4 may

Tarixdə bu gün

İluzun illərdə 125-ci) günü.

Mühüm hadisələr:

1807 — Fransa ilə Qacarlar arasında “Finkenşteyn” sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib.

1920 — 11-ci Qızıl Ordu hissələri Astaraya daxil olub.

1994— Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub.

Doğum günləri:

1863 — Azərbaycanın görkəmli siyasi xadimi, xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov Tiflisdə anadan olmuşdur. İlk təhsilini I Tiflis gimnaziyasında almışdır. 1884-1888-ci  illərdə Pеtеrburq Univеrsitеtinin əvvəlcə Tarix-filologiya fakültəsində, birinci sеmеstrdən sonra  isə  Hüquq fakültəsində təhsil almışdır.

1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olub və dövrünün görkəmli ziyalıları ilə yaxınlaşıb. O, Azərbaycan mili mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurub.

1895-ci ildə H. Z. Tağıyev “Kaspi” qəzeti redaksiyasını və onun mətbəəsini aldıqdan sonra qəzetə redaktorluğu Topçubaşova həvalə edib. Ə.Topçubaşov 1898-ci ildən 1917-ci ilin axırlarına kimi “Kaspi” qəzеtinin yaradıcılarından və rеdaktorlarından biri olub. Bu illərdə qəzetdə onun yüzlərlə məqaləsi dərc edilib.

Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olub, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında gеdib və onun rəhbərlərindən birinə çеvrilib.

1905-ci ildə Ümumrusiya müsəlmanlarının 1-ci qurultayında geniş nitq söyləyib və onun hazırladığı 23 maddəlik nizamnamə və 79 maddəlik layihələri üzrə Ümumrusiya Müsəlman İttifaqı təşkil etmək qərara alınıb.

1906-cı ildə 27 apreldə açılan Birinci Dövlət Dumasına Bakı və Yelizavetpol quberniyalarından deputat seçilib. Dumada müsəlman fraksiyasının yaradılmasına nail olub və fraksiyanın sədri seçilib. Çar İkinci Nikolayın Dumanı qovmaq qərarına etiraz etdiyi üçün ona 3 aylıq həbs cəzası kəsilib və deputat seçilmək hüququndan məhrum edilib.

Azərbaycanın bütün dünyada tanınmasında Əlimərdan bəyin xidmətləri əvəzsiz olub. Ə.Topçubaşov F.Xoyskinin 1918-ci ilin iyun ayında təşkil еtdiyi ikinci kabinədə portfеlsiz nazir, oktyabr ayında isə xarici işlər naziri vəzifəsinə təyin еdilib. Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə.Topçubaşov Fövqəladə Səlahiyyətli nazir kimi İstanbula göndərilib. O, bu məqsədlə çoxsaylı görüşlər keçirib və hətta İstanbulda Azərbaycan mətbuat bürosu da yaradıb.

1918-ci il dеkabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan Parlamеnti fəaliyyətə başlayan zaman, İstanbulda olmasına baxmayaraq, Ə.Topçubaşov yеkdilliklə Azərbaycanın ilk Parlamеntinin sədri sеçilib.

Ə.Topçubaşov İstanbuldan birbaşa Paris Sülh Konfransına Azərbaycanın nümayəndə heyətinin başçısı kimi göndərilib.1919-cu ilin 28 mayında ABŞ Prezidenti V.Vilson başda Ə.Topçubaşov olmaqla Azərbaycan nümayəndə heyətini qəbul edib. Ə.Topçubaşov ABŞ prеzidеntinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim еdiləcək 3 maddədən ibarət mеmorandumu vеrib. Konfrans zamanı Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyəti Azərbaycanın tanıdılması naminə müstəsna səylər göstərib. Nəticədə 1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndə heyəti Fransa Xarici İşlər Nazirliyinə dəvət olunub, yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən Azərbaycanın dе-fakto tanındığını bildirib və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədi vеrilib.

Ə.Topçubaşov 1920-ci il noyabrın 1-də Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul еdilməsi üçün müraciət еdib. Ə.Topçubaşov Sovet nümayəndə heyətlərinin etirazlarına baxmayaraq bir sıra beynəlxalq konfranslarda Cümhuriyyət Hökuməti tərəfindən ona verilmiş mandatla iştirak edərək Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğunu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında məlumatlar verib.

Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat edib və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunub.

1894—Xalq artisti  Ağahüseyn Xəlil oğlu Cavadov Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib.

O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Cavadov burada “Ər və arvad”, “Əlli yaşında cavan”, “Beş manatlıq gəlin”, “Arşın mal alan”, “Toy kimindir”, “Evli ikən subay” tamaşalarında oynayıb. Onun “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Bir qalanın sirri”, “Qızmar günəş altında”, “Sehirli xalat”, “İstintaq davam edir”, “Şərikli çörək”, “Əhməd haradadır?” filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır.

O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır.

Ağahüseyn Cavadov “Bəxtiyar” (Rza), “Qızmar günəş altında” (Pirioğlu), “Əhməd haradadır?” (Əhməd), “O olmasın, bu olsun” (Bəy), “Bir qalanın sirri” (Rəmmal), “Sehrli xalat” (Vəzir), “Görüş” (Əbülfəz), “Şərikli çörək” (Xırdavatçı) və digər filmlərə çəkilib.

Aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.

Ağahüseyn Cavadov 20 iyun 1981-ci ildə Bakıda vəfat edib. Məzarı İkinci Fəxri xiyabandadır.

1971 —Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi Ələsgərov Rəhman Rasim oğlu (Rəhman Rasimoğlu) Şamaxı rayonunun Məlhəm kəndində anadan olub.

Tanınmış qara zurna, balaban ifacısı, Əməkdar mədəniyyət işcisi Rasim Ələsgərovun oğludur. Azərbaycanın xalq musiqi alətlərində — qara zurnada, balabanda, tütəkdə, sazda, qoşanağarada, nağarada, çubuq nağarasında və davulda musiqi ifa edir. 1981-ci ildən atası və müəllimi Rasim Ələsgərovun yaratdığı “Şirvan” folklor ansamblının  üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də xarici ölkələrdə – Rusiyada, İranda, Türkiyədə, Rumıniyada, İsveçrədə, Fransada və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. “Şirvan” folklor ansamblıyla yanaşı,  “Natiq” ritm qrupunda solo qara zurna-balaban ifacısı olub. “Natiq” ritm qrupuyla Tayvanda, Rusiyada qastrollarla yanaşı, Azərbaycanda bir cox dövlət tədbirlərində çıxışlar edib.

Ələsgərovlar ailəsinin ifasında Azərbaycan xalq musiqilərindən ibarət 3 CD işıq üzü görüb. Həmin musiqilər radio və televiziyalarda tez-tez tamaşaçılara, dinləyicilərə təqdim edilir.

Rəhman Rasimoğlu 2005-ci ildə qara zurnanın səs oyadıcısını (qamışı plastiklə əvəzləməklə) yenidən ixtira edib. Bu ixtirasına görə 03.12.2007-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi ona patent verib. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Rasimoğluna “Əməkdar mədəniyyət işcisi” fəxri adı verilib.

1989 — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu , tibb bacısı – ilk qadın şəhidimiz Arəstə Kərim qızı Baxışova Xaçmaz şəhərində anadan olub.

Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.

Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,  Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

1994 — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən Müharibəsi Qəhrəmanı Nail Nəriman oğlu İbrahimli Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.

2000-2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Nail İbrahimli 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

  Nail İbrahimli 2020-ci il sentyabr ayının 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  uğrunda  başlanan  Vətən müharibəsinin  qəhrmanlarından biri kimi,  Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xaçmaz kəndində dəfn olunub.

  Milli Ordumuzun Vətənin  təcavüzkarlarlardan  azad edilməsi uğrunda apardığı şanlı döyüşlərdə  göstərdiyi  şəxsi hünərlərinə görə,  Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

15.12.2020-ci il tarixli Sərəncama əsasən, Nail İbrahimli həm də  “Vətən uğrunda” ,  29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə    “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov 31 yaşında Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.

Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar iki tank tapırlar, onları təmir edərək işlək vəziyyətə gətirirlər . Bu qüvvə ilə  Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.

Buradakı kənd orta məktəbi onun adını daşıyır.

2001 – NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın Ləman Bozqurd 69 yaşında vəfat etmişdir.

Ləman Bozqurd 1932-ci ildə Qarsın Sarıqamış rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından pilot olmağa həvəsli olan bu qız xəyalına qovuşmaq üçün böyük addımlar atıb. O, “Türkkuşu İnönü Təsisləri”ndə təlimlərdən keçib. Leman Bozkurt bu təlimlərlə yetinməyib daha da irəli getməyə qərar vermişdi.

Ləman Bozqurd 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinə qadınların da qəbul edilməsi qərarından faydalandı. O, 1955-ci ildə İzmir Hava Qüvvələri Akademiyasına müraciət etdi. 1957-ci ilin avqust ayında akademiyadan məzun oldu. Ləman Bozqurd məzun olmasını dostları ilə əylənərək qeyd edəndə NATO hələ 5 yaşında idi.

Ləman Bozqurd daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv uçaq pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılıb və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlayıb. 1958-ci ilin noyabr ayından etibarən reaktiv uçaq pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçuşlar həyata keçirib.

Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışıb. Personal-plan şöbə müdiri və Mərkəzi şöbə müdiri olaraq müxtəlif vəzifələr yerinə yetirən Ləman Bozqurd polkovnik rütbəsində təqaüdə çıxıb. Ay-ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv uçaq pilotu Ləman Bozqurd eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca tək qadın reaktiv uçaq pilotu olub.

Ləman Bozqurd 4 may 2001-ci ildə Türkiyənin İzmir şəhərində vəfat edib.

2016 –Azərbaycanın Xalq şairi Söhrab Əbülfəz oğlu Tahiri 90 yaşında Bakıda vəfat etmişdir.

Söhrab Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.

1991–ci ildə  Bədii Ədəbiyyatın Təbliği Bürosunun   rəhbəri  təyin edilmişdir

Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi.

4 may 2016-cı ildə  vəfat etmişdir.

  2018  — Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu rollarla yanaşı, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı,   Xalq artisti  Fuad Ağarəhim oğlu Poladov  70 yaşında vəfat etmişdir.

Sonr vaxtlar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb.

 Məzarı “Qurd qapısı” qəbiristanlığındadır

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasında   püxtələşib .

1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.   Yüksək peşəkarlığı ilə  virtuoz sənətkar səviyyəsinə yüksəlib.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.