DİM yazıçıları, müəllimləri və elm adamlarını Azərbaycan dili üzrə sertifikasiya imtahanı verməyə dəvət edir, bəs başqaları ? 

Müzakirə

Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışıqlarından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01 noyabr 2018-ci ildə  imzaladığı  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmandan  çıxarış

Qayıdaq yenidən  Ana dili ilə bağlı  söhbətimizə. 
Dilimizin saflığının qorunmasında  aparıcılar, junalistlər və onların çalışdıqları media subyektləri  də  çox mühüm rol oynaya bilərlər. Bu şərtlə ki,  ana dilimizin saflığı həmin aparıcıların və jurnalistlərin fəaliyyət göstərdikləri  media subyektlərində prioritet olsun. Qoy müəllimlərimiz də  könüllərini  doğma  peşələrinə salıb öz  fəaliyyətlərini davam etdirsinlər, nəinki   daim   irəlidə onları  gözləyən  diaqnostika, sertifikasiya, iş yerlərinin dəyişdirilməsi üçün qarşılaşacaqları müsabiqələrin həyəcanları ilə baş-başa qalsınlar.  Bu, artıq patoloji bir hala çevrilib. İnsanları, təbii ki,   heç kim  heç kimi zorla  Azərbaycan dili üzrə sınaq sertifikasiya  imtahanlarına  cəlb etmir.  Buna ehtiyac da yoxdur. Yazıçı  da, alim də, filoloq da ali təhsil alanda dildən imtahan verib. Bu gün isə, sadəcə, bu imtahanları imtahan adıyla deyil, attestasiya statusunda   məmurlara və     dil xətaları adi hala  çevrilmiş  kütləvi informasiya vasitələrinin məsulları üçün keçirsinlər, həm də ciddi.
 Çünki  “ideologi qalalarımız” hesab edilən mətbuat və televiziyalarımızın  vəziyyəti yaman gündədir.   Azad və demokratik mətbuat üçün  çox böyük imkanlar  yaradıldı. Amma  biz azad mətbuatımızı qura bilmədik.  Kim necə istəyir elə də yazır, kim istəyir  özəl kanallarda özünə  çətir aça bilir. Amma  bunların hamısını bir yerə cəm etsək,  ideologiyamıza sovet dövrünün   bir qəzetinin,  bir “Araz”  qadiosunin etdiyi  qədər  xidmət edə bilmir.
  Azərbaycan dili tərkibinə görə  çox  zəngin və  rəngarəngdir, tam sabitləşmiş qrammatik quruluşa malikdir. Statistik məlumatlara görə, dünyada 5 minə yaxın dil mövcuddur. Amerikada  “Dünya dlləri” adlı kitab buraxılıb, amma kitaba ancaq 550 dil haqqında yer ayrılıb və qürurludur ki, Azərbaycan dili də bu 500 dildən biridir.  Biz bunun fərqində olmalı və öz Ana dilimizə hörmət etməliyik.

Dilə hörmət millətə  hörmətdir.
 Bu hörmət isə  ana dilinə  bağlı olmaq, bu dildə danışmaq, onun qayda-qanunlarına əməl etmək deməkdir. Bir dəfə böyük dilçi alimlərimidən biri olmuş Ağamusa Axundovun dilindən televiziyada eşitmişdim ki, hansı Avropa ölkələrindəsə   hər hansı bir söz istər yazılı, istərsə də səhv işlədilməsinə görə  nitq xətası törətmiş şəxs  50 qəpik cərimə edilir. Bizim ölkə də belə qayda yoxdur. Amma dilimizin başında turp əkirlərsə, niyə də olmasın.Yaxşı olar ki, bu cəza, əsasən,  kargüzarlıq işlərində rast gəlinən səhvlər, kütləvi informasiya vasitəlrinə (təbii ki, nəşriyyatlar,  televizya və radiolar bu düşərgədə yer alır.  )
Çoxdanın söhbətidir. O vaxt Azərbaycan Dövlət Elmi-  İnstitutlarımızdan birində  işləyən bir dostum demişdi bunu mənə. Demişdi ki, Azərbaycan ədəbiyyatının çox məşhur bir nümayəndəsi bizə şagird dəftərinin vərəqinin bir üzü  həcmində arayış təqdim etmişdi. İnanırsınızmı:  bu kiçik yazıda 12  səhv var idi.
 Bu yazıçını təkcə Azərbaycanda deyil,  dünyanın hər yerində tanıyırlar.  Allah rəhmət etsin,mən də tanıyıram. Tanıyıram və  böyük  heyranlıqla da  mütaliə etmişəm. Bu  böyük yazıçı Azərbaycan ədəbiyyatına ölməz əsərlər bəxş edib.  Ədəbiyyatımızın, ədəbi-bədii dilimizin inkişafına  əsl qələm adamı kimi kimi xidmət edib. Həm də dilimizi, ədəbiyyatımızı himayə edib. Bu cür sənətkarlarımız çox olub, onlar  ədəbi-mədəni  irsimizin flaqmanları  idi.  İndi əvvəldə qeyd etdiyim yazıçının  kiçik bir mətndə 12 səhvininn aşkarlanması  sertifikasiya predmeti olmalıdırmı? Adamın ironiyalı gülməyi gəlir.
 Bu yazıçımız  böyük auditoriyalara dərs verib,  indi kimdir onun yazısında  dil qaydaları pozuntusu  axtaran. Özü də orfoqrafik. Riyazi, fiziki  qaydalar, teoremlər sabitdir.Keçən əsrin 70-80-ci illərində biz orta məktəbdə oxuyanda iki ədəd cəminin kvadratı üçün öyrəndiyimiz tərif  indi də  ovaxtkı  şəkildə qalıb və ya  fizikada Coul-Lens qanunu. Amma  Azərbaycan dilinin  orfoqrafiyası ilə bağlı   bizim sabit  qaydalarımız yoxdur. Baxın,  Azərbaycanda ilk  orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bu lüğətin həcmi çox kiçik olub. Daha  sonra 1940  (21000 söz ), 1960  (40 000-dən çox), 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub.
1975-ci il nəşrində 58 min söz yer alıb. Orfoqrafiya lüğətimizin  nəşrində bundan sonra  29 illik fasilə   verilib, növbəti nəşr  80 min sözlə 2004-cü ildə işıq üzü görüb.
2013 -cü ildə nəşr edilmiş orfoqrafiya lüğətimizdə    110 563 söz  verildiyi halda, 2021 – ci ldə təkmilləşdirilmiş 7-ci  nəşrə 90 minə yaxın söz daxil edilmişdir. Nəşrlər arasındakı fərqi görürsünüzmü?
Hələ son  nəşr də sabit nəşr deyil. Dilçilik İnstitutu bu  lüğətin  çapına   vaxtından çox tez başlayıb. Bu, əlbəttə ki, sonuncu lüğətdəki nöqsanlarla bağlı olub. Onda belə  qənaət hasil olur ki, sonuncu nəşrin qəbul etmədiyi “olmazlar”ı kim işlədibsə, yanlış imiş. 


 Təbii ki, düzgün yazmaq, gözəl, aydın nitqə malik olmaq  insan üçün  böyük məziyyətdir. Belə şəxs həm də Ana dilinin saflığına, davamlılığına xidmət etmiş olur. Fikrimcə, bu keyfiyyəti  kampaniya şəklində formalaşdırmaq mümkün olmadığı kimi, doğru yanaşma da deyil.
Biz  etiraf etsək də, etməsək də bu gün   kütləvi informasiya vasitələrində və bir çox televiziya kanallarımızda  Ana dilimizin qayda vvə qanunlarına etinasız yanaşılır. Bəzi istisnalarla, mətbu vasitələrimiz istər orfoqrafik, istərsə də faktik məna səhvləri ilə doludur. Fərdi olaraq da insanlar var ki, şəxsi  yazışmalarında  belə səhvlərdən xali deyillər.   Hələ müəyyən xırda-para səhvləri demirəm.  Bizim  saytın yazılarında da belə səhvlərə rast gəlmək mümkündür. Buna görə oxucularımızdan üzr istəyirik. Çalışmalıyıq  savadlı və məzmunlu yazaq.
 Yazı bostan kimidir. Ora  məhsul dərilib qurtarandan sonra da kim daxil olsa, əlinə bir şey keçəcək.
Məsələn, sən  klaviaturada  yaza-yaza gedirsən. Bəzən  düyməni zəif basdığından  hərf düşməyə bilər, bəzən lap  barmaqlarının sürəti  klaviaturanın sürətini qabaqlaya bilir. Məsələn, hansısa bir  hərfi əks etdirən  düymyə toxunub digər düyməyə keçirsən, amma əvvəl toxunduğun   düymənin əks etdirən hərf  gecikir, özündən sonrakı hərfin  qarşısına  düşür. Bunlar da olmamalıdır. Amma belə səhvlər o qədər də ciddi səhvlər deyil. Bunları hər çap müəssisənin  redaktor korpusu  təshih edə  bilər.
 Təbii ki, düzgün yazmaq, gözəl, aydın nitqə malik olmaq  insan üçün  böyük məziyyətdir. Belə şəxs həm də Ana dilinin saflığına, davamlılığına xidmət etmiş olur. Fikrimcə, bu keyfiyyəti  kampaniya şəklində formalaşdırmaq mümkün olmadığı kimi, doğru yanaşma da deyil.
Azərbaycan dilinin qayda-qanunları, saflığı  təkcə yazıçılar və  yaxud müəllimlər tərəfindən  qorunmamalıdır. Cəmiyyətin vahid ümumi hədəfləri olmalıdır.  Bu hədəflər bir-birini izləməli, bir-birini tamamlamalıdır. Hamı bu məsələdə məsuliyyətli olmalıdır.