İlin 128-ci (uzun illərdə 129-cu) günü.

Mühüm hadisələr:
1883 – Bakı-Tiflis dəmiryolu xətti açılıb.
1992 – Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olunub.
1992 – Azərbaycan Respublikası İtaliya ilə diplomatik əlaqələr qurmuşdur.
1992 – Azərbaycan Respublikası İsveç ilə diplomatik əlaqələr qurmuşdur.
Doğuml günləri:

1910 — Məşhur tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor Cəfər Zeynal oğlu Hacıyev (Cəfər Xəndan) İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur.
1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).
Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik etmişdir. İnstitutun filologiya fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda 1932-1941-ci illərdə institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir .
M.F.Axundov adına Müəllimlər İnstitutunun filologiya fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, “Allahsız” jurnalının, “Ədəbiyyat qəzeti”nin məsul katibi, “Gənc işçi” redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır .
1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində (“Vo slavu Rodinı”, “Vpered k pobede”, “Boets RKKA”, “Vətən yolunda”) məsul redaktorun müavini olmuşdur .
Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda “Kommunist” qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri işləmişdir. 1947-1950-ci illərdə universitetin Filologiya fakültəsinin dekanı , 1950-1954-cü illərdə isə universitetin rektoru olmuşdur. 1954-1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. “1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası” mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır.
“Qırmızı ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.
1961-ci il avqustun 10-da Bakıda vəfat etmişdir.
Bakı küçələrindən biri onun adını daşıyır.

1919 — Böyük bəstəkar, dirijor, pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıloğlu Hacıbəyov Şuşada anadan olmuşdur.
1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü. Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü. Hacıbəyli özü tədris edirdi.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, İki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.
Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov “Döyüşçülər nəğməsi”, 416 – cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri və sair bu kimi əsərlər yazır.
40 – cı illərdə milli simfoniya janrı inkişaf etməyə başlayır. S. Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyl edir, ayrı – ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər “Şur” muğamı üzərində bəstələnmişdir.
1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur.Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri (“Yeni il”, “Bahar” və s.) vardır.
1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay – lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”.
“İsgəndər və Çoban (opera)” uşaq operası Bakı Pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir. (Librettosu M. Seyidzadənindir).
1950-ci ildə S. Hacıbəyovun “Gülşən” baleti meydana gəlir. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur.
1950–ci illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, 50 – 53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləmişdir. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır.
1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini – orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasr musiqi dili, qeyri – adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir.
S. Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M. İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S. Vurğunun “İnsan”, S. S. Axundovun “Eşq və İntiqam”, S. Rəhmanın “Əliqulu evlənir” və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.
S. Hacıbəyov 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir. 1947 – 62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969 – 1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır.
S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir.

1930 – Görkəmli tənqidçi, ədəbiyyatşünas, “Şöhrət” ordeni laureatı Qara Mustafa oğlu Namazov Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub.
1939-1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.
Qara Namazov 1949-1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951-1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1956-1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri “Sovet Ermənistanı” (1956), “Ədəbi Ermənistan”, “Gənc qələmlər”, “Aprel çiçəkləri”, “Tər çiçəklər”, “Gənclik nəğmələri”, “Molodyoj Azerbaydjana” toplularında və qəzetlərində çap olunub. Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə “Azərbaycan aşıq yaradıcılığı” (1920-1940-cı illər)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Namazov 1987-ci ildə “Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir.
Qara Namazov 2016-cı ildə vəfat edib.

1938 — Azərbaycanın tanınmış dilçi və toponimist alimi, filologiya elmləri doktoru, professor Tofiq Mürsəl oğlu Əhmədov Quba şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1962-1967) təhsil almışdır. AMEA-nin Dilcilik institutuna işə dəvət olunmuşdur. AMEA-nın (1967-1969) müxtəlif şöbələrində işləmişdir. 1987-ci ildə Sovet Türkoloqları Komitəsinin XV plenumun qərarı ilə SSRİ EA Türk onomastikası bölməsinin büro üzvü və 1988-cici ildə Azərbaycan Mədəniyyət Fondunun elmi-ictimai Toponimiya şurası sədrin müavini seçilmişdi.Eyni zamanda Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyəti sədri müavini idi. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiri olmuşdur(1990-1998).
Professor T.Əhmədovun rəhbərliyi altında “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti” hazırlanmışdır.Türkdilli ölkələr arasında ilk dəfə olarag “Azərbaycan dilinin dialektoloji atlası” (1990) adlı monumental əsərin müəlliflərindən biri olmuşdur. 100-ə qədər elmi əsərin müəllifi və 30-a yaxın regional, beynəlxalq konfransın iştirakçısı olub.

1955 —Azərbaycanın Milli Qəhrəmanı Mixail Slesaryov Aleksandroviç Rusiyanın Smolensk şəhərində doğulmuşdur.
1970-ci ildə 4 nömrəli şəhər məktəbini bitirmişdir.
1971-ci ildə traktorçu işləməyə başlamışdır.
1975-ci ildə hərbi xidmətə çağırılmışdır.
1977-ci il xidmətini başa vurur. Həmin il Tbilisi Gizirlər Məktəbinə daxil olmuşdur.
Mixail Slesaryov 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirirdi. Axşamüstü bir dəstə məhbus mühafizəçini tərksilah edərək həbsxanadan qaçmağa cəhd edir. Mixail Slesaryov baş vermiş hadisənin qarşısını almaq üçün cəld əməliyyat qrupu yaradır. Əməliyyat çox uğurlu keçir. Qiyamçılar yerində oturdulur. Ancaq çox təəssüf ki, arada itki də olur. Şübhəsiz ki, hadisənin qarşısı vaxtında alınmasaydı, itkilər daha çox olardı.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdi.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışırdı.
Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib.

1958— Tanınmış ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Əlizadə Bayram oğlu Əsgərli Sabirabad rayonunun Cavad kəndində dünyaya gəlib.
1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb.
1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib.
1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub.
2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib.
2002-2017-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsində çalışıb. 2012-ci ildən həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub.
2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdindəki Elmi Seminarın sədri, Dissertasiya Şurasının üzvüdür.
2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
150-ə qədər elmi-nəzəri məqalənin müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdə nəşr olunub.
1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) müəllim, 1999-2007-ci illərdə Bakı Qızlar Universiteti Azərbaycan ədəbiyyatı və jurnalistika kafedrasının müdiri vəzifəsində çalışıb. 2007-2014-cü illərdə Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektoru olub.
1998-ci ildən respublikanın aparıcı ali məktəblərində Azərbaycan ədəbiyyatı tarixi, tənqid və nəzəriyyəsi, habelə türk xalqları ədəbiyyatına dair mühazirələr oxuyur. 15 fənn proqramı və 2 dərs vəsaitinin müəllifidir.
2017-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimidir.
2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, 2012-ci ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəxri fərmanı ilə təltif edilib.
2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” mükafatını alıb, “Rəsul Rza” mükafatına layiq görülmüşdür.
1987-ci ildə “Xəlqilik meyarı ilə” adlı ilk elmi məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib.
1987-ci ildə “Osman Sarıvəllinin poetikası” mövzusunda namizədlik, 2011-cu ildə “XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya üzrə elmlər doktorudur.
XX əsr Azərbaycan ədəbiyyatının aktual problemləri ilə məşğul olur. 1995-ci ildən Azərbaycan ədəbiyyatının milli-ideoloji məsələləri, türkçülük, azərbaycançılıq və istiqlalçılıq məfkurəsinin elmi-nəzəri tədqiqi istiqamətində araşdırmalar aparır.
Ədəbiyyat nəzəriyyəsi sahəsində ədəbi metod, ədəbi məktəb və ədəbi cərəyanlar, heca vəzni, sərbəst şeir və ədəbi janrlar, bədii təsvir və ifadə vasitələri, habelə, ahəng və intonasiyaya aid məqalələr çap etdirib.

1968 — Türkiyə siyasətçisi və dövlət xadimi Mövlud Çavuşoğlu Antalyanın Sahəyə rayonuna bağlı Türklər kəndində anadan olub. Əslən, tərəkəmədir. Xüsusi H. Əmin Paşa Korpusunu başa vurduqdan sonra – 1988-ci ildə Ankara Universitetinin Siyasi münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə başa vurmuşdur.
Universitet təhsilini başa vurduqdan sonra təqaüd ilə ABŞ-dakı LongIsland Universitetinə daxil olmuşdur. 1991-ci ildə “iqtisadiyyat” üzrə magistr dərəcəsi alıb və bu universitetdə baş müəllim işləmişdir. 1993-ci ildə Ankara Universiteti Avropa Birliyi Araşdırma və Tətbiqi Mərkəzində “Avropa Birliyi uzmanlığını” tamamlayan Çavuşoğlu həmin il Bilkənd Universitetində doktorluq proqramına da başlayıb. Sonra Avropa İttifaqı təqaüdü ilə London İqtisadiyyat Məktəbində “Ətraf mühit iqtisadiyyatı və davamlı inkişaf” üzrə doktorluq işi müdafiə edib. 1995 ili içərisində Ekologiya Nazirliyində Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) üçün çalışıb.
“Ədalət və İnkişaf Partiyası”nın (AK Partiya) qurucu üzvüdür. 2002, 2007, 2011 parlament seçkilərində və 2015-ci il noyabr parlament seçkilərində Antalyadan millət vəkili seçilib. Partiyada “xarici əlaqələr üzrə sədr vəkili” olaraq sinə layiq görülüb.
2010-ci ildə, Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sədr seçilmişdir .
2013-ci ildə “Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun sədri” oldu.
29 Avqust 2014 cü il tarixində Əhməd Davudoğlu rəhbərliyi altında yaradılan 62-ci hökümətin tərkibində Xarici işlər naziri seçilmişdir.
24 Noyabr 2015-ci il tarixində yaradılan 64-cü hökumətdə yenidən Xarici işlər naziri vəzifəsinə təyin edilmişdir.
İngilis, orta səviyyədə yapon, rus və alman dillərini bilir. Evlidir və 1 uşaq atasıdır.
Vəfat etmişdir:

1970—Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü Yusif Süleyman bəy oğlu Musabəyov 60 yaşında Yaroslavlda vəfat etmişdir.
Yusif Süleyman bəy oğlu 10 aprel 1910-cu ildə Tiflis şəhərində anadan olub.
Əslən Qəbələ bölgəsindəndir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Asif Aqarunoviç Aqarunov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Asif Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi.
Qardaşı Rantik Aqarunovun xatirələrindən:
” Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi. “
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib.Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırıldı və xidməti dövründə tank komandiri oldu. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaratmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı.
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilmişdi. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə məhv edilir.Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonundakı küçələrdən biriu onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 2015-ci ildə “The Times of Israel” qəzetində amerikalı ravvin İsrail Barukun “Müsəlman torpağında yəhudi əsgəri” məqaləsi Aqarunova həsr olunmuşdur. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.
2010-cu ildə “Salnamə” sənədli filmlər studiyası “Qarabağ qəhramanları” silsiləsindən onun haqda “Dostuma məktub” filmini çəkib. Filmin ssenari müəllifi və rejissoru Yefim Abramovdur.
2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında “Yaşadığım torpaq” sənədli filmini çəkib.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.