Əbədiyyətə qovuşmuş analara ehtiramla…

Poeziya buketi, nəğmə çələngi

Qarşıdadır, qarşıda hələ qəmim, kədərim.
Mənim anasız günüm. Mənim yetim günlərim.

Məmmədhüseyn Şəhriyar

Cəfər Cabbarlı – Ana

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

Aman… Aman!… Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm- dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

Mikayıl Müşfiq – Ana

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, – qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

Əli KərimQaytar ana borcunu

Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə…

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu.
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü, durdu… O yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi,
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi.
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.

Ana oğul böyütdü gur, çatma qaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
…Ana bilsəydi əgər, böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü, hırıldamazsan daha.
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!

Məhəmmədhüseyn Şəhriyar – Ey vay anam

Pillələrin yanından yenə ahəstə keçdi,
Ürəyi səksəkəli,qulağı səsdə keçdi.

“Balam oyanmasın qoy”-deyə çatıldı qaşı,
Xəyalında xəstənin yenə səbzəsi,aşı.

Onun məhzun baxışı dolmuş buludlar kimi,
Sinəsində ürəyi alovlar,odlar kimi.

Xeyr,alov deyildir,mənim anamdır,anam,
O eyvanda dolanan,o alışan,o yanan.!

Ölmüşsə də,bu evə yenə gəlib-gedir o.
Yenə ayrıla bilmir,yenə xidmət edir o.

O bizim ömrümüzün hər anında yaşayır,
O yenə paltar yuyur,yenə odun daşıyır.

Ölümündən sonra da özü görür hər işi,
Anam.Biçarə anam.Evimizin günəşi!

Pillələrin yanından hər sübh asta keçərdi,
oyanmayım yuxudan.
Gəldi bu gün də keçdi o, pərişan-pərişan.

Yenə açıldı qapı,yenə bağlandı qapı.
Başındakı istiot pəngli köhnə çarşabı

Yenə gözümə dəydi.
Əyilmiş qamətiylə yenə qəddini əydi.

Mənim öz anamdır o,yenə sinəsi dağlı,
Yenə başmağı köhnə,corabları yamaqlı.

Küçələri qar tutub,yolları rüzgar tutub.
Onun ana qəlbini qəmlər,qayğılar tutub.

Hardan olsa bu səhər yerkökü almalıdır.
Xəstə yatan oğlunun qeydinə qalmalıdır.

Ayrılıb külfətindən,ərindən,şəhərindən.
Mənim dalımca gəldi,o qopub öz yerindən.

Gəldi, dörd övladını boya-başa yetirən,
Məni gəlib tapınca gözüylə od götürən,

Ata qüdrətli anam, bacı şəfqətli anam,
Kişi qeyrətli anam!

Yarımcan bir çırağın işığını yandıran,gözlərinin odunu
Töküb neft əvəzinə ocağı odlandıran.

Mənim qəhrəman anam,
Mənim mehriban anam!

Keçmişi ehtiramlı,şərafətli,şöhrətli,
Bizim ana Təbrizin özü tək əzəmətli.!

“Bağ-meşə” məhləsində bir kişinin evi var.
O,Allahı tanıyar ,Allah onu tanıyar.

Onu hər kəs salamlar.O,salamlar hər kəsi.
Evinin hər guşəsi–haqq,ədalət mərkəzi.

Bəzən gizli göz yaşı tökər gildir-gildir o,
Müvəkkilin xərcini ödəyən vəkildir o.

Onun üçün dünyada qızıl nədi,zər nədi?
Xalqının sərvətidir,evinin hər sərvəti.

Bütün varı-dövləti-yoxsullrın,acların,
Nəvazişə, çörəyə sevincə möhtacların.!

Burda qapılar açıq,burda süfrələr açıq,
Gəl ayağı çarıqlı, keç yuxarı başa çıx.

Güldən ağır söz deməz,gülüşlərlə qarşılar,
Şüalara bənzəyir alnındakı qırışlar.

Ürəyimdə qaynayan əbədi ilhamdır o,
Mənim öz atamdır o! Mənim öz anamdır o.!

Mənim atam süfrəli,duz-çörəkli kişiydi,
Ər ürəkli kişiydi.

Halal gəliri vardı.Heyhat dərdi çox idi.
Öləndə bircə illik xərcliyimiz yox idi.

O öləndə gözlərdən nə qədər yaş süzüldü.
Onun var,dövləti,məhəbbəti,hörməti,
Sonsuz mirvarilərtək kirpiklərə düzüldü.

Arxasınca hələ də ah çəkir el sinəsi,
Bir rəhmət qafiləsi,məhəbbət qafiləsi.

Mənim anam- elə bir atanın yadigarı,
Təkcə bizim evin yox,yüz evin iftixarı!.

El-obaya gözündən işıq verən bir ana.
Heyhat,söndü o işıq. Dünya döndü zindana.

Xeyir!Ölməyibdir o! Eşidirəm səsini,
Üşüyəndə duyuram yenə od nəfəsini.

Görürəm vermiş yenə uşaqlarla baş-başa.
Yenə duz tökür aşa.

-Nahid.kiri.
-Bijən,keç…Çəkil bir az kənara.

Kəfkiri qoy yerinə. Əl -ayağa az dolaş.
Yenə fikrində xəstə,Yenə də səbzəli aş.

O,atamın yanında torpağa tapşırıldı.
Gəldi qohum-əqraba,başsağlığı verdilər.

Dodaqlarda cümlələr kəlmə-kəlmə qırıldı,
Göz yaşına qarışdı,təsəllilər.ümidlər.

Yaxşı xətm quruldu,qəmli,ələmli, məhzun.
Zəhmət çəkib gələnlər lütfünüz artəq olsun!

Ürəyimi yandırır,göynədir ana dərdi,
Mən anamı istədim,onlar təsəlli verdi.

Bəs o kimdir,
Yorğanı yenə üstümə çəkdi?
Yenə gecə yarısı stəkana su tökdü.

Qızdırmanın içində başım-bədənim yanır,
Qorxulu bir yuxudan mən yenə də oyanır,

Gözlərimi açanda yenə görürəm onu,
Ayağımın ucunda yalqız oturduğunu.

Bu gecə sübhə yaxın o yenə gəldi asta.
Yenə barmağı üstə.Yenə qulağı səsdə.

Yenə öz Allahıyla razü-niyaz edir o, ahəstə-ahəstə.
Xeyir. Ölməyib anam! Yaşayır köksüm üstə!

Nə qədər ki,mən sağam anam da sağdır mənim!.
Səsimdə,nəfəsimdə yaşayacaqdır mənim!

Yaşayacaq qəmimdə, pərişan gülüşümdə,
Bir sözünü yad edib qırılan gülüşümdə.

Onun südündən əmdim mən şairlik təbimi.
Həyatımı,ömrümü,ilhamımı,qəlbimi

Bir şairə döndərən,bir məşələ döndərən
Anam oldu!. Anamdır mənə hər şeyi varən!

O mənim məbədimdir,
Ölməzdir,əbədidir.

Heç ölərmi, söyləyin, sual verin cahana:
Şəhriyarı yetirən şir ürəkli bir ana?

O sevgidən yoğrulmuş yanar,qaynar bir ürək.
Hara getsəm mənimlə bir gedəcək!

Heç bilsən mənə bir vaxt nələr,nələr demiş o !
Həqiqətlər söyləmiş,əfsanələr demiş o.

Onun nağıllarıyla qanadlanmış xəyalım,
Bayatılar,laylalar,təranələr demiş o.

Beşiyimin başında gah gülmüş,gah ağlamış,
Qundağımın bağını nəğmələrlə bağlamış.

Mənim eşqim,ilhamım,hər nəyim var, onundur,
Bu qəmlər,bu ələmlər,bu misralar onundur.

Mən yazmıram,bəlkə də yazır indi bi şeiri
Onun qızıl şua tək könül titrəyişləri.

Mən onun sayəsində boya-başa çatmışam,
Anam məni yaratmış,mən aləm yaratmışam.

Pərəstkarlıq elədi 5 il xəstə oğluna
Qanlı göz yaşlarıyla nicat verən bir ana!
Bəs övladı neylədi? Heç nə!.İnan ki, heç nə.!

Şəfaxanədə yalqız özgənin ümidinə.
Bir gün xəbər gəldi ki, tamam oldu həyatı,
Sındı qolum-qanadım.

Qum şəhəri yolunda dağlar məni danladı,
Dağları da özüm tək sinəsi şan-şan gördüm.

Dağları da ğzüm tək səssiz danışan gördüm.
Qara cizgilər dolu bu səhra bir qəm yolu.
Mənim üçün qorxulu…

Dəryaça da elə bil ağlayırdı halıma.
Dayanıb fikrə daldıq,
Gümbəzin ətrafını dalanıb namaz qıldıq.

Göy mamırlı daşların baxdıq yan-yörəsinə,
Düşdü gözümün yaşı Yasinin surəsinə.

Bitdi Yasin də bitdi,
Anam torpağa getdi.

Mən o gecə atamı gördüm,yuxumda gördüm.
O,anamı səslədi.Anam hay verdi ona.

Ayın dörd çevrəsini bulud-duman bürüdü,
Bildim anam gedəcək. Ana,
GETMƏ! Can, ANA!

Atam həyət bağında, öz uca çardağında,
Ən ülvi bir aləmin müqəddəs qucağında…

Elə aləm ki,orda nə ələm var, nə qəm var.
Əziz ana, oğlundur bu sözləri söyləyən.

Bütün əzablarının, dərdlərinin muzdunu
bir damcı göz yaşıyla ödəyirəm bu gun mən.

Sən dərdimi çəkməkdən xilas oldun, ölərək,
Rahat uyu, anacan, təzə yerin mübarək!

Qarşıdadır, qarşıda hələ qəmim, kədərim.
Mənim anasız günüm. Mənim yetim günlərim.

Birdən sanki yer çəkib ürəyimi apardı,
Qəbristan sükutunda anam fəryad qopardı.
Daşların arasıyla o yüyürür,o qaçır.
Ayaqları dolaşır.

O yıxılır,dikəlir,gəlir,dalımca gəlir!
Hürkmüş bir dəli kimi vağzalacan yüyürdüm.

Adam içinə girdim.
Evə gəlib çatanda
Gördüm o məndən qabaqgəlib durub eyvanda.

Çabalayır,çırpınır,məndən gileylənirdi.
Yarımqapalı gözlər elə bil ki,deyirdi:
–Məndən ayrılma!.

Gəldim.
Başım gicəllənirdi.
Ürəyimə elə bil civə doldururdular.
Gözümün qabağında yer-göy qalxıb enirdi.
Hər şey pərən-pərəndi…Hər şey qorxunc,tar-mar.

Başımdan basmaq üçün səma məni gəzirdi.
Tufanda boğmaq üçün dərya məni gəzirdi.

Günahkar gözlərimdə dünya zülmətə dönmüş,
Maşının təkərində küləklər oda dönmüş.

Küləklərmi bu əsən,ya onun zəif səsi,
Mənim arxamca qaçan o vücudun naləsi?!

Evə gəldim.
Oxlanmış!.Dilimdə söz qurumuş!
Gördüm yenə hovuzun o, başında oturmuş.
Yenə də mis ləyəndə ağ köpüyü yayır o.

Mənim andıra qalmış köynəyimi yuyur o.
Sanki azca qımışdı.
Amma qəlbi sınmışdı.

Dedi–Məni torpağa tapşırıb gəldin,sağ ol.
Yalqız qoymayacağam səni, binəva oğul

İstədim gülümsünüb çıxam bu iştibahdan,
Ancaq bu xəyal idi.Sinəm od tutdu ahdan.

Yumruq boyda qəlbimdə dünya boyda kədərim.
Sən indi bir xəyalsan.Eyvay,anam,madərim!

Qasım Qasımzadə Anamgildədir

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm…
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: “Oğul gəl bizə…”
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
“Aləm bir yanadır, o bir yanadır”.
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.