Mövqe

Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə “birlikdə” var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik.
Masanobu Fukuoka
Yapon fermeri; “Təbiətlə mübarizə yox, onunla əməkdaşlıq” fəlsəfəsiin yaradıcısı

Cəmiyyətin inkişafa doğru getdiyi bütün dövrlərdə kənddən şəhərə təbii axın həmişə olub. Dövlətin də marağı olub ki, şəhərlərdə dayanıqlı məskunlaşmaya nail olunsun, iqtisadi, mədəni, sosial infrastrukturlar ahəngdar fəaliyyət göstərə bilsin. Bu hədəfin uğurlu həlli isə həmin infrstrukturlarda çalışacaq insanların sosial güzəranlarının uğurlu təminatı ilə bağlı olduğu kimi, şəhər mühitində onların təbiətlə əlaqələrinin də qırılmamasından asılı idi. Bunlar olmazdısa, urbanizasiya da olmazdı, olsaydı da dözümsüz olacaqdı. Dağ yamaclarını, buz bulaqları, şehli çəmənləri, meyvəli bağları qoyub kim Bakıya üz tutardı ki. Gəlsəydilər də, əvvəldə qeyd etdiyimiz kimi, çox tez də bu beton divarlardan, dar küçələrdən, küləkli şəhərdən geriyə dönəcəkdilər.

Bu səbəb şəhər infrastrukturunun yaxşılaşdırılması və şəhər mədəniyyətinin inkişafını zəruri edirdi. Dövlətin bu strategiyasını memarlarımız, arxitektor və mühəndislərimiz doğru-düzgün dəyərləndirmiş və onların inşaatçılarla birgə səyləri ilə Bakımız da, digər böyük sənaye şəhərlərimiz də gündən-günə simasını dəyişməyə başlamışdır. Şəhərləşmə prosesi sənaye vəiqtisadiyyatın inkişafı ilə yanaşı, şəhərə təbiət ritmlərinin gətirilməsi ilə müşayiət olunmuşdur. Bakı ərazinin ekoloji xüsusiyyətlərinə uyğun ağac və yaşıl kollar əkilib, bağlar, parklar salınıb. Mən tələbəlik illərimdə bu hərəkatın şahidi və iştirakçısı olmuşam. Neçə-neçə yeni salınmış və yaxud yeni salınan parkların cığırlarında, əkdiyimiz və yaxud qulluq etdiyimiz neçə-neçə həmişəyaşıl ağaclarının bizim boylarımıza bərabər boylarında əllərimizin izi qalmamış olmaz. Keçmiş “Lenin” bağındakı, “26-lar” bağınndakı, “Azneft” meydanındakı , “Qubernator” (indiki “Filarmoniya”)bağındakı, “Parapet”, “9 Yanvar” bağlarındakı fəvvarələrin ətrafında aldığımız təəssüratlar da o illəri yaşamış bütün nəsillərin xatirələrində bu gün də təzə-tərdir. Dağüstü Parkdan “Bakısoveti” metrosuna doğru piyada düşməyin bir ayrı ləzzəti vardı. Mərkəzi Komitənin əzəmətli binasına yaxınlaşdıqca, dağ çaylarının gurultusunu andıran səsin sehrinə düşürdün. Sanki hansısa dağ çayını məcrasından qoparıb gətirmişdilər şəhərə – Lermontov küçəsinə. Mütləq bu şəlalənin önündə dayanmağa ehtiyac duyurdun… Yollarda, küçə və həyətlərdə göz işlədikcə uzanan yaşıl zolaqlar, park və həyət-bacalardakı qazonlar landşaft kompozisiyasının müstəqil elementi olaraq təkcə dekorativ məqsədlər üçün salınmamışdı. Bu park strukturları nə qədər fon assosiativliyi yaratsalar da, onların istər ekoloji, istərsə də istirahət funksiyası daha üstündür. Hər gün işə, məktəbə və yaxud hər hansı bir yerə gedib- gələrkən nəqliyyat hərəkət etdikcə yolun o üz-bu üzündə uzanmış yaşıl zolaqlar, sanki, təbiətin bizə uzanan qollarını xatırladır.

Elə bil ki, bizi qoynuna səsləyir. Bu çəmənlilərdə piknik təşkil etmək, oyunlar keçirmək insanları sosiallaşdırır, kommunikasiya duyğularını formalaşdırır və sair.Parklarda, həyətlərdə, idman meydançalarındakı çəmənliklər şəhər sakinlərinin istirahəti üçün məkan rolunu oynayır. Bizi cəlb edən bütün çəmənlik və qazonlar həm torpağın strukturunu yaxşılaşdırır, həm də ətraf mühiti toz və zərərli çirklərdən təmizləyir, səs-küyün qarşısını almaq üçün təbii baryer yaradır və sair. Beləliklə, bu yazımızdan başlayaraq, paytaxt şəhərimizin hər yerində olmasa da, mərkəzi küçələrində, park və xiyabanlarında qarşımıza çıxanda gözlərimizi, ruhumuzu məst edən, dincəldən təbii gözəllikləri sırasında Xətai rayonu üzrə ümumşəhər statusu olmayan, başqa sözlə, mərkəzdən müəyyən qədər aralıda yerləşən yaşıllıq zolaqları və qazonlarından, illərlə insan hənirtisinə həsrət olan, qulluq görməyən, suvarılmayan, budanmayan, sadəcə, Allahın ümidinə, yağış sularının kəramətinə sığınıb yaşamaqda davam edən ağacların taleyindən bəhs edəcəyik. Xətai rayonu paytaxtın həm əhalsini sayına görə, həm də istehsal gücünə görə, ən böyük sənaye rayonlarından biridir. Ərazisində “Azərneftyağ” NEZ, “Xəzərdənizneftdonanma” İdarəsi, Təcrübə Sənaye Zavodu, “Neft Kəmərləri” İdarəsi kimi böyük istehsal vahidləri fəaliyyət göstərir. Rayonda ümumşəhər statuslu ” Ağ Şəhər” bulvarı, “Sevgi parkı”, “ Xətai” parkı, “Nizami” parkı, “Heydər Əliyev” parkı kimi yeni möhtəşəm mədəniyyət və istirahət parkları bakılılara və şəhərimizin qonaqlarına gecə-gündüz xidmət göstərir. Şəhidlərimizin adına yaradılmış parkarı, eləcə də son illərdə IDEA” İctimai Birliyin “Abad Həyət” layihəsi çərçivəsindı vüsət alan abadlaşdırma işlərini də bura əlavə etsək, əlbəttə, paytaxt sakini, Xətai rayonunda yaşayan vətəndaş olaraq hər birimiz qürurluyuq.

Bəs bu parklar salınandan sonra necə qorunur, yaşıllıq zolaqları və qazonlara necə xidmət göstərilir? Biz bir az əvvəldə qazon və yaşıllıq zolaqları haqqında qısa da olsa, fikir bildirmişik. Bir qədər də genişləndirmiş olsaq, qazon yaşıl ot bitkilərindən ibarət torpaq sahəsidir. Bu cür sahələri insanlar özləri xüsusi seçilmiş otların toxumlarının səpilməsi yolu ilə yaradır və sonra lazım olan sahələrə köçürürlər. Yaşıllıq zolağı isə nisbətən ensiz meşə zolağı və ya kolluqdan ibarət təbiət parçasıdır. Çəmənliyə və yaşıl zolaqlara düzgün qulluq etmək onların uzunömürlü və gözəl görünüşü üçün əsas şərtdir. Bu qulluq Xətai rayonunun haqqında bəhs etdiyimiz ərazilərində yaşıllıq zolaqlarına və qazonlara vaxtaşırı su səpmək anlamına gəlməməlidir.
Mütəxəssislərin rəyinə görə, birinci növbədə, toxum səpiləcək sahə daşlardan, köhnə bitki qalıqlarından, alaq otlarından təmizlənməli və sonra 15-20 sm dərinliyində şumlanmalıdır. Daha sonra əkiləcək torpağın analizini həyata keçirmək lazımdır. Bu analiz torpağın pH səviyyəsini, qida maddələrinin miqdarını və strukturunu üzə çıxaracaqdır. Torpağın pH səviyyəsi 6.0-7.0 arasında olmalıdır. Səpiləcək toxum da doğru seçilməli və toxum düzgün səpilməlidir.
Səpinin cüçərməsindən sonra isə böyüməyi stimullaşdırmaq üçün müntəzəm olaraq suvarılmalı və vaxtlı-vaxtında gübrələnməlidir.
Xüsusilə ilk aylarda qazonun sıx böyüməsinə diqqət yetirilməlidir. Qazon nə qədər sıx və sağlam olarsa, alaq otlarının inkişafı üçün bir o qədər az yer qalır. Qazonun zədələnmiş yerləri bərpa edilməlidir.

Qazonların sağlam və gözəl görünməsi üçün bir şərt də onun vaxtlı-vaxtında, həm də düzgün biçilməsidir. Onu 15 sm-dən yuxarı böyüməyə buraxmaq olmaz. Çünki həddindən artıq hündür otlar yerə doğru əyilməyə başlayır, bu səbəbdən rütubət yaranır. Nəticədə həşərat və kif əmələ gəlir, ardınca da qazon zədələnərək sıradan çıxmağa başlayır. Belədə də problemin doğru həlli qazonların biçilməsi ilə bağlıdır.
Çəmən biçmək ona zərər vermir, ancaq fayda verir – daha qalın, sıx və möhkəm olur. Ona görə də deyirlər ki, düzgün ot hündürlüyü sağlam bir çəmənliyin açarıdır.
Çəmənlər nə qədər və nə vaxt biçilməlidir?
Mütəxəssislər bunu da cavabını vermişlər: “ Böyüdükcə. Bu isə çox şeydən asılıdır: qazonun növündən, hava şəraitindən, torpaqdan, mövsümdən… Bir qayda olaraq, qazon yazda həftədə 1-2 dəfə, yayda 7-10 gündə bir, payızda isə 10-14 gündə bir dəfə biçilir. Ancaq bunlar orta qiymətlərdir.
Yalnız quru çəmənləri biçmək olar!
Amma yağışdan sonra biçməyə icazə verilmir , çünki sizə və işin keyfiyyətinə mane olacaq. Sadəcə, yağışın dayanmasını gözləmək lazımdır.
Gündüz, günəşdə biçməyə ehtiyac yoxdur. Buludlu havada səhər və ya axşam biçmək yaxşıdır. Və sakit havada daha yaxşıdır. Küləyin otun əyilməsinin qarşısını almaq üçün (sonra biçin qeyri-bərabər olacaq.
Yayda yaşıllıqdakı otlar hansı hündürlükdə biçilməlidir?
Mütəxəssislərin fikrincə, yaz və yay aylarında (aprelin 1-dən oktyabra qədər) həyətlərdə və parklarda otlar aşağıdakı kimi biçilir:
“- ot hündürlüyü 10 – 15 santimetr olan adi qazonlar orta hesabla yerdən 5 – 8 santimetr yüksəkliyə qədər kəsilir; 6 – 10 santimetr olduqda hər 10 gündə bir dəfə qısaldılır və bu vəziyyətində sizə hündürlüyü 3-5 santimetr olan bir “xalça” qalır.
Kəsilmiş yaşıllıqlar iki gün ərzində sahədən çıxarılmalı və götürülməlidir. Amma Xətai rayonunda ərazilr necə gəldi biçilir və biçilmiş otlar 20 gündən artıq sahələrdə qalmaqdadır.


Bunların hər birinin elmi əsasları var: mövsümü, saatları var. Burada özfəaliyyətə yol vermək olmaz.
Bizim şəkillərlə təqdim etdiyimiz sahələr, eləcə də məhəlləmizdə abad həyət salınarkən bunların heç biri edilmədi. Bunlar bizim gözümüzün qabağında baş verdi. İnsan sağlamlığı, ətraf mühütin sağlamlığı bütün dövlətlərin strateji prioritetlərindən birincisidir. Bəşəriyyətin davam etməsi üçün ekoloji təhlükəsizliyimizin sipəri olan təbiətə xidmət bu qədər kortəbii, sistemsiz edilə bilməz.
Ona görə də yaşadığımız ərazidə nə qədər yararsız yazılllq zolaqları, qazonlarına rast gəlmək olar.
Məhəlləmizdə, qonşu məhəllələrdə yaşıllıq zolaqları, qazon salanlar bu sahədə təcrübəsi, müəyyən ixtisas bilikləri olmayan adamlar idi. Ayrı-ayrı mənzil istismar sahələrinin yaşlı, müəyyən qədər də fiziki imkanları məhdud olan təqaüdçülər olardı. Onarla Əmək müqaviləsi bağlananda orada qeyd olunmayıb ki, məsələn, Yusif Səfərov küçəsindəki 21 №li MİS-nin fəhləsi General Şıxlinski küçəsindəki 96№li MİS-nin ərazisində alaq otlarını təmizləyəcək, qazon yayacaq və s.
Fəhlələrlə söhbətim olurdu. Deyirdilər ki, günümüzə 5 manat verirlər. Onlar da könülsüz işləyirdilər, başdansovdu işləyirdilər, bir tərəfdən də belə fəaliyyət üçün naşı idilər.
Aralarında Yaşıllıq təsərrüfatı işçiləri də olurdu. Amma onlar da MİS işçiləri bacarığında idilər.
Canıyananlıq və qayğı olmazsa, parlaq və yaşıl çəmənlik gözləmək əbəsdir. Çünki müntəzəm olmayan, həm də qeyri-peşəkar xidmət nəticəsində qazon saralır, nazikləşir və bir az da keçir, həmin yerlərdə alaq otları onlardan çox boy göstərir.
Amma həm bizm həyətdə, həm də Gəncə prospekti 63 və 65 nömrəli yaşayış binalarının qarşısındakı böyük parkda , 48 və 98 №li məktəbin ətrafında biçilmiş yox, yonuşdurulmuş otlar 21-22 gündən artıqdır ki, ərazidən təmizlənməyib. Biçilməmiş yerlər də var və burada otların hündürlüyü dizə çıxır. Hər zaman belə olur.







İl ərzində ərazilərdə bu yonuşdurma xidməti ən yaxşı halda 2-3 dəfə aparılır və Xətai rayonunun bu ərazisində yaşıllığa “xidmət edənlər” çəmənlkləri necə gəldi yonuşdurub gedirlər.
Elə bil ki, Bakı Şəhərinin Yaşıllaşdırma Təsərrüfatı birliyində işçi qıtlığıdır. Olan işçilər də ancaq Mərkəzi ərazilər xidmət etməyə güclə çatır. Ola bilməz ki, yaşıllığa bu qədər dəyər verən dövlətin ölkəsinin paytaxt şəhərində yaşıllıqlara, ağac və kollara qulluq etməyə adam çatışmır . Onda şübhə və gümanlara qapı açılır: dövlər bunun üçün kifayət qədər vəsait və işçi qüvvəsi ayırıır. Bəs onda bu yaşıllıqlar, nəhəng-nəhəng ağaclar ağzıgünə qalıblar?
İndi təqdim edəcəyimiz fotolar isə Gəncə prospektindəki 63 və 65№li yaşayış binalarının arxaslndakı həmin bu adsız parkdakı mənzərələri əks etdirir. Elə yerlər var ki, buranı adda-budda yonuşdurublar. Elə yerlər var ki, bir qədər hissəsini çalıblar, bir qədər hissəsi isə qalıb. Elə yerlər var ki, keçəldir və sair…







Yazıda haqqında qeyd edilmiş ərazilər iki parkın ərazisidir. Biri General Şlxlinski küçəsi 49№li binanın qarşısındakışhid kapitan Nəcəf Şikarovun adına salınmış park, biri də Gəncə prospektindəki 63 və 65№li yaşayış binalarının arxaslndakı park. Heç birinin park olduğu lövhələrlə göstərilmir.

Kimin balansındadır, kim xidmət edir bilinmir. Burada hər gümn oluruq. Tez-tez burada 3 nəfərin çalışdığını görmüşəm, söhbətə tutmuşam. Çalışırlar, amma problemləri çoxdur. Əzələn, bu boyda əraziyə 3 nəfər çox azdır. Yağışda, küləkdə daldalanmağa, istifadə etdikləri alətləri saxlamağa adicə bir daxmaları yoxdur. Ən kustar alətlərlə işləyirlər. İşçi qüvvəsi az, primitiv bağçılıq alətləri, indi gəl bu boyda ərazini yaşıllığa qərq et. Parkda bir dənə ayaqyolu yox, su içmək üçün bulaq yox, kamera yox, polis nəzarəti yox. İctimai yerlər nəzarət edilmək üçün mütləq kamera nəzarətinə götürülməlidir. Yaşlı insanlarla söhbət edəndə eyni problemləri onlar da dilə gətirirlər. Bu parkda inzibati bina olmadığı kimi, attraksion və uşaq meydançaları da yoxdur. Halbuki, belə yerləri sosial və mədəni tədbilərin təşkili üçün əsl ünsiyyət məkanına çevirmək daha faydalı olardı, nəinki işbazlara yaşıl işıq yandırsınlar ki, gəlin kafe, restoran açın . Gəncə prospektindəki parkın ərazisi o qədər böyükdür ki, burada ən yüksək səviyyədə musiqi festivalları, mərhəmətə ehtiyacı olan uşaqlar üçün aksiyalar, uşaqlar yarışları, milli mənəvi dəyərlərin təbliğatı ilə bağlı təsbirlər , kitab və rəsm sərgiləri keçirmək olar.


Qeyd: Bu iki şəkil Bakıda çəkilməyib. Amma Bakının mərkəzi ərazilərində belə gözəlliklər var. Şəhərətrafı rayonlarda isə çətin ki. Amma ola bilməzmi, əlbəttə olar. Bunun üçün sənin, mənim, bizim hamımımızın fəal mövqeyimiz lazımdır. Bələdiyyənin , MİS-lərin işləməsi lazımdır, sahələrdə, insanlar arasında olması ıazımdır…