Tarixdə bu gün
13 may
İlin 133-cü (uzun illərdə 134-cü) günü

Mühüm hadisələr:
2014 — Türkiyənin Manisa şəhərindəki Soma bölgəsində kömür mədənində transformator partlayışı nəticəsində yüzlərlə insan həyatını itirib.
Türkiyə tarixində 1992-ci il Kozlu kömür mədəni faciəsindən sonra ən çox insan itkisinə səbəb olan mədən qəzasıdır. Partlamanın təsiri ilə mədəndə yanğın hadisəsi baş vermiş və çox sayıda mədən işçisi içəridə qalmışdır. Həmin vaxt kömür mədənində ümumilikdə 787 işçi olmuşdur. 400 metr dərinlikdə qurulmuş şaxtanın elektrik şəbəkəsindən başlanan yanğının çıxış yoluna yaxın olan 2 kilometrlik ərazisində işçilər çölə çıxa bildilər. Ancaq təxminən 300 işçi baş verən yanğın səbəbindən 800 metr dərinlikdə qalmışdır.
Hadisənin səhərisi günü ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 232 mədən işçisinin vəfat etdiyini açıqlanmışdır. Mayın 14-nə olan açıqlamaya əsasən ölü sayının 301 nəfərdən çox olduğu açıqlanmışdı.Hadisə nəticəsində 301 mədənçi ölmüş, 80-dən çox şaxtaçı isə müxtəlif dərəcəli yara almışdır.
Doğum günləri:

1903 — Ustad şair, aşıq, el l nəğməkarı Növrəs İman Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.
İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şeir yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.
Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.
Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub.

1919— Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Əməkdar artisti Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli anadan olmuşdur.
1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940—1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbayсan Xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün “Bağçakürd” pyesini Ü. Hacıbəyova ithaf etmişdir.
1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır.
1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir.
O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, “Tar üçün etüdlər”in, “Bağçakürd”, “Qaytağı”, “Cəngi”, “Səfi-kürd”, “Şahnazsayağı”, “Gülüstan” pyeslərinin, mahnıların, “İbtidai məktəblər üçün nəğmələr məcmuəsi”nin və s. əsərlərin müəllifidir.
Onun əsərləri bir çox konsert və tədris repertuarında layiqli yer tutur. “Tar üçün etüdlər” məcmuəsində yeddi muğam – “Rast”, “Şur”, “Seygah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Mahur-Hindi”, “Şüştər” muğamları əsasında etüdlər bəstələmişdir.

1923 — Məşhur hərbiçi, vitse-admiral Həmid Həbib bəy oğlu Qasımbəyov Naxçıvan şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi Gəncə şəhərinə köçüb və ilk təhsilini də burada — 3 saylı orta məktəbdə almışdır. Onillik məktəbi bitirdikdən sonra Moskva Nəqliyyat İnstitutunun Dəmir yolu tikintisi fakultəsinə daxil olub. İkinci Dünya Müharibəsi başladıqdan sonra təhsili ilə yanaşı əlvan metallar zavodununda dəmirçi kimi işləyib. 1941-ci ilin payızında institut Tiflisə köçürülüb.
1941-ci il dekabr ayının sonunda Həmid Qasımbəyov Xəzər Dənizi Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. 1945-ci ilin fevral ayında təhsilini bitirdikdən sonra leytenant Qasımbəyov Qara dəniz donanmasına xidmətə göndərilib. Xidməti yerinə çatdıqdan sonra ABŞ-da tikilən yeni gəmilərin qəbulu ilə məşğul olan komissiyaya daxil edilib.
1945-ci il may ayının əvvəlində komandanın tərkibində Sakit okean donanmasına Vladivostok şəhərinə göndərilib. Rəhbərliyin ABŞ-dan göndərilən gəmilərin qəbulu ilə bağlı tapşırığını yerinə yetirdikdən sonra mina təmizləmə gəmisinə şturman təyin edilib. 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. Cənubi Saxalin və Kuril adalarını müdafiə etmək üçün xidmət göstərən mina təmizləmə gəmilərində xidmət göstərib. Kuril adalarının Port-Arturun mina əleyhinə müdafiəsi, Oxot və Yapon dənizlərinin, eləcə də Laperuz və Tatar boğazlarında mina təmizləmə əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisində şturman kimi xidmət edən Qasımbəyov, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir.
1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus Hərbi-Dəniz Bazasının komandiri vəzifəsinə təyin olunmuşdur. 1957-ci ildə isə, Polşanın Svinouste şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunmuşdur.
1963-cü ildə isə, keçmiş SSRİ Müdafiə nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri təyin olunmuşdur. 1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi vəzifəsinə irəli çəkilmişdir. 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilmişdir. 1973-cü ildən 1976-cı ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstyərmişdir.
1977-ci ildə Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilmişdir. 9 iyul 1984-cü ildə SSRİ müdafiə nazirinin əmri ilə Həmid Qasımbəyova ən ali vitse-admiral rütbəsi verilir. 1984-cü ildə səhhəti ilə bağlı ordudan tərxis olunur.
2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

1929 — Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. 1952-1969-cu illərdə “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri , 1969-1984-cü illərdə “Göyərçin” jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləmişdir.
Ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” , “Bahar gözəldir, ya qış?” , “Milçək ürəyi” kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olmuşdur.
Əfəndiyev Hikmət Ziya oğlu 1995-ci il avqustun 2-də Azərbaycanın Bakı şəhərində dünyasını dəyişmişdir.

1937— Görkəmli tarzən, Xalq artisti , Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəri Adil Kamil oğlu Bağırov anadan olmuşdur.
Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil almış, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cı ildən S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə.Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir. AzTV-nin Fondunda “Bayatı-Şiraz”, “Rast”, “Segah” muğamlarının səsyazıları saxlanılır.

1950 — AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində “Füzulişünaslıq” sektorunun müdiri, filologiya elmləri doktoru Mahirə Həmid qızı Quliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Mahirə Quliyeva 1972-ci ildə BDU-nun “Şərqşünaslıq” fakültəsinin ərəb filologiyası bölməsini bitirmiş, 1973-cü ildən AMEA-nın Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış, 1984-cü ildə tanınmış şərqşünas, folologiya elmləri doktoru, professor Rüstəm Əliyev in rəhbərliyi ilə “Səkkakinin Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” adlı namizədlik dissertasiyası, 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Hazırda öz elmi fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində davam etdirir və həmin şöbənin nəzdindəki “Füzulişünaslıq” sektoruna rəhbərlik edir. Onun elmi yaradıcılığı Azərbaycan filologiyasında indiyədək ilkin qaynaqlar əsasında öyrənilməmiş Şərq poetikası və üslubiyyat nəzəriyyəsinin mühüm qaynağı sayılan bəlağətin əsaslarının tədqiqinə yönəlib.
M.H.Quliyevanın 120-dən artıq elmi məqaləsi çap edilmişdir. Müəllif Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, 12 ildən artıq elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Vəfat etmişdir:

1809 — XVIII əsr azərbaycan şairi Molla Vəli Vidadi vəfat etmişdir.
Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçmüşdür. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb, Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.
Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin məlum olmayan səbəbə görə həbs edilmiş və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.
M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.
Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin “Dəli könül, gəl əylənmə qürbətdə”, “Ey həmdəmim, səni qana qəra eylər”, “Xəstə düşdüm, gələn yoxdur üstümə” kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.
Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olmuşdur. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur.
Molla Vəli Vidadi Qazaxda — Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.

1982— Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti , Sosialist Əməyi Qəhrəmanı , AMEA-nın akademiki Qara Qarayev vəfat etmişdir.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnmişdir.
Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.
Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət Mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət Mükafatını qazandırıb.
Qara Qarayev 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunub, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib.
1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.
Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna – irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib. Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir.
Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.