9 may

Tarixdə bu gün

İlin 129-cu (uzun illərdə 130-cu) günü.

Mühüm hadisələr:

2003 — Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1909  — Görkəmli tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm xadimi Məmməd Cəfər (Cəfərov Məmməd Zeynalabdin oğlu)  Naxçıvan şəhərində anadan olmuşdur. Burada ilk təhsilini aldıqdan sonra Naxçıvan pedaqoji texnikumunu bitirmişdir.

APİ-nin filologiya  fakültəsində təhsilini davam etdirməklə yanaşı, “Gənc işçi”, “Maarif işçisi” qəzetlərinin redaksiyalarında şöbə müdiri vəzifəsində işləmişdir (1932-1935). Həmin institutun  ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil almışdır (1935-1938). 1938-1953-cü illərdə  bir sıra ali məktəblərdə  fəaliyyət göstərmiş , 1959-1962-ci illərdə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Sovet ədəbiyyatı şöbəsinin , 1963-1982-ci illərdə Ədəbiyyat nəzəriyyəsi şöbəsinin  müdiri, 1982-1984-cü  illərdə isə institutun direktoru olmuşdur. 1984-1987-ci illərdə Azərbaycan EA ictimai elmlər bölməsinin akademik katibi  vəzifəsində çalışmışdır.

Çoxlu sayda aspirant və dissertanta elmi rəhbərlik etmiş, elmlər namizədi və elmlər doktorları yetişdirmiş, akademik Feyzulla Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX-XX əsrlər ədəbiyyat dərsliyini yaratmışdır. 30 ilə yaxın pedaqoji fəaliyyəti ərzində rus ədəbiyyatı, Qərb ədəbiyyatı, estetika və tənqid tarixi, mətbuat tarixi, Azərbaycan ədəbiyyatı tarixi kurslarını yaratmış və tədris etmişdir.

1992-ci il mayın 11-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

1917 — Azərbaycanın Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev Bakı şəhərində dünyaya göz açmışdır. Quliyevlər ailəsi əslən Şamaxının Sarıtorpaq məhəlləsindən idi.

1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilir.

1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı.

1937-ci ildə “Koroğlu” operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev dəolmuşdur.

1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur. Lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır. Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən – 1941-ci ildən başlamışdı.

1942-ci ildə kiçik leytenant rütbəsində 712-ci atıcı alayının radio tağımına komandirlik edir. Az sonra isə rabitə bölüyünün komandiri təyin olunur. Onun rəhbərlik etdiyi bölük bir çox odlu-alovlu döyüşlərdə fərqlənir.

1944-cü il sentyabrın 2-də Əliağa Quliyev ağır qəlpə yarası alır. Bu, Varşava uğrunda gedən ağır döyüşlərin birində baş verir. İxtisaslaşmış sanitar qatarı ilə Cənubi Qafqaza çatdırılan yaralı döyüşçü sonra Bakının Bayıl ərazisindəki hərbi hospitala yerləşdirilir. Bir neçə ay hospitalda müalicə olunur. Əliağa Quliyev müharibədə göstərdiyi hünərə görə iki dəfə “İgidliyə görə” medalı almışdı. “Qırmızı Ulduz” ordeninə, “Böyük Vətən müharibəsi” ordeninin iki dərəcəsinə (I və II dərəcələri) layiq görülmüşdü.

1946-cı ildə o, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansambla   dəvət olunur  və beş ildən burada artıq çalışır,  konsertmeyster olur. Əliağa  burada elə püxtələşir ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır.

Əliağa Quliyev 1951-1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olmuşdur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərmişdir. Onun “Rast”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Hümayun”, “Çahargah”, “Çoban bayatı”, “Şüştər” və digər muğamlarımızın ifasına çoxları məftun olurdu. 1960-cı ildən 1966-cı ilədək isə filarmoniyada xalq çalğı alətləri ansamblının rəhbəri işləmişdir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi “Mahnı teatrı”nda solist-tarzən kimi fəaliyyət göstərmişdir.

1969-cu ildə yenidən filarmoniyaya qayıdaraq orada xalq çalğı alətləri ansamblının rəhbəri kimi çalışmışdır. 1978-ci ilədək bu vəzifədə olmuşdur. Həmin vaxtdan 1995-ci ilədək isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xalq çalğı alətləri ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı – rejissor işləmişdir.

11 yanvar 1988-ci ildə Bakıda vəfat etmişdir.

1930 — SSRİ və azərbaycanlı futbolçu və məşqçi; Əməkdar idman ustası  və  Əməkdar məşqçi Ələkbər Əmir oğlu Məmmədov Bakıda anadan olmuşdur.

Ələkbər Məmmədov Bakının “Neftyanik” (1948-1953, 1960-1961), və Moskvanın “Dinamo” (1953-1959) komandalarında hücumçu mövqeyində çıxış edib. O, SSRİ yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. “Dinamo”nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

Ə. Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə “Neftçi” komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq fəaliyyət göstərmiş, Azərbaycanda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.

28 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.

1947 — Nəğməkar şairə Rüzgar Əfəndiyeva (Rüzgar Şahmar qızı Əfəndiyeva(Qurbanova) Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır. (1954-1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi başlamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir (1970-1974). 1975-ci ildə “Maarif” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor və “Azərbaycan dili və ədəbiyyatı dərslikləri” redaksiyasının müdiri (1994-2005) vəzifələrində işləmişdir. Bədii yaradıcılığa orta məktəbdəikən coşqun həvəs göstərmişdir. İlk mətbu şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), “Lenin tərbiyəsi uğrunda” çoxtirajlım Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmışdır. Dövri mətbuatda, ədəbi almanaxlarda müntəzəm çıxış etmişdir. Onun  şeirlərinə bir çox mahnılar bəstələnib. “Axtarma məni”, “O sənli günlərim”, “Dəniz və məhəbbət”, “Pıçılda”, “Kimsə xoşbəxt oldu”, “Niyə tələsdin”, “Payız toyları” və sair mahnıları populyarlıq qazanmışdır. Bu mahnıları Zeynəb Xanlarova, Niyaməddin Musayev, İlhamə Quliyeva, türk müğənniləri Emel Sayın, Nəşə Qaraböcək ifa ediblər. Oqtay Rəcəbov, Oqtay Kazımi, Bahadur Hüseynov, Həsənağa Qurbanov kimi bəstəkarlar onun yaradıcılığına müraciət etmişlər.

O, “Unuda bilməzsən” (1981), “Gözlə” (1989), “Ömürdən keçən illər” (1995), “Lalənin ləçəyi” (1996), “Aydınlıqdan gedən yolda” (1997), “Gedən də var, qalan da var” (1999), “Xatirələr çiçəkləyəndə” (1999), “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların müəllifidir.

1967  — Azərbaycanın teatr və kino aktrisası, müğənni, Əməkdar artist Xanım Abdulqafar qızı Qafarova Bakının Kürdəxanı kəndində anadan olub.

Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, bir müddət Xalq artisti Lütfi Məmmədbəyovun teatrında məşğul olmuş, bu zaman “Bahar suları” əsərində Turac, “Mənim nəğməkar bibim”də Nəğməkar bibi, “Kişilər”də Səmayə, “Aydın”da Gültəkin, “Oqtay Eloğlu”nda Firəngiz, “Yad qızı”nda Nazan, “Mavi Mazurka”da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynamışdır.

1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən “Tənqid-Təbliğ” teatrında işləməyə başlamışdır.

1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa “O olmasın bu olsun”da Gülnaz, “On min dollarlıq keyf”də Bağdagül, “Nəğməli könül”də Könül, “Hərənin öz ulduzu”nda Məleykə, “Səhnədə məhəbbət”də Röya, “Bankir adaxlı”da Məleykə, “Məhəbbət oyunun”da Qəmər, “Dəli dünya”da , “Talelər qovuşanda” əsərində Sona, “Aldın payını, çağır dayını” tamaşasında xəbərçi Xədicə, “Şeytanın yubileyi”ndə Xəyalə kimi yaddaqalan obrazlar yaratmışdır.

Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edir, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olur. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktirisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub.

Süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişmişdir.

1971 —  Xalq artisti, Azərbaycan Respublikası Daxili Qoşunların Hərbi Orkestrinin dirijoru, kapitan Azərin (tam adı: Anaxanım Etibar qızı Tağıyeva) Bakıda anasan olmuşdur.

İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki “Asiyanın səsi” müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir.

2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

2015-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Mehman Rəşid oğlu Sayadov  19 yaşında Şuşa uğrunda döyüşlərdə şəhid olmuşdur.

Mehman Sayadov 1972-ci il 21 noyabr tarixində Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. 1988-ci ildə azərbaycanlıları deportasiya edilən zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.

5 noyabr 1991-ci ildə “Azərbaycan Qarabağı” adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.

Döyüş meydanında gənc Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığı Qarabağ müharibəsi dövründə dildən-dilə, eldən elə gəzdi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bütün cəhdlərə baxmayaraq,  qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.

1997  — Katolik rahibə, O, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu) 87 yaşında Kəlküttədə vəfat etmişdir.

Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza An 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub[1].

Aqnes gənc ikən “Qardaşlar” adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.

17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etmişdir.

2012—İstedadlı  aktyor – Xalq artisti Süleyman Paşa oğlu Nəcəfov 63 yaşında  vəfat etmişdir.

Süleyman Paşa oğlu Nəcəfov 1948-ci ildə anadan olub.

S.Nəcəfov 1966-cı ildə Xoreoqrafiya Texnikumunu bitirmişdir. 1972-ci ildən o, Ermənistan Dövlət Rəqs Ansamblında rəqqas (solist) kimi fəaliyyət göstərmişdir.

1976-cı ildən S.Nəcəfov C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində işləyir. Onun bu teatrın səhnəsində yaratdığı Çingiz bəy (H.Cavid,”Maral”), Cena (G.Xuqayev, “Mənim qaynanam”), Oğru (M.B.Marinye,”Oğru”), Ziya Çalaqçı (Əziz Nesin, “Toros canavarı”), Ağamehdi (R.İbrahimbəyov, “Qum üstündə ev”), Tamada (Əli Əmirli, “Müqəddəs Valentin günü”), Kərəməli (Hidayət, “Məhəbbət yaşayır hələ”), Məmiş (Hidayət, “Məni qınamayın”), Səlim, (C.Cabbarlı, “Aydın”), Süleyman, Rza bəy (Ü.Hacıbəyov, “Arşın mal alan”, “O olmasın, bu olsun”), Dərviş (M.F.Axundov, “Müsyö Jordan və Məstəli şah”), Təlxək (U.Şekspir, “Axırı xeyir olsun”) kimi müxtəlif janrlı obrazlar aktyorun geniş yaradıcılıq diapazonuna malik olduğunu bildirir.

2000-ci ildə S.Nəcəfov Əməkdar artist, daha sonra Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

9 may 2012-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Novxanı qəbiristanlığında dəfn olunmuşdur.

Bayramlar və xüsusi günlər:

Hər il 9 May Qələbə Günü (faşist Almaniyası üzərində qələbə) kimi qeyd olunur.

Qələbə Günü  — Böyük Vətən Müharibəsinin (1941-1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.