Müzakirə


Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır. H.Heyne XIX əsr alman şairi və jurnalisti

Polemika üçün fikirlərimizə mətbuata aid iralarımızla başlayaq. Mən texniki xətaları söz mövzusu etməyəcəyəm. Əlbəttə, hər hansı yazıda heç bir səhv olmamalıdır. Onsuz da bu xətaları korrektə zamanı aradan qaldırmaq olar. Sadəcə, korrektə çox diqqətlə aparılmalıdır. Amma ciddi səhvlər üçün dərin və əhatəli biliyə malik dil və üslub redaktoru lazımdır.
Mətbu vasitələrdə diqqəti cəlb edən dil xətaları , əsasən, sərlövhələrlə bağlı qüsurlardır. Bu gün mətbuatımızda sərlövhə seçimi çox eybəcərdir. Sovet dövründən sonra həmişə belə olub. Bəzi media mənsubları deyirlər ki, mətbu subyekt oxucunu cəlb etmək üçün sərlövhəyə rəng qata bilər. Olsun, etiraz etmirik. Amma elə rəng qatsın ki, oxucuya xoş getsin, onu o tərəf-bu tərəfə yönəltməsin.
Mətbuatın təməl vəzifəsi budur ki, oxucusunu dünyadakı yeniliklərlə tanış etsin və maarifləndirsin. Bizim mətbuat və özəl televiziyalarımız isə ancaq şou hüdudlarında maarifləndirir. Çox hallarda təqdim etdikləri məlumatların heç bir sosial-ictimai məzmunu olmur. Linkləri verilməklə paylaşılan çoxlu sayda informasiyalar var ki, onları bizim ölkəmizdə baş vermiş utanc hadisələrə balans yaratmaq üçün verirlər ki, başqa ölkələrdə də oxşar hadisələr olur. Yoxsa , belə informasiyalar Azərbaycan oxucusunun nəyinə lazımdır. Bəziləri də, sadəcə, yazı plan doldurmaq üçün tirajlananlardır. Televiziyalara, xüsusən, özəl və internet kanallarına çox təsadüfi adamlar yol tapa bilib və bilir. Burada veriliş aparanların ədəbi dil normalarından xəbərsiz olması bir yana, elə bil studiya bunların şəxsi yardımçı təsərrüfatlarıdır, istədikləri adamları dəvət edə bilərlər, istədikləri mövzunu ictimai fikrə sırıya bilərlər. Verilişlərinə elə adamları dəvət edirlər ki, adam az qalır televizoru qucağına alıb pəncərədən bayıra atsın .
“Sehrli xalat” filmində məşhur illüzionist İo Kionun köməyi ilə Rəşid və Zərifə həm keçmişə, həm də gələcəyə səyahət edirlər. Kaş bu gün fəaliyyətləri narahatçılıq doğuran jurnalistləri də“Əkinçi” qəzetinin, “Azərbaycan pioneri” qəzetinin mənsub olduğu dövrlərə səyahətə aparmaq olaydı.

Mətbuatın, televizyanın Azərbaycan dilinə münasibəti xüsusi müzakirə mövzusu olmalıdır.
Reklamların dilinə bu qədər laqeyd qalmaq olmaz, kim necə istəyir, elə də yazır. Sadəcə, bir neçəsini nümunə göstərcəyəm.
Başlıqlar:
…” Ünlü modeldən nəfəsçəkən fotolar”, “Şagird olduğuna inanmırlar”, “Bergüzar Korel qarnını hər kəsdən gizlətdi”,”Avstraliyalı saç ustası Karlos Artur Ortis Corc Maykl ilə sevgi romanından danışıb”,”İş adamı hamilə sevgilisini küçədə döyüb bu günə qoydu”,”Ərindən boşanmasını gecə klubunda qeyd etdi” ,”Səndən əvvəl onunla mən sevişdim”, “Əməkdar artist 3-cü dəfə ərə gedir? “, “Aynişan keçmiş ərinə söz atdı? “, “Nazpəri şokolad qutularındakı şəkillərindən nə qədər qazanıb?”, “Ədalət Şükürov istirahət üçün GÖRÜN HARA GETDİ?! “, “Nazpərinin sevgilisi olduğu deyilən məmurun arvadı onu döyüb? ” , “Əri Aysunu belə cəzalandırır – YENİ QALMAQAL” ; “Niyə əmiqızı, dayıqızı və xalaqızını sevə, onunla evlənə bilmərəm?” – Hüquqşünasdan etiraz” və sair….
İçimizdə yana-yana ölürük… Qaytarın senzuranı geri.
“Göyərçin”, “Azərbycan pioneri”, “Pioner”, “Azəbaycan qadını”, “Muxbir”, “Təşviqatçı”, “Azərbaycan gəncləri”, “Gənclik, “Bakı”, “Sovet kəndi”, “Kənd həyatı”, “Azərbaycan”... Bunlar bizim sovet dövründə səbirsizliklə gözlədiyimiz mətbu nəşrlər idi.
Bir neçə ay olar, bəzi saytlar yazdı ki, “Tolik MTV-dən getdi: “Şəxsi qərarımdır”
Getsin də. Yəni, Tolik Azərbaycan televiziyasının simasıdırmı ki, getməsi baxışların hönkürtü ilə dolmasına səbəb olsun?! Yoxsa, Tolik dünyaşöhrətli sənət adamıdır, alimdir? Əksinə, tamam getsə, lap yaxşı olar.
“Yeni sabah” saytının 20 mart tarixli sayında “Siyavuş Novruzovun başına iş gəldi…” sərlövhəli informasiya paylaşılmışdı, özü də “TƏCİLİ ” qrifti ilə. Belə sərlövhə olar? Əlbəttə, yanlış sərlövhədir. Allah şəfa versin. Bu, məsələnin tamam başqa tərəfi. Axı bu informasiyanın 1 qram da olsa, ictimai-sosial məzmunu yoxdur. Mən dil baxımından deyirəm. Kimsə özünü narahat hiss edir, həkimə müraciət edir. Həkim də müayinə və analizlərə əsaslanıb əməliyyata ehtiyac olduğunu bildirir. Yüngül bir əməliyyat. Bu, məgər başa iş gəlməkdir? “Başa iş gəlmək” həyatın adı nizamından kənar baş verən, qəfil yaranan ciddi dəyişikliklərdir, böhtaana məruz qalmaqdır və sair.
“Publika.az” saytının 17 fevral tarixli sayında “Dünya 16 yaşlı qızın Ərdoğan sevgisi heyrətləndirdi – Görün nə etdi – VİDEO” sərlövhəli yazıdakı məlumat diqqəti cəlb etsə də, təqdirolunası rəğbət, ehtiram nümunəsi deyil.
Belə hadisələr örnək ola bilməz, təqdir edilə bilməz. Bu münasibəti vətəndaşın Ərdoğanı ideal qəhrəman və ya obraz kimi qəbul etməsi kimi də qəbul etmək olmaz. Əksinə, bu qızın hərəkəti qınaqla qarşılanmalıdır . Liderlər sevilməyə layiq ola bilərlər. Amma 16 yaşlı qızın rəğbəti həmin mərtəbəyə layiq Lider üçün uyğun deyildir. Mən maraq üçün Türkiyə saytlarında da həmin qızın bu hərəkəti ilə bağlı bir neçə xəbəri gözdən keçirdim. Onlar qızın hərəkətini müəyyən qədər qınaqdan yan keçirə biliblər. Onların xəbərlərində yazılıb ki, qız bu hərəkətini dünyanı Ərdoğanın gözlərilə görmək arzusu ilə əlaqəli oduğunu bildirib. Bu izah onu qınaqdan xilas edə bilər. Biz onu sadəlövh qız yavrumuz kimi qəbul edərik. Amma bizim xəbərlərdəki qıza belə yanaşmaq olmur.

Məzmunun bu qədər məişət səviyyəsinə endirilməməsi, yumorlaşdırılmaması üçün ideoloji təbliğatımızın diqqətli olması lazım. Sayın Ərdoğanın da, bizim hörmətli prezidentimiz cənab İlham Əliyevin də xalq və Vətən üçün fəaliyyətləri günbəgün daha böyüyür, daha yeni məzmun kəsb edir. Kim Türk birliyini istəyirsə, kim Azərbaycanın bu gün artan qüdrətini daha böyük miqyasda görmək istəyirsə, onların ətrafında daha sıx birləşməli, mənsub olduğu mövqedə dövlətçiliyimiz və ümumi yüksəlişimizə öz payını verməlidr. Lider sevgisi belə olmalıdır.

“Bizim.Media “ saytında “Məndən muğam istəyəni təhqir edirəm” adlı yazı verilib (Mənbə: https://bizim.media/az/cemiyyet/239944/brahim-borcalidan-mugamla-bagli-aiqlama/). Təhqir edən şəxs müğənni İbrahim Borçalıdır. Çox təəssüf. İbrahim Borçalı ilə də işimiz yox. İnsanların sayı çox, hər kəs də öz düşündüyü kimi danışır. Bəs ideoloji səngərlərimiz olan media subyekləri, bu subyektləri idarə etmək öhdəliyi olanlar? Qapayın belə verilişləri, belə informasiya çax-çuxu edənləri? İbrahim Borçalı sözü deyib, yerində qalıb, birbaşa müsahibədə belə rəndələnməmiş fikir ola bilər. Bəs siz niyə onu bu formatda tirajlamalısınız, başqa formada ifadə etsəydiniz, xəncəlinizin qaşı düşəcəkdi? Deməli, siz onun dediklərini manşetə çıxarıb getdikcə cəmiyyətə assosial davranış sərgiləməkdə olan seqment üçün leksik mühit formalaşdırırsınız. “Canlı yayımda şapalağı qoyaram aparıcının ağzına” Bu hədəni isə indiki durumda medianın özününn yetişdirib ərsəyə gətirdiyi Şəhriyar Əbilov səsləndirib (Bax: https://pravda.az/news/168493 ).Nə qədər təəccüblü olsa da, Şəhriyar bu gün bir addım da irəli gedib, özü dövlət televiziyasında veriliş aparır, tribunaya sahibdir (Mənbə:https://pravda.az/news/168493).

Aparıcı Tarix Əliyevin (Tolik) adı hər zaman qalmaqallarda hallanıb. Elə özünün mənsub olduğu sosial şəbəkələrdə bu barədə istənilən qədər məlumat yer almaqdadır: “Xəzər TV-nin “Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyevin (Tolik) davranışları, leksikonu mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb edir. Tarix Əliyev verilişdə dəfələrlə təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd davranışlar sərgiləyib”(Mənbə: https://yenisabah.az/tolikin-isletdiyi-biabirci-ifade-haqda-hansi-tedbir-gorulecek-video ). Amma bu aparıcını az qala fenomenə çeviriblər. Tək Tarix Əliyev deyil , reputasiyası belə olan aparıcıar çoxdur: Elgiz, Zaur Baxşəliyev, Zaur Kamal, Sərxan, bəzilərinin heç adlarını da bilmirəm. İnsanlar bunların hamısı haqqında hər zaman narazılıq edir. İstər Mətbuat Şurası, istərsə də Audiovizual Şura isə, sadəcə, gözlədib-gözlədib narazılıqlar məcrasına qayıdandan sonra müəyyən cavablar veriblər. Onda belə çıxır ki, insanların narazılıqları bu cür aparıcıların ayaqlarına verilir, onlar bir az da dinamikləşir, bir az arxayınlaşırlar. Onda belə çıxır ki, bizim ideoloji tribunalarımız arasında kordinasiya yoxdur. Ona göə də bu onlar eyni ampluada təkrar-təkrar axmaq-axmaq xəbərləri ən ucqar kəndlərə, ən sadə ailələrə çatdıracaqlar ki, filənkəs Havay adalarında belə çimdi, Türkiyədə evi var… Kim necənci dəfə ərə gedəcək, kim botoks etdirib, kim ayrılıb, kim sənət tərəfdaşının təklifindən boyun qaçırıb, kim neçə minlik don geyir, kim neçə milyonluq villa tikdirib…Bunların heç biri cəmiyyət üçün ictimai məzmun kəsb etmir və sadə adamları da maraqlandırmır. Bəs onda bu nümunələr səhər evindən çıxıb axşama kimi dəzgah arxasında çalışıb axşam yorğun-ağrın evinə qayıdan sadə adamlara evlərindəki Tükəzbanlar çəpəki baxmayacaqlarmı? Niyə onların belə hovuzlu bağı yoxdur, dayələri yoxdur, maşınları yoxdur, 6-7 manata novbar kartof ala bilmirlər və s. Ailə institunun divarları altına lağım atanlar da bu cürə mətbu subyektlərdir. Tolikin hansı ali təhsili olması barədə Vikipediyada məlumat yoxdur. Sanki , o, psixioloqdur, sosioloqdur, kulturoloqdur, İsfəndiyar kişidir… İndi də deputatlara irad tutur. Axı onun verilişinin belə mandatı yoxdur. Axı onun qənaətləri də doğru deyil, zərərlidir. Hardan öyrənib bu həyat təcrübəsini? Sovet hökumətunin ideologiyası belə şeylərə imkan verməzdi və çox da doğru da edirdi. Qaytarın sovet dövrünün senzurasını. İdeologiyanı belə sərbəst buraxmaq olmaz. “Elgizlə izlə”, “Tarixin bir günü”, “Zaurla Günaydın”, “Danışır Zaur” , “Həmin Zaur” kimi proqramları yayımlayan audiovizual vasitələrə sovet dövründə məktəblərdə, zavod və fabriklərdə olan divar qəzetləri kimi yayım hüdudları müəyyən edin, onlara ancaq bu kanala abunə olanlar baxa bilsin, bütün evlər, ailələr yox.

Bizim saytımızın “Tarixdə bu gün” adlı rubrikası var. Bunu heç cürə nə saytın, nə də mənim adımla bağlamaq olmaz. Bu gün ümumi anlamda tarixin hər günündə baş vermiş hadisələri, böyük şəxsiyyətlərin həyatı haqqında hamı üçün lazım olan məlumtlar paylaşır. Amma Tarix Əliyevin özünün də adı “Tarix”dirsə, manipulyasiya edir, “Həyatın bir anı” anlamını yaratmaq istəyir.
Davamı var…