Ailədə uşaqların sayı getdikcə azalır və yaxud qadınlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar – VII yazı

Əxlaq və mənəviyyat

~ Qadın ana olunca kamala çatar.
Onore de Balzak

~Yaxşı qadın kişini heyran edər, ağıllı qadın onun marağına səbəb olar, gözəl qadın onu valeh edər, anlayışlı qadın isə ona sahib olar.
Helen Rovland – amerikalı jurnalist

~Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Yaxşı, amma adamdan soruşmazlarmı, bunları haqq edəcək nə etdin.
Yılmaz Ərdoğan

Mən internetdə oxumuşam ki, xarici ölkələrin birində qadınlar gənc yaşlarında dünyaya uşaq gətirmək istəmir, cavanlığın dadını çıxmaq istəyirlər. Ona görə də uşaq dünyaya gətirmək üçün toxumlarını xüsusi şüşə qablarda laboratoriyada saxladır, 5-10 il sonra əks tərəfin toxumu ilə mayalandırıb dünyaya övlad gətirirlər.


Bu analıqla həqiqi mənada sevib, ailə quruncaya qədər övlad arzusu ilə günləri sayan, yavrusunu 9 ay bətnində əzizləyə-əzizləyə qoruyan ananın analıq sevgisi eyni ola bilməz. Elə bozbaş məlumatlar yayan mətbuatdan oxumuşuq ailəli qadın uşaqlarını qoyub başqasına qoşulub qaçıb və yaxud əksinə. Deməli, nə qaçıran, nə də qaçan tərəfdə ailə, övlad qarşısında səmimiyyət, məsuliyyət yoxdur. Kimsə deməsin ki, bu faktların yazının mövzusuilə bağlılığı varmı, bəli, var. Uşaq doğumlarının getdikcə azalması, xüsusilə cins tərkibinin qız uşaqlarına görə pozulması haqqında mütəxəssislər müxtəlif fikirlər söyləyir. Amma bu fikri heç kim dilə gətirmir ki, bu gün Qadın, Ana obrazı nə realda, nə ədəbi-bədii təcəssümdə sovet dövründə olduğu kimi diqqət mərkəzində deyil. Yaxşı nümunələr axtaran yoxdur, şou mətbuatı və şou televiziyasının fəaliyyəti də göz qabağında. Ona görə də indiki ailələr üçün qız uşağı böyüdüb ərsəyə gətirmək, ərə gedincəyə qədər evdə rahat olmaq qeyri-mümkündür.
Deyəsən, yeni əsrin, yeni nəslin anaları sələflərindən gen düşüblər. Sələf analar təkcə qadın, ana olmayıblar ki. Onlar həm də ailənin maliyyə vəziri olub, ərinin ideal yoldaşı olub. Uşaqlarını evin olanı ilə qane olmağa alışdırmağı bacarıb.
Burada bir haşiyə də çıxaq ki, istər qızın, istərsə oğulun gələcək ailə həyatına hazırlığı elə öz evlərində ata-analarının nümunəsindən qaynaqlanardı. Evdə ata-ana nə qədər səmimi, mehriban olardısa, bu davranış, qadın, kişi əxlaqı onların övladlarının qanına, canına hopur. Əgər ata davakar, zalım, içki həvəskarıdırsa, evdə hər gün dava-şalaş yaradırsa, onun qız balasının dünyasında kişi obrazı belə daxil olacaq. Bu qızın taleyinə elə bu andan hökm verilib. Olmayın beıə atalar, analar. Balaları məsud etmək üçün şahidliyi seçmək şərəf olardısa, niyə özümüz onları boynubükük buraxaq?
Biz demirik ki, qadın cariyədir, ona görə alırlar ki, uşaq doğsun, ömrü boyu da uşağa, ailəyə, ərə qulluq etsin. Yox, yox…


Bizim ailə çoxuşaqlı ailə olub: 10 uşaq. Bu uşaqları ərsəyə gətirmək üçün anam nə zəhmətlər çəkib, hamısı mənim gözlərim qarşısında olub. Özü də bu uşaqların 8 nəfəri oğlan uşağı olub. Əgər mən qadınlara qarşı yanılış mövqedəyəmsə, onda, birinci anama qarşı bu mövqedəyəm. Əksinə, atamıza da anamıza da bəslıdiyimiz sevgi tam eyni olsa da, anamızın ruhu qarşısında indi də vücudumuz əsir. O dövrün bütün anaları belə idi. Yəni, demək istədiym odur ki, xarici ölkələrdə necədir, özləri bilərlər, amma bizm əxlaqda qadın Azərbaycan kişisinə Allah tərəfindən bəxş olunmuş Halaldır. Dədə Qorqud cəmiyyətində qadına “Halalım” deyə müraciət edirlərmiş. Bütün qızlarımız da bir evin, bir ər oğlumuzun “Halalı” olacaq deyə müqəddəsdir, dəyərlidir.
Bir qadının mənsubiyyəti, sərvəti nə boyda olursa-olsun, Analıq statusu yoxdursa, nəyə lazımmış.
Xarici ölkələrdə uşaq doğulandan imkanlı ailələr onun üçün də, anası üçün də xüsusi xidmətçilər tuturlar. Uşağa laylanı dayə deyir, uşağı gün axşama kimi dayə söylədir. Bu uşağın canına,qanına, ruhuna doğma anasıyla ülfətdə olub günbəgün, ilbəil ana ətri, ana duaları, oxşamaları axıb dolmursa, artıq cırlaşma başlayıb, bu uşaqların uşaqları isə bəlkə də heç gələcəkdə öz ata-analarını tanımayacaqlar. Bu gün seriallarla nümayiş etdirilib saqqızı oğurlanan gənclərimiz çaşmamalıdır, eyforiyaya uymamalıdır. Ordakı qadınlar özlərini ana kimi göstərmək üçün belə bəzənmirlər, diqqət cəlb etmək, eyş-işrət məclislərinə düşə bilmək üçün belə bəzənib-düzənirlər. Dədə Qorqud cəmiyyətindən başlamış bizim qadınlar heç vaxt belə olmayıb.Ulularımız qadına çox böyük dəyər verib, qadının ailədə, cəmiyyətdə tutduğu mövqe yüksək qiymətləndirib. Hələ baxın Dirsə xan xatununa necə müraciət edir:

“Bəri gəlgil, başum baxtı, evüm taxtı,
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğında sarmaşanda qara saçlum,
Qurulu yaya bənzər çatma qaşlum!…”

Bundan da ucada nəsə varmı? Qadına verilən bu dəyər bütün qadınlarımız üçün bir saflıq və xalislik etalonu, bir əyar kimi genimizə bələnib artıq .
Oğuz elində ailə daxilindəki münasibətlər qarşılıqlıdır. Burada qadınlarını evlərinin taxtı, başlarının tacı kimi ucalığa qaldırmış ərləri də qadınlar öz növbəsində eyni mərtəbədə görürlər.
Bunu xatununun Dirsə xana müraciəti dönə-dönə sübut edir:

“Xan babamın göygisi,
Qadın anamın söygisi,
Atam-anam verdigi,
Göz açuban gördügim,
Könül verib sevdigim
A Dirsə xan!” .

Ona görə də bu ataların, bu anaların Uruz , Basat, Bamsı Beyrək, İmran , Buğac kimi, Basat kimi oğulları, Burla xatun, Banuçiçək, Selcan xatun kimi qız və gəlinləri vardır. İndi bəs nə oldu bizə, nə oldu Sizə? Əlbəttə, mənim yazımın hədəfi Avropanı tənqid etmək deyil. Mənim yaşım kifayət qədər var, görə-görə gəlmişəm, müşahidə etmişəm, indi də müqayisə edirəm. Yeni əsr sənayeyə yeni texnologiyalarla daxil olduğu kimi, internet texnologiyaları vasitəsilə həm də kommunikativ əlaqələr sahəsində müxtəlif baxışların inteqrasiyasını labüd etdi, ona yeni impuls verdi.
Vəli xanın irəvanlı dostu Cəfər ağaya yazdığı məktubu poçt qutusuna atıb, sonra da kimsə gəlib qutudan zərfi aparmasın deyə oturub qutunun yanında gözləyən “İtqapan” kəndinin əhli olmuş babamız Noruzəlinin nəvə-nəticələri bu gün Azərbaycanın ən ucqar kəndlərində öz evindən dünyanın istədiyi guşəsində kiminləsə üzbəüz saatlarla danışa, yazışa bilir. Ölkələr, insanlar arasında əlaqə, gediş-gəliş müəyyən üstünlüklər gətirsə də, mənəvi sahədə aşınmalara da yol açdı.
İnsanlar Avropanı örnək götürərək öz xalqının əsrlər boyu yaradıb formalaşdırdığı əxlaqi dəyərlərə yadlaşdılar, unutdular onları.
Alovlu tribun Xəlil Rza Ulutürk bir şeirində təsadüfən deməyib:

Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaçdı.
Sürmə gözlü, qələmqaşlı,
Apardı sellər Saranı,
Bir alagözlü balanı.

Gedin deyin Xançobana;
Gəlməsin bu il Muğana.
Muğan batdı nahaq qana,
Apardı sellər Saranı,
Bir ucaboylu balanı”.

Yox, bunu görməyin Araz çayından,
Kim deyir Saranı sellər apardı?
Şahənşah bağından, Qış sarayından
Yurduma uzanan əllər apardı….

Xalqımızın düşünən başları açıq və ya gizli şəkildə bu cür mədəni Səlib yürüşlərininin mahiyyətini anlatmağa çalışmışlar.
Təsəvvür edin ki, bir vaxt həsəd aparılan ailə dəyərlərimizi getdikcə zamanın hökmünə buraxırıq. Getdikcə mədəni diffuziya proseslərinin seyrçilərinə çevrilirik. Ailə dəyərlərimizin yaqut daşı olan qadınlarımızın sosial şəbəkələrdə yaradılmış obrazı bizi ciddi narahat etməlidir. Qadınlarımız təhsil alsınlar, ictimai həyatın bu və ya digər sahəsində təmsil olunsunlar Amma ailə xuralları heç vəchlə unudulmamalı, arxa plana keçirilməməlidir.
Bir qın adı, şöhrəti üstündə gəlin köçüb bir ailənin, bir nəslin şirinbacısına çevribir yekəpərin qucağına sığınıb lməsi, dünyaya övlad gətirib ana olması, “Ana!” deyə-, müraciət olunması, bu yavrunu bağrına basması gözəldir, yoxsa seriallardakı kimi eyş-işrət məclislərində görünməs, xarici ölkələrdəki çimərliklərdən çılpaq şəkillərini paylaşmaq. Ailələrimizin də, kişilərimizin də dəyəri Azərbaycan qadınlarıdır. Yenidən dədə-babalarımızın, müdrik nənələrimizin zaman-zaman formalaşdırıb qranitləşdirdiyi ailə dəyərlərinə qayıtmalıyıq. Bu özünəqayıdışda əsas yük qadınlarımızın üzərinə düşür. Qadınlar uşaqların qayğılarını çəkdikləri kimi, onların atalarını da qorumalıdır.
Uşaq ailə üçün hazırlanmış yeməyi necə qəbul etməyə bilər? Ev qəlyanaltı deyil ki, hər günün öz menyusu, öz şirniyyatı olsun, hərəsinin bir kompüteri, telefonu olsun. Bunlar onları daha böyük fəsadlara hazırlayır. Qadın/Ana əri məcbur etməməlidir ki, atasan, bu, sənin vəzifəndir. Əksinə, Qadın/Ana uşaqları ailə büdcəsinə, ata əməyinə məsuliyyətlə yanaşmağı öyrətməlidir.
Nasist rejimindən qaçaraq ABŞ-da məskunlaşmış alman yəhudisi — psixoloq və sosioloq E. From da bu fikirdə idi ki, ailə eyş-işrət məkanı demək deyildir: birgə mübarizə aparmaqla, birgə səy göstərməklə səadətə çatmaq yoludur.
Məşhur ukraynalı pedaqoq və yazıçı V.A. Suxomlinski də uşaq tərbiyəsi üçün əsas məktəbi ər-arvad arasındakı münasibətlərdə görmüşdür.

Son