Mövqe


Səməni Novruz bayramının əsas simvollaından biridir, yazın gəlişini bildirir. Ya fəsli isə təbiətin cana gəldiyi, sükunətdən oyandığı fəsildir. Həyatın davam etməsi üçün vacib nemətlərin, ilk növbədə, ilk qidamız olan buğdanın, çəltiyin qorunması, artırılıb çoxalması üçün güman yerimizdir bu fəsil. Ona görə də Yaz məhsuldarlıq, bolluq anlamı daşıyır. Bayatı şəklində deyilmiş bu tapmacamızda Yaz fəslinin “Cənnət bağı” adıanması necə məntiqlidir:
Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
Folklorumuz bizim ulularımızın həyat ensiklopediyasıdır. Onun müxtəlif janrlarında xalqımızın həyat yolu, yaşamaq uğrunda mübarizələri, etiqad və sitayişləri öz əksini tapıb. Folklorumuzun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi kimi janrlarında bu xalqın mifoloji dünyagörüşünün inikası bu günə qədər yaşamaqdadır. Məsələn, ova getməzdən öncə bir daşda, qaya parçasında bir heyvan şəklini cızıb onu oxlamaqla onu ovsunlayırlarmış. Yaxud Yel çərşənbəsində Yel babanın şərəfinə oxunan mahnılar ulularımızın təbii qüvvələrə etiqadını əks etdirir:
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel Baba, Yel baba,
Qurban sənə, gəl, baba!
Səməni göyərtmək isə hasısa bir ayrıca mövsümə deyil, bütövlükdə Yazın gəlişinə sitayiş və münasibətlə bağlı idi. Ulularımız elə ki, Novruz bayramı yaxınlaçırdı bir az buğda götürüb xüsusu qablarda cücərdərlərmiş ki, görək bu toxumluq yaxşıdır, ya pis. Getdikcə bu anlam daha digər əxlaqi məzmun da ifadə etmişdir. Yəni, taxılın keyfiyyətini üzə çıxarılmsı Yazı gəlişini bildirməklə bərabər, həm də bu səməniləri göyərdənlərin iç dünyasına işıq saçmışdır. Elə o vaxtdan bu günə kimi də baharda səməni cücərtmək bir adət halını alıb. Səməninin boy atmasını da izləmək insana xoş təsir bağışlayır. Səməni bolluq simvoludur, ona görə də onu hara gəldi atmaq olmaz. Əgər rəmzlərə hörmət bəsləyiriksə, Səməni dəbizim Bahar təmsilçisidir. Onu bayram qurtaran kimi, yaxud bir neçə gün sonra hara gəldi tullamağa necə qıyırıq. Digər tərəfdən isə, səməni buğdadan hazırlanırsa, çörəyi atmaq nankorluqdan başqa bir şey deyil. Bəzi bölgələrdə səmənini dama atmaq izləri hələ də yaşamaqdadır. Bəzi bölgələrdə onu axar çaya atırlar.Məsələn, Qubada aprel ayının əvvəllərində Qudyalçayının üzərindəki körpüyə belə niyyətli nə qədər insan gəlir. Onlar çayın üzərində əhd edərək səmənilərini çaya atırlar. Bəzi bölgələrdə səməni halvası bişirirlər və sair.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov mətbuata bu mövzuda nüsahibə verərkən bildirmişdir ki, səmənini axar suya qoymaq mümkün olmadıqda, ərzaq qidalarının qalıqlarının qoyulduğu qutulara qoymaq daha düzgün olardı. Bu zaman diqqət edilməlidir ki, səməni digər çirkli zibillərə qarışmasın və ayaq altında qalmasın.


















O məsləhət görür ki, solan səməni torpağa basdırılsın. Çünki torpaq da təmizlik, paklıq rəmzidir. Tutaq ki, Azərbaycanda Novruz bayramında evinə səməni almış və yaxud özü hazırlamış 2 milyon 500 min ailə olub. Hər səməni üçün 250 qram buğda lazım olursa, bu , 625 ton buğda deməkdir. Hələ elə ailələr var ki, bir neçə səmənisi olur. Ailəli olmayanları da bura əlavə etsək, təxmini olaraq deyə bilərik ki, hər il Novruz bayramında 700 ton buğda səməni formasında zibilliyə atılır. Bu, 250 qramların fonunda hiss olunmasa da, 2 milyon 500 min ailənin 250 qramlarında cəm olaraq böyük israfçılıqdır. Bundan qaçmaq olmazmı? Bu qədər dekorativ güllər satılır. Həmin güllərdən almırıqmı, onda səməni də alaq. Şəhərimizin əksər mağazalarında belə güllər satılır.


Əgər biz yuxarıda qeyd etdiyimiz israfçılığın miqyasını qafamıza sığışdıra bilsək, dünyada açlıq çəkən ölkələrdəki vəziyyəti heç olmasa, Youtube kanalından arayıb nəzər yetirsək və ədalətli ola bilsək, bu israfçılıqda hər birimizin ən azından səməni cücərtmək üçün istifadə olunan 250 qram buğda qədərində suçumuz var. Günahlardan qaçaq, çəmənin incə beli kəmərli gəlininə belə sayğısızlıq yapmayaq. Belə davranış şəxsi həyatlara da sirayət edir. Sevəndə bir an içində sevirik , and içirik, “bi tanem” deyirik, amma evə gətirəndən 4-5 il sonra, bəzən də daha tez bir laqeydlik və soyuqluq başlayır. Ziddiyyətlər getdikcə dərinləşir və bir gün də bu gəlinlər də çəmənin nazlı gəlinlərinin gününə düşür. Elə bil ki, bunlar ilk sevəndə, bir-biri üçün “ölən” aşiq-məşuqlar deyilmişlər. İntenetdə bununla bağlı bir yazı oxumuşam: ” Azərbaycanda nikahların, doğulan körpələrin sayı azalır, boşanmalar isə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 min 918 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb. Ölkədə doğulanlar arasında cins nisbətinin pozulmasını da nəzərə alsaq, vəziyyətin nə dərəcədə kritik olduğu açıq görünür. Bəs nə etməli? Belə davam edərsə, gələcəkdə hansı fəsadlarla qarşılaşa bilərik? (Bax: https://demokrat.az/az/news/164866/bosanmalar-coxalir-nikahlar-azalir-qocalma-suretlenir-cixis-yolu-nedir) ” İnternetin axtarış sistemi ilə arasanız, görəcəksiniz ki, boşanma statistikasında, əsasən, evliliyin ilk beş ilində ayrılmağa qərar verənlərin sayı üstünlük təşkil edir. “Məhəbbət 5 il yaşayır”, “Məhəbbətin ömrü ” kimi yazılarda da bu problemun ciddiliyi diqqətə çatdırılmışdır. Hər iki tərəf də öz talelərini məşumluğa itələyirlər. Valideynlərini xəcalətli edirlər. Mənən çox günah kimdədir deyə düşünmürəm: “Bir günah onundur, bir günah bunun…”
Son söz olaraq

Xəyal məni keçənəsrin 80-ci illərinə apardı. “Araz” radiosunda Məmmədbağır Bağırzadə oxuyurdu:
Süfrələrə şam düzün, qoy arzunuz çin olsun,
Şölə saçan alovun biri də mənim olsun.
Səməni nazlı gəlin, incə belində kəmər,
Baharın elçisidir bəzəkli nəlbəkilər.
Yurdumuza yaz gəlir,
Tez barışsın küsənlər.
Tale sizə yar olsun,
Sevilənlər, sevənlər.
Şəkərbura, paxlava,
Bəzək verir xonçaya.
Baharın nemətidir
Elə, obaya.
Qızlar əlində xına,
Xonça düzür yan-yana.
Bahar necə yaraşır
Azərbaycana…
Evlərimiz bəzənsin, toy-bayrama qarışsın,
Hər həyətdə bir tonqal, Ay, ulduzla yarışsın,
Qızlar əlində xına,
Xonça düzür yan-yana.
Bahar necə yaraşır
Azərbaycana…
Bahar bayramına günlər qalmış hər yerdə sənə doğru əllər uzanır. Kimisi də öz evində tədarükünə başlayır, səni evində özü göyərdir.

O evdə kim varsa, ola bilməz ki, hər gün sənə sevinc dolu, sevgi dolu nəzərlərlə diqqət yetirməsin. Qızlar sevdikləri oğlanlara öz əlləri ilə göyərdib göndərərlər səni, oğlanlar isə şəhərin marketlərini ələk-vələk edib sevdiklərinin ən xoşuna gələ biləcək səməni seçər, ən dəyərli hədiyyə kimi, əllərinə götürər və təqdim etməyə çalışarlar. Qızlar öz evlərində, oğlanlar da sevdikləri qızların göndərdikləri səmənini öz evlərində ən urvatlı yerə qoyarlar. Rahat görə bilsinlər deyə. Novruz ovqatı öz yerində, bayram əhvali-ruhiyyəsi, təbii ki, öz yerində. Amma evlərimizdə nazlı gəlinlər kimi bəzənib, belinə qırmızı lent bağlyıb müntəzir kimi dayanmış səmənilər gəlin gözləyən, gəlin köçürmək istəyən anaların mövsüm mərasimidir həm də. Onlar bununla arzu-diləklərini ifadə etdikləri kimi, inad və tərslikləri, paxıllıqları ovsunlayırlar ki, and-amanları Allah qatında qəbul olunsun: evlərinə səməni kimi incə bellərinə qırmızı lent bağlanmış gəlin gətirsinlər , yaxud qızlarını gəlin köçürsünlər. Bir az da bunu pritça dili kimi başa düşək. Oğulları, qızları ilə aralarında müəyyən pərdə olan ata-analar bununla evlərində gəlin yerini önərləyərlər. Bəs nə oldu bu qədər tədarük, bu qədər intizar hara, Novruz bayramı bitən kimi, bu beli qırmızı lentli gəlinləri 8-ci mərtəbədə pəncərədən aşağı atan kim, aparıb zibilliyə atan kim… bloklarının qarşısına qoyan kim…

…Hər şey gözəl idi. Hiss və duyğular da, vəfa və etibar da. Hamısını pişik apardı. Səmənim, ay səmənim, sən daha çəmənin incə belində kəmər olan nazlı gəlini deyilsən. Bir ay əvvəlki halın, yerin bir ayrı, indiki ürəklər parçalayan halın bir ayrı. Axı niyə belə laqeyd olduq..Nə üçün ucuzlaşdı dəyərlər…Çörəyi zibilliyə atırıq, Səməninin 3-5 günlük ləzzətini dadıb, gecə əl-ayaq kəsiləndən sonra “akuşkadan”(pəncərədən) atırıq çölə: hara düşər, düşsün. Bugünkü gəzintim zamanı evimizin ətrafında rast gəldim “soldurulmuş” bu gözəllərə, “ah çəkdim, amma nə başım üstə yarpaqlar əsdi, nə də kiminsə qəlbi əsdi”. Yolun hər iki istiqamətində isə Fazil Salayev demiş ” …adamlar saymazyana o tərəfə gedirdi, bu tərəfə gedirdi.” Sənin bu halına onlardan kimin ürəyinin başı söküldüsə, əlindən uzaqbaşı bunları pıçıldamaq gəldi:
…Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol…
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uzaq ol…