İlin 126-cı (uzun illərdə 127-ci) günü.

Doğum günləri:
1918 — Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” ordeni laureatı Hacı Dadaş oğlu Xanməmmədov anadan omuşdur.
14 yaşında ikən Bakıya gələn Hacı Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və musiqiçi kimi püxtələşməsində həlledici rol oynamışdır. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alır.

1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir.
1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi.
1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov “Koroğlu” operasının tamaşasında orkestrin tərkibində iştirak etmişdir və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur.
1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə “Xalq musiqisinin əsasları” şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya Müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış “Gözəl Pəri” mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün “Qəhrəmani” əsərini bəstələyir.
1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirir. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçmişdir.
1990-cı ildə H.Xanməmmədov ilk dəfə olaraq kamança və orkesrt üçün “Konsert” bəstələyir və əsər mərhum sənətkarımız Ədalət Vəzirovun ilk və kamil ifasından sonra tez bir zamanda məşhurlaşır, ifaçıların repertuarına və tədris proqramlarına daxil olur.
H. Xanməmmədovun istedadı digər janrlarda da özünü bariz şəkildə nümayiş etdirmişdir. Keçən əsrin 60-cı illərində bəstəkar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilmiş “Bir dəqiqə” (librettosu Məhərrəm Əlizadənin), “Bütün ərlər yaxşıdır” (librettosu Aleksandr Xaldeyevin) musiqili komediyalarını yaradır. Diqqətəlayiqdir ki, “Bir dəqiqə” musiqili komediyası 1965-ci ildə teatrın Moskvada qastrol səfəri zamanı Kremlin Qurultaylar Sarayında uğurla göstərilmişdir.
H. Xanməmmədov həm də gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şerləri təşkil edir. Xüsusilə, H.Xanməmmədovun lirik mahnıları xalqımız arasında geniş yayılmışdır. Bu baxımdan “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.
2005-ci il aprelin 7-də ömrünün 87-ci ilində vəfat etmişdir.

1942 — Tanınmış diktor, Azərbaycanın Əməkdar artisti Hicran Soltan oğlu Hüseynov Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunmuşdu.
1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi.
Həmin teatrda bir il işlədikdən sonra yenidən zabit kimi sovet ordus sıralarına cəlb edilmişdir. İkiillik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi.
1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlamış, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. AZTV-nin “Mədəniyyət” kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirmişdir.
1 mart 2013-cü ildə vəfat etmişdir.

1947 —Görkəmli türkoloq, filologioya elmləri doktoru, professor Firudin Ağası oğlu Cəlilov Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan doğulan olmuşdur.
166-71 -ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. 1972-1994-cü illərdə Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur.
F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun “Azərbaycan dilinin morfonologiyası”(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F.Cəlilovun “Azərbaycan türklərinin islamaqədərki tarixi” mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir.
F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. “Dövlət Əlifba komissiyası”nın (1990) rəhbəri olmuş, millət vəkili kimi Milli Məclisdə “Elm, təhsil və mədəniyət komissiyası”nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), Dövlət Himni (1992) parlamentdə qəbul olunmuşdur.
18 may 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir.
12 may 1993-cü ildə Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Naziri təyin edilmiş və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir.
9 cildlik (“Doqquz bitik”) “Azərbaycan türklərinin islama qədər tarixi” əsərini yazmışdır.
Bu əsərin ilk üç cildi 2014-cü ildə çap olunmuşdur.
Vəfat etmişdir:

1977— Xalq şairi, Dövlət Mükafatı Laureatı Məmməd Rahim(Hüseynov Məmmad Abbas oğlu) 70 yaşında vəfat etmişdir.
Məmməd Rahim 1907-ci ildə Bakıda doğulmuşdur.1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş , eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir . 1926-cı ildə ilk şeiri “Gördüm”, 1930-cu ildə isə ilk şeir kitabı – “Arzular” çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952).
“Xaqani” (1955) mənzum dramını, “Sayat Nova” (1956), “Natəvan” (1962) poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir.
1977-ci il mayın 6-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Kərim Məhəmməd oğlu Kərimov vətən torpaqları uğrunda qəhrəmancasına həlak olmuşdur.
Kərim Kərimov 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş, komandirlik məktəbinə daxil olmuşdur. Azərbaycan ağır günlərini yaşamağa başladığı vaxt Kərim azərbaycanlı gəncləri toplayaraq Qarabağa qayıtmağı təklif edir, beləliklə 15 nəfər kursantla birlikdə vətənə qayıdırlar. Biləcəridə təlim keçdikdən sonra Goranboya yollanırlar.
İlk gündən cəbhədə “Tümendən gələn zabit” kimi tanınan Kərim bütün tapşırıqları itkisiz yerinə yetirə bilirdi.
1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, amansız döyüşdə 40 erməni qulduru məhv edilir.
1992-ci il 6 may tarixində düşmən güclü əks-hücuma keçirvə onlar mühasirəyə düşürlər. Kərim avtomatını döyüşçü dostuna verib qumbaratanla bir döyüş maşınını vurur. Kərim ikinci atəşi açmaq istəyəndə yaralanır. O, əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni işğalçıları onun və dostlarının cəsədlərini götürüb aradan çıxırlar.
12 iyun 1992-ci ildə kəndləri ermənilərdən təmizləmək üçün yeni hücumlar başlayır,
Kərimin atası və əmisi də döyüşlərdə iştirak etməyə başlayırlar. 16 iyun döyüşçülərimizin tutduğu iki erməni əsiri Kərimin ferma yaxınlığında basdırıldığını deyir. Onun cəsədi aşkar edildikdən sonra Naxçıvana yola salınır.
5 may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuş Kərim 17 iyun 1992-ci il tarixində doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarxili 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Qarahəsənli kəndində qəhrəmanımızın büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb var.

2017— Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), “Şöhrət” ordeni laureatı, Əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 85 yaşında Bakıda vəfat etmişdir.
Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvanda anadan olmuşdur.
Rəfiqə Əliyeva 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1970-ci ildə “Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə “d-,f-elementləri və germaniumun tərkibinə N-,S-,O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor R.Ə.Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır.

2019– Məğməkar şair, filologiya elmləri doktoru Dəmir Müseyib oğlu Qasımov(Dəmir Gədəbəyli) Dəmir Gədəbəyli 80 yaşında vəfat etmişdir.
Dəmir Gədəbəyli 27 mart 1939-cu ildə
Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində doğulmuşdur. Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş və həmin ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. “20 yanvar” qəzetinin baş redaktoru olmuşdur. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, “Odlar Yurdu” ,”Təfəkkür”).
60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə “Azərbaycan poeziyasında qoşma” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1989-cu ildə isə “Azərbaycan dastanlarının poetikası” adlı doktorluq dissertasiyasını müdafiə edib.
Türkiyənin “Zaman” qəzetinin Bakı üzrə təmsilçisi olmuşdur. 50-dən çox kitabı çap olunub. Demək olar ki, çap olunmamış 60 kitablıq poema, dram və şeirləri var.
Ən məşhur bəstəkarlar 300-ə qədər şeirinə mahnı bəstələyib və bu mahnılar tanınmış müğənnilərin ifasında səslənib.
Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və sair dillərə tərcümə edilmişdir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.