerlərindən gəlirlər. Onların bəzilərinin maddi vəziyyəti yaxşı deyildir. Hər şey tamamilə onlar üçündür. Çünki tələbələr bizim gələcəyimizdir, ümidimizdir. Biz yaşlandıqca onlar bizim yerimizi tutacaq və Türkiyəni daha böyük bir Türkiyə hədəfi ilə irəli aparacaqlar”.
Məktəblərimizin və pedaqoji rəhbər vəzifəlilərin kontingentini ürəyini məktəbə, uşaqlara verə bilən belə müəllimlərlə zənginləşdirməliyik.