15 may

Tarixdə bu gün

İlin 135-ci (uzun illərdə 136-cı) günü.

Doğum günləri:

1893— Məşhur ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, filologiya elmləri doktoru professor Bəkir Çobanzadə Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərmişdir.

İlk şerlərini və “Anan harda?” poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət “Krım-tatar tələbə cəmiyyəti”nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olmuşdur . “Krım”, “Göy kitab” (İstanbul) məcmuələrində və “Şərq” qəzetində şeirləri dərc edilmişdir . Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir. Sonralar “Türk ensiklopediyası”nda “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək”, “Çoban oğlu Bəkir Sidqi” imzaları ilə məqalələri dərc olunmuşdur.

Vətənə qayıtdıqdan sonra Krım İnqilabi Komitəsinin rəisi, Krım Maarif Komissarlığında Tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş , eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışmışdır. Krım universitetində Şərq fakültəsinin professoru kimi Krım-tatar dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Eyni zamanda Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirmişdir. Krım universitetinin rektoru olmuşdur. S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. 1920-1936-cı illərdə Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparmış, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur . Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamışdır. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur . Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır .

 1928-ci ildə Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir . Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir. 1932-ci ildə  SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin , 1935-ci ildə SSRİ EA Azərbaycan filialının   həqiqi üzvü seçilmişdir.

Bəkir Çobanzadə bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası”, “Elmi qramerin əsasları” kitablarını tərtib etmişdir.

1937-ci ilin yanvar ayının 28-də   Kislovodskinin “Qornyak” sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hökm icra olunur.

Bəkir Çobanzadənin dəfn yeri məlum deyildir.

 

1922 – Məşhur bәstәkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur.

Raufun fortepiano üçün pyeslərini (“Tarantella”, “Dağıstan”, “Ləzgihəngi”) dahi bəstəkar Üzeyir bəy yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir.

Onların arasında xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirmişdir. “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və i.a. O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirilməsi ilə fərqlənir.

R. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur (film, 1963)”. Həmin əsər əvvəl Bakıda “Qonşular” adı ilə getmişdir.

R. Hacıyevin maraqlı operettalarından biri “Mənim məhəbbətim – Kuba”dır. Əsər Moskva Operetta teatrının sifarişi ilə yazılmışdır. Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. R. Hacıyevin axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – “Ləzgihəngi” və “Yallı”nı bəstələyir.

R. Hacıyev  bir müddət   Əlcəzair Respublikasında işləmişdir.

Burada Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə “Üç inqilab” adlanan baletini bəstələyir. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xaqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır.

R.Hacıyev 60-cı   ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qupultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.

R.Hacıyev 1985-ci ildə vəfat etmişdir.

1944 — Tanınmış kinorejissor  və aktyor, Xalq aristi Abduləhəd Əlisa oğlu Mahmudov (Əbdül Mahmudov) indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri “Həşimxanlılar” adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub.

 Əbdül Mahmudov orta məktəbi 1961-ci ildə bitirmişdir.

Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” və “Leyli və Məcnun” filmlərilə baş vermişdir. 1962-1966-cı illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yöiyələnmişdir.  Daha sonra  Moskvada  Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971-1973).

Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov Vətən naminə  gedən azadlıq mübarizəsində qəhrəmancasına həlak olmuşdur.

Cəlil Səfərov 28 yanvar 1962-ci il Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olmuşdur. 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmuş və 8 il sonra Azərbaycana qayıtmışdır.

Cəlil  Şuşa cəbhəsində   böyük döyüş yolu keçmişdir. Onun sərrast  top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdir. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit özü də qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.

1992 — Milli Qəhrəman Eldar Tofiq oğlu Məcidov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Eldar Məcidov 26 avqust 1965-ci ildə Bakı şəhərində doğulmuşdur. 1972- 1982-ci illərdə Yasamal rayon 52 saylı məktəbdə təhsil almışdır.

1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçmişdir. 1985-ci ildə ordudan tərxis olunub. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olmuşdur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə yollanmışdır. Cəsur döyüşçü  kimi  bütün əsgər yoldaşlarına nümunə olmuşdur.

Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində  Eldarın müstəsna xidmətləri olmuşdur. 15 may 1992-ci il Şuşa rayonunun Zarıslı kəndində döyüşlər gedirdi. Bu döyüşdə Eldar yoldaşlarını xilas edərkən sağ ayağından yaralanır. Onu Qubadlı rayon Mərkəzi xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Eldar Tofiq oğlu Məcidova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

1992— Azərbaycanın Milli Qəhrəmanı Pərviz Əbdüləhəd oğlu Səmədov Torpzaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuşdur.

Pərviz Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır.

 Pərviz orduya 1988-ci ildə çağırılmışdır. Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönmüşdür.   Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və orduya yazılır.

Pərviz Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O,  kəşfiyyat hissəsinə başçılıq edirdi. Pərvizin komandirlik etdiyi dəstə  erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlayıb məhv etmişdi.

1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz bölüyü ilə  döyüşə atıldı. O, ermənilər tərəfindən vurulmuş “Təcili yardım” vertolyotunun ekipajını xilas etməliidi. Pərviz  ekipajı xilas etsi,amma  snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu. Pərviz  22 yaşında ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Gəncə şəhərində dəfn edilib. Qəhrəmanın adına Gəncədə küçə var.

Bayramlar və xüsusi günlər:

15 may Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.

Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.