Təranə Dəmiri oxumamaq olmur

Poeziya buketi, nəğmə çələngi

Şairin qabiliyyəti və istedadı xaosdan harmoniya yaratmaqdır.
Aleksandr Blok
Rusiya simvolizminin nümayəndəsi

Facebook səhifəmə Təranə xanımın bir şeiri gəlib çıxmışdı. Oxudum, qayıdıb bir də oxudum. Sonra adını axtarış sistemində bəyan edib şeirlərini aradım. Çoxlu şeirləri çıxdı qarşıma…Heç birini ötürmədim, hamısını oxudum.
Şeir haqqında bu qədər fikirlər söylənilib, nə qədər elmi işlər müdafiə olunub. Amma kimsə onun konkret etimolojisini qoymayıb ortaya. Deyilmişlərdə də, yazılmışlarda da şeirin mündəricəsi var. Nə olar bunu lakonikləşdirib 1-2 sözlə ifadə edələr. Məsələn, “iksir” deyək, “abi-kövsər” deyək. Qəzəb və nifrətimizi ifadə etmək gələndə silahimız kimi üz tutaq. Kədərli vaxtlarımzıda , “qohumdan, tanışdan pis üz görэndə” “əlacımızsan”, “məlhəmimizsən ” deyək. Belə deyilmi? Bir insanın dərlərinə əlac edənə “həkim” deyirlər, dədə-babalarımız “təbib”, “loğman”. Həkimlər kimya terapiyadan, müasir texnologiyalardan istifadə edirlər, bir qədər rahat olurlar. Amma loğmanlar gərək qarış-qarış dağı-dərəni dolaşıb əlac toplasın.Bu mənada şairləri loğmanlara bənzətmək olar.

Şeir yazmaq sonradan qazanıla bilməz.Yəni, insan fitrətən şair doğulmalıdır. Müəyyən təhsilə yiyələnib şeirnyazmaq şairlik demək deyil. Bu, sadəcə, nəzmlə yazmaq, qafiyə tutmaq bacarığına malik olmaqdır. Kimsə şüşə salmağı öyrənir, kimsə divar hörməyi,kimsə saç düzəltməyi, kimsə də Moşu Göyəzənli kimi “poyema” yazmağı. Əsl şairləri gərək ancaq “dərd əlindən dağa çıxmış” Füzuli kimi dağlarda tapmaq mümkün olsun. Mənsubiyyətindən asılı olmayaraq bütün əsl şairlər belə olublar. Fransız şairi və jurnalisti Anatol Frans da yazıb ki, dünya ikiyə bölündü, çatlar şairin ürəyindən keçdi. Və yaxud bizim son dövr şairlərimizdən, deyəsən Ələmdar Quluzadənindir:
…Şairin bir dərdi var,
susanda əzab çəkir,
Mənə söz verin…
Bu mənada bizim əsı şair və yazıçılarımızın sayı getdikcə azalır. Yazn çoxdur. Mən eləsin tanıyıram ki, Heç M.Ə.Sabir o qədər kitab çap etdirı bilməyib, amma onun kitablarının sayı yoxdur. Olsun, “nə qədər çox olsa, canna minnətdir”, amma sənət nümunəsi olsun.
Sovet dövrünün tanınmış müğınnilərindən biri müsahibələrinin birində demişdi ki, indi 10 milyon azərbaycanlı var, onun 1 milyonu müğənnidir. Görmürsünüz, ekranları nə vəziyyətə salıblar. Xüsusən, özəl kanallar və internet kanalları , sanki, belə şouçular üçün yaranıb. Ədəbiyyatımızda eynən bu gündədir. Bir neçə dəfə elana rast gəlmişəm ki, Yazıçılar Birliyi üzv qəbulu elan edir. Hətta yazmışdılar ki,
2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq üçün 300-ə yaxın şəxs müraciət edib.
Çoxlarının bəyənmədiyi sovet dövründə belə olmayıb axı. Bəxtiyar Vahabzadə kimi filosof şair tələbə ikən Yazıçılar İttifaqına üzv qəbul olunub, özü də S.Vurğunun zəmanəti ilə. S.Vurğun tədbirlərin birində Bəxtiyar adlı bu tələbənin öz dilindən “Ağac altı, yaşıl çəmən, bir də ki tünd çay” şeirini dinləmiş və demişdir: “Bu cavan uşaq məndən də yaxşı yazır.” Yazışılar İttifaqı ona görə çox qüdrətli ideoloji cəbhəmiz idi.İndi imkanı olan kitab çap edə bilər, özəl kanallara çıxıb yayıla-yayıla diringisi oxuya bilir və sair… Təbii ki, yaxşıları da var. Son dövrlərdə rat ıma çıxan iki imzanı deyim: biri Ayaz Səlimxanoğlu və dünən oxuduğum Təranə Dəmir.
Təranə Dəmirin yaradıcılğı haqqında sənət baxımından bizim hörmətli ədəbiyyatşünaslarımız, tənqidçilərimiz fikir bildirsinlər. Arzu edərdim ki, həqiqi istedadı olan qələm sahibləri kaş diqqətdən kənarda qalmayaydı.
Onları cəmiyyətə tanıtmaq lazımdır.
Mən, sadəcə, bu gözəl şairəmizi öz auditoriyamıza təqdim etmək istədim. Nədir auditoriyamıza tövsiyəm: R.Berns adlı bir ingilis şairi çox gözəl ifadə edib ki, kədərlii vaxtlarınızda şeir kitabları oxuyun. Siz də Təranə xanımı oxuyun, amma təkcə kədərli anlarınızda deyil, sevincli anlarınızda da, sevməyə doğru yol başlarkən də.

Anaveushaq.wordpress.com

Sığal

Əllərin dərd görməsin,
Bu nə gözəl sığaldı.
Unutdum hər nə varsa,
Ağrılarım sağaldı.

Saçlarım əllərində
Ovundu sığal-sığal.
Ovuc-ovuc darandı,
Sevindi sığal -sığal.

Boğuldum göz yaşında,
Sığal-sığal boğuldum.
Payızın ortasında
Təzə vüsal doğuldu.

Darıxdım

Bu bahar ayrı donda gəldi ömrümə, neynim
Ürəyimin özümdən küsən çağında gəldi.
Gözlərimin kədərə , qəmə susayan vaxtı,
Saçımda ayrılığın süsən çağında gəldi,
Darıxdım.

Bu bahar çiçəkləri könlümü oxşamadı,
Baxışlarım gəzmədi çəmənin, çölün üstə.
Ürəyimdən keçmədi bahara sevdalanmaq,
Durnalar qayıtmadı geriyə dəstə-dəstə,
Darıxdım.

Pəncərəmə qonmadı bir sərçə təbəssümü,
Məni salamlamadı qaranquşlar bu bahar.
Günəşin şəfəqləri isitmədi könlümü,
Ayağımı yol yordu, ürəyimi intizar ,
Darıxdım.

Bu bahar ayrı rəngdə qayıtdı mənim üçün,
Bu bahar ümidlərim göyərmədi nədənsə.
Həsrətimə bələndi küsəyən şeirlərim,
Hamı bahara açdı qapısını , mən isə
Darıxdım…

Bu çiçəyin naz vaxtıdı


Bu çiçək xəzan görməyib,
Bu çiçəyin yaz vaxtıdı.
Bu çiçəyin işvə satan,
Bu çiçəyin naz vaxtıdı.


Məhəbbətlə dillənib bu,
Sığallanıb, tellənib bu,
Gör nə gözəl güllənib bu ,
Bu çiçəyin qız vaxtıdı.


Ətrindən vüsal tökülür,
Qoynundan bahar tökülür,
Ləçəyindən bal tökülür,
Bu çiçəyin söz vaxtıdı.


Baxırsan, çölə yaraşır,
Taxırsan, telə yaraşır,
Dərirsən, ələ yaraşır,
Bu çiçəyin göz vaxtıdı.


Hamıdan gözəl bu çiçək,
Günəşdə süzər bu çiçək,
Yaxın gəl, küsər bu çiçək,
Bu çiçəyin küs vaxtıdı.


Bu çiçək xəzan görməyib,
Bu çiçəyin yaz vaxtıdı.
Bu çiçəyin işvə satan,
Bu çiçəyin naz vaxtıdı.


Boğuldum göz yaşında,
Sığal-sığal boğuldum.
Payızın ortasında
Təzə vüsal doğuldu.


*****
Döşəməsi gil, divarı şirəli evlər vardı ,
Pəncərəsi səmaya baxardı..
Çəpərləri qamışdan ,
Doqqazları taxtadan quruluydu,
Qapıları qonaqlı , qaralıydı.
Dörd tərəfi çiçəkli, otluydu,
Qızları göyçəkdi,
Oğlanları ağ atlıydı.
Çörək ətirliydi,
Sevgi çətirliydi.
Tox idi İti, pişiyi ,
tavanından asılardı uşaq beşiyi .
Xallı , xalçalıydı,
Mütəkkəli, nalçalıydı.
Gecələr hamı lampa başına yığışardı ,
Nənələr nağıl danışardı,
Nəvələr noğullaşardı.
Göz açıb yumunca dəyişdi hər şey,
Sökdülər döşəməsi gil ,
divarı şirəli evləri ,
Qonaqlı evləri, qaralı evləri.
Divar -divar sökdülər ,
Hasar -hasar sökdülər.
Yerində daş imarətlər ucaldı ,
Bacasından tüstü çıxmayan,
Pəncərəsindən günəş baxmayan.
Nənələr , babalar köç etdi,
Atalar, analar qocaldı.
Sonra cığırları kol ,
Adamları qaramat basdı .
Sevgilər bölündü , azaldı, kiçildi,
Evlər rəngiylə, adamlar paltarıyla seçildi.
Kişiləri adıyla yox, cibiylə çağırdılar,
Hasarıyla, qapısıyla ,bacasıyla ,”Cip”iylə çağırdılar.
Sonra nifrət başladı ,
Sonra paxıllıq , bəddua, göz yaşı ,
Sonra hamı şeytanı daşladı. ..
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı…

*****
Bilmədık necə yaşadıq,
Necə , əl çaldıq , əl çaldıq.
Düşdük karvanın dalınca,
Köçə əl çaldıq, əl çaldıq.


Qoyammadıq ömrün adın,
Oduna düşdük inadın,
Sevəmmədik bu həyatı ,
Becə , əl çaldıq, əl çaldıq.


Çıxdıq ürəklə savaşa,
Duzla, çörəklə savaşa,
Uduzduq , düşdük təlaşa,
Öcə əl çaldıq, əl çaldıq.


Ağladıq, kim ovutdu ki?
Kim sevdi, kim unutdu ki?
Bu dünyanı kim tutdu ki,
Heçə əl çaldıq, əl çaldıq.


Bilmədik necə yaşadıq,
Necə, əl çaldıq, əl çaldıq.
Düşdük karvanın dalınca,
Köçə əl çaldıq, əl çaldıq.


Bu bahar özüylə sevgi gətirə,
Döyə qapımızı sevgi bu bahar.
Od qoya sopsoyuq ayrılıqlara,
Bir ümid doğula , gözündə vüsal,
Xəyallanasan.


Yadından çıxara ömrün qışını,
Baxtına gün doğa təzədən, Allah.
Tuta əllərindən bahar sevdası ,
Gözdə qəm sevinə , saçda dən , Allah,
Nağıllanasan.


Hardansa bir işıq düşə yoluna,
Gözünün içinə səadət baxa.
Sənə unutdura xəyanətləri,
Bütün ağrıların yadından çıxa,
Sığallanasan.


Buludlar sevgiylə yağa üstünə,
İslana saçların yaz yağışında.
Kimsə qulağına eşq pıçıldaya,
İtəsən , batasan naz yağışında,
Xumarlanasan.


Bu bahar bizimçün gələ bu dəfə,
Qova başımızdan həsrəti , nolar.
Çıxara sevgini gün işığına,
Üstündən götürə töhməti , nolar,
Vüsallanasan..

Bu quyunun suyu niyə quruyub,
Kim qurudub bu quyunun suyunu?
Kim daş atıb diksindirib görəsən,
Kim çevirib ağzı üstə quyunu?

Bu quyunun adı qalıb eləcə,
Heç əsər yox bu quyunun dadından.
…Eh,deyəsən çoxdan ölüb bu quyu,
Çoxdan çıxıb İlahinin yadından.


Daha bunu ümmanlar da diriltməz,
Düz kökündən quruyubdu bu quyu.
Adı hələ üstündədi,adını
Damcı damcı qoruyubdu bu quyu.


Bir Allahın bəndəsi yox ağlaya
Ölüsünə,dirisinə quyunun.
İnnən belə gözü doymaz su ilə,
Bu quyunu göz yaşıyla doyurun.

Adama nə gözəl görk eləyirsən,
Nə gözəl sevirsən adamı,Allah!
Nə gözəl çəkirsən sığalı bizə,
Nə gözəl verirsən cəzanı, Allah!

Ümid yerimizsən,pənah yerimiz,
Uman yerimizsən,qınaq yerimiz,
İmtahan yerimiz,sınaq yerimiz,
Çəkirik dərdini, qadanı, Allah!

Yapışıb qalmışıq düz ətəyindən,
Səbr ətəyindən,döz ətəyindən,
Çəkmə əlimizi öz ətəyindən,
Bircə uzaq elə xatanı, Allah!

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.