İlin 127-ci (uzun illərdə 128-ci) günü
Tarixdə bu gün

Mühüm hadisələr:
1610 – Qalileo Qaliley Yupiterin ilk üç peykini tapdı.
1954 – Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə SSRİ-nin NATO-ya üzv olmasına rəsmən etiraz etdi.
Doğum günləri:

1853— İlk azərbaycanlı hərbi topoqraf, general İbrahim Ağa Vəkilov Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan 56 nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi Gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur.
1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır.
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir.
Belə bir ciddi işi vaxtından əvvəl-iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək “Şire-Xurşid” ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912-1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür.
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.
General İbrahim ağa Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib.

1880 — Görkəmli Xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Aslan oğlu Əzimzadə Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri – xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.
O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən “Köhnə Bakı tipləri” və “100 tip” əsəri xüsusilə təqdirəlayiqdir.
Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.
Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.
Vəfat etmişdir:

2002 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar İncəsənət xadimi və Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 89 yaşında vəfat edib.
Bədurə Əfqanlı 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub.
Bakı Pedoqoji Texnikumunu (1929), Bakı Rəssamlıq Məktəbini (1931) bitirib.
Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam , Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam , 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işləyib.
Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib.
Bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır..
90 il ömür sürmüş Bədurə Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb. 1930-cu ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu “Qaçaq Kərəm” tamaşasının bədii tərtibatı da məhz Bədurə Əfqanlıya məxsusdur.

1968 — Məşhur şair, tərcüməçi, ictimai xadim Əlibəyli Ənvər Əliverdi oğlu 62 yaşında Bakıda vəfat etmişdir.
Ənvər Əlibəyli 1916-cı il aprel ayının 1-də Bakıda dünyaya göz açmışdır. APİ-nin filologiya fakültəsində təhsil almışdır. 1938-ci ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artileriya batareyasının komandiri olmuş, məşhur 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. 1944-cü ildə ağır yaralandıqdan sonra yazıçı-jurnalist kimi döyüşdə iştirakını davam etmişdir.
Ənvər Əlibəyli 1968-ci ildə Bakıda həyatının, yaradıcılığının yüksələn bir vaxtında dünyadan köçmüşdür.
40-cı illərin axırında “İnqilab və mədəniyyət”, “Təbliğatçı” jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı “Ədəbiyyat qəzetinin” redaktoru, 1952-ci ildən ömrünün axırınadək Respublika Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində işləmişdir.
Onun “Qaranquş” adlı ilk şeirlər kitabı 1947-ci ildə işıq üzü görmüşdür. Daha sonrakı illərdə “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Mingəçevir şeirləri”, “Dalğalar arasında”, “Elə xoşbəxtəm ki!”, “Nəğmələr”, “Bir kitab şeir”, “Ürəyimdəsən” və s. kitabları nışr olunur.
Puşkin və Nekrasovdan tərcümələri vardır.
Ənvər Əlibəyli bir neçə poemanın da müəllifidir.

1975 — Azərbaycanın görkəmli səhnə ustası,aktyor, teatr təşkilatçısı, dramaturq, Azərbaycanın Xalq artisti Hacıağa Mütəllib oğlu Abbasov Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.
Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Sonralar “Səfa” cəmiyyətinin teatr truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib.
1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında “Hacımirz” teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.
Aktyor Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan”, “Ər və arvad” operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.
Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

1998 —Xalq artisti, rejissor və operator Muxtar Baba oğlu Dadaşov 84 yaşında Bakıda vəfat etmişdir.
Muxtar Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur.
1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir.
Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.
Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə almışdır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”, “Sovet Azərbaycanının 50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır.
Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi.
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.

2007 — Görkəmli uşaq yazıçısı Xanımana Sabir qızı Əlibəyli 87 yaşında Bakıda vəfat etmişdir.
Xanımana Əlibəyli 1920-ci ildə Bakda anadan olmuşduır.
Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.
Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Onların səyləri və şəxsi nümunələri zəminində qızcığaz mütaliəyə aludə olur, Azərbaycan və rus dillərində əvvəlcə xırda həcmli uşaq ədəbiyyatı nümunələrinin, sonra isə sanballı poeziya əsərlərinin, povest və romanların ardıcıl və potensial oxucusuna çevrilir.
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almışdır. Onun ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, “Balaca həkim” adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
Bayramlar və xüsusi günlər:
7 may Beynəlxalq Radio Günüdür.

Bu tarixin Radio Günü olaraq seçilməsinin səbəbi Alexander Stepanovich Popovun 7 may 1895-ci ildə radionu ixtira etməsi ilə bağlıdır.
Bundan sonra Popov, Şərqi Avropada radionu icad edən adam olaraq tanındı. Ancaq Qərbdə Nikola Tesla və ya tarixən Guglielmo Marconi radionun ixtiraçısı olaraq qəbul edilməkdədir.
1945-ci il mayın 7-də SSRİ radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram edib. Bununla əlaqədar olaraq, 7 may tarixini hər il “Radio günü” kimi qeyd etmək qərara alınıb.
Müasir informasiya bumu bir neçə alim, mühəndis və texnik nəslinin, ümumiyyətlə , rabitə ilə əlaqəli hər kəsin əməyinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.