Sevgililər gününə romantik də təbriklər

Fotoqalereya

Eşq imiş hər nə var aləmdə,
Elm bir qilü-qal imiş ancaq…

Məhəmməd Füzuli

Nurəddin Mehdixanlı – İlk məhəbbət

İllər ötür, yaşın üstünə yaş gəlir,
İlk məhəbbət… unudulmur, sevənlər!
Ürək yanır, göz göynüyür, yaş gəlir,
İlk məhəbbət unudulmur, sevənlər!
***
Nə sirrdisə oxun daşa tuş atır,
Şirinliyi acısına bal qatır,
Ömrün boyu yaddaşına daş atır,
İlk məhəbbət unudulmur, sevənlər!
***
Yaşında, başında yanır izləri,
Bağrının başından sönmür közləri,
Qapı, pəncərəndən baxır gözləri,
İlk məhəbbət unudulmur, sevənlər!
***
Gəlir bir gün… sən qalırsan arada,
Məhəbbət bu tayda, həyat o tayda,
Toy günündə gözün qalır qapıda,
İlk məhəbbət unudulmur, sevənlər!
***
Ürəyində biri, yanında biri,
İkilik daima didər qəlbini,
Daim eşidərsən onun səsini,
İlk məhəbbət unudulmur, sevənlər!
***
Gecələr gözlərin qalar tavanda,
Acını udarsan şirin dadında,
Qəlb sevənsə, şirin olur yavan da,
İlk məhəbbət unudulmur, sevənlər!
***
Gəzmə onu sevmədiyin qadında!
Dadma onu yad dodaqlar dadında!
O, yaşayır ürəyinin yadında…
İlk məhəbbət unudulmur, sevənlər!
***
Usanarsan sevmədiyin qadından,
Perikərsən yatağından, yuvandan
İlk öpüştək dadı çıxmaz yadından
İlk məhəbbət unudulmur, sevənlər!
***
O xoşlayar ad qoyarsan oğluna,
Qızını səslərsən onun adıynan,
Ocağın alışar onun oduynan,
İlk məhəbbət unudulmur, sevənlər!
***
Bir bulaqdı, bulandımı, durulmaz!
Bir qaladı, daşı düşdü, qoyulmaz!
Bir körpədi, yad anayla olunmaz!
İlk məhəbbət unudulmur, sevənlər!

***
İlk məhəbbət – bu dünyanın dadıdır,
İlk məhəbbət – ömrümüzün dadıdır,
Amma sonu ayrılığa bağlıdır…
Axı niyə?! Cavab verin, sevənlər!
İlk məhəbbət unudulmur, sevənlər!