Baş redaktor

Sinifdənxaric və məktəbdənkənar tədbirlərin düzgün təşkili məktəblərdə bütün təhsil fəaliyyətinin müvəffəqiyyətini təmin edir. Bu cür tədbirlər şagirdlərdə müsbət emosiyalar yaratmaqla, onları real gerçəkliyi öyrənmə motivasiyasına təşviq edir. Onların əqli və idrak fəaliyyətlərini genişləndirərək biliklərini dərinləşdirməyə imkan verir və siniflər üzrə fənləri dərindən öyrənmək ehtiyacı yaradır.

Məlumdur ki, Ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarına əsasən (kurikulumları), müasir məktəbin vəzifəsi gələcək cəmiyyət üçün geniş dünyagörüşünə malik, öz xalqının tarixinə, mədəniyyətinə, adət -ənənələrinə bələd olan dərin bilikli, həm əqli, həm də fiziki cəhətdən sağlam mənəviyyatlı şəxsiyyətlər hazırlamaqdır. Bu vəzifələri ancaq dərs prosesində tam müvffəqiyyətlə yerinə yetirmək çətin ki mümkün olsun. Ona görə də hər bir məktəb üçün, hər bir müəllim üçün şagirdlərin idrak fəaliyyətini, mənsub olduqları xalq üçün, Vətən üçün qədirşünaslıq duyğularının motivasiyasını necə artırmaq bütün zamanlarda aktual olmuş və bu gün də aktualdır.
Sinifdənxaric tədbirlərin diapozonuna məktəbdə və yaxud digər razılaşdırılmış yerlərdə şagirdlərin iştirakı ilə keçirilmiş hər cür ictimai məzmunlu fəaliyyət nəzərdə tutulur. Məsələn, ədəbi-bədii gecələr, disputlar, viktorinalar, sərgilər, görkəmli şəxsiyyətlərlə görüş, ekskursiyalar, yürüşlər, özfəaliyyət konsertləri, hər cürə idman və hərbi oyunlar daxildir. Bunlar, sadəcə, bir əyləncə vasitəsi və yaxud şagirdlərin zehni yorğunluğunu aradan qaldırmaq üçün düşünülmüş hansısa fəaliyyət növü deyildir. Belə tədbirlər həm də hər tədbirin spesifikasına uyğun şagirdlərin maraq dairəsini genişləndirməyə imkan verir, onları hər gün yeni nə isə öyrənməyə sövq edir. Yeni tarix yazan Azərbaycanın gələcək uğurlarını məhz bugünkü uşaqlar davam etdirəcəklər. Bu uşaqların savadlı və milli ruhda böyüməsi üçün onların həm də sosiallaşması lazım. Bu cəhətdən sinifdən və məktəbdənkənar fəaliyyətlər uşağın şəxsiyyətinin sosiallaşması üçün geniş imkanlar yaradır. Belə tədbirlə vasitəsi ilə gələcəyin vətəndaşlarında təbiətə, torpağa, xalqa sevgi və ehtiram hisslərinin ilk bünöbrəsi qoyulur. Bu qənaətlə Xətai rayonundakı 24 nömrəli tam orta məktəbin sinif müəllimi Samirə İsmayılovanın böyük məsuliyyətlə hazırladığı belə tədbirlərdən üçü ətrafında dayanıb mövzumuzun ideyasına yetişə bilərik.
Həmin tədbirlərdən biri dərs ilinin əvvəlində “Yaşıl dünya naminə ” devizi ilə keçirilmiş tədbiridir. İstər daha sonra bəhs edəcəyimiz digər iki tədbir, istərsə də bu tədbir miqyasına görə məktəb tədbiri hesab olunsa da, çox böyük ictimai əhəmiyyəti var. Çünki bu gün dünyamızı təhdid edən ən böyük təhlükələrdən biri də ekoloji təhlükədir. Onu aradan qaldırmaq üçün ilk addımların məktəbdən atılması ilk doğru addımdır. Məşhur alman şairi Höte demişdir ki,
təbiətin tacı sevgidir. Ancaq sevgi yolu ilə ona yaxınlaşıla bilərsiniz.Bu sevgi insan oğlunun qanına, ruhuna məktəb yaşlarından hopmalıdır.
Ekoloji fəlakət deyəndə, ağlımıza mətbuat və televiziyadan görüb, bilib eşitdiyimiz qlobal istiləşmə, içməli su çatışmazlığı, torpaqdan qeyri-sabit istifadə, havanın çirklənməsi, tullantılarən düzgün istifadə olunmaması, ozon qatının deşilməsi, okean balıqlarının tükənməsi, meşələrin qırılması kimi fəlakətlər gəlir. Bu təhlükələr bəşər cəmiyyətinin ümumi evi olan planeti hər gün təhdid edir. Bu günlər Bakıda 196 ölkədən 72 min qonağın iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) keçirilir.Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var.

Deməli, dünyanın, insanlığı nicatı bugün atacağımız addımlardan asılıdır. Əgər bütün dünya səyləri birləşdirə bilsələr, insanlığın davam etməsini qoruya biləcəklər. Bu mübarizə başlayıb, hər vaxt da davam edəcək. Onu indinin məktəb uşaqları davam etdirəcəklər. İndi görək bu uşaqların təbiət, biomüxtəliflik haqqında anlayışları varmı: Onlar təbiət hadisələrindən xəbərdardırlarmı?Balacalar əhatələrində olan quşları, heyvanları, gülü-çiçəyi tanıyırlarmı? Hansı bitkinin, hansı heyvanın, quşun xeyirli və yaxud təhlükəli olduğunu bilirlərmi?
Uşaqlar bunları bilmirlər. Ətraflarında da böyüklər tərəfindən yaşıllıqlara, ağaclara necə divan tutulduğunu görürlər. Elə isə onlara bu problemin mahiyyətini necə aşılaya bilərik?
*Köklü-köməcli bir ağac 4 ailənin oksigenini təmin edir.
*1 ağac hər gün havanı 10 kondinsioner gücündə sərin saxlayır.
* Bu cür ağac hər il 12 kq zəhərli və radioaktiv maddələri yarpaqları ilə özünə çəkərək atmosferi təmizləyir.
* Ağac hər il təxminən 700 kq toz udur. Uşaqlardan aöacın faydasını soruşsaq, bunları biləcəkmi, olsa-olsa deyəcəklər ki, ağaclar bizə oksigen verir.
Həmin bu uşaqlar tərəfindən nə qədər dəftər, kitab atıldığını müşahidə etməmisinizmi?
Amma onlar bilmirlər ki, onların istifadə etdiyi:
1 ton kağızın istehsalı üçün 17-24 ədəd ağac lazımdır. Tullantı kağızları təkrar istehsal yolu ilə yenidən istifadəyə qaytaran zaman ağacdan ilk olaraq istehsal edilən kağızlara nisbətən 70% daha az enerji lazım gəlir. Hər 1 ton kağızın yenidən kağız kimi istifadəyə qaytarılması 17 ağacı qorumaq deməkdir, ən azından 298 litr neftə, 26 500 litr suya, 41 000 kilovat enerjiyə qənaət deməkdir.
Bunları bilməyən uşaq mütləq yanlarındankeçdiyi hər kolun, ağaç budağının yarpağını qoparmadan keçməyəcək.Ona görə də təbiətə qarşı məsuliyyət və həssaslıqla yanaşan yeni nəsillər yetişdirməliyik. Bu işə bağçadan və məktəblərdən başlamalıyıq. Samirə müəllimin təşkil etdiyi “Yaşıl dünya naminə əməkdaşlıq” tədbiri də bu məqsədə hədəflənib. Beləcə balacalar bütün bağçalarda və məktəblərdə bitki və ağaclara qulluq etməyi öyrənməli, yaşıllığı qorumalıdırlar. Uşaqların təbiətlə əlaqələrinin yeni formaları tapılmalıdır. Bir sıra hökumət və qeri-hökumət təşkilatları, bələdiyyələr bu cür fəaliyyətlərdə məktəblərimizlə əməkdaşlıq etməlidir.


Sinifdən və məktəbdənkənar tədbirlər içərisində oyunla bağlı tədbirlər də xüsusi yer tutur. Belə tədbirlər bir tərəfdən gənc nəsli sağlam həyata səsləyir, digər tərəfdən onlarda iradi və mənəvi keyfiyyətlər formalaşdırır. Oyun varsa, deməli oyun yerləri də var… Bu sözlər bizdə, sadəcə, uşaqları məşğul etmək üçün bir əyləncə və yaxud əyləncə məkanı anlayışı yaratmamalıdır. Bu, həmin sözlərin üst qatındakı mənadır. Amma alt qatındakı mənalarında gələcəkdə həyatını Vətənə, ana torpağa həsr edəcək balalarımız üçün hədəflənmiş niyyətlər var. Məsələn, oyun yerləri həm də indi onun üstündə qayğısız oyunlarını oynayan uşaqların vətənidir. Uşaqlığı kənddə keçmiş indiki böyüklər bunu öz həyatlarında görüblər: ayrıca bir oyun yeri seçib, oranı qoruyardılar, sahəni daş-kəsəkdən, kol-kosdan təmizləyərdilər, mal-qara girməsinə imkan verməzdilər. Həmin bu yer uğrunda onların ulu babaları can verib, qoruyub sonrakı nəsillərə ötürüblər ki, bu yerlər bizim balaların, nəvələrin oyun yerləri, yaşayış məskənləri olacaq. İndi orada atılıb – düşən balacalar bu qədirşünaslığı mütləq dərk etməli və davam etdirməlidirlər.
Vətəni sevmək, qorumaq hissi belə yaranır da. Ona görə də Vətənin bu parçasını – uşaqların oyun yerlərini qoruyacaq kəslərin, bugünkü uşaqların şəxsiyyətlərinin, xarakterlərinin nəcib əxlaqi və iradi keyfiyyətlərlə zənginləşməsi lazım.
Bunun yolu oyundan başlayır. Oyun bu uşaqları gələcək üçün hazırlayır. Lap elə balacalar üçün deyil, yeniyetmə və gənclər üçün də olan oyunlar bu məqsədə hədəflənib.
Görkəmli alimlər, məşhur pedaqoq və psixoloqlar uşaqların inkişafında oyunların müstəsna təsiri olduğunu dönə-dönə vurğulamışlar.
Sitatlar:
~ Oyun təxəyyülü qidalandıran bir müəllimdir.
Vince Govmon
Oyun boş əyləncə deyil. Bu, uşaqların xoşbəxtliyi, sağlamlığı və düzgün inkişafı üçün lazımdır.
D.V.Mendjeritskaya
~ Oyun oynamaq uşaqlığı əbədiləşdirir.
Bernard Şou
~Uşaq oyunda yaşayır və bu həyatın izləri onun içində real həyatın izlərindən daha dərində qalır.
K.D.Uspenski
~Oyun uşağın mənəvi dünyaya daxil olduğu böyük bir pəncərədir. Bu pəncərədən uşaq xəyallarına ətraf mühit haqqında bilgi verən ideya və konsepsiyalar axını daxil olur.
Oyun maraq və xəyalları alovlandıran qığılcımdır.
V.A. Suxomlinski
Bu xüsusda oxucularımıza müasir Olimpiya oyunlarının yaranması haqqında indi təqdim edəcəyimiz məlumatlar, şübhəsiz ki, çox maraqlı olacaq.
Tarixdən məlumdur ki,1870-ci ildə Fransa Prussiyaya məğlub olduqdan sonra III Napoleon Sedan qalası üzәrindә ağ bayraq qaldırmış, imperator başda olmaqla, 82 min fransız zabiti və əsgəri almanlara təslim olmuşdu. Nәticәdә İkinci imperiya devrilmiş, Fransada respublika yaradılmışdı.

Görkəmli Fransız maarifçisi, tarixçi akademik, həm də müasir Olimpiya oyunlarının yaradıcısı hesab olunan Pierre de Kuberten həmin dövrdə yaşamışdı. Maarifçi alimə görə, Fransa kimi qüdrətli Avropa dövlətinin düşdüyü bu böhranın səbəbi Fransanın mövcud təhsil sistemi idi. Onun fikrincə, Fransanın ümid etdiyi yetişməkdə olan bugünkü gənclik yüksək biliyə, gözəl əxlaqi və iradi keyfiyyətlərə, güclü xarakterə sahib olmalıdır. Belə gənclik yetişdirmək üçün yeni təhsil sisteminə ehtiyacı var. Kubertin bu ehtiyacların içərsində idmana xüsusi əhəmiyyət verirdi. O, şəxsiyyətin ahəngdar inkişafı üçün idmanı gənclərin həyatının mühüm tərkib hissəsi kimi qəbul edirdi. Bu məqsədlə Kuberten Böyük Britaniya və Amerikanın bir sıra kollec və universitetlərində qabaqcıl təcrübələri öyrənmişdir. Anglo-Sakson təhsil sistemində islahatlar aparan Tomas Arnoldun fikirləri Kubertini maraqlandırmış və o da komanda şəklində aparılan yarışların gənclər üçün həm fiziki, həm də mənəvi cəhətdən çox əhəmiyyətli olduğunu qəbul etmişdir. Bu təsirlərin nəticəsi kimi, alim malik olduğu ixtisasdan əlavə olaraq idmanı yeni bir fəaliyyət sahəsi seçmişdir . Hətta bu məqsədlə İngiltərə və Amerika səfərlərindən “Athletics” və “Athletic Sports” adlı jurnallar nəşr etməyə başlamış, Fransada Racing Club və Atletika və Cəmiyyət assosiasiyalarını idarə etmiş, Union des Societes François Spor Atlaletiquel Atletik İdman Klubları Assosiasiyası adı altında qurulan təşkilatın Baş katibi olmuşdur. Kubertin həmçinin, Fransada Racing Métro- 92 və Stade Français reqbi komandaları arasında birinci final matçının hakimi olmuşdu. Bu böyük alim idmanı tək Fransa üçün deyil, bütün dünya üçün xilas yolu kimi düşünürdü.
Kuberten olimpiya oyunlarına təkcə fizik sağlamlıq mənbəyi kimi deyil, həm də dünya üzrə insanlar arasında gərginliyin və düşmənçiliyin azaldılması vasitəsi kimi baxırdı. O, həmişə dünya xalqlarının sülh və əmin-amanlıq şəraitində iştirak etdiyi yarışlar planlaşdırmağı arzulayırdı. 1892-ci il noyabrın 25-də Kuberten USFSA-nın V konfransında o, “Müasir dünyada bədən tərbiyəsi” mövzusunda çıxış edərək bu günə qədər beynində gəzdirdiyi fikirləri dilə gətirdi. Həmin konfransda ilk dəfə Olimpiya oyunlarından bəhs edən Kubertin çıxışını belə bitirdi ki, böyük idman sülhə diplomatik münasibətlərdən daha çox kömək edə bilər:”Mənə kömək edin, gəlin, Olimpiya oyunlarını yaşadaq.”
Nəhayət, 1894-ci il iyunun 23-də Kubertenin səyləri uğurla nəticələnmişdir. Sarbonnada keçirilən konqresdə tarixi bir qərar qəbul edilmişdir: Beynəlxalq Olimpiya Komitəsi təşkil edilmiş və Kuberten baş katib vəzifəsini tutmuşdur.
Həmin vaxtdan 130 il ötür və Olimpiya hərəkatı Kubertenin arzuladığı kimi dünya xalqlarının sülh istəklərinin ümid nöqtəsinə çevrilmişdir. Olimpiya hərəkatı getdikcə daha beynəlmiləl, daha humanist xarakter alır: oyunların növləri artır, daha geniş coğrafiyanı əhatə edir, dünyanın dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlarını təkcə fiziki sağlamlıq baxımından deyil, həm də mənəvi, bəşəri istəklər baxımından bir araya gətirmək missiyasına xidmət edir. Kim bilir, bəlkə bu gün hansısa məktəbimizdə keçirilmiş və keçiriləcək kvest yarışları xalqımıza gələcəkdə neçə-neçə Olimpiya qalibi bəxş edəcək. İndi uşaq kimi tanıdığımız bir məktəblimizin qələbəsinə görə, dünyanın məşhur idman arenalarında Azərbaycanın dövlət bayrağı dalğalanacaq, Himnimiz səslənəcək.
Fakt budur ki, bu gün dünya durmadan qloballaşır, buna uyğun olaraq da intellektlər də dəyişir, yeni nəsil daha böyük fəzalara can atırlar. Bir vaxt kompüter, internet aclığı vardısa, indi tamam başqa vəziyyətdir. Bu gün internet oyunlarındansa kvestlərin populyarlıq qazanması danılmazdır.
“Kvest” öz süjeti, məntiqi tapşırıqlar və bulmacalar silsiləsi olan bütöv bir əyləncəli komanda oyunudur. Burada ayrı-ayrı şəkil hissələrindən nəzərdə tutlmuş mozaikanı qurmaq tələb olunur. Bu cür oyunlar müxtəlif otaqlarda keçirilir. Bu uşaqları axtarıcılığa və diqqətli olmağa sövq etmək üçündür.
Yarışın məqsədi müxtəlif məkanlarda yerləşmiş pazzl hissələrinin tapılmasıdır. Bunun üçün uşaqlar müxtəlif tapşırıqları yerinə yetirərək həmin pazzl hissələrinin yerini müəyyənləşdirməlidirlər. Tapşırıqlar riyazi məntiq, dil bilgiləri, informatika ilə əlaqəli olsa da, həmçinin mütləq olaraq komanda ilə işləmək bacarığı da tələb edir. Əgər uşaqların nəzəri və paraktik səyləri yetərli olacaqsa, onlar tapşırıqların öhdəsindən layiqincə gəlib hədəfə nail ola biləcəklər.
Kvestlərin ənənəvi internet oyunlarından daha popular olması da, həm də təkcə virtual deyil, həm də real, məhz bu amillərlə bağlıdır. Çünki oflayn oyunlar daha maraqlıdır. Uşaqlar onları həm də onlayn oynaya bilir. Özləri də oyunun canlı bir hissəsi ola bilir. Oyun zamanı emosional sərbəstlik və axtarışlar onlar üçün çox maraqlı gəlir və onlara zövq verir.
Onlayn tapşırıqlar internetdə keçirilir, praktiki olaraq oşaqların gözləri qarşısındadır, heç yerə qaçmağa ehtiyac yoxdur, sadəcə, tapşırıqların cavabları tapılmalıdır. Offline axtarışlar isə real həyatda keçirilir. Oyun zamanı otaqdan çıxmaq, labirintləri adlamaq lazım gəlir.
Xətai rayonu 24 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Samirə İsmayılovanın dərs dediyi III ”A” sinfində Zəfər Günü münasibətilə təşkil etdiyi kvest yarışmasının video görüntüləri bunun əyanı sübutudur. Nəvəm də bu sinifdə oxuduğundan və hər dəfə belə tədbir keçirəndən sonra gəlib evdə ağızdolusu danışması, bizim sorğularımıza verdiyi cavablar məni bu yazını qələmə almağa vadar etdi. Hiss edirəm ki, balaca Cabirdə kommunikasiya bacarığı getdikcə zənginləşməkdədir. Ünsiyyətdə olduğu hər kəslə çox qısa vaxtda mehribanlaşır, sevir və sevilir. Qayğıkeşdir, bölüşməkdən, paylaşmaqdan xoşu gəlir. Bunlar hamısı doğru təşkil edilmiş kollektiv oyunların gətirdiyi keyfiyyətlərdir. Çünki oyun prosesində uşaqlar müxtəlif sosial rollar mənimsəyirlər: dostları ilə eyni məqsəd uğrunda mübarizə aparır, əməkdaşlıq etməyi, təşəbbüs göstərməyi öyrənir, qalibiyyət qazanılanda onlarla birlikdə sevinir, mürəkkəb vəziyyətlərdə onlarla birlikdə kədərlənir, gərgin anları birlikdə yaşayır və s.
Uşaq pedaqogikası və psixologiyasına dərindən bələd olan, məşhur pedaqoq Suxomlinskinin dediyi kimi, ürəyini uşaqlara verə bilən müəllimlər öz pedaqoji fəaliyyətlərində bu cür tədbirlərdən məharətlə istiafadə edərək şagirdlərinin hafizəsində dərin izlər buraxır, kiçik yaşlrından şagirdlərdə öyrənməyə böyük maraq yarada bilirlər, Samirə İsmayılova kimi.

Dosye:
Samirə Hüseynbala qızı İsmayılova
Yaşı: 19.06.1976
Vəzifəsi: İbtidai sinif müəllimi
Tədris etdiyi fənlər: Azərbaycan dili, Fiziki tərbiyə, Həyat bilgisi, Həyati bacarıqlar, İbtidai təhsil, Musiqi, Riyaziyyat, Təsviri incəsənət, Texnologiya
Bitirdiyi təhsil müəssisəsi: Bakı Sənaye Pedaqoji Texnikumu
İlk fəaliyyət ili: 15.11.1994
Müəllimənin şəkli
Kvest yarışmasında uşaqların tapdığı, düzüb qoşduğu “Xarıbülbül” mozaikası onların yaddaşına əbədi həkk olunacaq
Samirə müəllimənin III “A” sinfinin “kəşfiyyatçı”ları da pazzl hissələri tapmaq üçün 4 fərqli otaqlara baş çəkməli oldular. Videoda uşaqların sevinclərindən axtarışlarının uğurla nəticələndiyini hiss olunurdu və sonda müəllim də, şagirdlər də istəklərinə nail oldular. Bu, sadəcə, bir oyun olsa da, Samirə müəllimənin məqsədi hələ cəmi 8 yaşı olan fidanlarının mifoloji şüuruna qapı açmaq idi. Müəllimə fidanlarına Xarıbülbüllə yalnız bir Vətən çiçəyini tanıtmırdı, bu tanıtımın alt qatında daha müqəddəs mənalar var.
Axı Xarıbülbül deyiləndə, ilk olaraq yada yer, yurd, Vətən həsrəti doğuran bir bitki düşür. Vətənə, onun torpağına, kəsəyinə, gülünə-çiçəyinə heyranlıq yaratmaq, diqqət belə başlayıbsa, bu balacalar daha irəli illərdə sinifdən -sinfə keçdikcı, Xarıbülbül haqqında kitablardan, sevimli müəllmlərindən daha ətraflı məlumatlar öyrənəcək, Qarabağ uğrunda döyüşlərdə böyük Zəfərimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin Xatirə simvoluna çevrilmiş Xarıbülbülün müqəddəsliyinə tapınacaqlar.
Qarabağın, Şuşanın incisi sayılan Xarıbülbül artıq uzun illərin əsarətindən sonra azadlığına qovuşmuş, bütün Azərbaycanın azadlıq, zəfər rəmzinə çevrilmişdir. Bu sinifdə hələ 27 sentyabrda Anım Günü münasibətiilə keçirilmiş digər bir tədbirdə erməni təcavüzünün dəf edilməsi zamanı həyatını qurban vermiş qəhrəmanlarımız minnətdarlıqla yad edilmişdir. Samirə müəllimənin şagirdləri Xarıbülbülün Qarabağın, Qarabağ torpaqları uğrunda şəhid olmuş igidlərimizin simvoluna çevrildiyini həmin tədbirdən bilirlər.
Xarıbülbül — Qarabağ və Zəfər rəmzi
Xarıbülbül bitkisinə Samur-Dəvəçi, Kür-Araz və Xəzərsahili ovalıqlar, Kür düzənliyi, Abşeron, Kiçik Qafqazın cənub rayonlarında da rast gəlinsə də, əsas məskəni Şuşadır: Cıdır düzündəki “Qızıl Qaya” adlanan yerdə daha çox yayılmışdır. Bəlkə də Xəzərsahili ovalıqlarda, Kür düzənliyində, Abşeronda rast gəlinən Xarlbülbül Cıdır düzündə rast gəlinən Xarıbülbül çiçəyinin assosiativliyini doğura bilməz. Bu da səbəbsiz deyildir. Çünki bu xalq 30 ildən çox yurd yerlərindən zorla uzaqlaşdırlıb didərginlik həyatını yaşadı. Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağanın da Qarabağ həsrəti 30 ildən artıq çəkmişdi: 1801-ci ildən vəfat etdiyi 1832-ci ilədək…
Tarixdən məlum olduğu kimi , 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar sui-qəsd yolu ilə öldürülür. Nəticədə Qarabağla İran arasında mövcud ixtilaf daha da daha da kəskinləşir. Çünki Ağa Məhəmməd şah Qacarın bacıları hakimiyyət başına gələn Fətəli şahı rahat buraxmırdılar ki, əmisinin intiqamını alsın.
Belə gərgin dönəmdə İbrahim xan qanlı müharibənin qarşısını almağa çalışır, məsələni sülh yolu ilə həll etməyə çalışır. Bu məqsədlə qızı Ağabəyim ağanı Fətəli şaha ərə verir ki, aralarında olan ziddiyyətlər ortadan götürülsün.

Ağabəyim ağa qənirsiz gözəl idi. Şah sarayında ilk gündən onu Fətəli şahın gözündən salmaq üçün yollar axtarırdılar ki, buna bir bax, Qarabağdan gəlib Tehranda şaha zövcə olur və şah da onun hörmətini çox yüksək tutur. Onlar Fətəli şaha xəbər çatdırırlar ki, bəs qarabağlı bu ” gözəl” Tehranda oturub Tehranı bəyənmir, elə hey Qarabağı soraqlayır.
Qarabağa şeir də yazıb:
Mən aşiqəm, qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Şah bunu eşidincə, Ağabəyim ağadan incik düşür və Qarabağ gözəlini hüzuruna çağırtdırır, acığını onun diqqətinə çatdırır. Ağabəyim ağa çox hazırcavab idi və dərhal da şahın edərək şahın fikrini yayındırmağa nail olur. Deyir ki, mən onu eşitdiyiniz kimi deyil, belə demişəm:
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönür,
Yaddan çıxır Qarabağ.
Fətəli şah həmişıki kimi gözəlliyin və belə cavabın qarşısında mülayimləşir.
Hətta üstündən bir neçə gün keçməmiş Ağabəyim ağanı yanına dəvət edib kədərini azaltmaq üçün onu söhbətə çəkir və deyir ki, Qarabağa qayıtmaqdan başqa nə arzun varsa, de, yerinə yetirim.
Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra demişdir ki, onda icazı verin, ata evimdən gətirdiyim varidatımı satım.
– Məgər mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim sənə azlıq edir?
Ağabəyim ağa yenə ağıllı cavabı ilə şahı susmağa məcbur edir:
-Siz sabahdan bütün sarayda elan edərsiniz ki, xəzinə mənim üzümə açıqdır, istədiyim qədər vəsait götürə bilərəm. Amma mən şahlığın xəzinəsindən heç nə sərf etməyəcəyəm. Sadəcə, daş-qaşlarımı, cehizlərimi xərcləyərək, buna özüm üçün bir bağ salmaq istəyirəm. İstəyirəm ki, özüməməxsus bağım olsun, orada ancaq mən gəzim. Bu bağda hər çiçək, hər kol ancaq mənim zövqümcə əkilsin.
Fətəli şah razı olur və onun göstərişi ilə dünyanın hər yerindən ən bacarıqlı bağbanlar saraya dəvət olunurlar. Ağabəyim ağa bağbanlara deyir: “Elə bir bağ salacaqsınız ki, Şuşada bitən hər bir ot, ağac, gül burada bitsin”.
Bağbanlar işə başlayır və Qarabağa gələrək Şuşanın dağ-dərəsindən, karvan-karvan torpaq daşıyıb Ağabəyim ağa üçünbağ salırlar. Şuşada bitən bütün bitkilərdən, hətta otuna qədər gətirib bu bağda da əkirlər. Nəhayət, bağ hazır olur və şairənin arzusuna uyğun olaraq bağın adını “Vətən bağı” qoyurlar. Ağabəyim ağa bağı gəzməyə çıxır. Amma neçə dəfə bağı gəzib dolansa da, bağdakı güllər-çiçəklər arasında Xarıbülbül çiçəyini tapa bilmir. Xan qızı yenidən bağbanları dəvət edib tapşırıq verir. Bağbanlar Şuşadan nə qədər Xarıbülübül gətirib əksələr də, nə qədər qulluq etsələr də, solub məhv olur, çəkilən bütün zəhmətlər hədər gedir. Şuşadan Tehrandakı “Vətən bağı”na gətirilmiş Xarıbülbül bitmir ki, bitmir… Və beləcə, bu məşhur bayatı yaranır:
“Vətən bağı” al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Onsuz da bayatılar 4 misradan ibarət olur. Amma bu 4 misrada kitablara sığmayan bir həyat dərsliyi var. Bayatıdan aydın olur ki, uzun müddət gülə qovuşmaqdan ötrü qəfəsdə həsrət çəkən bülbülün iztirabları zaman-zaman o qədər artmışdır ki, bu həsrət getdikcə onun çölünü də bürümüş, köksünün altı da sarı rəngə boyanmış. Şübhəsiz ki, bu təsvirdə Ağabəyim ağanın oxşar taleyini görməmək mümkün deyil. Qarabğın bu gözəl və kübar xanımı da Şah sarayında hər cürə təmtəraq içərisində yaşasa da, daim Vətən həsrəti ilə yanıb alovlanmışdır.
Deməli, “Vətənin bircə qış günü, qürbətin min baharına dəyər”, “Qəribin boynu uzun olar, dili qısa ” , “Qəribin boynu bükük olar” və sair.
Folklorumuzda bununla bağlı saysız-hesabsız nümunələr var. Məsələn, bayatılara baxın:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Burda yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.
Yağı gəldi yanıma,
Susamışdı qanıma,
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma….
Yovşan bitkisi türk xalqlarının mifologiyasında türk tayfalarının qələbə və uğurlarının rəmzidir. Yovşanla bağlı rəvayətlərin birində deyilir ki, Qıpçaq bəylərindən biri öz tay-tuşları ilə ova çıxır. Bunlar ceyran-cüyür qova-qova öz obalarından çox uzaqlaşırlar. Gəlib çıxdlqları yer başqa xanın ərazisi idi. Burada onların başları kefə qarşır, yurd yaddan çıxır. Qıpçaq xanı arxalarlnca qasid göndərsə də, bunlar eyş-işrətlərindən ayrıla bilmirlər, yurda dönmək istəmirlər. Onda bu dəfə xan oğluna qoxulatmaq üçün bir dəstə yovşan göndərir. Atlı gəlib onlaara yetəndə görür ki, bunlar elə kef məclisindədirlər. O, xanın oğluna nə qədər dil-ağız etsə də, bunlar ona təsir etmir. Onda həmin atlı gətirdiyi yovşanı bəyzadəyə doğru uzadır. Gənc qıpçağın burnuna yovşan ətri dəyən kimi, adamlarına əmr edir ki, atlanın, yurdumuza dönürük.
Necə ibrətamizdır. Yovşan sasən dağlarda bitir və dadı olduqca acıdır. Amma o, Vətən şirinliyini, Vətən vazkeçilməzliyini xatırlatdığı üçün bütün şirinliklərin fövqünə qaldırılır.
Beləliklə, Vətən və xalq sevgisi, qədirşünaslıq və milli iftixar hissi yaratmaq üçün bütün sinifdən və məktəbdənkənar tədbirlərdə gen-bol imkanlar var.
Samirə müəllimə də, onun bütün həmkarları da, heç şübhəsiz, şagirdlərinə bu nümunələri, bu nümunələrin didaktik yükünü yuxarı siniflərdə daha ətraflı formada çatdıracaqlar. Aşağı siniflərdə isə hələki bu tanıtıma hazırlıq görülür.
Dünyanın ən məşhur universitetləri sıralamasında 3-cü yeri tutan Oksford Universitetinin professoruna bir dəfə televiziya əməkdaşı sual veribmiş ki, sizin Universitet tələbələrə nə verir? Professor da cavab vermişdir ki, Oksford Universiteti tələbələrə ingilis centlmeni necə olmalıdır, onu öyrədir. Cavab birmənalı deyildir. Bəs dərin bilik, müasir dünyanın taleyini idarə edən texnologiyaların dlini bilən, onları idarə etməyi bacaran mütəxəssislər ordusu yaratmaq. Amma sualı cavablandıran da hər halda, adi şəxs deyil, onun da öz məntiqi, tutarlı dəlilləri var. Adi bir vətəndaş kimi mən də professorun fikirləri ilə həmrəyəm.
Unutmayaq ki, Böyük Britaniyanın 28 baş naziri, 55 Nobel Mükafatı Laureatı və 120 olimpiya mükafatçısı bu universitetin məzunu olmuşdur. İndira Qandi,
Benazir Bhutto, İmran Xan, Amerikanın 42-ci prezidenti Bill Klinton və daha kimlər də böyük həyata bu universitetdən addım atmışlar. Universitetin nəzdində 39 məşhur kollec və muzey və kitabxanalar var. Bu qədim və zəngin Universitetin Avropa standartlarına cavab verən mütəxəssislər hazırladığı şəksizdir.
Amma centlemen hazırlamaq bütün bunların fövqündə dayanan bir borcdur, professor da bu borcun fəaliyyət göstərdiyi universitetin prioriteti olduğunu önərləmişdir.
“Centlmen” termini izahlı lüğətlərdə kübar cəmiyyətdə bütün nəzakət qaydalarına və əxlaq normalarına ciddi riayət edən, öz ciddi və zövqlü geyimi, incə davranışı ilə fərqlənən, sözünün yiyəsi olan, nəzakətli, tərbiyəli adam kimi başa düşülür.Bunlar vacib şərtlərdir. Bunlardan məhrum olan savadlı adam diplomlu odun parçasına çox bənzəyir. Ahəngdar inkişaf etmiş şəxsiyyət kimi formalaşmaq üçün həm centlmenlik, həm də savadlılıq şəxsiyyəti tamamlamalıdır. Odur ki, istər məktəbəqədər tərbiyə müəssisələrində, istərsə ümumtəhsil məktəblərində, istərsə də orta və ali təhsil müəssisələridə gələcəyimiz kimi baxdığımız yetişməkdə olan bugünkü nəslə əsl azərbaycanlı necə olmalıdırsa, onu öyrətsinlər.Təhsil sistemizin ümdə vəzifəsi bu olmalıdır.
Məşhur eston alimi – ədəbiyyatşünas, semiotik və mədəniyyət tarixçisi Y.M.Lotman, çox doğru olaraq ifadə etmişdir ki, kim əcdadının adını çəkə bilirsə, o, siyasi cəhətdən mövcuddur. Bu torpağın, bu xalqın taleyini gələcəkdə yaşadacaq bugünkü uşaqlarda qədirşünaslıq duyğularını belə rişələndirmək lazımdır.


Bir məktəbdə keçirilmiş bir-iki tədbiri bu qədər geniş şəkildə şaxələndirməklə söz açmağım ahəngdar inkişaf etmiş şəxsiyyət formalaşdırmaqda sinifdən və məktəbdənkənar tərbiyə işlərinin rolunu bacardığım qədər motivasiya etmək idi. Bacardımsa, nə yaxşı….
Qeyd: Yazıda mövzu ilə bağlı bəzi informasiya üçün açıq internet resurslarından istifadə edilmişdir.
Akif Əhmədov,
“Ana və Uşaq” onlayn ictimai-siyasi, pedaqoyi qəzetin Baş redaktoru, AJB-nin üzvü