Xatirələrdə  hər zaman görüşəcəyik

Unutsaq, unudulacağıq

Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum……

                      Nizami Gəncəvi – “İsgəndərnamə”

Rövşən müəllimlə bizim tanışlığımız “Facebook” səhifəsindən başlayıb.İstər anaveushaq.wordpress.com saytında, istərsə də digər sosial şəbəkələrdə musiqimiz, eləcə də digər mövzulardakı yazılarımı diqqətlə izləyirmiş. Onun bu yazılara hər münasibəti həm məndə doğru mövqedə olduğuma əminlik yaradırdı, həm də onun faydalı fikirlərindən bəhrələnirdim. Beləliklə, bu fikir həmrəyliyi bizi daha yaxın etdi. Daha sonra virtual olaraq iki oğlu ilə tanış olduq: Mürsəl və Elşənlə. Xoş günlərdə bayramlaşdıq, bir-birimizi təbrik etdik. 15 ildən artıq davam edən bu səmimi ünsiyyət elə virtual olaraq da tamamlandı. Hərdən telefonla, internet vasitəsi ilə üz-üzə söhbətləşərdik, bəzən mənim üçün gözəl mahnı nümunələri də səsləndirərdi. Təəssüf ki, heç görüşə bilmədik. Bir neçə dəfə niyyət də etdik ki, rayona Ağsu aşırımı ilə gedək, Göyçayda dayanıb Rövşən müəllimin qonağı olaq, qismət olmadı. O, Bakıya gələndə isə mən Bakıda olmadım. Amma müəyyən mənada buna təsəlli də tapıram. Bəlkə də bir neçə dəfə görüşmüş olsaydıq, indi bu əbədi ayrılıq məni belə yandırmayacaqdı. Adiləşməyə qoymadıq  bu dostluğu. Rövçən  müəllim onu bir azca da Platonikləşdirdi, doğmalarına, xəyallarımda Goyçayın  vüqarlı çinarları kimi ucaltdığım oğullarına – Mürsələ və Elşənə, eləcə də  çoxsaylı dostlarlndan biri kimi mənə də yanmaq buraxıb, özü  qeyb oldu. Belə yanmaq gözəldir. Sonsuz sevgilərin, məhəbbətin ən yaxşı refleksi elə yanmaqdır.

Rövşən müəllim əsl sənətkar, yaxşı pedaqoq və səriştəli rəhbər  və gözəl  idi. Uzun illər Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin direktoru olmuşdur. Göyçay rayonunun bütün uğurlarında düzənlənmiş ədəbi-mədəni tədbirlərin iştirakçısı və təşkilatçılarından biri olmuşdur. Göyçayda, eləcə də ətraf rayonlarda saysız-hesabsız toy şənlikləri aparmışdır. Xalq şənliklərində, toy-düyünlərdə bu iştirak həmin məclisləri unudulmaz etdiyi kimi, təbii ki, Rövşən müəllimin özünün də yaradıcılıq manerinə təsirsiz ötüşə bilməzdi.

Rövşən müəllim ayrı-ayrı obalarda iştirak etdiyi el məclislərində bir tərəfdən  musiqimizi yayıb, bir tərəfdən də öz yaradıcılıq manerini zəngiunləşdirib. Adətən, toy şənliklərində səsləndirilən mahnıların nə məzmununu, nə də ifa tərzini nizamlamaq olmur. Şit, bayağı mahnılar, əcaib səhnə davranışları izləyicilərinə heç bir zövq aşılaya bilmir. Əsl musiqi təəssübkeşləri, o cümlədən Rövşən müəllim heç vaxt belə mahnıları ifa etməz. İkimiz də bu fikirdə olardıq ki, istər  toy şənlikləri olsun, istərsə də televiziya və radio kanallarında səsləndirilən mahnılar olsun, fərqi yoxdur, mütləq bunların ideya-bədii xüsusiyyətlərinə nəzarət edilməlidir. O vaxt hörmətli Bəxtiyar müəllim də çıxışlarının birində  bu narahatçılığını  dilə gətirmişdi ki, toylarda səsləndirilən mahnılar toy adamlarının  başını, ürəyini  deyil, ancaq əl və ayaqlarınıcana gətirir.   Hələ  XVIII  əsrdə yaşamış alman yazıçısı    B.Arnim     deyərmiş ki,    musiqi  mənəviyyatla hissiyyat arasında olan vasitəçidir.  Eləcə də musiqi və  rəsm  əsərləri kimi,   digər hər hansı sənət  növü də insanların kamilliyinə, gözəlliyinə xidmət etməlidir.

Mən internetdə Rövşən müəllimin istər ayrı-ayrı toy şənliklərində, istərsə də bayram və şənliklərdə ifa etdiyi manhıların repertuarına diqqət yetirdim:

“Sevmişəm” (Sözləri Xəlil Rza Ulutürkün, musiqisi Qulu Əsgərovun ), “İntizar” (Sözləri Zeynal Cabbarzadnin, musiqisi Səid Rüstəmovun), “Gecələr keçir” (Sözləri Vahid Əzizin , musiqisi Eldar Mansurovun), “Ay Laçın” (Xalq mahnısı), “O, körpəmin anasıdır” (Sözləri Qasım Qasımzadənin, musiqisi Hacıbaba Həsənovun)  , “Tar çalan oğlan” (Sözləri Arif Cəfərovun, musiqisi Hacıbaba Həsənovun), “Ana Kür “( “Dəli Kür” filmindən), “Söz olmasaydı” (Sözləri Ənvər Əlibəylinin, musiqisi İbrahim Topçubaşovun), “Qubalı qız” ( Sözləri Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşovun) “Aşıq mahnısı”, Qızıl üzük” (Sözləri Rəsul Rzanın, sözləri Tofiq Quliyevin), “Laylay” (Sözləri Süleyman Rüstəmin, musiqisi Şəfiqə Axundovanın), “Pərişanın mahnısı” ( Böyük dayaq” filmindən ) , “Nə gəlməz oldun” ( Sözləri Əli Kərimin, musiqisi Oqtay Kazıminin), “Bağçamız” ( “Ögey ana” filmindən ), “Ceyranım, gəl-gəl” ( Sözləri Hüseyn Arifin, musiqisi Əşrəf Abbasovun ), “Arzular” (Sözləri Bəxtiyar Vahabzadənin, musiqisi Ələkbər Tağıyevin), “Bakılı qız” (Sözləri İslam Səfərlinin, musiqisi Andrey Babayevin), “Sədaqətim var” ( Sözləri Süleyman Rüstəmin, Ələkbər Tağıyevin), “Sən mənimsən, mən sənin” (Sözləri Zeynal Cabbarzadənin, musiqisi Tofiq Quliyevin), “Pəncərəmə qondu çiçək” (Sözləri Nəbi Xəzrinin, musiqisi Tofiq Quliyevin),” Yar incidi” ( Sözləri Ənvər Əlibəylinin, musiqisi Xəlil Cəfərovun), “Xətrinə dəymərəm” (Sözləri Hüseyn Arifin, musiqisi Tamilla Məmmədzadənin ), “Yarı məndə, yarı səndə” ( Sözləri Nürət Kəsəmənlinin, musiqisi Eldar Mansurovun), “Barı Naxçıvan” (Xalq mahnısı, bəstəkarı Məmməd Cavadov) və sair…Varmı bu mahnıların içində bir diringi? Hər biri musiqi xəzinəmizin bir şedevri. Onların mətnini yazan şairlər də, bu mətnlərə musiqi bəstələmiş bəstəkarlar  da, ifaçıları da  xalqımızın rəğbətlə  tanıyıb qəbul etdiyi  məşhurlar.  Hansının adını eşitsək, hələ ifalarını dinləməmişdən belə, əsl musiqi zövqü alacağımıza əmin oluruq. 3 kamil sənət xiridarının birgə səyi, ən başlıcası isə ürəklərinin  hərarəti ilə ərsəyə gəlmiş sənət nümunəsini necə bəyənməyəsən?!
 Nə yaradırsansa, gərək ona ürəyinin istisini bələyəsən, Rövşən müəllim kimi.
 Əsl musiqi adamı olmaq üçün təkcə  musiqi  məktəbini bitirmək, ali təhsil almaq bəs etmir, eləcə də musiqi nəzəriyyəsinə, yüksək ifa texnikasına malik olmaq da kamil sənətkarklıq üçün hələ  kifayət deyil. Bu gün süni intellekt imkanları, robot texnologiyalarl ilə  bütün bunları etmək olar.  Amma  heç bir robot   “Ay Laçın” xalq mahnısını, “ Arzular” mahnısını (Sözləri Bəxtiyar Vahabzadənin, musiqisi Ələkbər Tağıyevin) Möhlət Müslimov, Rövşən Zamanov kimi ifa edə bilməz. Lap mələklər göydən  enib  onların köməyinə gəlsələr də.

Təbriz  həsrətini,  öz vətənlərində  qaçqın\köçkün kimi yaşamağa məhkum edilmiş  həmvətənlərimizin  acı taleyini , oyunları və oyun yerləri əllərindən alınmış  uşaqların yaşamadıqları uşaqlıq həyatının həsrətini   robot ifaçı bizə necə çatdıra bilər? Çatdırsa da, bu, informasiya məzmuynundan başqa heç nə olmayacaq.  Tarix boyu başımıza gətirilən faciələri  bütün ağrı və əzabları ilə dinləyicisinə çatdlrmaq və onların       qədirşünaslıq duyğularını  cana gətirmək üçün sənətin, sözün gücünə hər zaman ehtiyac var.  Bu gün də var, sabah da olacaq.  Bunları ancaq  doğulub boya-baça çatdlğı torpağın  tarixini, mədəniyyətini, adət-ənənələrini, etnoqrafiyasını bilən, bu torpağın insanlarını tanıyan, onların xeyrində üzünə təbəssüm qonan, kədərində onlarlabərabər  qəhərlənən  sənətkarlarımız   edə bilər.   Habil Əliyev kimi, Kamil Cəlilov kimi, Möhlət Müslimov kimi, Avtandil İsrafilov kimi, Alim Qasımov kimi.  Onların adını yazmaqla  qurtaran deyil.  Bu sırada Rövşən müəllim də  var.  Bu sənətkarlar ifa edəndə ifa etdiyi qəzəlin mətninə və ifa olunan muğamın şöbəsinə, onun ahənginə uyğun olaraq özləri də haldan-hala düşür, dinləyiciləri də.
  Onların istənilən mahnısı  cəlbedicidir,    səsləndirilərkən  birbaşa  ürəyə yol tapır, nikbin, şaqraq  melodiyaları mənəvi dünyamızı sakitləşdirir, saflaşdırır.  Heç vaxt da bu  mahnıların  cəngindən qopmaq olmur.
 Rövşən müəllimlə  bir dəfə çöhbətimiz    bu mövzuda olardı. İnternetin yaratdığı fürsətlə   Ənvər Əlibəylinin sözlərinə   İbrahim Topçubaşovun musiqi bəstələdiyi ”Söz olmasaydı”   mahnısını səsləndirdi.  Əvvəldə  Rövşən müəllimin repertuarının cüzi bir hissəsini qeyd etmişəm. Bunlar elə mahnılardır ki,  bizim yaşda olan nəsillərin  əxlaqı, mənəviyyatı  belə mahnılarla  ətə-qana  dolub. Bu mahnılar elə səslənən kimi,    duyğular, hisslər birbaşa  dinləyicisini ürəklərindəki arzulara, xəyallara tapındırır. Soruşdum ki, Rövşən müəllim,  fikir verirəm, siz ifa edərkən müxtəlif hallara düşürsünüz. Eləcə də  əksər sənətkarlar üçün  bu hal xarakterikdir.
Çox səmimi  təbəssümü olardı. Gülümsəyib dedi ki, biz hər dəfə mizrabı simlərə toxunduranda, çanağın yaratdığı vibrasiya və rezonans vücudumuzu sarır. Özümüzü sehirlənmiş   kimi hiss edirik: bu anda vücudumuzda , duyğulaımızda  gözəl hisslər yaranır və   biz  bu hissləri mizrabla pərdə-pərdə dinləyicilərimizə ötürürük. 
 Siz  heç  tarın quruluşuna diqqətlə nəzər yetirmisinizmi: tar  ürəyə bənzəyir. Sanki   musiqi alətinin üzərində iki ürək bir-birinə yapışıb: biri onu ifa edənin, o birisi isə tarzənin  əsrarlarını  pərdələr vasitəsi ilə çatdlrmaq istədiyi izləyicisinin.   El arasında tarın  “ürək aləti” adlanması  da bu bənzərliklə bağlıdır. Gərək  tarzən dünləyicisinin ürəyindəkiləri öz ürəyindəkilər kimi  hiss edə bilsin.
Bunları da o vaxt  Rövşən müəllim demişdi.
 Tarın  simlərinin  uzunluğu təqribən 93- 96 sm-ə qədərdir ( naqillərin titrəyən hissəsinin uzunluğu, yəni, tonozla şeytan arasındakı məsafə isə   66 sm). Amma bu kiçik ölçülərlə bu cansız ağac  çanağın əsrarları  sərhədlər aşaraq dünyanın nəhəng konsert salonlarında  Azərbaycan heyrəti yaradıb.
  Bu gün tarixi uzaq əsrlərə gedib çıxan Azərbaycan tarının inkişafında  böyük xidmətləri olmuşSadıqcan, Qurban Primov, Bəhram Mansurov, Malıbəyli Həmid, Məmmədxan Bakıxanov, Əhməd Bakıxanov, Mirzə Mansur Mansurov, Allahyar Cavanşirov, Mirzə Fərəc Rzayev, Mirzə Ələsgər Məmmədov, Mənsur Mənsurov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Əhsən Dadaşov, Əli Səlimi, Məmmədağa Muradov, Mansurov,     kimi ustad sənətkarların adını fəxrlə çəkir, hər birini ehtirmla xatlrlayırıq.  Bu zəngin irsin layiqli davamçıları olan Ramiz Quliyev, Zamiq Əliyev, Vamiq Məmmədəliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Sahib Paşazadə Elçin Həşimov, Ceyran Haşımova, Sərvər İbrahimov, Elxan Mansurov kimi ustad tarzənlərin sırasında  Rövşən müəllimin də  adını iftixarla qeyd etmək  olar. Ömrünün əlli ilini   həm tarzən, həm də pedaqoq kimi musiqi mədəniyyətinə həsr etmiş  Rövçən  Zamanov şərəfli bir ömür yaşadı.   Amma  nə edəsən ki,  bu gün onun haqqında keçmiş  zamanda danışırıq.   69 yaş nədir ki… İnternetdə bu barədə yazıya rast gəlsəm də, inanmaq istımədim. Dərhal oğlu  ilə əlaqə saxladım. Hüznlə  bu acının həqiqət olduğunu bildirdi.

Yandım,  elə yandım….

   …Axarlı-baharlı Göyçay  daha bir  gözəl insanını qeyb etdi. İxtiyarsız olaraq elə bu torpağın dəyərlilərindən olmuş  və  xatirələrdə dəyərli kimi də  qalacaq Əli Kərimin  misraların pıçıldadım:

Hardan gəldi çıxdı ölüm – bu qoca kaftar…

Görmürdümü  Rövşən müəllim neçə para rayonun,  kəndin  xeyirxahı idi.  Nə qədər toy-düyünlər yola vermişdi. Kasıba, imkansıza, istedadlı uşaqlara  həmişə xüsusi qayğı ilə yanaşmışdı. Rövşən müəllim onların  da  “kisəsindən getdi”.
Qoy olsun, “Ölüm – bu qoca kaftar” nə qədər var olsa  da, mənhus niyyətlərindən nə qədər əl çəkməsə də,   yaddaşlarda ancaq kaftar kimi qalacaq, həmişə nifrətlə qarşılanacaq… Amma  Rövşən müəllimin adı, əziz xatirəsi  heç vaxt unudulmayacaq. Videotekasında saxlanılan ifaları ilə xatirələrdə,  könüllərdə yaşamaqda davam edəcək. Çox sevdiyim Qabil müəllimin  gözəl bir dördlüyü var:

Bağban ol, bəhrəli bostan qoyub get,
Şair ol, şaxəli dastan qoyub gets
Əlindən iş gəlmir? Canln sağ olsun,
 Barı, adam kimi vicdan qoyub get.

  Rövşən  müəllim bütün bunları bacardı.  Azərbaycan musiqisinə ləyaqətlə xidmət etdi. Gənc nəslin musiqi dünyagörüşünün formalaşmasına,  gələcəkdə musiqiçi kimi yetişməsinə  böyük töhfələr verdi. Bundan sonra 4 övladı   onun  nəsil xəttini şərəflə davam etdirəcək. Böyük oğlu -ciyərparası Elşən isə bu şəcərənin  Azərbaycan musiqisinə, müqəddəs tarımıza olan  əhdini Rövşən müəllimin elə özünün  arzu etdiyi  kimi davam etdirəcək.
  Hüzurunda baş əyirəm, əziz dostum, qardaşım. Həyatda  görüşə bilməsək də, xatirələrdə  hər zaman görüşəcəyik.

Allah rəhmət etsin…

Akif Əhmədov,
Anaveushaq.wordpress.com saytının Baş redaktoru, AJB-nin üzvü