DİM yazıçıları, müəllimləri və elm adamlarını Azərbaycan dili üzrə sertifikasiya imtahanı verməyə dəvət edir, bəs başqaları ?

Müzakirə

İndi də  Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası gündəmə gətirilir. Yenə  çək -çevir edilənlər nəyi çək-çevir edəcəklərsə, bu sahədə hamıdan çox  zəhməti, məsuliyyəti olanlardır:  müəllimlər, yazıçılar və elm adamlarıdır. Doğru anlanılmaq ümidimlə ürəyimə gələni  oxucularımızla bölüşmyə qərar verdim.  Bu məqamdan istifadə edib,   getdikcə  vüsət alan sınaq imtahanları, diaqnostika və  sertifikasiyalar haqqında   oxucularımızı müzakirəyə qoşmaq istəyirəm.  Məncə, sovet dövründəki attestasiya  forması bütünlüklə  məktəbin və müəlimin nüfuzuna  yönəli olduğu üçün  ona qayıtmalıyıq . Amma bu  prosesləri bu qədər  hay-həşirlə və  kampaniya  kimi aparmağa dəyməz. Ondansa pedaqoji kadrlar hazırlayan ali və orta ixtisas təhsili müəssisələrində  keyfiyyəti  önə çıxarsınlar. Bəs DİM(əvvəlki TQDK) onları hansı hazırlıqla tələbə kontingentinə  qəbul edib, bəs  ali məktəblər  necə mütəxəssis hazırlayıblar ki, indi də  belə vəziyyələ üzləşirik. Məktəblərdə baş verən hadisələri informasiya vasitələrindən hamı oxuyur, bilir.  Paytaxtdakı tam orta məktəblərdən birinin direktoru   müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən çıxarılır,   Göygöl rayonunda da buna oxşar hadisə baş vermişdi, “Mənə dilənçi payı lazım deyil”deyən bir direktorun səs yazısı  paylaşılır, tələbələr kollec direktorunu döyürlər və sair… Əgər diaqnostikanın, sertifikasiyanının  nəticəsi valid olsaydı, onda  gərək imtahanla seçilmiş  bu rəhbər kadrlar ideal olaydılar. Amma çoxlu xətalı seçimlər var.  Ona görə də cavabdehlik, əsasən, bu iki qurumun üzərinə düşməlidir. Savadlı kadrlar hazırlansın, onların  məvacibləri , həyat şəraitləri yaxşı  olsun, yalnız bundan sonra standartlara uyğun iş tələb edilsin. Onda heç  bir diaqnostikaya, heç bir attestasiyaya ehtiyac qalmayacaq.  Müəllim öz üzərində işləyəcək, daim yenilənəcək. Əgər bunları etməsə, işləyə bilməyəcək axı. İndinin şagirdlərinin intellekti ilə ayaqlaşa bilmək üçün müəllim ixtisasını dərindən bilməlidir. Onun metodiki hazırlığı da yüksək olmalıdır.  Tədris etdiyi fənləri digər fənlərlə, həyatla elə  əlaqəlndirməlidir ki, şagird üçün maraqlı olsun. Müəllimin savadı zəif olanda heç nə sinfi, nə də dərsi təşkil edə bilmir. Amma Ana dilini dərindən  bilən, onun zəngin lüğət tərkibinə, məna çalarlarına vaqif olan  hər bir müəllim , hər bir qeyri-ixtisas sahibi ixtisasından savayı, əlavə bir üstünlüyə də malik olacaq. O, fikrini, məqsədini qarçısındakına daha aydın, daha canlı və daha təsirli çatdıracaqdır. Digər tərəfdən, Ana dilinə sevgi özü də bir vətənpərvərlik nümunəsidir.  Hamımız arzulayırıq ki, Ana dilimizin  dövlət dili statusuna hər yerdə əməl olunsun, dilimiz ortaq Türk dili ideyalarının qolu-qanadı olsun.  Hardasa “fasonlu ədəbazlara” rast gəlməyək. Hər yerdə Ana dilimizin təntənəsini görək.

 Amma bunu niyə imtahanla etməliyik ki?
Mətbuatdan məlum olduğu kimi, martın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyasının onlayn platforması təqdim edilib.  “ Apa.az” saytının  verdiyi məlumata görə, “Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Yazıçılar Birliyinin üzvlərini, müəllimləri, elm adamlarını Azərbaycan dili üzrə imtahandan keçməyə çağırıb : “DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər” (https://apa.az/elm-ve-tehsil/dim-sedri-yazicilar-birliyinin-uzvlerini-azerbaycan-dili-uzre-sertifikatlasdirma-imtahanlarindan-kecmeye-cagirib-892739).


 Yazıçı Seyran Səxavət də  DİM sədrinin imtahanla bağlı çağırışına dərhal cavab verib.Yazıçı bildirib ki, başqa ixtisas sahiblərini deyə bilmərəm, amma yazıçılarla bağlı onu deyə bilərəm ki, biz Azərbaycan dilindən imtahan verməyə hazırıq. Amma bircə şərtim var, bizdən 1 saat əvvəlcə Məleykə xanım imla yazsın, əgər yaxşı yazırsa, səhvi yoxdursa, bütün yazıçılar Azərbaycan dilindən imtahan verməyə hazırdırlar.
Bundan  sonra  Mətbuat Şurasının sədri və  “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid  DİM-nin təşəbbüsünün  Azərbaycan dilinin inkişafına, onun  idarə və təşkilatlarda  daha işləkliyinə  kömək edəcəyini  deyərək, özünün də  bu prosesə   qoşulacağını bildirmişdir: “Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm. Həmkarlarımı – yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm”. 


Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri  Anar  Rzayevin  bu məsələyə  münasibətini  əks etdirən iki yazı oxuduq. Birinci  yazıda Anar müəllimin   Məleykə Abbaszadənin AYB üzvlərinin Azərbaycan dilindən imtahan verməsi haqqında təklifinə münasibəti  sual ritorikası ilə sonuclanırdı: “Vallah, onu bilmirəm. Yazıçılar imtahan verməyi qəbul edəcəklər, yoxsa yox? Onları imtahanda kim qəbul edəcək, hansı suallar veriləcək, gərək bunların hamısı aydınlaşdırılsın”. Məncə,   Xalq yazıçısının ilk münasibəti  daha  haqlı   münasibət idi.


Seyran Səxavət də haqlı idi. Biz də ixtisasca filoloq olaraq dilimiz uğrunda bütün fəaliyyətləri alqışlayırıq. Amma məsələyə gərək belə yanaşılmayaydı.Yazıçıları, filoloqları dil imtahanına  çağırmaq, məcbur etmək onlara qarşı cəmiyyətdə etimasdızlıq yaratmaq  kimi anlaşıla  bilər. Dilimiz milli varlğımızın yazı ilə ifadəsidir.  Keçmişimiz və gələcəyimiz arasında bir qədirşünaslıq körpüsüdür. Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Bu sənətilərin fəhləsi də, mühəndisi də, memarı da son nəfəslərinə qədər qələmlərindən  uzaq düşməyən yazıçılardır. Alimlər dilin elmi,  yazıçılar və filoloqlar isə   praktik sahəsinin  cəfakeşləridir. Bir də ki, dil ədəbi əsərlərdə, mətbuatda,  radio və televiziyada öz fəal həyatını yaşayır: cilalanır, yenilənir, öz funksional üslublarını  zənginləşdirir. Elmi üslubun işlənmə arealı məhdud olsa da,  bədii və publisistik üslublar  daha fəaldırlar. Ona gərə də bizim  bu fərqləndirməmizlə  dilə   kimlərin  xidmət etdiyi aydın olur. Seyran Səxavəti  də incidən budur ki, bu sınaq sertifikasiyasına niyə yazıçılar, alimlər və filoloqlar cəlb olunsun? Firidun bəy Köçərli,  H.B.Zərdabi, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli, C.Məmmədquluzadə,  M.İbrahimov  kimi  məşhur yazıçılarımız  sağ olsaydılar, belə təklifi  eşidib hansı vəziyyətə düşərdilər?
Diqqətli   oxucularımız xatırlamamış olmaz, sevimli şairimiz  Qabil ədəbi-bədii dilimizin saflığı uğrunda necə  həssas idi.  Ədəbi prosesi diqqətlə izləyən şair   istər bədii əsərlərdə, istərsə də şifahi nitqdə   buraxılan səhvləri  qəzetlərdə özünəməxsus təqdimatda, yumorlu ovqatda  diqqətə çatdırırdı:

 “Aşıq Ələsgərin sazından olmaz”,
Naşının bu naşı sözündən olmaz.
Aşıq Ələsgərin sazı sazdı da,
Aşıq Ələsgərin özündən olmaz. 

   Qabilin yeddicildlik külliyyatının beşinci cildində yer almış”Adsız-ünvansız iradlar”  adlı qeydləri dilimizə    bir canıyanalıq nümunəsi kimi  qəbul edilməlidir. Əgər bu böyük söz ustası da sağ olsaydı, indi  onu DMİ-nin imtahanlarına dəvət etmək əndazəni aşmaq olmazdımı?
  Hörmətli Anar müəllim  bu  mövzu ilə bağlı dediyi ikinci fikrində  əvvəlki fikrindən bir az fərqli  mövqe ortaya qoymuşdur. Xalq yazıçımız demişdir : “Bu onlayn imtahanın sınaq versiyası hazırlanıb və Məleykə xanım həmin sınaq versiyanın hansı vəziyyətdə olduğunu yoxlamaq üçün belə bir çağırış edib. Bu çağırışda yazıçıların mənafeyinə toxunan nəsə yoxdur. Yazıçılar DİM-in Azərbaycan dili imtahanında məmnuniyyətlə iştirak edə bilərlər.”
  Aydındır ki, bu fikirləri sərgiləyən Məleykə xanım da, Anar müəllim də, Rəşad Məcid də fikirlərini  daha çox  vəzifə mövqelərindən ifadə etmişlər. Cəmiyyət  onsuz da  Məleykə xanımın da nitqini eşidib, Çingiz Abdullayevin də. İndiki  insanlar  artıq əvvəlki sadəlövh insanlar deyil ki, onlar hər şeyi doqma kimi qəbuletsinlər. . İndi hər kəs özünün   gəldiyi qənaətlərə tapınır. Dilimizə göstərilən  hər bir qayğılı və narahat münasibəti biz də dəstəkləyirik, qoşuluruq. Amma bu, əvvəldə dəqeyd etsiyimiz kimi, kampaniya  təsiri bağışlamamalıdır, populizm  nə bizə, nə də  dilimizə  heç nə verməz.
XIX əsrdə  yaşmış Azərbaycanın görkəmli şərqşünası və maarifçisi; Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü  Mirzə Kazım bəy yazmışdır: “Mən özümü Azərbaycan dilinə həsr etmək və bu dili öyrənmək istəyənlər üçün faydalı  olmaq qərarına gəlmişəm.”  M.Kazım bəy  bu amaca şərəflə də xidmət etmişdir. Bizdə isə bir qədər fərqli  münasibət hiss olunur.  İnsanları sertifikasiyaya cəlb etmək, bununla bağlı  salon tədbirləri, mətbuat brifinqi   guya indiyə qədər olmayıb? Olub, amma tədbir xatirinə. Əməli nəticə olmalıdır.  Hamı   ehtiyatlı davranır. Nə üçün Məleykə xanım Azərbaycan dili üzrə sınaq sertifikasiya imtahanlarında iştirak etməyə Yazıçılar Birliyinin üzvlərini, müəllimləri, elm adamlarını  dəvət edir, amma məmurları etmir. Nəşriyyat və mətbu vasitələrdə monitorinqlər aparıb dilin işlənmə vəiyyətini yüksək səviyyədə  analiz etmirlər.
 Dilimizin  qayda-qanunlarına  əməl  etməyənlər  ilk növbədə onlardır.
 Elə bir  ev/ailə ola bilməz ki, o evə, o ailəyə  hansısa dövlət  qurumundan yazılı nəsə daxil olmasın. Görmürsünüz  sizin məktublara  necə məntiqsiz, orfoqrafik baxımdan  qüsurlu cavablar göndərilir.  Dəftərxana işçiləri yazır, məmur da bu cür məntiqsiz, səhvlə dolu yazıları oxumadan imzalayır . Halbuki   bütün dövlət  idarələrində dəftərxanalar  var və  hər cürə sənədlərin  hazırlanması, qeydə alınması, cavablandırılması birbaşa onlara həvalə edilib. Məmurların əksəriyyəti  protokol, akt, xəbərdarlıq, izahat, xasiyyətnamə yazmağı  bilmir. Əgər bir idarədə müavin, şöbə müdiri Azərbaycan dilindən   çox sadə  qaydaları bilmirsə, cəmiyyətdə  Azərbacan dilinin hörmətini qorumaq, yaşatmaq  çox  çətindir,  mümkün də deyil. Bəs bunları vəzifəyə  təyin edəndə istər testlə imtahan, itərsə də  ikinci mərhələdə müsahibədən keçəndə,  onların  dövlət dilinə, rəsmi-əməli üslublara bələdliyinə niyə əsas şərtlərdən biri kimi əhəmiyyət verilməsin.
 Doğrudur, Ana dilimizin saflığı və qorunması  hər zaman aktual olub. Bununla bağlı  müəyyən komissiya və qruplar yaradılıb (Azərbaycan Dil Qurumu İB-nin Monitorinq Qrupu,  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs , Dilçilik İnstitutunda Monitorinq şöbəsi, Azərbaycan Mətbuat Şurasının Dil üzrə monitorinq qrupu). Bu  qurum, qrup və mərkəzlər  dövlət idarələrində, televiziya və radioda yayımlanan verilişlərdə, çap və elektron kütləvi informasiya vasitələrində, reklam daşıyıcılarında, küçə adlarında,  həmçinin elan və afişalarda Azərbaycan dilinin qayda-qanunlarına, ədəbi dil normalarına riayət olunmasına  nəzarət  etmək səlahiyyətinə malik olub. Professor Qulu Məhərrəmli,  hörmətli  şairimiz  Sabir Rüstəmxanlı,  alimlərdən  Şahlar Məmmədov, Elçin Məmmədov, Sevinc Əliyeva, Şahlar Göytürk   və sair alim və ziyalılar dil problemlərinə   hər zaman nüfuz ediblər.  Bu  qədirşünaslığın hay-harayı  internet səhifələrində hər zaman olub, indi də var. Amma  narahatedici vəziyyət azalmır ki azalmır, hələ üstünə bir az da əlavə  olunmaqdadır.
 Bunları deməkdən çəkinməməliyik. Hər zaman deməliyik və göstərməliyik də. Hədəfə  çatmağın ən doğru yolu  belə olmalıdır. Bütün insanlar dilçi, ədəbiyyatşünas, jurnalist ola bilməz ki. Ona görə də    hamıdan ədəbi-bədii  dilin normalarına tam riayət etməsini gözləmək doğru olmazdı. Hələ heç bir təhsili olmayan kontigent də nə qədər böyükdür. İndi bəla  burasındadır ki,   bu gün istər  mətbuatda, istər  televiziyada  ideoloji tribunaları  Bakı Dövlət Universitetinin  Jurnalistika fakültəsini bitirmişlərdən daha çox, ixtisaca jurnalist olmayan, istər yazılı, istərsə də şifahi  nitqlərində  etik, dil-nitq normalarını addımbaşı pozan şou-biznes marşallarına  tapşırıblar.
İndi bir şagird vərəqi həcmində esse yaza bilməyən bir həmvətənimiz  xlestakovçuluq etmək istəsə,  heç bir çətinlik çəkmədən mətbu nəşr yaratmaq üçün icazə alacaq və olacaq təsisçi və yaxud  baş redaktor. Sonra da özünə bəzəkli bir  vəsiqə düzəldib düşəcək Xlestakov kimi əyalətlərin yollarına.


 Eləcə də hər zaman da eşidirik ki, hansı bir aktrisasa veriliş aparacaq, hansı bir  müğənnisə  aparıcılığa  başlayır və sair. Niyə elə hamı şou layihələrinə cumur,  həyatımızın o qədər daha aktual sahələri var ki. Əgər o aktrisa, müğənni şou  layihəsi deyil, kitabxanalarımızın,   abidələrimizin, muzeylərimizin taleyi ilə veriliş aparmaq   təşəbbüskarı olsaydı, əlbəttə, alqışlayardıq. Onların cəmiyyətdəki statusu mədəniyyətimizin bu kateqoriyaya mənsub insanlarından daha yuxarıdır. Onlar yaxşı pul qazanır, ya özlərinin dəbdəbəli evlərində, ya da icarəyə götürdükləri studiyada zəhmət çəkmədən, tər axıtmadan, hələ çox  vaxt da dəyərlərimizi baltalaya-baltalaya  şad-xürrəm yaşayırlar,  fəxri adlara layiq görülürlər. Belə maraqlarda dil qədirşünaslığı da unudulur, mənəvi dəyərlər də.
Bu gün tək 5-10 şəxsin deyil , bütün cəmiyyətin fikri belədir ki, özəl kanallarda insanları  bezdirən  şoular, “əttökən” verilişlər getdikcə fəallaşmaqdadır. Gündəlik söhbətlərimizdə e.idiik, insanlar deyirlər ki, Azərbaycan kanallarına baxmırıq, rus kanallarına baxırıq. İnsanlar haqlıdırllar. Bizim şou proqramlarına formalaşmaqda olan alüdəçilik və bu auditoriyalar   hər birimizi düşündürməlidir.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.