Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Tutaq ki, siz özünüzə geridə qalmış bir arvad seçibsiniz. Hər şeydən əvvəl aydınlaşdıraq, görək geridə qalmış arvad nə deməkdir? Siz qəzeti surətlə oxuyursunuz, o isə sizdən yavaş oxuyur. Ona savad öyrədin. Lakin iş bunda deyildir. Uşaqların tərbiyəsi üçün sizin arvadınızın sizə nisbətən nə qədər inkişaf etmiş olduğu o qədər də əhəmiyyətli deyil. Elə etmək lazımdır ki, sizin arvadınız da, uşaqlarınız da həyatdan razı olsun. Qoy o, öz həyatı üçün sevinsin. Hərgah siz arvadınızı öz səviyyənizə qaldırırsınızsa, elə qaldırın ki, bu ona zövq versin, lakin “Mənim səviyyəm yüksəkdir, qalx, mənə çat” – deyə düşünsəniz, heç bir tərbiyə işi ola bilməz. Qoy o, şadlıqla yüksəlsin, qoy bu ona həzz versin, hərgah siz bunu sevinclə əldə edə bilmirsinizsə, onu qaldırmayın, ancaq qoy o, dolğun insan həyatı sürsün. Qoy yüksəkdə duran şəxs öz yüksəkliyi ilə çox güvənməmək və bunu addımbaşı gözə soxmamaq üçün özündə mətanət tapsın. Qoy o bütün davranışı ilə arvadını sevindirsin, o zaman arvad bu sevinc içində boy atacaq, inkişaf edəcəkdir. Mənim “Tərbiyənin sirri” adlı bir novellam var. Sirr ondan ibarətdir ki, kişi həmişə arvadına səadət vermək istəyir və ona görə onların övladları çox gözəl uşaq olurlar. Ər arvadına, arvad isə ərinə xoşbəxtlik arzuladığı hər yerdə uşaqlar yaxşı olurlar. Əlbəttə, burada söhbət iki ağıllı adam haqqında gedir. Zehnin müəyyən bir həddi var ki, valideynlər bu səviyyədən aşağı düşməməlidirlər, hər hansı bir xoşbəxt, lakin səfeh adam yaxşı uşaq tərbiyə edə bilməz. Müəyyən zehni səviyyə – ağıl, idrak, fəallıq, diqqət olmalıdır.

Bununla əlaqədar olaraq mən yenə bəzilərinin səhv başa düşdükləri müddəaya, aşağı səviyyəli arvad məsələsinə qayıdıram. Mən “Zavodda yaxud kontorda işləməyən, lakin dörd uşaq tərbiyə edən ana çox yaxşı iş görür” – desəm, sizin nəzərinizdə geridə qalan adam kimi görünmərəm. Belə ananın ictimai işlə məşğul olmadığı, onun aşağı səviyyəli arvad olduğu haqqında danışmaq olmaz. Evdə iki-üç uşaq tərbiyə edən ana böyük dövlət işi və böyük ictimai iş görür və heç kəsin haqqı yoxdur ki, onu zavodda işləmədiyi üçün məzəmmət etsin. Lakin o, ictimai həyat sürməlidir. Qoy o, kitab oxusun, mənzil komitəsində işləsin… Qoy o, işləmək üçün bir dərnək tapsın. Onun istehsalatda olması məcburi deyildir – o, bunsuz da fəal ictimai işçi ola bilər.

Evdə qulluqçuya çevrilən arvadı mən tam dəyərli olmayan ana adlandırıram.

Burada biz əmək tərbiyəsi məsələsinə keçirik.

Mənim fəallıq və tormozlar haqqındakı teoremimdə əmək tərbiyəsinə müraciət etmədən keçinmək olmaz. Burada anasına “Sən mənə oyuncaq almırsan, sən pis anasan” – deyən oğlandan danışdılar. Oğlan düz deyir, bu, pis anadır, çünki yaxşı ananın oğlu belə danışmaz. Uşağa: “Bəli, biz az qazanırıq, ala bilmirik”, – deməkdən utanmaq lazım deyildir. “Böyüyərsən, kömək edərsən, yaxud mən çox qazanmağa başlaram, onda alarıq. Sən indi kömək elə, qabları yu, mən də bir az kitab oxuyum.”

Elə etmək lazımdır ki, bu, ailənin ümumi işi olsun, o zaman uşaq “Sən pis anasan” deməz.

Siz öz oğlunuzu tanıyır və onu sevirsinizsə, onu başa salmağa söz taparsınız:

– Biz səninlə bir yerdə yaşayırıq, bizim işimiz ümumi, sevincimiz ümumidir, sən belə fikirləşmə ki, at almamağım təkcə səni kədərləndirir. Bu bizim ümumi dərdimizdir, ona görə gəl daha yaxşı həyat sürməyə çalışaq, mənə kömək elə ki, heç olmasa, əsəblərim xarab olmasın.

Uşaq iki yaşından kollektivin üzvü olmalı, ailədəki xoşbəxtliklər və bədbəxtliklər üçün özünə görə məsuliyyət daşımalıdır.

Uşaqla bu barədə danışmaq heç də çətin deyildir. Onu rədd etmək olmaz:

– Əl çək, mən oxuyuram, sən mənə mane olursan!

…Elə tərbiyə edin ki, oğurlamaq mümkün olmasın. Məsuliyyət hissi tərbiyə etmək heç də çətin deyildir. Bunsuz tərbiyə müvəffəqiyyətli ola bilməz və məhz bunun haqqında pedaqoji əsərlərdə heç bir şey yazılmamışdır. Bu, vəziyyətdən cəld baş çıxartmaq qabiliyyətidir. Beş yaşında sizin uşaqda artıq belə qabiliyyət olmalıdır, o, nə haqqında danışmaq mümkün olduğunu, nə haqqında danışmaq mümkün olmadığını bilməlidir. O öz arxasında belə, nələr olduğunu duymalıdır. Lakin məktəbdə bir çox uşaqların belə bələdləşmə hissi olmur. Uşaqda onu əhatə edən mühitdən, şəraitdən baş çıxarmaq qabiliyyəti tərbiyə etmək lazımdır, o, harada nə olduğunu bilməlidir.

…başqa bir məsələyə də toxunmalıyıq. Bu məsələ valideyinlərin uşaqları özləri üçün necə sevdikləri məsələsidir. Yəqin ki, siz bir mənzərini müşahidə edibsiniz: ata ilə ana küçədə gəzirlər, uşaq yaxşıca bəzənmişdir və valideynlərin gözlərindəki ifadədən görünür ki, uşağı məhz nümayiş etdirmək, öyünmək üçün gəzməyə çıxarıblar. Uşaq onlar üçün bir oyuncaqdır ki, onunla lovğalanmaq olar. Qonaqların yanında uşağı çağırıb suallara ağıllı cavab verməyə məcbur edən ata bunu şöhrətpərəstlikdən etmirmi? Analar bunu xüsusilə tez-tez edirlər; öz uşaqlarını tərifləyir və özləri də ləzzət alırlar. İşin əslində isə uşaq heç nəyə dəyməz, çünki ərköyün böyümüşdür. Bu yaxınlarda mən Minskə gedirdim və mənimlə bir kupedə uşaqlı ana vardı. O, öz uşağı ilə öyünmək istəyirdi. Uşağın iki yaşı vardı, o hətta hələ danışa bilmirdi, buna baxmayaraq anası onu gülməyə məcbur edirdi və çağırırdı: “Niyə gülmürsən?”

Uşaq heyrətlə baxırdı: bu nə axmaq arvaddır. Lakin arvad onu birtəhər gülümsəməyə məcbur etdi. Ananın özünü hər şeydən artıq sevməsi burada tamamilə aydın təzahür edirdi. Onun üçün uşaq vacib deyildir, onun üçün bu vacibdir ki, qatarın kupesində mənə, təsadüfi, ona lazım olmayan bir adama öz müdrik üsullarından sonra uşağın gülümsəməyini göstərsin. Belə ana uşağı 18 yaşınadək nümayiş etdirmək üçün tərbiyə edəcəkdir. Uşaq xuliqan, qənimətçi ola bilər, ana isə fərqinə varmadan onunla yenə fəxr edəcəkdir. Uşağı öz şöhrəti üçün belə tərbiyə etmək – bu, pedaqoji deyildir.

…Sual: “Demək, bədbəxt valideynlər uşaqları tərbiyə edə bilməzlər və onların yaxşı uşaqları ola bilməz?”. Bəli, lakin xoşbəxt olmaq sizin özünüzdən asılıdır. (İrad: “Həmişə yox”) Bütünlüklə özünüzdən asılıdır. Mən elə bir səbəb təsəvvür etmirəm ki, o sizi bədbəxt edə bilsin. Siz artıq xoşbəxt yaşdasınız. Neçə yaşınız var? (Səs: “Otuz səkkiz yaşındayam”). Gözəl yaşdır! Mənim isə əlli yaşım var. Mən sizinlə dəyiş-düyüş edirəm, bütün ədəbi xidmətlərimi, həyati təcrübəmi həvəslə sizə verirəm, əvəzində isə bütün bədbəxtliyinizlə bərabər sizin yaşınızı istəyirəm. Sizə bədbəxtlik kimi görünən şey sadəcə əsəbilikdir, xanımlara xas olan xəstəlikdir.

…Mənzil şəraitinin tərbiyəyə təsiri olurmu?

Əlbəttə olur, lakin məcburi deyil ki, bu təsir mütləq pis tərəfə olsun. Bəzən uşağın ayrıca otağı olan yerdə daha pis tərbiyə verilir.

…Özbaşına buraxılmış uşaqlarla nə etmək lazımdır? Mən belə hallara çox rast gəlmişəm – ata və ana işdədir, buna baxmayaraq uşaq yaxşı böyüyür. Nəyin sayəsində? Çünki onu uşaqlıqdan düzgün tərbiyələndirmişlər. Mən bu əqidəyə gəlmişəm: hərgah uşaq 6 yaşınadək düzgün tərbiyə edilmişdirsə və onda müəyyən fəallıq və tormozlaşdırma adətləri tərbiyə olunmuşdursa, bu artıq qorxulu deyildir, belə uşağa heç kəs pis təsir göstərə bilməz. Belə hallarda adətən deyirlər “Biz ona nəzarət etmirik, amma o, yaxşı inkişaf edir, yəqin irsiyyətindəndir”. Həqiqətdə isə bu irsiyyətdən deyil, yaxşı tərbiyədəndir.

…Uşaqların tərbiyə olunması əsəbləri sarsıtmadan, sağlam, dinc, normal, ağıllı və şən həyat tərzi ilə aparıldıqda asan işdir. Mən həmişə görmüşəm ki, tərbiyə gərginlik işlətmədən verilən yerdə həmişə müvəffəqiyyətlə nəticələnir. Tərbiyə gərginliklə və hər cürə ürək keçmələrlə verildikdə işlər pis gedir.”
Son
Mənbə: https://www.tipii.edu.az/az/article/483-a-s-makarenko-usaq-tarbiyasi-haqqinda